Romanın əvvəli: 1 2 3 4 5 6 7
Niyazi Mehdi
Damla yenə Skype-la Teymura zəng vurdu:
– Bunun konspirologiya haqqında yazdığına baxdın?
– Yox hələ, – Teymur köynəyini geyinib saçını daramışdı, ancaq heç ona oxşamırdı ki, Erkini oxumağa həvəsi var.
Damla yazını qısa danışıb soruşdu:
– Görürsən biz niyə ağzımızı açıb dedi-qoduya qulaq asırıq, niyə hamımızda paranoya elementləri var? Ona görə də Moskvanın RTV telekanalının konspiroloji quramalarına (nə yerinə düşən sözdür!) ruslar ağızlarını açıb baxırlar? Bəlkə uşaqlarla danışasan, axşam 6-da zadda bizə gələsiniz? Oturaq bütün bunları söhbət edək.
Teymur həvəssizlik göstərdi. Damla bu dəfə üzünə oğlansayağı him-cim verib iki barmağı ilə hülqumunu dartdı:
– Mən ölüm, gəlin.
Damlanın bu jesti və bu sifəti alması həmişə Teymuru əridirdi və qız bunu yaxşı bilirdi. Onun onsuz da oğlan tipinə yaxınlaşan gözəlliyi bu yamsılamadan şirin bir ərköyünlük alırdı. Teymur:
– Yaxşı, yaxşı, – dedi.
Damla sevindi:
– Gəlin ki, Erkinin yazılarını dartışaq. – Qəsdən «müzakirə» yerinə «dartmaqla» bağlı sözü sadist qırımı bildirən səslə dedi.
Damlanın oğlansayağı bu oyunbazlığını nə ata-anası, nə qardaş-bacıları görmüşdü. Deyəsən, özündə bu istedadı sonralar tapmışdı. Haçan, ancaq tez-tez yox, bu artistliyi edirdi, Teymur da, yerdə qalanlar da uğunurdular. İdeya Selcanın da xoşuna gəlmişdi, hərdən o da oğlan maskasını alıb, səsini, leksikonunu dəyişdirərək nəsə deyirdi. Pis alınmasa da Damladakı qədər dadlı olmurdu.
Bir dəfə Aqşin fikirli-fikirli, – onun mələk yosunlu sifəti, gözlərinin parıltısı bu zaman sözlərinə sadəlövh təəccüb vermişdi, – soruşmuşdu: Görəsən, niyə bu qızlar oğlansayağı-qədeşi danışanda adam əriyib gedir, ancaq biz qız kimi nazla danışsaq, “petux” kimi görünəndə heç bir simpati oyatmırıq? Aqşin sözlərini kəskinləşdirməkdən ötrü «qey» yox, «petux» demişdi. Belə «kulturoloji» sorulara açıqlama çox vaxt Teymurdan, bəzənsə Damladan gəlirdi. O dəfə Damladan gəlmişdi: Bizim, axı, patriarxal mədəniyyətdə oğlanın qızsayağı əzilib-büzülməsi ata-ana üçün faciədir, qızın oğlansayağı danışığı, yerişi isə faciə olmur, çünki at belində qılınc oynadan türk qızını simvol kimi hamı sevir. Ancaq, – Damla fürsət düşdüyündən Aqşini məzə üçün bir az sancmaq istəmişdi, – ancaq çox qız kimi danışmaq həvəsin varsa, cürbəcür vasitələrlə «qey» kimi görünmək qorxusunu neytrallaşdıra bilərsən.
– Necə?
– Yeməyin duzu, istiotu çox olanda bəyəm suyu artırmırlar, kartofu, pomidoru çoxaltmırlar? – elə. Məsələn, qız səsi-sifəti ilə danışmaq istəsən, arada «mötərizədə» öz səsinə qayıdıb niyə belə etdiyini sezdirə bilərsən. Əsas məsələ cürbəcür rollarla, maskalarla oynamaqdır,
Bu söhbətlər çox-çox qabaq olmuşdu. İndi isə ucundan-bucundan Damlanın huşunda peyda olurdu. Qız əlini bilgisayar «meymunça»sına (rusların dediyi «mışkaya») atıb kursoru gəzdirərək Erkinin videobloqlarının bir neçəsinə ard-arda baxmağa başladı (onların linklərini isə uşaqların hamısına yolladı ki, oxuyun, axşam danışaq). Biri türkcə-azəricə qarışıq dildə idi ki, ikisindən də olan adamlar anlasın. Videoda öncə iri hərflərlə «PARAZİT» sözü çıxdı. Sonra sözün açımı gəldi: parazitlər başqa orqanizmə daraşıb onun payını yeyənlərdir. Ekran qaralıb söndü, 5 saniyədən sonra Erkinin pırpız tüklü üz-başı peyda olub yavaş-yavaş iri plana çevrildi. Ardınca sözləri gəldi. Təxminən belə: çağdaş dünyada Aynşteyndən, Bricit Bordodan tutmuş minlərlə tanınmışlar dünyaya öz görünüşlərini maska kimi verirlər və kimlərsə saçını, üzünü Aynşteynə, o birisi Pol Makkartiyə, hansı qızsa Bricit Bordoya oxşadıb onların niqabını taxırlar. O da var ki, belə təqlid həmişə olmuşdu, hətta pələng kimi heyvanların balaları da ata-analarını yamsılayaraq ov etməyi öyrənirlər.
Kino, musiqi ulduzlarını yamsılamağın hesabına qızlar oğlanların, oğlanlar qızların xoşuna gəlirlər. Bu, parazitlik deyil, bəs nədir?! Gənclər Aynşteynin, Bitlların, Bricitin yüksək bacarıq, qan-tərlə əldə etdiklərinin cazibəsini onların maskasını taxmaqla müftəxorcasına mənimsəyib cazibə qazanırlar. Baxın, mən Barış Mançonun maskasını taxmışam. Deməli, boynuma almalıyam ki, onun parazitiyəm.
Ekranda Barış Mançonun üzü göründü və sonra bir klipindən musiqisi, görüntüsü gəldi. Musiqi yenicə lirik ovqat yaratmışdı ki, kəsildi və yenə Erkin iri planda göründü. Sözləri təxminən belə oldu:
– Tarix boyu insanlar yamsılama mexanizmindən istifadə ediblər. Aristotel demişdi ki, sənət dünyanın yamsılanmasıdır. Xeyli oğlan uşağı atası kimi gülür, yeriyir. Deməli, onlar atalarından mimikalarını, yerişlərini götürürlər. Müsəlmanlar hədislərdən bildikləri peyğəmbər davranışını yamsılayırlar. Modalar insanlara geyim üçün yamsılama örnəkləri verir. Kuteryelər ulduzları geyindirib onların əli ilə şöhrət və pul qazanırlar, çünki bilirlər, ulduza geyindirdiyi paltar dəbə düşəcək və yüz minlərlə gənc bu dəbi yamsılayanda ona pul, ad-san gətirəcək. – Gerisini Erkin səsini dəyişməklə vurğuladı. – Modern dünyada siyasət, sənət, hətta dinlər də insanları parazitə çevirirlər ki, bundan çıxarı götürsünlər.
Damla videobloqu dayandırıb Erkindən eşitdiklərini içində saf-çürük etməyə başladı. O özünü Barış Mançonun paraziti adlandıranda ürəyinə nəsə işıq düşdü, çünki qabaqca başlayanda düşünürdü ki, hamıya parazit deyə-deyə özünü ifşaçı kimi üstə qoyacaq. Videobloqda isə bir yandan hamını, elə özünü də aşağılayırdı, o biri yandan, ağlı ilə ucalırdı, – ideya onunku idi, axı. Hamını parazit sayıb kinayə edirdi, həməncə də özünü elə adlandırıb sözlərinin sərtliyini yumşaldırdı.
Damla o biri otağa keçib Fatma bacıya yaxınlaşdı, qılıqla onun çiynini qucaqladı:
– Uşaqları çağırmışam (Fatma bacı bilirdi kimdir bu uşaqlar). Bir şey bişirək onlar üçün? Yoxsa restorandan gətirsinlər?
– Niyə? Bişirək? Özüm bişirərəm.
– Yox, bir yerdə.
Damla otağına qayıdıb güzgünün qabağında durdu: «Görəsən mən kimin «parazitiyəm»? Üzüm hansı kino ulduzunun tipindədir?» Əslində, Damla bu axırıncı soru ilə güzgüdə üzünə birinci dəfə deyildi baxırdı. Öncələr də baxırdı, görürdü ki, onun tipində gözəl sifətə nə Hollivud, nə italyan, fransız qadın kino ulduzları arasında rast gəlmək olar. Bəlkə modelyer qızlar arasında uzaqdan-uzağa ona oxşar incə, qarabuğdayı gözəllər tapılardı, ancaq onlar ulduz deyildilər, podiumda, «Vogue», «Play boy» tipli dərgilərin sərgilədiyi onlarla, yüzlərlə qız portretləri arasında «onlardan biri» kimi itib batmışdırlar. İndi isə Damla Erkindən götürdüyü «parazit» sözünün etgisi ilə güzgüyə baxmışdı ki, görsün hansı ünlü gözəli üzü ilə andırıb cazibəsini mənimsəyir. Məmnun oldu ki, heç kimi. Ancaq Damla bütün gözəllər kimi öz görünüşü haqqında min xoş söz eşitsə də narsist deyildi. Gürcülər, ermənilər, azərilər antropoloji bir-birindən ayrılsalar da və hərəsinin o birilərində olmayan gözəllik tipi olsa da, gözəlləri arasında bir tip vardı ki, hamısında təkrarlanırdı. Belə qızı nə erməni, nə gürcü, nə azəri tam inamla deyə bilməzdi ki, bizimkidir. Damlanın gözəlliyi bu tipdən idi və onda nərgizlik (narsistlik) olmadığından öz üz-gözündən elə də razı deyildi. İnsanlar gözəlliyə öyrəşəndə ondan həzz almırlar – divarda Monna Lizaya da alışanda onu sənət əsəri kimi yaşaya bilmirsən, yaşamaq üçün özəl qavrayış-düşüncə mexanizmlərini işə salmalısan. Ən gözəl mahnını da çox dinləyəndə bezirsən, hətta səni dinləmyə zorunlayırlarsa, ona nifrət edirsən. Rəssamlar bu üzdən molbertdəki şəkilin üstünə pərdə atırlar ki, ona alışmasınlar. Bu üzdən adamlar geyimlərini dəyişirlər ki, özlərini alışılmamış görünüşdə göstərsinlər.
Ən gözəl qız da güzgüdə özünə baxa-baxa gözəlliyinə alışdığından onu görmür və içində öz gözəlliyindən narazı qalır, başqa tipdə gözəl olmağı arzulayır. Ona elə gəlir ki, başqa gözəl tipi daha gözəldir. Müğənnilər öz səslərini eşidib dəyərləndirə bilmədikləri kimi gözəllər də öz gözəlliklərini «görmürlər ki» qədrini bilsinlər. Bunlar Damlanın düşüncələri idi və nə qədər doğru olduğunu estetika üzrə elmi kitablarda araşdırmamışdı. Ancaq modalar tarixində yeni-yeni paltar, fiqur biçimlərinin dəbə minməsində sınamışdı – ən gözəl silueti verən paltar belə zaman keçəndən sonra alışıdığından sıradan çıxır.
Damla ümid edirdi ki, axşamacan Erkin də ona zəng vurar. Axı, yazılmamış qanun vardı, qız telefonunu verirsə, ona zəng vura bilərsən, əslində, vurmalısan. Saat 6-yacan Erkindən zəng gəlmədi və Damlanı çox qarışıq duyğulara saldı. Bu qarışıqlığı sözə çevirsəydin, belə düşüncələrdə sxemini alardı: nə dahi musiqiçi, rəssam, alim deyil, nə çox maraqlı üzü olan oğlan deyil ki, gözəl, varlı, hər halda ağıllı olan qızın ona telefon nömrəsini verməsindən sevinməsin. Bax, bu düşüncələr Damlanın ürəyindən inciklik-hirs-maraq-intiqam duyğularının qarışığına düşərək aydınlıqlarını itirmişdi.
Damla artırmada, təmiz havada balaca düzbucaq palazın üstündə Yoq oturuş-duruşunu edəndə çalışdı ki, başını bu düşüncə-duyğu qarışığından arındırsın, alınmadı. Onları qovurdu, yenə günc-bucaqları görünürdü. Yoqdakı Siddhacana oturuşunda oturdu, bu, türklərin «bardaşqurma»sına oxşayan poz idi, Damla hansısa Qorqudşünasdan eşitmişdi ki, oğuz dastanında ona «bağdaşqurma» deyirlər, deməli, «bardaş/bağdaş» ayaqları bir-birinə dolaşdırıb bağlamaqdır. Damla oturdu ki, meditasyon edib başını tam təmizləsin, alınmadı, ancaq bir incəliyi duydu, Erkinlə bağlı içindəki qarmaqarışıq duyğu və düşüncələrdə onu itirmək xofu yox idi, ona görə pessimizm də yox idi. Damla əvvəl-axır bu oğlanı yenəcəyinə arxayın idi. Bu inamını incələyəndə gördü ki, gözəlliyi və atasının varıdır bu arxayınçılığın nədəni. Pulun rolunu bir daha bunda gördü və özündən soruşdu: Erkinin dediyi şey, – böyük pullarda adamın özünü Allah kimi bilməsi bu deyil ki?! Budursa, nəyi pisdir?! İçinin dərinliyindən bu ritorik sorusuna Erkinin danışıq tonunu andıran cavab gəldi: «Pisliyi odur ki, qudurğanlığa çevrilir». Erkin nəzakət üçün bu sözü işlətməzdi, ancaq qudurğanlığın nə olduğunu Damla atasının «dostlarının» – varlı oğul-qızlarının çoxunun danışığında, davranışında görmüşdü – onların qudurğan olanı elə bil göylə yeriyirdi, qızlarında nəyisə bəyənməyəndə, kiminləsə ötkəm danışanda necə görünməyin dərdini çəkmirdilər. Onlar «birdən yelbeyin», «axmaq görünərəm» qorxusundan gələn iç senzurasını bilməyən məxluq idilər. İndi Damla özündən soruşdu: bəlkə mənim bu arxayınçılığım qudurğanlıqdan gəlir? Erkini plebey sayıb qələbəmə arxayın oluram (nə dərsimi verməli situasiyadır!). Bə qələbəm nə deməkdir? Onu özümə aşiq etmək? Onu ər etmək? Yox. Bəs onda nə işim var bu oğlannan? Nəsə onda var ki, məni onun xoşuna gəlmək istəyinə çəkir, özü də bundan açığa düşmürəm. Deyəsən, mən onun xoşuna gəlmək istəyimdən açığa düşmədiyim üçün acığa düşürəm, deməli, onunla yox, özümlə vuruşuram. Damla bir az ləzzətlə düşüncəsini davam etdi: lap Şekspir duyğularındayam – narazılıq, xoşuna gəlmək, əvvəl-axır qələbənin mənimlə olmasına inamın optimizmi – nə qədər çalarlar var bunlarda, bəlkə budur Erkini fikrim-zikrim edən?!
Bu düşüncədən sonra meditasiyon edə-edə başını təmizləmək Damlaya asan oldu.
(Ardı var)