Romanın əvvəli: 1 2 3 4 5
Niyazi Mehdi
Damla bu söhbətə baxıb, qulaq asanda Teymura və Selcana da göz salırdı. Çingizlə Aqşin qurtum-qurtum viski içib söhbətə qulaq asırdılar, ancaq elə bil söhbətin dəyəri onlar üçün daha çox dincəlib yavaş-yavaş «vurmalarına» yaxşı fon olmasında idi. Selcan isə maraqla qulaq assa da yəqin türk tok-şoularında, rusların «Dojd TV»sində eşitdiyi debatların yanında onların keyfiyyət üstünlüyünü görmürdü. Damlanın özünə gələndə isə bu fərqi onda görürdü ki, Azərbaycan kafelərində birinci dəfə idi bu tip tamaşaya baxırdı. Teymurun üzündən oxuyurdu ki, o da bunun fərqindədir (bəlkə kayfındadır?).
Damla səhnədə gedən teoloji söhbətdən çılğınlıq dərəcəsində ləzzət almırdı. Bəlkə də konteksti bilmirdi ki, nədən dinlər arasında düşmənçiliyə gətirən nöqtələri tapıb yox etmək lazımdır. Azərbaycan tarixində dini savaşlar yox dərəcəsində olmuşdu, şiə-sünni düşmənçiliyi katolik-pravoslav, katolik-protestant düşmənçiliyi qədər qanlı olmamışdı ki, məsələnin aktuallığını dərindən duysun. Ancaq yenə də, Damla düşünürdü ki, Erkinin söylədiklərində ağıl və bilik görünür. Onun şir kimi və ya Barış Manço kimi tüklü üz-başı cəngəllik kimi görünürdü və ağzından çıxan sözlər sanki sirli cəngəllikdən gəlirdi. «Ərkim çatsaydı, – bunu Damla içində özünə dedi, – bu cəngəlliyi qırxdırardım ki, görüm tükün-saçın cəngəlliyindən bu üzü təmizləsən, təbii anatomik cizgilərinə qaytarsan, bu oğlan maraqlı görünər, ya yox?!»
Bu düşüncələr sürüb bitəndə Damla birdən əlini qaldırıb Erkinə səsləndi (düşündü ki, bu ellikcə oynanılan tamaşada niyə də qıraqda qalsın?!):
– «Hər geyim qarşı tərəfə uyğun davranışı diktə edir» fikrinə izahım var. Qarşı tərəfə yox, elə adamın özünə də uyğun hərəkəti diktə edir.
Zalda xeyli toparlanma duyuldu. Hamı sezdi ki, ssenaridə qurulmamış söhbət başlayır. Səhnə xeyli dramatikləşir.
Damla varlı ailəsinə, gözəlliyinə, ağılına, biliyinə görə heç bir kompleksi olmayan qız idi, ucadan danışıb, qarşıya çıxıb diqqət mərkəzinə çevrilməkdən heç bir çəkinəcəyi yox idi. Bunu hamı sezdi. Erkin də sezdi və qızın yeni yöndən ona açılmasına marağını gizlətmədi. Damla sözünü davam etdi:
– Ümumi şəkildə demək asandır. Bəs konkret nə deyə bilərsən? Məsələn, mənim geyimim nə diktə edir?
Erkin vaxt qazanmaq üçün (həm də bir az rejissor görəvində qalmaq üçün) dedi:
– Bəlkə bura gələsən ki, başdan-ayağa səni süzüm. Hamı da süzsün. Paltarları deşifrə etmək çətin məsələdir. Hamımız birlikdə köməkləşək.
Damla qıvraqcasına səhnəyə çıxıb fırlandı, ancaq sadə piruet cızdı, çox qız kimi estetik işvə ilə fırlanmadı. Onun ayaqlarını süzüb Erkin dedi:
– Kişinin də, qadının da pəncələri ilə qılçalarının cızdığı xətdə heç bir yaraşıq yoxdur. Elə bədən orqanları var ki, birləşməsi yaraşıqlıdır. Məsələn, başın, boyunun, çiyinlərin birgəliyi yaxşı siluet cıza bilər. Ancaq bunu pəncələr haqqında demək olmaz. Yuxarıdan düşən qılça xətləri birdən beş barmaqla yapalaq kimi yerin üstünə «yayılır».
Rəna bu yerdə replika atdı:
– Bəlkə pəncənin çinlilərə pis görünməsindəndir ki, yüksək təbəqənin qızlarının ayağını kiçik başmaqda sıxırdılar ki, böyüyüb «eybəcərləşməsin». Yapon qadınlarının platforma ayaqqabıları isə pəncələri fiziki şikəst etmədən balaca göstərir. Belə ayaqqabılara görə yaponların gözündə qadın yerişi də gözəlləşir, çünki xırda addımlar atır.
Erkin replikadan aldığı köməyə görə məmnun olub düşüncələrini zaldakılar üçün gəlişdirdi:
– Gözəl qadın barmaqlarından həmişə danışıblar. Ancaq qadında gözəl ayaq barmaqlarından danışmayıblar, hərçənd bunun üçün qadınlar ayaq barmaqlarına da manikür edirlər. Pəncələri səkilə gətirəndə qəşəngləşdirmək cəhdinin tarixçəsi yaman maraqlıdır. Misir daş rəsmlərində sinə öndən göstərilirdi, pəncələr isə profildən. Multfilmsayağı effekt alınırdı: şəkildən adam sinəsi ilə sənə baxır, ayaqları isə onu səndən sola, ya sağa aparır, – baxır pəncələri hara baxırdı. Bunun bir izahı odur ki, misirlilər pəncəni öndən çəkə bilmirdilər. Ancaq o biri izahı budur ki, misirlilərə fasa çevrilmiş sinə, profilə çevrilmiş pəncələr qəşəng görünürdü, çünki pəncə sənə baxanda ancaq barmaqların ucu görünür. Bəlkə ona görə çarıqların ucu yuxarı qalxdı ki, pəncə qəşəngləşsin?!
Damla başını tərpətdi:
– Yəqin miniatür rəssamlarına da pəncənin profili xoş idi, ona görə Misir qaydasını saxlamışdılar. Ancaq, axı, o dövrdə artıq çarıq ayaqqabılar vardı, deməli, pəncəni çarıqda öndən də verə bilərdilər, bə niyə vermirdilər?
– İndi yadıma düşmür, deyəsən, miniatürlərdə çarığa görə pəncələr bir az yarımprofildədir. Gərək evdə miniatürlərə baxım.
Hicablı dizayner-qız onu arxayın etdi:
– Miniatürlərdə pəncələrin dediyiniz kimi çəkilməsi var.
Damla:
– Ancaq mənim sualıma nə dəxli var ayağın belə çəkilməsinin?
Erkin söhbətin gedişində fürsət tapıb sinəsini yeni bilgilərlə doldurmuşdu:
– Dedim, axı, insan bədəninin elə orqanları var ki, paltarın onlara düzəliş verməsinə gərək olmur. Məsələn, boyun uzun olanda başla çiyinlərin gözəl cizgisi alınır. Qısa olanda isə Napoleonsayağıı dik yaxalığa keçirlər ki, siluet qəşəngləşsin. İnsanın pəncəsi ilə dabandan yuxarı qılçalarının tənasübü qəşəng sayılanda fransızlar pantalon və bantlı ayaqqabılar geyindilər. «Pantalon» deyəndə dizəcən olan corablarda qurtaran şalvarları deyirəm. Ancaq yadınızdadırsa, bu corablardan bilinən kişi ayaqları əzələlərinə, əyriliklərinə görə heç yaraşıqlı deyildi. Ayaqlara yaraşıq gətirdi Napoleon dönəminin dizdən yuxarı uzunboğaz çəkmələri. İndi boğazı dizdən yuxarı qalxan çəkmələri ayaqlarını uzun və erotik göstərmək istəyən qızlar geyilər.
20-ci yüzildə genbalaq şalvarlar ona görə sevildi ki, pəncənin eyibi gözdən itdi. Bu şalvarlarla Çarlzton oynamaq da ləzzət idi, çünki balaqların yellənməsi rəqsi havalandırırdı. 60-cı illərdə qabaqca kişilərə, sonra qadınlara gen balaq şalvar gəldisə, deməli, adamlar üçün balağın gizlətmədiyi pəncələrə baxmaq dözülməz oldu. Pəncələrin gen balaqlarda itməsi o dövrün seyrçiləri üçün ayaqları çox gözəl göstərirdi. İndi, Damla, sənin şalvarın anti-pəncə, anti ayaqqabı estetikasının məhsuludur. Əgər pəncələr görünmürsə, ayaqqabı da, onun dabanları da baxış üçün önəmini itirir.
Bir şey də ağlıma gəldi, – Erkin dedisini yeni konuya yönəltdi, – dik daban, şpilkadaban qadın ayaqqabıları təkcə qadını uzun ayaqlı göstərmək üçün deyildi (hərçənd sual qalır, niyə uzun ayaq qadın gözəlliyinin atributuna çevrilib?!). Dik dabanlar qadın pəncəsini dalğasayaq əyriyə salıb yastı-yapalaq görünüşdən çıxarırdı.
Damla tərs bir üz aldı:
– Bu dediyin genbalaq şalvarın adamlara hansı hərəkəti diktə etdiyini açmır, axı.
– Düzdür, ancaq «niyə belədir» sualına cavab verəndən sonra «nəyi tələb edir» sualına cavab tapmaq asanlaşır. Bir cavabım odur ki, bu şalvarda sənə sürmək üçün velosiped vermək olmaz. Bu şalvarda səni toz-torpaqlı yerə çəkmək də olmaz ki, balaqların batacaq. – Erkin səsi ilə gizlətmirdi ki, elə də ciddi nəsnələri demir.
Hicablı qız həməncə söz atdı:
– Bir hədisə görə peyğəmbər «balaqlarınızı qısa edin» deyib. Yəqin o mənada ki, torpağa dəyib çirklənməsinlər. Vəhhabilərin balağı ona görə qısadır.
Zalda kimsə güldü. Erkin belə reaksiyanı maraqla qulaq asmağın göstəricisi sayıb həvəsə gəldi:
– Sən yas yerinə gül-çiçəkli donda getsən, baxanların qavrayışı çaş qalacaq, elə bil səni qüssəli mahnı altında çırtdıq çalıb oynayan görəcəklər. Elə geyim var ki, şəninlə söhbət üçün ortam yaradır, eləsi var ki, «gəl zarafatlaşaq» deyir, eləsi də var ki, məzələnməyə bəhanə verir. Məsələn, pencəyin qoluna dekorativ elment kimi vurulmuş yamaq nə deməkdir?! Kəpənək qalstuku açıb boyundan asmaq nə deməkdir?! Taxmırsan qoy evdə, ya da bük cibinə sox.
Damla:
– Bəlkə demək istəyirsən ki, bu yamaqlar, belindən sallanan aşırma, cinsdə süzülmüş dizlər zarafatcıl şüurun ixtirasıdır ki, işləndikcə zarafat unudulub, dekorativlik qalıb?
Damlanın bu kommenti Erkinə ləzzət verməyə bilməzdi. O hələ bilmirdi ki, qızın hobbisi modalar tarixidir, ona görə də cavabını dərin ağılın sonucu saydı:
– İndi, Damla, sənin bu paltarının silueti, boyaları, materialı Art-kafedə sənə baxanlarda, şüurlu demirəm, şüursuz, narahat suallar yaradır. Necə bu qızla danışım? Deyəsən, ciddi qızdır. Təzə tanışlıqda çox vaxt adamlar elə-belə söhbət edirlər ki, susmasınlar. Ancaq sənin bu paltarın sual yaradır: necə onunla elə-belə danışasan? Elə bil mantiyalı hakimdir, ya da vəkildir.
Damla söhbətdə parlamaq üçün fürsət buldu:
– Niyə, bayaq dedin bu şalvarlar Çarlzton rəqsində yaxşı effek verirdi. Rok-n-rolda da, Tanqoda da verir. Bəlkə dansa çağırasan?
Erkin bu dönüşdən qızın intellektual gücünü duyub ləzzət aldı:
– Mən yox, çünki oynamaq bacarığım sıfırdı. Ancaq stepi, qucaq-qucaq yeriməyi, yəni slou rəqsini bacarıram, onu da buradakı qızlar bəyənmirlər ki, çox sinəmə sıxıram. Bizdə Rafiq bütün rəqslərin asıdır. Bəlkə onunla oynayasan?
Damla zala göz gəzdirdi ki, görsün Rafiq kimdir. Sağ tərəfdən zolaq-zolaq köynəkdə uzun bakenbardlı yaraşıqlı oğlan durdu:
– Mənəm Rafiq.
Damla:
– Rok-n- roll, yoxsa Tanqo?
– Necə istəyirsiniz.
– Onda Rok-n-roll.
Bu rəqsin qəribəliyi var. Sanki onun ritmi yavaş-yavaş oynayanı öz dingiltisinə salmalıdır. Ancaq havası başlayan kimi birinci ritmdən adamın dizlərini yığıb-açır, dabanlarını, pəncələrini burul-ha-burula salır. Rok-n-roll qız və oğlan bədənlərinin, əsasən də əllərinin, ayaqlarının əcaib cizgilər cızmasından görüntüsünü alır. Bunu isə rəqs edənlər irəlicədən sözləşmədən etsələr, bir-birinə dolaşa bilərlər. Ona görə də Damla irəlicədən Rafiqə ayaqları, əlləri ilə nə edəcəyini deyib onun nə edəcəyini yadında saxladı. Onlar məsləhətləşməni bitirəndə Rafiq əli ilə «başladıq!» işarəsini verdi. Diceylik etməli olan qız düyməni basdı və dans başladı. Başladı, nə başladı! Doğrudan da Damlanın balaqları ayaqlarının burulmasını parçanın dalğalarına çevirdi. Qoşa bədənin sinxronluğu alınmasa da, hərdən bir-birini dolaşdırsa da, rok-n-rollun rəqs kimi çətinliyini hamı bildiyi üçün uğurların ləzzətində alınmayan hərəkətlərin uğursuzluğu heç nə oldu. Rəqsdən ləzzət elə həddə çatdı ki, birdən Erkin onlara yaxınlaşıb, Rafiqə qabalıqla «yeri burdan» təpinib onun yerinə girərək Damlanı qucağına aldı. Aydın oldu ki, onun özü də pis oynamır və Damla altıncı duyğu ilə sezdi ki, Erkinin «yeri burdan» kobudluğu məzhəkədir. Sonralar biləndə ki Rafiq Rənanın əridir və ikisi də Erkinin dostlarıdır sezgisinin düzlüyünə özü də çaşdı. Rəqsdən sonra çəpik altında Damla yerinə qayıtdı, Erkingil isə səhnədə qaldılar. Erkin üzünü Damlaya tutub bir etirafı etdi ki, salonda yaranmış ortam çoxmənalı, çoxplanlı olsun, yəni darıxdırıcı sxematizmdən çıxsın:
– Əslində, səhvimi boynuma alım. Genbalaq şalvar Rok-n-rollda yox, Çarlztonda yaxşıdır. Rok-n-rollda isə qısa, ancaq yellənən don yaxşıdır ki, qızların ayaqları cilvələnsin. Bu rəqsdə oğlan ayaqlarının cızdığı əyri-üyrülərə ona görə ehtiyac olub ki, bu rəqsdə qız oğlansız oynaya bilməz. Qızlarsız oğlan bədəninin isə bu rəqsdə heç bir dəyəri yoxdur.
Erkin bu sözləri deyə-deyə səhnədən düşüb Damlagilə yaxınlaşdı, yanında oturdu. Qız üçün indi yanında oturan oğlanın üstündə duran «X» işarəsi yox olmuşdu. Hər halda aldanış idi, nə idi, ancaq inamı vardı ki, yaxşı tanıdığı adamdır bu oğlan. Damla Erkinə nəvazişlə baxış atıb «bir bakal ağ çaxır içərdim» deyəndə ofisiantı çağırıb yanındakılara dedi:
– Burdakı içkilərdən ürəyiniz istəyəni deyin.
Damla:
– Pulunu özümüz verəcəyik?
– Dedim axı, hərə özününkünü verəcək. Kimin üstündə yoxdursa, köməkləşib verərik.
Ofisiant sifarişi yazıb gedəndə Damla onun arxasınca düşüncəli-düşüncəli baxıb söylədi:
– Pulla bağlı nə qəribə deyimdir, üstümdə yoxdur. Niyə cibimdə yoxdur demirlər, üstümdə yoxdur deyirlər?
Teymur:
– Mən də bu qəribəliyə fikir vermişəm.
Erkin:
– Bəlkə bu, Azərbaycan neopozitivizmdir? – yanındakıların termini anlamadıqlarını görüb açıqladı: bu fəlsəfə hesab edirdi ki, bir çox elmi anlaşmazlıqlar sözlərin mənasının yanlış başa düşülməsindən gəlir. Məsələn, biri. Tutalım, mən özüm «qanmaq» sözünü «dərindən anlamaq» kimi başa düşdüyüm üçün, «qanmırsan» sözündən incimirəm. Biri «qanmaq» sözünü «qanmaz adam» qəzəbli deyiminin kölgəsində anladığından ona «qanmadın» deyəndə elə bil onu söyürlər. Əslində, neopozitivistlər bunu 20-ci əsrin əvvəllərində söyləmişdirlər. Ancaq onlardan iki min neçə yüz ilsə qabaq Konfutsi «adları düzəltmək» nəzəriyyəsini irəli sürmüşdü. Neopozitivistlərdən bəlkə də iki min il qabaq «Kitabi-Dədə Qorqud»da adları düzəltmək nəzəriyyəsinə oxşar deyimlər vardı: məsələn, «ayrana doyuran demədim, mən Dədə Qorqud».
Teymur maraqla gözləyirdi ki, Erkin «üstümdə yoxdur»u necə açacaq. Ona görə bir az yumorla naxçıvanlı sayaq «hı?» elədi ki, Erkin konuya qayıtsın. O da qayıtdı:
– Adamlar pulu təkcə ciblərində gəzdirmirlər. Tumanlarına bağladıqları kisəciklərdə, corablarında da gəzdirirdilər, qadınlarsa indi də gərəkəndə liftçiklərinə qoyurlar. Ona görə də bəlkə Vitqenşteynsayağı (filosofdur) dil dəqiqliyi üçün deyirlər «üstümdə yoxdur». Məsələn, and içməli olsa, corabında ola-ola «cibimdə yoxdur» deyib and içə bilər. «Üstümdə yoxdur» deyəndə isə andında heç bir fırıldağa yer qalmır.
Teymur söhbətə enerji vermək üçün soruşdu:
– Necə bilirsən, ruscaya pulla bağlı «üstümdə yoxdur»u necə çevirmək olar?
– Yəqin «u menya net deneq» kimi.
Damla bunun üstünə soruşdu:
– Elədirsə, niyə bizdə qısaca demirlər «pulum yoxdur», deyilər «üstümdə yoxdur»?
– Yenə Vitqenşteynsayağı dəqiqlik üçün. «Pulum yoxdur» desə, belə çıxır ki, evdə də yoxdur. Ona görə ruscaya «u menya net deneq» kimi çevirmək düz deyil. Ancaq bu boş söhbəti biz niyə edirik? Elə-belə söhbət üçün?
Damla yavaş-yavaş öyrəşməyə başlamışdı Erkinin bu sürpriz dönüşlərindən pərt olmamağa. Varlılarla bağlı onun sözlərinin yaratdığı acıq artıq ürəyindən getmişdi. Dinlərlə bağlı dedikləri Erkini onun qavrayışında mənəvi yöndən xeyli dolu və ya dolğun etməyə başlamışdı. Onların söhbətinə qıraqdan tamaşa edən Teymur gözəlliyi gözəl oğlan (bəy oğlu) cizgilərini almağa yaxınlaşan, ancaq almayan Damla ilə üz-gözünü cəngəllik kimi tük basmış, ona görə də cizgiləri görünməz olmuş Erkini iki foto kimi yan-yana qoyub düşünürdü: bunlar bir-birinə heç yaraşmırlar, ancaq «çəkilərinə görə» bir-birinə tay olan güləşçi kimi görünürlər. Damla gözəl və ağıllı, özünün dəyərini yaxşı bilən, Erkin ağıllı, yaraşığı sual altında olan, ancaq çox maraqlı adam… mən də axı maraqlı oğlanam, bə niyə duyuram ki, o məndən daha maraqlıdır?
Teymurun düşüncələri arasına gülüş səsləri girdi, səhnədə kimsə nəsə pantomim edirdi və zalı güldürürdü. Teymur üzünü çevirib Çingizlə Aqşinə baxdı. Onlar da gülürdülər, gəlmələrinə heyifsiləndikləri heç görünmürdü. Teymur öz-özünə dedi, niyə də heyifsilənsinlər, axı, bu kafedəki kimi Azərbaycan dünyasını birinci dəfə görürdülər. Ağıllı, geyimlərində, düşüncələrində modern oğlan-qızlar. Nə kino, nə teatr Azərbaycanı belə göstərir. Bəs Seli? Bəlkə içində o düşünməyə başlayıb ki, burada özünə tay maraqlı oğlan tapa bilər? Bunları düşünə-düşünə eşitdi ki, Damla şərabdan bir neçə qurtum alıb Erkinə deyir:
– Bəlkə cib telefonunun nömrəsini mənə verəsən?
Erkindən yenə sürpriz cavab gəldi:
– Neynirsən mənim telefonumu? (Teymurun bu qabalıqdan ürəyi xırp eləyib dayandı, ancaq baxdı gördü ki, Damla qızarmayıb, maraqla gözlədi sonra nə olacaq?)
Erkinsə davam etdi:
– Niyə qızların telefon nömrəsini verməmək səlahiyyətini hamı tanıyır, oğlanlarınkını yox?! Ancaq mən yersiz reaksiya verdim, – zarafat üçün, çünki minnətim olsun ki, Damla, sənin kimi… bomba deyim, ya dünya gözəli deyim, qız nömrəmi istəyir. Yaz – gözlədi ki, Damla telefonunu açıb yazsın – 050 310 67 74.
Damla yazdı və görəndə ki Erkindən səs çıxmır ürəyində «bu nə qədər mənim üçün psixoloji problemlər yaradacaq?» düşünüb dedi:
– Normal oğlanlar qıza telefonunu verəndə onun da nömrəsini istəyirlər.
– Hə, bağışla, de yazım.
Damla ona vizit kartını uzatdı, ayağa durub Selcana baxdı:
– Gedək? – Sonra Teymura və Çingizgilə baxdı. – Sizə demirəm, görürəm, hələ çox oturassınız. Nə əcəb buradakı qızlarla maraqlanmırsınız? Bizdən utanırsınız? Onda sizə mane olmayaq.
Birdən gözlənməz olay baş verdi. Teymur onları yola salmaq üçün duranda Erkin əli ilə onu saxlayıb özü yola saldı. Maşının qapısını Damlaya açmaq istəyəndə qız özünün də öncələr işlətmədiyi səs və baxışla ərk etdi:
– Gələn görüşümüzdə səni bu cəngəllikdə (barmağını onun saqqalına çəkdi) görməmək olacaq? Yoxa səni yadıma salmaq istəyəndə həmişə gözümün qabağına Barış Mançonun üzü, ya tükdən kol topası gələcək?
Damla sualına cavab alacağı ümidində olmadığından rolun arxasına oturdu. Maşını işə salıb Erkinə yenə bayaqkı baxışla baxıb qazı basdı. Erkin maşının arxasınca baxanda «bu nəydi?!» sualının təəccübündə qaldı. Damlanın səsi-baxışları adamı əsir-yesir edən gözəllik kimi onun üstünə yağmışdı.
(Ardı var)