Romanın əvvəli: 1 2 3 4 5 6
Niyazi Mehdi
Üçüncü fəsil. Damlagildə
Damla yuxudan oyanıb yatağında özünü yavaş-yavaş ayağa durmağa hazırlayanda gecə yarıyuxulu ağlına gəlmiş ideyanı başında fırlatdı ki, ondan aldığı ləzzəti yenə alsın. İdeya isə bu idi: Erkinin İnstaqram-ına, Youtube-dakı videolarına, bloq yazılarına baxıb görsün nədir bu oğlanın dünyası, nədir ona adamları çəkən ki, abunəçilərini çox edib bununla ona pul gətirir? O nə yazır ki, ingilisdilli, rusdilli auditoriya üçün ilginc olur?
«Çağımız nə qəribə çağdır! – düşündü Damla. Qabaqlar adamların özəl dünyasını məktublarından, gündəliyindən bilmək olardı. Ancaq onları oxumağa «özəl həyata burun soxma» yasağı qoyulmuşdu və burnunu soxan gözdən düşürdü. İndi isə İnstaqram, Youtube, bloq özəl həyatın xeyli zolaqlarını işığa çıxarmaqla qaranlıqda qalmış kəsimi xeyli daraltmışdır».
Damla üçotaqlı mənzilində yaşayırdı, qapı qonşusu ata-anası idi. Onların villası Sulutəpədə idi. Ata-anası, adətən, həftənin üç gününü – cümə, şənbə, bazarı orada keçirirdi. Bacı-qardaşı da tez-tez onların başına toplaşırdı. Ancaq doğmaların məclisi Damlanı bərk çəkmədiyindən onlar qədər orada olmurdu. Ata-anasının istəklisi olan bu qız bu xasiyyətinə görə öncələr onları öfkələndirirdi. Ancaq indi hamısı öyrəşmişdi ki, qızları elə də ailəyə istiqanlı deyil. Damlanınsa izahı bu idi ki, istiqanlıyam, ancaq maşallah imkanlarınız, sağlamlığınız elədir ki, mənə gərəyiniz yox, ona görə də qoyun öz həyatımı yaşayım. Konflikt axırda onunla bitmişdi ki, Damlaya anasının övladsız, dul qalmış xalası qızını təhkim etmişdilər ki, tək qalmasın. Bu qadın Damla ilə bir qalırdı, biş-düş, yır-yığış edirdi. Hərçənd ev işləri elə də çox olmurdu. Birincisi ona görə ki, Damla tənbəl deyildi, qonağı olmayanda çay, yemək məsələsində özü-özünə, bəzənsə anasının xalası qızına qulluq edirdi. İkincisi ona görə ki, iki nəfər odluqlarından tör-töküntü az olurdu. Buna görə idi ki, Damlanın tək olmasına görə evdə qalan ana qohumu, – adı Fatma bacı idi, – boş vaxtı çox olduğunda saatlarla türk seriyalarına baxırdı.
Damla üstü muncuqlu qırmızı başmaqlarını geyinmək üçün ayaqlarını yorğandan çıxarıb döşəməyə salladı. Gözlərini düz, qarabuğdayı gözəl ayaqlarında saxlayanda başından ani fikir keçdi: yəqin Erkin onları görsəydi, ürəyi tıp-tıp edərdi, – buna gülümsündü.
Damla hamam-tualetdən sonra Fatma bacının hazırladığı səhər çay-çörəyini götürüb mətbəxdəki masa arxasında oturanda «Apple» not-bukunun gümüşü qapağını qaldırdı ki, Erkinlə bağlı «Google»a axtarış versin. Bir əli ilə fincanı dodaqlarına aparıb o biri əli ilə klaviaturanın uyğun düyməsini basmaq istəyəndə (hamını səhər yeməyində izləyən yeməklə paralel nəsə yapmaq tələskənliyi) yadına saldı ki, Tatarıstandan tutmuş Orta Asiyayacan, Türkiyədən tutmuş Azərbaycanacan o qədər «Erkin» çıxacaq ki, linklərin arasında dolaşıb qalacaq. Ona görə də Teymura telefon açıb Erkinin soyadını soruşdu:
– Uzaqdan başlamayacam, Erkinin familini de, görüm internetdə nə yazıları, vidaları var ki, çoxlu abunəçini başına toplayıb?
– Qaçay. Erkin Qaçay.
– Qəribə famildir.
– Niyə? Yəqin atası soyadlarını ya babasının, ya ulu babasının adından götürüb. «Anar» deyil ki, Rəsul Rzanın icadından sonra yayılmış olsun.
– Ancaq ərəb-fars sözünə oxşamır…
– «Google»a bax. Onun azərbaycanca bölməsi gözlədiyindən boldur, ola bilər ki, orada «Qaçay»ın izahı olsun.
– Yemək yemisən? Boşsansa mən Erkinin yazdıqlarına baxım, Skype-da danışaq görək, nə maraqlı fikirləri var.
– Olar.
Damla çayı fincanın yarısınacan içəndən sonra «Google»da «Qaçay» yazdı və belə açıqlama gəldi: «Ay» sözünün «Cığatay», «Xasay» kimi adlardan göründüyü kimi, əski türkcədə «ər», «şəxs» anlamları da var. Ona görə də «Qaçay» «Qoç-aq şəxs» deməkdir (Bəşir Əhmədov). Hərçənd bu adın Azərbaycanda işlənmə tarixi verilməsə də Cığatay dönəminə çıxarmaq olardı. Damla öz-özünə bərkdən söylədi: Erkin Qaçay! Gerisini ürəyində dedi: pis səslənmir, ancaq «Qaçay Erkin» olsaydı, daha poetik olardı. Bunu düşünəndə Damla öz soyadını yadına saldı: «Abdulla», bir az ağzını büzdü və sonra özünə təskinlik verdi: Yaxşı ki, «Abdullayeva» deyil, atasında «Abdullayev» qalıb, onun isə (elə bacı-qaraşının da) soyadını millətçilik edib metrikada «Abdulla» yazdırıb.
Damlanın kökəlmək qorxusu olmasa da xəmir yeməklərini minimuma endirmişdi, ona görə də Fatma bacının çörəksiz-filansız sarı pendir və isti sosislə pomidor dilimlərini yan-yana düzdüyü boşqabdan tikələri çəngəlin ucuna batırıb fikirli-fikirli ağzına apararaq «Google»da «Erkin Qaçay» yazdı.
Gözlədiyi kimi, çox link çıxdı. Dilləri azərbaycanca və ingiliscə idi. Erkinin adını rusca yazıb axtarışa çıxmağı sonraya saxlayıb birinci ingiliscə olan yazılara göz gəzdirdi. Damla iki il Londonda yaşadığından ingiliscəni, onun bəzi dialektlərini yaxşı duyurdu. O mənada ki, yazının üslub incəliyini tuta bilirdi. Gördü ki, Erkinin yazılarında üslub incəliyi yoxdur. İngiliscəni bilən isveçlər, almanlar, ruslar, adətən, elə yazırlar: qrammatikası, orfoqrafiyası qaydasında olan, məzmunu bir az sxematik aydınlıqda verən konstruktlarla yazırlar. Belə yazılarda yeni ideya olanda ingilis üçün eybi arxa plana keçir. Ancaq ideyalar yeni olmayanda, sadəcə, məzmunu dadlandırmaq üçün necə verməyin rolu artanda bu konstruktların yerinə üslub xallar gərəkir – Erkinin ingiliscəsinin isə buna gücü çatmazdı.
Bəzi yazılarını oxumağa başladı. Birində Erkin Azad dünyada böhran hadisəsini açırdı. İdeyası bu idi: Qərb dünyasında öncələr iqtisadiyyatla bağlı, indisə qlobal problemlərlə bağlı böhran əsas motivdir. Bütün avtoritar, totalitar Şərq toplumlarında bundan istifadə edib deyirlər: görürsünüz, Amerikada, Avropada da böhran var, yəni vəziyyət hamıda pisdir. Ancaq azad dünyadakı böhrandan avtoritar rejimlərdəki böhranı ayırmalıyıq. Dünyada bütün toplumlar böhrandadırlar, yəni xəstədirlər. Sadəcə, demokratiyanın bir üstünlüyü var. O, davamlı olaraq özünə diaqnoz qoyub özünüsağaltma ilə məşğul olur. Düşüncə və söz azadlığı, diskussiyalar məhz bu diaqnoza qulluq edir.
Erkinin bloq yazılarını oxuyanda Damlanın xoşuna gələn o oldu ki, ilginc ideyalarını Erkin söyləyəndə öz tapıntısını qabartmaq üçün konteksti, fonu heç nəsiz, kimsəsiz etmirdi. Yazılardan həm onun özü, həm də Azərbaycan dünyası hansı intellektuallarınsa adları, sözləri, düşüncələri arasından bilinirdi. Damla bunu ağıllı gediş saydı. Axı, bir nəfər bütün yazılarında, çıxışlarında, onlar nə qədər ağıllı olsa da yalnız özü olanda, axırda hamını bezdirir. Erkin isə ideyaları ilə türlü yanaşmalarla qaynaşan Azərbaycan dünyasından peyda olurdu, kiminsə düşüncəsinə, yanaşmasına «elə deyil» deyirdi, kiminkinisə dartıb açırdı, dərinləşdirirdi. Amma ən əsası bunların hamsının fonunda öz bənzərsiz ideyalarını şaxıdırdı (ildırım vurması ilə bağlı bu axırıncı sözü Damlanın düşüncələrini qabarıq etmək üçün biz onun adından söylədik).
Damlanın bir də o xoşuna gəldi ki, Erkin öz ideyalarını anladanda verdiyi örnəklər Azərbaycan gerçəkliyindən olur. Məsələn, söyləyir ki, mədəniyyətlərdə «tənbəlliyə» qarşı qəzəb normaları olsa da, elə bu mədəniyyətlərin daşıyıcılarında onların tənbəlliyini doğruldan gizli motivlər də işləyir. İnsanda enerjisini qorumaq, boş yerə işlətməmək prinsipi və qənaətcilliyi instinkt qatından başlayıb sosial qatlarda törətmələrini verə-verə gedir. Tənbəllik o prinsipin iş görməyi sevməyən adamlarda, toplumlarda yanlış yerə tuşlanmasıdır. Yəni enerjini qorumaq gələcək böyük işlərə hazırlıq kimi yaxşı olsa da adamlar təmizkar, səliqəli şəhər yaratmağa və saxlamağı enerji sərf etmirsə, deməli, o prinsipi yanlış yerə yönəldirlər.
Sonra Erkin ingilis dilindəki yazısında azərbaycancanın «ərinmək», «ərincəklik» sözünü tənbəlliyin sinonimi kimi açanda yazır ki, enerjini gərəkən məqsədə zilləmək üçün orqanizm toparlanmalıdır, əzələ kimi gərilməlidir. Azəricənin «ərincəklik» sözü isə göstərir ki, orqanizm elə tökülüb-axır ki, enerjini gərilib yönəltməyə halı olmur. Onun bu açıqlamasında naxçıvanlı ləhcəsində daha çox işlənən «lalıxlamaq» sözünün mənası əlavə arqument idi. Tənbəlliyin artması ilə pintiliyin, zibilliyin artması məsələsindən danışanda isə professor Həsən Quliyevin bir ilginc ideyasını açır: mədəniyyətləri nələri zibil saymasına görə və ya nələri zibil kimi atmasına görə fərqləndirmək olar.
Damla oxusuna ara verib Skype-la Teymura zəng vurdu. O, ekranda peyda olanda göründü ki, hansısa başqa otaqdan hövlnak gəlib. Qurşağacan lüt idi, saçı isə pırpız. Damla onun bu görünüşünə gülüb dedi:
– Gözləyərəm, get köynəyini gey, saçını dara.
Teymur ərklə reaksiya verdi:
– Çılpaq qız bədəni bizi qızıxdırır, sizinsə oğlan bədəni vecinizə deyil ki, utanıf… – vurğu ilə məhz «utanıF» dedi, ardınca bir az da sancdı: – utanıF bədənimizi gizlədək. Onsuz da çoxunuz frigidsiniz…
– Yaxşı, tərbiyəsiz sözlərlə ritorik naxışlar cızma… Erkindən oxuduğum yazılar pis deyil, ingiliscəsi də pis deyil. Linkləri sənə yollayım, bax.
Teymur baxanda Damla davam etdi:
– Məsələn, böhran haqqında bu. Ancaq, axı, belə yazının oxuyucusu yüz min, bir milyon olmaz ki, ora reklam qoyub buna görə pul verisnlər.
– Düzdür, bundan pul qazanmaq olmaz. Mənə demişdi ki, videobloqum var, bundan nəticə çıxarmışdım ki, yəqin ondan qazanır. Ancaq səni niyə onun qazancı maraqlandırır? Xoşun gəlirsə, onun pulu yoxdur, sənin var. Qorxursansa ki, kriminal olar, qorxma, görmədin dostları-tanışları abırlı adamlardır?!
– Di yaxşı, – Damla Erkinin yazılarına, videolarına bir az da baxmaq istəyirdi, bu üzdən Skype-ı qapadıb konspirologiya ilə bağlı yazısını oxumağa başladı.
Dünyanın böyük siyası-iqtisadi olaylarının gizli mərkəzlərin qurğusu ilə yönəldilməsi haqqında nəzəriyyələrdən Damlanın xəbəri vardı, oxuyan qız idi, axı. Və əslində, dostları ilə (Teymurgillə) söhbətlərin çoxu dedi-qodu yox (hərçənd dedi-qodunun da öz ləzzəti vardı), oxuduqlarının bir-biri ilə bölüşməsi olardı. Damla bilirdi ki, yetərincə ciddi adamlar 11 sentyabrda iki Nyu-York qülləsinin partladılmasını Mərkəzi Kəşfiyyat İdarəsi ilə bağlayırlar. Erkinin yazısından bildi ki, olayların beləcə gizli mərkəzlərlə, tutalım, masonlarla, Bilderberq klubu ilə bağladılmasına elmdə sui-qəsd və ya konspiroloji nəzəriyyə deyirlər. Türklər isə fransızcadan xırda intriqa anlamını verən «komplo»nu alaraq buna «Komplo nəzəriyyəsi» deyirlər. Yazısında Erkin hətta təəccüb edirdi ki, söz özgürlüyü, informasiya bolluğu olan toplumlarda «dedi-qodunun sosial məkanda azalması» qanunu niyə işləmir?! Sovetlərdə KİV-də arzuolunmaz xəbərlərə yasaq olduğundan camaat şayiə xəstəsi idi. Bəs nədən, tutalım, Amerika camaatı arasında konspiroloji düşüncəyə meylli adamlar belə çox idi? Və belə çox olması göstərir ki, «bilgili toplumlarda şayiə az ayaq alıb yayılar» qanunauyğunluğu elə də işləmir.
Erkin öz qoyduğu suala cavab verəndə elə nəsnələri deyir ki, amerikan bilim adamlarına da maraqlı ola bilərdi – bu, onun yazısına verilən kommentlərdən görünürdü. Erkin, birincisi, Froydun (və ya Freydin) bu ideyasını köməyə çağırırdı ki, psixi baxımdan anormal adamlar, tutalım, paranoiklər, nevrotiklər, psixopatlar öz şüurlarını təkcənə gərçəklik sayırlar, yəni ağıllarına nə gəlirsə, onu gerçək, doğrudan da olan sayırlar. Axmaq düşüncələr, quşqular normal adamların da ağlına gəlir. Ancaq onlar bunları gerçəkliklə tutuşdurub yanlış nəsnələr kimi braka çıxarırlar. Paranoik və psixopatlar isə nə ağıllarına gəlirsə onu düz sayırlar.
Sonra Erkin yazır ki, dünyada iki istənilən olay arasında saysız ilişgilər var. Tutalım, İrandakı hansısa Ağacavad Trampa saçını rənglədiyinə görə qızırsa, bu da nəsə ilişgidir, – sap kimi Ağacavaddan uzanıb Trampa ilişir (Damlanın gözünün qabağına onu həmişə heyran edən bir nəsnə gəldi, – meynə budaqları qabaqca irəli sap kimi uzanır, nəyəsə çatanda, burulub ona ilişir və sonra qalınlaşmağa başlayır). Konspiroloji nəzəriyyədən siyasətə və başqa iri proseslərə baxan adamlarda paranoiklərdə, psixopatlarda, nevrotiklərdə olan psixi sapıntı başlayır. Belələri iki hadisə arasında sonsuz mümkün əlaqələrdən hansı biri ağıllarına gəlirsə, onu da düz sayırlar – Damla oxusuna ara verib oxuduğunu göz qabağına gətirdiyi kadrlarda düşündü. Bir-birindən quşqulanan, bir-birinə qəzəblənən üzlər, bir-birini qısqanan ər-arvadlar – nə qədərisə ağıllarına gələnləri düz saymalarının qurbanıdır. Bəs mən? Mənim də bu problemim var?
Bundan sonra Erkin bir tanışının xatirəsi əsasında sovetlərin sonunda Bakıda «Yuğ» adlanan teatrın başına toplaşmış ziyalılar arasında baş vermiş konfrontasiyadan danışır. Bir qrup dünyanın gizli qüvvələrin qoyduğu ssenari ilə getdiyinə inanırdı. O biri qrup isə deyirdi ki, sözsüz, hamı hadisələri planlasdırmağa çalışır, ancaq uzun zaman kəsiyində iri və çoxsaylı olayları ssenari ilə aparmaq mümkünsüzdür. Dünyada tendensiyalar yaratmaq olar, hansı güclərsə mövqe nöqtələrini artırıb gücləndirə bilər, – oxuduqlarından gələn bu tezisləri Damlanın beyni özünə rahat olan cümlələrə salırdı, – belə işləri şahmatda ustalar edirlər. Ancaq trend yaratmaq bir şeydir, plan qurub mövqe yaratmaq başqa şeydir. Yapon dominosunda bir daşın yıxılması ilə o biri daşların yıxılmasını yaradıb axırda mürəkkəb həndəsi fiqur alırlar. Konspirologiya da dünya olaylarının ardıcıllığını yapon dominosu prinsipində görür.
Oxuduqlarından Damlanın ən çox xoşuna Froydun ideyası oldu: mən gərək ağlıma gələn axmaq fikirləri dünyada olanlarla tutuşdurum ki, onların təsiri altında paranoik olmayım.
(Ardı var)