“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.
Napoleon Hill və Maykl C. Ritt, “Nikbin düşüncənin açarı” (Sağlamlıq, uğur və zənginliyin on şərti)
Bu balaca kitab vasitəsilə həyatınızı dəyişə bilərsiniz. Bu kitab həyatda uğur əldə etmək üçün lazım olan prinsipləri özündə ehtiva edir: NƏD – Nikbin Əqli Düşüncə.
Bu ardıcıl bələdçidə sadə və aydın dildə qeyd olunan sübut olunmuş prinsiplərə əməl edərək arzularınızı gerçəkləşdirə və Nikbin Əqli Düşüncəyə nail ola bilərsiniz.
Kitabın satış qiyməti 6.49 manatdır.
Vilayət Quliyev, “Türk dünyasında Azərbaycan”
Kitabda müəllifin türk xalqlarının ədəbi-mədəni və mənəvi əlaqələrinə, klassik və müasir Azərbaycan mədəniyyətinin diqqətəlayiq hadisə və şəxsiyyətlərinə dair araşdırmaları toplanıb.
Sadə, anlaşıqlı üslubda qələmə alınan tədqiqatlar fakt və hadisələrin zənginliyi, habelə onlara münasibətin orijinallığı ilə seçilir. Bu faktların əksəriyyəti milli ədəbiyyat tariximizdə ilk dəfə araşdırılır.
Kitab filoloqlar, tarixçilər, türkoloqlar, habelə türk mədəniyyətlərinin müştərək irsini öyrənən mütəxəssislər üçün maraq doğura bilər.
Kitabın satış qiyməti 13.99 manatdır.
Əzizə Cəfərzadə, “Bakı–1501”
Tanınmış yazıçı Əzizə Cəfərzadənin bu romanı XVI əsrin əvvəllərində Azərbaycanın coğrafi baxımdan indiki və ətraf ərazilərində baş verən müharibələrdən və dini çəkişmələrdən, Azərbaycandakı Səfəvilər dövlətinin qüdrətlənməsindən, qızılbaşların Şamaxıya və Bakı qalasına hücumundan, Şah İsmayıl Xətainin bir padşah, sərkərdə və şair kimi mürəkkəb həyatından bəhs edir.
Müəllif bütün əsər boyu Azərbaycan vətənpərvərliyini və Azərbaycan dilinin əhəmiyyətini cəsarətlə önə çəkib.
Əsəri maraqlı edən bir cəhət də onun çoxlu tarixi faktları bədii (bəzən rəvayət şəklində) obrazlarla canlandırmasıdır.
Kitabın satış qiyməti 9.99 manatdır.
İskəndər Pala, “Od”
Bənzərsiz İsgəndər Pala üslubunda qələmə alınmış “Od” romanı türk dünyasının böyük ozanı Yunus Əmrənin ömür hekayətidir. Yazıçının qələmilə könül gizlinlərini oxucuya açan Yunus canlıdır, doğmadır, ucalığa çatmağın sirlərini bölüşür.
Əsərin ilk bölümü Molla Qasımın dilindən verilir. O, balıq tutarkən bir adamın gətirdiyi şeirləri oxuyur və bu sözləri “şəriətə uyğun” görmədiyindən oda atıb yandırır. Həmin gün Molla Qasım yuxuda Yunus Əmrəni görür və şeirlərin ona aid olduğunu öyrənir. Tutduğu işdən peşman olan Molla Qasım onun iziylə yollara düşür.
Uzun axtarışdan sonra Yunus Əmrə və onun oğlu İsmayılla görüşən Molla Qasım bu kitabı meydana gətirir: “Söz onların, yazı mənim”.
Əsəri Azərbaycan türkcəsinə Nəriman Əbdülrəhmanlı çevirib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Aleksandr Qrin, “Al yelkənlər”
Qrin yaradıcılığının zirvəsi sayılan “Al yelkənlər” əsəri kiçik həcmli olmasına baxmayaraq, yazıçı bu əsəri romantik bir sevgi macərasının üzərində dönə-dönə işləyərək, onu bədii şedevr nümunəsinə çevirə bilib.
Hadisələrin gedişi əsərin qəhrəmanlarını, hiss edilmədən, bütün gözəl arzuların çin olduğu bir aləmə aparıb çıxarır. Təsadüfi deyil ki, əsər çap olunduğu ildən başlayaraq, oxucuların sevimli kitabına çevrilib, onun əsasında çoxlu sayda teatr tamaşaları hazırlanıb, musiqi əsərləri bəstələnib və film çəkilib.
Əsəri Araz Gündüz tərcümə edib.
Kitabın satış qiyməti 4.49 manatdır.
Ədalət Tahirzadə, “Meydan”
Bu kitabda Azərbaycanda 1988-ci ilin 19 fevralından 1992-ci ilin 16 iyununadək baş vermiş irili-xırdalı bütün önəmli hadisələr (ermənilərlə Qarabağ uğrunda savaş, Qorbaçovun Qarabağı ermənilərə vermək üçün siyasi oyunları, Azərbaycan Xalq Cəbhəsinin yaranması və xalqa rəhbərliyi, respublika başçılarının qorxaqlığı, yaltaqlığı və fərsizliyi, hakimiyyət davaları, xalqımızın azadlıq və müstəqillik uğrunda ölüm-dirim mübarizəsi, 20 Yanvar, Xocalı soyqırımı, Moskvanın Qarabağı Azərbaycan tabeliyindən necə çıxarması…) öz əksini tapıb.
Müəllif həmin hadisələrin şəxsən iştirakçısı olub, onları anındaca yazaraq qeydə alıb və 1997-ci ildə həmin gündəlik-qeydlərini ilk dəfə kitab şəklində nəşr etdirib.
Ədalət Tahirzadə kitabın bu 2-ci nəşrində mətni əsasən olduğu kimi saxlamaqla yanaşı, ona yeni qısa ön sözü, əsərdə adı çəkilmiş bəzi şəxslər haqqında qısa bilgiləri, əsərdə adı çəkilən, ancaq indi dəyişdirilmiş yer adlarının siyahısını və adlar göstəricisini əlavə edib.
Kitab bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub.
Kitabın satış qiyməti 30 manatdır.
Əlisa Nicat, “Qızılbaşlar”
“Qızılbaşlar” romanı Azərbaycan tarixinin ən qüdrətli siması olan Şah İsmayıl Xətainin və Səfəvilər dövlətinin ən parlaq dövrünün təsvirinə həsr olunmuş ilk böyük nəsr əsəridir.
1960-cı illərin əvvəllərində yazılan bu roman o dövrün məşhur xalq yazıçılarının səyləri nəticəsində yalnız 1983-cü ildə işıq üzü görüb. O vaxtdan Azərbaycan və Türkiyədə bir neçə dəfə nəşr olunan roman ümumxalq məhəbbəti qazanıb.
Ümid edirik ki, məşhur əsərin yeni nəşri bu il 85 yaşı tamam olacaq qocaman yazıçı üçün əsl hədiyyə olacaq.
Kitabın satış qiyməti 9.99 manatdır.