Azər Qaraçənli
Öz millətinin tarixini, taleyini bilməsən, dümdüz əkin sahələrini yarıb keçən dərin-dərin səngərləri görməsən, bu səngərlərdə illər uzunu yağışın, qarın, günün altında keşik çəkmiş əsgərləri ürəyinin sevgisi, yaddaşının ağrısıyla xəyalında canlandırmasan, kəndlərin qırağına, məktəblərin qabağına çəkilmiş daş hasarların bir vaxt adamları düşmən gülləsindən qorumaq üçün olduğunu anlamasan, heç deməzsən bura vur-tut altı-yeddi ay əvvələcən döyüş meydanı – cəbhə xətti olub.
Ağdam rayonunun 27 ildən çox cəbhə xəttinə düşmüş kəndlərinə psixoloq Azad İsazadənin başçılıq elədiyi qrupla gəlmişik. Qrupun məqsədi müharibənin təsir elədiyi adamlara, ən çox da qadınlara, uşaqlara, yeniyetmələrə mobil psixo-sosial yardım göstərməkdi.
Səfərli kəndində keçmiş poçt şöbəsində yerləşən “Üfüq” Xeyriyyə Cəmiyyətinin Ağdam Uşaq Günərzi Qayğı Mərkəzində Azad İsazadə qadınlara müharibədən qalma qorxuları yenməyin vacibliyindən danışır.
Ağdam rayonu 1990-cı illərin əvvəllərindən müharibə zonasına çevrilib. 1993-cü ildə rayonun yarıdan çoxu işğal altına düşüb. Buralar Azərbaycan qoşunlarıyla Ermənistan qoşunlarının üz-üzə dayandığı yerə – cəbhə xəttinə dönüb. 1994-cü ilin mayında atəşkəs imzalansa da, heç də həmişə sakitlik olmayıb. Atəşkəs yüz dəfələrlə, min dəfələrlə pozulub. 2016-cı ilin Aprel döyüşlərində buralar yenidən od-alova bürünüb. Sonra yenə atəşkəs imzalanıb. 2020-ci ilin payızında yenidən müharibə başlanıb, 44 gün buralarda yer-göy silkələnib, Ağdam axır ki, tam azad olunub. Atəş yenidən kəsilib, amma şəhidlərimiz, itkinlərimiz, yaralılarımız var, evlər dağılıb, adamlar köçkün düşüb, 30 ilə yaxın gərginliyin stressi, həyəcanı, ağrı-acısı qalıb.
Döyüşlərin qızğın çağlarında qadınlar, uşaqlar buralardan çıxarılıb təhlükəsiz yerlərə aparılsa da, əslində müharibənin ən böyük zərbəsi elə qadınlara, uşaqlara dəyib. Ən çox da qadınlara.
– Psixoloqların posttravmatik stress pozuntusu adlandırdığı bir problem var: hadisə ötüb keçir, amma onun ağrılı xatirəsi, qorxusu, həyəcanı keçib getmir. – Azad İsazadə Ağdam Uşaq Günərzi Qayğı Mərkəzində qadınlarla söhbətində deyir. – O qorxular götürülməsə sümüyə işləyər, adamın ömrünü çürüdər. Biz burda sizinlə söhbətləşməklə, sizə stressi götürməyin yollarını öyrətməklə istəyirik silahların susduğu bu dövrdə ömrünüzü daha rahat, daha sakit yaşaya biləsiz.
Psixoloq Zümrüd Əkbərova qadınlarda posttravmatik stress pozuntusunun əlamətlərini araşdırır. Yuxusuzluq, iştahasızlıq, səksəkə… Demək olar hər kəsdə bir əlamət, daha doğrusu, bir yığın əlamət var.
Qadınlar müharibədən qalma stressdən öz bildikləri kimi çıxmağa çalışırlar.
– Başımızı işlə qatırıq, – biri deyir.
– Özümüzə təskinlik veririk, – o biri dillənir.
“Necə istirahət eləyirsiz” sualına “Nə istirahət, kənd arvadlarında istirahət yoxdu, qadan alım, – cavabı gəlir. – Şəhərə baxma, kənd arvadlarında özünə baxım yoxdu”.
Hiss eləyirsən ki, bu zəhmətkeş, qayğıkeş, özünə baxımsız da görünüşündən xanım-xatınlıq yağan analar, nənələr üçün Uşaq Günərzi Qayğı Mərkəzinin balaca otağında oturub şəhərdən – “özünə baxımlı adamların yaşadığı” Bakıdan gəlmiş psixoloqlarla söhbətləşmək də elə istirahətdi.
– Bilirsən, onlarla bu söhbətləri aparan yoxdu, – Zümrüd Əkbərova içəridə qadınlara stressdən qurtulmağın yollarını öyrətdiyi vaxtda biz Azad İsazadəylə mərkəzin həyətində söhbətləşirik. – Əslində bu adamların hər birinin ayrı-ayrılıqda psixoloq yardımına ehtiyacı var.
Anaların, nənələrin bir neçəsi uşağını, nəvəsini də götürüb gəlib. Qadınların içəridə stressi azaltmaq yollarını məşq elədikləri anlarda Azad İsazadə həyətdə balaca uşaqların başını qatmağa çalışır, üfürəndə içindən al-əlvan köpük şarlar çıxan oyuncağı onlara verib:
– Bir-bir üfürün! – deyir. – Əvvəlcə sən. Afərin! İndi də ver qaqaş üfürsün.
– Onun adı Uğurdu.
– Bəs sənin adın nədi? – Azad İsazadə gülümsəyir.
– Əzizə.
O birinin də adı Nərgizdi.
Əzizə, Nərgiz, Uğur – həyətdə çığırışa-çığırışa uçuşan ovuc içi boyda şarları tutmağa çalışırlar. Amma köpük şarları tutmaq olmur, toxunan kimi partlayır. Bu, hər həftə kəndlərinin böyründə minaaxtaranların tapıb partlatdığı minaların səsini eşidən uşaqlar üçün ən qorxusuz, ən şən partlayışlardı.
27 ildən çox yarıdan çoxu işğal altında olmuş Ağdam rayonu öz bütövlüyünə altı ay qabaq – 2020-ci ilin noyabrında qovuşub. Həmin il sentyabrın 27-dən başlanan müharibədə 30 ilə yaxın işğal altında saxladığı torpaqların bir hissəsini – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsini uduzan Ermənistan 44 gün sonra özünü onun dadına yetirmiş Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da Azərbaycanla saziş bağlayıb, işğal altındakı torpaqların daha bir parçasından – Ağdam, Kəlbəcər, Laçın rayonlarından qoşununu geri çəkməyə boyun olub. Azərbaycan Ordusu Ağdam şəhərinə, rayonun azadlığa susamış kəndlərinə, qəsəbələrinə noyabrın 20-də, Kəlbəcər rayonuna noyabrın 25-də, Laçın rayonuna dekabrın 1-də qədəm qoyub. Hələlik Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının, keçmiş Ağdərə rayonunun bir hissəsi işğal altında qalır. Oraları 10 noyabr sazişiylə Azərbaycana gətirilən Rusiya qoşunu dövrəyə alıb. Laçın şəhəri, Laçın rayonunun bir neçə kəndi də hazırda rusların nəzarətindədi.
İşğaldan qurtulmuş torpaqlarımıza, eləcə də Ağdamın yenicə azadlığa çıxan hissəsinə hələ ki, ancaq dövlət-hökumət adamları, rəsmi icazə kağızı olanlar, hərbçilər, minaaxtaranlar, bir də xaraba qalmış şəhərləri, kəndləri, yolları camaat yurd-yuvasına qayıdana kimi abadlaşdırmağa çalışan inşaatçılar gedib-gələ bilir.
Ağdam Uşaq Günərzi Qayğı Mərkəzindən qayıdanda psixoloq Orxan Oruc maşını Köçərli dördyolundan Ağdam şəhərinə sarı sürür. Bura Ağdamın baş yoludu. Bir az irəliləyəndən sonra köhnə cəbhə xəttinə çatırıq. Hələ buranı keçməyə icazə yoxdu – icazəsi olanlardan savayı. Ağdam yolu yenidən salınır. Fəhlələr yola tökülüb. Yük maşınları partapart işləyir. Əsgərlərimizin 27 ildən çox keşik çəkdiyi postda indi polislər dayanıb – köhnə cəbhə xəttinin o üzünə, Ağdamın yeni azad olunmuş hissəsinə keçmək istəyənlərin icazə kağızını yoxlamaq üçün. Biz onlara zəhmət vermirik, icazə kağızımız yoxdu, eləcə yol çəkilişinə, bir də yolun o üzündə altı aydı azadlığa çıxmış torpaqlara baxıb, gözümüzü sevindirib, postun qabağından geri dönürük.
Bu yolun gurhagur işləyəcəyi günlərə, postun o üzündə xaraba qalmış kəndlərin, yolun başında daşı daş üstə qalmamış Ağdam şəhərinin şənlikli-şenlikli, yaslı-qaralı çağlarına, bir sözlə, həyat deyilən şey adi vəziyyətində necədisə o cür sadə, həm də o qədər mürəkkəb, yaxşılı-pisli, xeyirli-şərli günlərinə az qalıb. Yarı yoldan qayıtmağımız müvəqqətidi, ona görə ürəyimiz toxtaqdı.
– Həyat enişli-yoxuşludu, uşaqlar. – Psixoloq qrupu Ayaq Qərvənd kənd orta məktəbindədi. Qrupun üzvü Atəş Musazadə dərs lövhəsi qarşısında 7-ci sinif şagirdləriylə söhbətləşir. O, lövhədə iki xətt çəkib. Biri düz, o biri əyri-üyrü, dalğavarı. – Həyatda heç də hər şey dümdüz getmir. Həyat bu düz xətt kimi deyil, belə həyat yoxdu. Həyat, bax, bu dalğavarı xətt kimidi, enişli-yoxuşludu. Sizin indiyə qədərki ömrünüz də belə olub, indidən sonrakı ömrünüzdə də belə olacaq; uğurlar, uğursuzluqlar, qalxmalar, enmələr olacaq. Hamının həyatı belədi. Ayrı cür həyat yoxdu.
Psixoloq şagirdləri dünyanın hər üzünə hazırlaşdırmağa çalışır. İstəyir uşaqlar – Ağdamın, bütün Qarabağın yarıdan çoxunun işğal altında olduğu vaxt dünyaya göz açmış, bəzisi köçkün ailəsində böyümüş, qulağı güllə vıyıltısı, raket uğultusu, top gurultusu eşitmiş, neçə doğması şəhid olmuş, döyüşlərin qızğın çağında Ayaq Qərvənddən uzaqlaşıb sığınacaqlarda gecələmiş bu uşaqlar qəlbiqırıq olmasınlar, nə indiyə qədər gördüklərindən, nə də indən belə görəcəklərindən sınsınlar.
Bir başqa sinif otağında psixoloq Zamin Hüseynov 9-cu sinif şagirdlərinə təlim keçir. Şagirdlər stulda oturub, əllərini gah dizlərinin üstünə, gah çiyinlərinə qoyub, gözüyumulu xəyallarında bir qutu canlandırmalıdılar. Sonra onlar psixoloqun ahəstə bələdçiliyi ilə travmalarını bu qutuya atacaqlar. Sehrli qutu ağrıları udub ürəklərə dinclik gətirəcək.
Qızlardan biri nəsə sıxıntılı görünür, təlimə köklənə bilmir. Psixoloq Ramin Allahverdiyev bunu duyub qıza yaxınlaşır, pıçıltıyla ondan otaqdan çıxmaq istəyib-istəmədiyini soruşur. Qız başını tərpədib eyni pıçıltıyla “hə” deyir, ayağa durub sakitcə otaqdan çıxır, bir az sonra yenidən qayıdır. Zamin Hüseynov ondan ötrü təlimi yenidən başlayır, qızdan gözünü yumub xəyalında canlandırdığı qutunun rəngini xəbər alır. Qutunun nə rəngdə olması burda vacib məqamdı. Qız “qara” deyir. Onun xəyalında canlandırdığı qutu qaradı. Amma bu, sehrli qutudu, o, başlanğıcda işıqboğan olsa da, sonda ondan işıq doğa bilər.
İbtidai sinif otağında psixoloq Aytac Zeynalova balaca şagirdlərlə rəngli şəkillər çəkir. Uşaqlar bu şəkillərlə həyatın parlaq çalarlarını tapıb üzə çıxarmağın yolunu öyrənirlər, o çalarları duymağın sevincini, kəşf eləməyin öyüncünü yaşayırlar.
Psixoloqlar Orxan Orucla Zümrüd Əkbərova məktəbin həyətində bir sinif şagirdlə “Seven ap” oynayırlar. Oyunun şərtinə görə, şagirdlər dairəvi düzülüb saymağa başlamalıdlar. Biri 1 dedisə, o biri 2, o biri 3, o biri 4, o biriləri də qalanını deməlidilər. Beləcə 1-dən başlayıb saymaq lazımdı. Amma 7 rəqəmini, bir də 7-yə bölünən rəqəmləri demək olmaz. Belə rəqəm növbəsi çatanda gərək “Seven ap” deyəsən. Növbən çatanda karıxıb 7, 14, 21, 28, 35… dedinsə, oyundan çıxırsan, sayım yenidən başlanır.
Adama elə gəlir, asan oyundu. Elə bilirsən sayım 7-dən 77-yə gedib çıxar, lap o yana da keçər. Amma belə deyil. Adam çox tez karıxır. Bu, uşaqları həm heyrətə gətirir, həm də şənləndirir. Demək olar sayım heç 35 rəqəminə çatmır, kimisi 7-də, kimisi də uzağı 28-də karıxır. Hər belə anda uşaqların çığırışıb gülüşməsi məktəbi başına götürür. Az qala hər iki-üç dəqiqədən bir çığırışma düşür, deməli, yenə kimsə karıxıb, “Seven ap” əvəzinə 7-yə bölünən rəqəmi deyib.
“Seven ap” ingilis ifadəsidi, “Seven up” kimi yazılır, bu ifadə oyunda “yeddinin üstündən atılıb keçmək” mənasını verir.
– Bizim burda tətbiq elədiymiz metodlar on illərlə qabaq, hələ 1975-ci ildə başa çatmış iyirmi illik Vyetnam müharibəsindən, 1988-ci ildə başa çatmış səkkiz illik İran-İraq müharibəsindən bəri xaricdə tətbiq olunmuş, sınaqdan keçirilmiş metodlardı. – Psixoloq Ramin Alahverdiyev Müşfiq Hüseynov adına Əhmədağalı kənd orta məktəbində 9-cu sinif şagirdləriylə tanışlıq söhbətində belə deyir.
O, yeniyetməliyin insan həyatında bioloji cəhətdən də, psixoloji cəhətdən də çox həssas bir dövr, böhran dövrü olduğunu anladır, psixoloq qrupunun məktəbə gəlişinin xüsusilə yeniyetmə şagirdlərə verə biləcəyi xeyirdən danışır, onları çəkinməməyə, qrupla yaxından əməkdaşlıq eləməyə, ürəklərini psixoloqlara açmağa çağırır, psixoloq qrupunun eşidəcəyi hər bir şəxsi sirri bərk-bərk qoruyacağına söz verir.
Gənc Psixoloqlar İctimai Birliyinin yaratdığı bu qrup tək Ağdam rayonunda yox, Tərtər, Goranboy, Bərdə, Göygöl, Ağcabədi rayonlarında, Mingəçevir, Gəncə şəhərlərində də iş aparır. Bəzi yerlərdə tanışlıq yeni başlanır, neçə-neçə yerdəsə qrupun üzvləri artıq köhnə tanışlardı. Hərdən qrup üzvlərinin oturduğu maşınlar keçəndə köhnə tanışlar – orta məktəb şagirdləri yol qırağından əl eləyib onları adbaad salamlayırlar. Qrup üzvləri də uşaqları adbaad xatırlayır.
Eşitdim o uşaqlardan bəzisi – dəcəl oğlanlar Qarabağın işğal altında qalan hissəni dövrəyə almış Rusiya hərbçilərinin maşınları gəlib buralardan özlərinə, ya erməni ordusuna nəsə daşıyanda yolun qırağında durub onları yumruqlarıyla hədələyirlər. O uşaqların adları nəydi, bilmədim. Amma ola bilsin, hansınınsa adı Uğurdu.
Son illərdə Uğur – Azərbaycanda uşaqlara verilən ən populyar adlardan biridi. Ötən ay, yəni 2021-ci ilin aprelində Azərbaycanda doğulmuş uşaqlara qoyulan adlar arasında Uğur ikinci yeri tutub.
Nə qədər ağır günlər yaşasaq da, yaralılarımız hələ sağalmasa da, neçə-neçə itkinimiz hələ tapılmasa da, son müharibədə verdiyimiz üç min şəhidin ili hələ çıxmasa da, işğalçı qoşunların ayağı Qarabağdan hələ kəsilməsə də, elimiz, yurdumuz Uğur yolundadı. Mən buna inanıram. Hamımız buna inanmalıyıq. Posttravmatik stressdən qurtulmağın bir yolu da elə bu inamdadı. Uğurun bol olsun, Azərbaycan! Yolun açıq olsun, Ağdam!
Bakı-Ağdam-Bakı
May, 2021-ci il