Hikmət Nazim
MEDİA Agentliyinin təşkil etdiyi səfər çərçivəsində jurnalistlər Bərdə-Ağdam avtomobil yolunun inşası ilə tanış olub; Ağdamda yeni salınacaq meşə-parkın, prezident İlham Əliyevin təməlini qoyduğu ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının yerləşdiyi əraziyə səfər edib; “İmarət” kompleksində, Qiyaslı məscidində və Şahbulaq qalasında olublar… Girişdən də anlaşıldığı kimi, bir qrup jurnalisti avtobusa doldurub Ağdama aparıblar. Muzey tikilir – çəkirlər, yol salınır – çəkirlər…
Çox pakizə! Yaxşı haldır ki, arzuladığımız kimi “hadisə”nin baş verdiyi yerə gedib xəbər hazırlayırlar. Heç olmasa işğaldan azad olunan torpaqlarda aparılan abadlıq-yenidənqurma işlərinin işıqlandırılmasını yerli jurnalistlər həyata keçirirlər. Nəyi pisdir?!
Lakin hazırlanan materiallarda tikilən yolun uzunluğu, neçə yaşayış məntəqəsini əhatə etdiyi, tikilən muzeyin zallarında tarixi faktların neçə dərəcəlik ekranlarda nümayiş etdiriləcəyi göstərilsə də, bütün bu görülən işlərə nə qədər vəsait ayrıldığı, nə qədər xərcləndiyi qeyd olunmur.
Deyək, hökumət rəqəmlərdən qorxur, jurnalistlərin də başı avtobusların rahat oturacaqlarına qarışdığından soruşmaq ağıllarına gəlməyib. Bəs redaktorlar hara baxırlar? Jurnalist araşdırması aparmaqlarını onsuz gözləmirik. Özgə vaxt sorğu dalınca sorğu edirlər. Üz tutduqları insanlara bircə “günün hansı saatlarında sevişirsiniz” sualını vermədikləri qalıb. Bu mövzuda niyə kimsəyə sual vermirlər?
Demək, tapşırıq belədir: dağılan binaları çəkirsiniz, sonra onların təmirini – gerisinə qarışmırsınız. Sonra da “bu ölkədə tapşırıqsız işləyən jurnalistlər ancaq sosial şəbəkələrdədir” deyəndə əsəbləşirlər. İndi heç olmasa bir-iki jurnalist, siyasətçi, iqtisadçı bloq yazılarını xatırladan yazılar yazır, aydınlanırıq.
Sosial şəbəkələr də olmasa, əhalinin istənilən mövzuda məlumatlılıq səviyyəsi sıfıra düşər. Ona görə də hökumət rəsmiləri dəfələrlə sosial şəbəkələrdən istifadəni məhdudlaşdıran qanunun müzakirəsini gündəmə gətirməyə çalışıblar. Allah üzümüzə baxıb ki, onların dediyini deyən olmayıb.
Yazımızın mövzusu sosial şəbəkələr olmadığından bununla kifayətlənək, keçək əsas məsələyə.
Yanvar ayında maraq üçün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa, Tovuz, Qazax rayonlarında görülən işlərin yerli və ölkə əhəmiyyətli mediada işıqlandırılmasının monitorinqini apardım. Şəffaflıqla qarşılaşacağımı gözləmirdim. Lakin həddindən ziyadə “yolaverdi” xəbərlərlə qarşılaşdıqca, axtardığımı tapmadıqca, üç-dörd il öncəki xəbərlərin silindiyini gördükcə təəccübləndim.
Belə ki, hər üç rayona aid tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması zamanı rəqəmlərdən qaçılıb, əsasən ümumiləşdirilmiş məlumatlardan istifadə olunub. Bəzən ölkə mediasında gedən məlumat yerli əhəmiyyətli mediada əksini tapmayıb, ya da tərsinə.
Hər ilin yekunlarına dair yerli əhəmiyyətli rəsmi rayon qəzetlərində dərc olunan icra başçılarının hesabatlarında bəzi tədbirlərə ya ümumiyyətlə toxunulmayıb, ya da hər il eyni şeylər təkrarlanıb. Bu da görülən digər işlərin şəffaflığını kölgə altına salır. Oxuduqca belə təsəvvür yaranır ki, əslində heç bir iş görülməyib, ötənilki hesabatın üzərində dəyişiklik edilib, təkrar dərc olunub.
Ölkə mediasında yayımlanan məlumatlar isə ya ümumilikdə qərb bölgəsini, ya da bütün ölkəni əhatə edən xəbərlərin tərkibində it-bata düşüb. Azsaylı izləyicisi olan saytda konkret hansısa rayona nə qədər vəsait ayrıldığı göstərilib.
Ümumiləşdirsək, mediada gedən xəbərlər biri-birinin təkrarı olduğu üçün çox zaman müqayisəyə ehtiyac olmur. Bu da ondan qaynaqlanır ki, dövlət qurumlarının mətbuat xidmətlərinin yolladığı məlumat olduğu kimi dərc edilir. Yəni hər hansı jurnalist araşdırmasından, sorğusudan söhbət gedə bilməz.
Jurnalistlərin Ağdama səfəri zamanı hazırladıqları materialları oxuduqca mənim apardığım monitorinqin nəticəsinə oxşar nəticə hasil olur: hər şey yazılıb, görülən işlərin şəffaflığına dair insanlarda təsəvvür yaradacaq məsələlərə toxunulmayıb.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?
Müxbiri müsahibin ayağına verənlər…
Bölgələrdən niyə xəbər yoxdur?
Moskva razılaşması haqqında bir neçə söz
Televiziyalar niyə hələ də var?
Əminənin qətlində türk seriallarının payı
Yüksək oxu sayına güvənmək olarmı?
Yuxudan oyananda nə edirsiniz?
Elektron kitablar və virtual müsahibələr…
Jurnalistin döyülməsi adiləşməməli