İçki əhvalatı
- 19 İyun 2021
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Azərbaycanın əvəzolunmaz təbiəti, saydıqca bitməyən dilbər güşələri insanların firavan həyat sürməsi üçün Tanrının verdiyi bir qismətdir.
Firavan həyat sürmək insanın öz əlindədir. Kim zəhmətlə əkib becərirsə, zamanı gələndə onun bəhrəsini də görür. Azərbaycan xalqı mənalı yaşamağın yolunu həmişə müdriklərdən öyrənib, azın da qədrini bilib, çoxun da. Bu bir həqiqətdir ki, insanların çoxu kənd həyatına üstünlük verir, əkin-biçinlə, maldarlıqla məşğul olur. Qaranlıq düşəndə qonşular vaxt keçirmək üçün bir-birilərinə qonaq gedir, oturub çay içir, nərd oynayır, məzəli əhvalatlar danışırlar. Kənd camaatını yaxından tanıyanlar yaxşı bilir ki, çox dərinə getsən görərsən onların çoxu bir-birinə qohumdur. Bir-biriylə ərklə danışırlar, birgə balıq tutmağa gedirlər.
Kür qırağında yaşamaq, bu da bir xoşbəxtlikdir. Böyüməkdə olan gənc nəsil həmişə ağsaqqalların, ağbirçəklərin tərbiyəvi söhbətlərinə qulaq asıb özləri üçün mənalı yaşamağın yollarını öyrənirlər. Başqa rayonlarda olduğu kimi Zərdab rayonunda da ağsaqqal sözü ülgücdən kəsərlidir. Camaat öz böyüyünə, ağsaqqalına sədaqətini hər şeydən üstün tutur.
Ana Kürün sahilində öz gözəlliyi ilə hər kəsin diqqətini çəkən, böyük maarifçi Həsən Bəy Zərdabinin adını daşıyan bu rayonun çox ləyaqətli ziyalıları var. Onlardan biri də mənim çoxdan tanıdığım dostum Əlibala müəllimdir. İndiki zamanda insanın yaxşı dosta həmişə ehtiyacı var. Biz Əlibala müəllimlə, Əfrasiyab müəllimlə imkan düşdükcə görüşürük, münasib bir yerdə oturub çay içirik.
Əfrasiyab müəllim hər ikimizin çox sədaqətli dostudur. Əfrasiyab müəllim Əlibalanın keçmiş qonşusudur, mənim də yaxın dostum, qardaşımdır. Adətən görüşəndə üçümüz bir yerdə görüşürük. Əlibalanın çox məzəli söhbətləri var ki, insan qulaq asmaqdan doymur. Hər görüşümüzdə o bizə bildiyi, eşitdiyi məzəli əhvalatlardan danışır. Əlibala müəllim məzəli əhvalatlardan söz açarkən ürəkdən gülür, bəzən elə danışır ki, adama elə gəlir onun özü də danışdığı əhvalatın birbaşa iştirakçısı olub.
Yenə bir yerdə oturmuşduq. Bildim ki, o mənim sözümü yerə salmayacaq, keçmiş əhvalatı mütləq danışcaq. Əlibala müəllim mən tərəfə baxır, gülümsünür:
– Qardaş, sənə söz vermişəm, məcburam danışmağa.
Mən də təşkkürümü bildirirəm, bir az da naz edirəm:
– Qardaş, mənə minnət qoyma, danışmırsan, dur gedək, – deyib özümü küsmüş kimi də aparıram.
Əfrasiyab müəllim də bizim hərəkətlərimizi diqqətlə izləyir, bir söz demir, sadəcə gülümsünür.
Sözün doğrusu, mən Əlibala müəllimin yerinə olsam tez inciyərdim, amma Əlibala müəllim çox səbirlidir.
– Mənim sənin sözünü yerə salmağıma inanırsanmı?
– İnanmağa inanmıram, sadəcə ürəyimi üzürsən, başla, qardaş.
– Baş üstə, qardaş, – deyib, Əlibala müəllim sözə başlayır.
Zərdab rayonunun Əlibəyli kəndində çox nüfuzlu bir ağsaqqal kişi vardı. Adı da Nəsir kişi idi. Əlibəyli kəndində Nəsir kişinin hörmətini çox saxlayırdılar. Onun bir sözü iki olmazdı. Nəsir kişi də kənd camaatının hörmətini saxlayardı. Kim nə desə “Baş üstə!” deməyə alışmışdı. Xeyirdə-şərdə Nəsir kişinin məsləhətinə üstünlük verirdilər.
Kənddə Əhməd bəyin Faiq adında bir gənc oğlu vardı, hamı onu çox istəyirdi. Faiq heç kəsin sözünü yerə salmazdı, çalışardı hamının işinə yarısın. Yəni üzüyola oğlan idi. Bir gün Faiq hərbi qulluğa çağırıldı. Çoxları elə bilirdi əsgərlikdən sonra Faiqin xasiyyəti dəyişəcək, bu belə olmadı, əksinə, o, yaşa dolduqca daha xeyirxah, gözütox olmuşdu.
Hərbi xidmətdə olarkən onun yolunu ən çox gözləyən Nəsir kişi idi. Nəsir kişi Faiqi övladı qədər çox istəyirdi. Çox vaxt bütün işlərini Faiqə etibar edərdi. Ailə məsələsində Nəsir kişinin bəxti gətirməmişdi. O, üçüncü dəfə evlənmişdi. Birinci və ikinci arvadları rəhmətə getmişdi.
Kənd camaatının ən gözəl xasiyyətlərindən biri elinin, obasının xeyir-şərində fəal iştirak etməkdir. Bir gün Allahqulubağı kəndində sünnət toyu vardı. Həmişə olduğu kimi kənd camaatı böyük məmnuniyyətlə o mərasimdə iştirak etmək üçün dəstə-dəstə gedib nəmər qoyub, gözaydınlığı verib, yemək süfrəsinə oturardılar. Təbiətin qoynunda belə şənliklərdə iştirak etmək özü bir gözəllikdir. Belə mərasimləri həsrətlə gözləyən valideynlər qonaqlara yüksək səviyyədə qulluq etmək üçün heç nəyi əsirgəmirdilər.
Bu gözəl məclisə Nəsir kişi də gəlmişdi. Onun gəlişi hamının diqqətini çəkmişdi. Kənd camaatı onu hörmət və ehtiramla qarşıladı. Nəsir kişi həmyaşıdları ilə bir yerdə oturdu. Xidmət göstərənlər anında hər şeyi təşkil etdilər. Nəsir kişinin hardasa 83 yaşı vardı, ömründə bir dəfə də olsun dilinə spirtli içki dəyməmişdi. Nəsir kişi tələsmədən yemək yeyir, arada dostlarıyla söhbət edirdi. Onun yaşlı dostlarından içki içəni də vardı. Bu isə Nəsir kişini heç maraqlandırmırdı.
Nəsir kişi hiss etdi ki, bir az sancılanıb. Ayağa qalxdı, dostları ilə sağollaşıb Faiqə yaxınlaşdı. Faq Nəsir kişini diqqələ süzdükdən sonra ətrafına göz gəzdirdi. Məclis öz axarında davam edirdi. Faiq ayağa durdu:
– Nəsir əmi, doğrudanmı sancılanmısan?
– Ay oğul, mən bu yaşımda yalanmı danışıram?
– O mənada demədim, Nəsir əmi, incimə. Mən səni lap çox istəyirəm. Nəsir əmi, səndən bir xahiş etsəm sözümü yerə salmazsan ki?
– Faiq, oğlum, dünya malı sənə qurban, canımı istə, uf demərəm.
– Allah eləməsin, Nəsir əmi. Mənim xahişim başqadır.
– Oğlum, çəkinmə, de gəlsin.
– Nəsir əmi, sən mənim ölmüşümə, bu stəkana süzdüyüm arağı iç, sancın da kəsəcək.
Nəsir kişi ətrafına göz gəzdirdi.
– Faiq, oğlum, zəhər də olsa bunu içəcəm, təki sənin sözün yerə düşməsin. – Bunu deyib arağı son damlasına qədər içdi.
Həmişə olduğu kimi Nəsir kişi hamı ilə sağollaşıb məclisi tərk etdi. Onu qapıya qədər Faiq yola saldı. Nəsir kişi Faiqi qucaqlayıb öpdü:
– Oğlum, bunu heç kəs bilməsin, sən mənim üçün doğma insansan.
Faiq Nəsir kişinin səmimiyyətinə vurğun idi, onu valideynləri qədər çox istəyirdi.
– Nəsir əmi, səni evə qədər yola salacam.
– Yox, oğlum, sən məclisə qayıt, mən yavaş-yavaş gedəcəm.
Razılaşdılar. Nəsir kişi hiss etdi ki, sancısı bir az azalır. Araq öz təsirini yavaş-yavaş göstərirdi. Nəsir kişinin evi məclis yerindən çox aralı idi. O, tələsmədən evə tərəf gedirdi, ona elə gəlirdi ki, dünya onun başına fırlanır. Öz-özünə gülümsünür: əgər Faiq oğlum “mən ölüm” deməsəydi, içməzdim. Peşman da deyiləm.
Nəsir kişi qəşş çəkib öz-özünə gülürdü. Sözün doğrusu, Nəsir kişi həyatında bu qədər şənlənməmişdi.
Nəhayət, Nəsir kişi gəlib evə çatır. İstəyir qapını döysün, baxır ki, qapı açıqdı. İçəri adlayır. Ürəyindən çay içmək keçir. İlk işi həyat yoldaşı Züleyxa xanımı çağırmaq olur. Cavab almayınca sobaya yaxınlaşır, gözünü ovuşdurur, diqqqətlə baxmağa çalışır, görür ki, soba gedir, üstündə də çaynik, həyat yoldaşı Züleyxa xanıma səslənir:
– Ay arvad, tez özünü çatdır, peç gedir, yoxsa çaynik düşüb qırılacaq.
Nəsir kişi Züleyxa xanımdan cavab almayınca özü əlini uzadır ki, çayniki götürsün, özünü saxlaya bilmir, çaynikə toxunanda büdrəyib çaynki yerə salıb sındırır. Əsəbi halda deyinməyə başlayır:
– Əcəb oldu, evin kişisi gəlməmiş yatan arvadın nəinki çayniki, hətta çaydanı da qırılar.
Nəsir kişi öz-özünə deyir:
– Bir az yatıb gözümün acısını alım, bəlkə o vaxta qədər arvad da oyandı.
Sonra yenə arvadına sarı səslənir:
– Ey mənim ömür-gün yoldaşım, indən sonra sənin çay içməyin gələn yaza qaldı!..
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı
Müqəddəs ruhlar şərləri qəbul etməz…
Koronavirus təhlükəsi və mənim həkimliyim