Romanın əvvəli: 1 2 3 4
Niyazi Mehdi
Damla sol çiyni-qolu ilə duyurdu ki, Erkinin başında bu söhbətə reaksiya olaraq nəsə mental proses gedir. Onun bu reaksiyasını heç cürə anlamırdı, çünki bu «gic» söhbətində nə əməlli yumor vardı, nə də yaxşı bir intellekt işi. Erkinsə, görünür, gedən söhbətə başqa cür baxırdı və baxdığını ayağa qalxıb sağına-soluna üz tutub belə açdı:
– Dostlar, mən çoxdandır duyurdum ki, Koen qardaşlarının, bir də Tarantinonun, tutalım, «Kriminal oxu» filmində dialoqlar nəsə qəribədir. Klassik yumor, gülməcə texnikası tükənəndə yeni yollar tapmağa ehtiyac yaranır. Onların bu yeni yolu dialoqların qəribəliyində idi. Nəydi bu qəribəlik? Məsələn, filmin qəhrəmanı ciddi bir iş görəndə o qədər danışırdı ki, ürəyində deyrdin heç dəxli var? Dünyanın bütün tipik situasiyaları, görüşlər, anlaşmalar, nə bilim, birgə yeməklər – hamısının tipik danışıq-söhbət sxemləri var. Bu ssenaristlərin qurduğu dialoqlar isə, indi deyə bilərəm, gic-gic danışmalar idi. Ona görə deyə bilərik, Azərbaycanda gic-gic danışanlar nə qədər istəsən var. Ancaq heç kimi gic-gic danışmaq üstündə komediya səhnələri qurmayıb.
Rəna:
– Sənin sözündən belə çıxır ki, bu gün biz yeni komediya tipinin yaranışına şahidi olduq, – qız əli ilə səhnədəkiləri göstərdi, – onların gic-gic danışmasından yaranan komediyanı gördük. Gülməli deyildi, «gic» sözünün etimolojisi də bir cür idi. Ancaq diqqətnən qulaq asdıqsa, kimlərsə güldüsə, deməli, dingiş komediya olmadı.
Zaldan dama-dama pencəkli, şabalıdı seyrək saçlı bir oğlan əlini qaldırıb:
– Olar, mən də bir əhvalat danışım? – soruşdu. – Yox, tərbiyəsiz olmayacaq, qorxmayın.
İcazəni alıb ortaya çıxdı:
– Mənim anamın bir bacılığı vardı, Şakir adında ərindən bu əhvalatı danışmışdı. Sovetlərin axırı idi, onu səhvən turist qıza sataşmış sayıb tuturlar. Qız Avropadan olduğu üçün Şakiri KQB-nin zirzəmisinə salırlar. Şakirin atası müharibə veteranı olduğundan KQB-yə gələndə bölmə müdiri onu tanıyıb kabinetinə gətirir. Kişi ilə yerli olduğu üçün ordan-burdan söhbət edir. Razı olur ki, atası oğluna pul gətirsin. Belə-belə bir iki dəfə ata KQB-yə gəlir, yerlisinin kabinetindən Şakirə pul, nə bilim xəbər yollayır. Bir dəfə orada olanda Şakir həkimdən ona məktub göndərir. Atası oxuyur ki, oğlu yazıb: deyirəm, bəlkə həkimə pul verəsən, indi ki, hələ burda oturacam, dişimi düzəltdirsin. Atası sabahısı pul gətirib həkimə verir ki, oğlunun dişini düzəltdir. Evə gələndə fəxrlə gəlinə deyir: Görürsən, Şakir nə ağıllıdır?! Boş qalmaqdansa dişini düzəltdirir. Gəlin ərinin əlindən hirslənsə də qayınatasına bir söz deyə bilməyib ərinin bacısına ürəyini boşaldır. Bacısı isə qayıdır ki, yox, doğrudan qardaşım ağıllıdır. Ancaq gərək atama deyim pulu bir az da çox versin, birdən həkim simiclik edib dişinin qızılına metal qatar. Bundan gəlin lap partlayır.
Bu əhvalat yazıda veriləndə yalnız qımışıq doğura bilər. Ancaq oğlan Şakirin atasının sadəlövh kəndli ləhcəsini, bacısının küt reaksiyasını elə komikləşdirdi ki, zaldan gülüş qopardı. Erkinsə yanındakılara mötərizə içində deyilən cümlə tonunda açıqlama verdi: məncə, bu anekdot Azərbaycan mentalitetinin sovet maşınını necə fırlamasını yaxşı göstərir. Belə şeyləri darıxdırıcı sovet dünyasında bizim adamların diribaşlığını, sınmadığını göstərmək üçün söyləyirlər.
Erkin mötərizəsini danışa-danışa duydu ki, kimsə qıraqdan gəlib onun başının üstündə dayanıb. Damlanın gözündən duydu ki, kimdisə qız xeylağıdır, özü də yaraşıqlıdır. Baxdı, Rənadır, mini donundan ağaran dümdüz uzun ayaqları ilə oğlanları gözlərini çəkib özlərini görməzliyə vurmağa məcbur edən qız. Oğlanlar da, qızlar da bu uzun, heç də çöp olmayan ayaqların əsiri olmamaq üçün baxışlarını gizlədirdilər – qızlar paxıl sayılmamaqdan ötrü, oğlanlar marıtlayan şorgöz görünməmək üçün.
Rənanın səsində ipək yumşaqlığında naz vardı:
– Erkin, dur, sənin növbəndir. Hamı sənin məşhur mouzəni gözləyir.
Damla qıza baxıb ürəyində düşündü ki, yəqin onlar bir-biriylə yatıblar, ya da yatırlar. Qısqanclığa oxşar bir şey keçdi köksündən. «Niyə «mouzə» dedi? Yoxsa Erkin burada tez-tez moralizatorluq edir?! Edirsə, deməli, mollalıq etməyi sevir və buna görə də dostları, rəfiqələri ona azcacana kinayə edirlər» – belə düşündü Damla və belə düşünməklə pul söhbətindən yaranmış acığını içində də olsa Erkindən çıxdı.
Erkin nəsə həvəssizlik göstərdi. Qız isə ərklə onu qucaqlayıb başını döşlərinə sıxdı. Bu da azmış kimi oğlanın dodaqlarını març edib öpdü. Erkin adülter epizodlarında təkrarlandığından yumora çevrilmiş deyimi sitat verərək Damlaya dedi: vallahi, bu, sənin fikirləşdiyin şey deyil.
Sitat hamını güldürdü, Teymursa ruscaya çevirdi: это не то, что ты думаешь. Birdən Erkin baməzə oğlan kimi açıldı, deməli, göründüyü kimi ağırxasiyyət deyildi, artistliyi də varmış. Rəna onun qolundan səhnəyə doğru dartanda durdu, yenə artistliyi davam edib zorla razı salınan adam kimi dartına-dartına ora yeridi. Onun arxasınca baxa-baxa Teymur Damlaya dedi:
– Bayaq yanında deyəmmədim, Qarabağda vuruşub, ayağından yaralanıb. Ancaq bunu, nədirsə, danışmağı sevmir.
Not yazısında açar bütün notları dəyişdirdiyi kimi bu söz də Damlada Erkinlə ilgili «notların» səsini dəyişdi. Qarabağda vuruşmaqla bağlı oğlandan necə soruşmasına görə bir az xəcalət çəkdi. Erkinin sorunun cavabında özünü necə aparmasını indi yadına salanda pərt oldu, çünki sualı verəndə özünü qalib kimi duymuşdu, indi isə aydın oldu ki, özünü xırda duyğularla yaşayan qızcığaz kimi aparıb.
Səhnəyə çatıb tamaşaçılara sarı çevriləndə bir-birinə yaraşan qız-oğlan «kadrı» alındı. Damla bu «kadrlardan» baxan qızda gözəllik, naz, yanındakına nəvaziş görürdü, oğlandan isə bu nəvazişə ərkyana biganəlik sezilirdi (bəlkə qız nəsə xətrinə dəyib, ona görə özünü sındırmır?!) Bu, artıq Damlanın ağlına gələn yeni ssenari idi və hətta onun özünə də inandırıcı görünmürdü. Damla səhnəyə baxa-baxa düşünürdü, niyə fikri Eriknə belə ilişib qalıb? Bəyəm bir qız kimi bu oğlana marağımı var? Nədir? Teymur xəbərdarlıq edəndə ki, vurulma ona, zarafat etmirdi, nəsə bilirdi?
Bu düşüncələrin arasından Erkinin səsini eşitdi:
– Nəyi mouzə edim?
Rəna:
– Niyə hərdən boynundan xaç asırsan. Ya üstündə xaç toxunmuş gürcü araxçınını başına qoyursan? Bəlkə masonlar səni təsir agenti edib bizim aramıza atıb?
Damla içindəki səslə yozum verdi ki, deyəsən, bu qız təkcə gözəl deyil, həm də biliklidir (bəlkə həm də ağıllıdır).
Erkin:
– Sözsüz, bunda bir az hoqqabazlıq var. Bizim indiki dünyamızda tatular, sinəsi, qolu yazılı futbolçular, fləş-moblar ayaq açıb gəzir. Cürbəcür nişanlar, yazılar paltarlara, bədənlərə, bəzəklərə yeriməyə başlayıb.
Erkin əlini atıb Rənanı özünə çəkdi və saçının quyruğunu qaldırıb boynuna baxdı:
– Bura mistik söz pıçıldayan tatu vurmamısan? – Zarafatla əlini atıb onsuz da qısa olan donunun sağ ətəyini bir az da qaldırdı: – Bəlkə bura vurmusan?
Rəna qolu ilə özünü ondan uzaqlaşdırıb güldü:
– Vurmamışam, ancaq vuracam.
Erkin zaldakıları bilgiləndirmək üçün söylədi:
– Birinci dəfə Elvis Presli dini nişanlarla əyninə eklektik bəzəklər vururdu, hər halda belə yazırlar. Faşistlər yəhudiləri məcbur edirdilər ki, paltarlarında Davudun ulduzu olsun. Orta əsrlərdə Misirdə, İraqda xristianları məcbur edirdilər zünnarla gəzsinlər. Zünnar elə bir kəmər idi ki, rəngi ilə adamın müsəlman olmadığını bildirirdi. Bunun üçün xristianlardan, məsələn, sarı əba geyinmək tələb olunurdu. İndi mən də İŞİD-in, kafir söhbətlərinin açığına bir-bir Ələm, aypara, Davud ulduzu, xaç gəzdirirəm. Bu gün xaçım yoxdur, ancaq sırğamda ulduz var, – Erkin sol qulağının üstündən saçını qaldırıb sırğasını göstərdi, – fləşmob kimi göstərmək istəyirəm ki, islamı sevibən də başqa dinləri sevmək olar.
Yerdən kimsə sataşqan səslə dedi:
– Deyirlər, axı, sırğanı qeylər taxırlar…
Həməncə yanındakı ağzından vurdu:
– Axmaq-axmaq danışma. Qədimdə türklər öz bəylərinin qulluq qulu olduğunu bildirməkdən ötrü uyğun sırğanı taxırdılar. «Sırğa elə qulağından as» sözü bundandır.
Bu danışığı Erkin eşitdi, ancaq heç o tərəfə də baxmadı. Rəna isə Erknin dini həftə-becərinə (eklektizminə) reaksiya verdi ki, intellektual söhbət sönməsin:
– Bu, necə olur?! Axı, biri düzdürsə, o biri əyridir. Yəni islam düzdürsə, o biriləri düz deyil və ya belə deyim, məsələn, iudaizm düzdürsə, islam əyridir.
– İndi post-həqiqət termini dəbdədir. Sualına cavab üçün bunu mən dinlərlə bağlı belə yozardım: dinlərin buyurduqlarından həqiqət meyarını götürməliyik. – Bu dəm sınmış qədəhin cingiltisi gəldi və Erkin həməncə audiovizual montaj yapdı. – Gördün, qədəh də cingildəyib sözümə yağlı nida qoydu. – Gözləri kameranın verdiyi panoram kadrına baxırmış kimi bütün zalda gəzdi.
Üzlər cürbəcür idi, yaraşıqlısı çox idi, gözəl-göyçəyi təkəm-seyrək idi, üzlərin ovalına, burunların, gözlərin formasına görə heç yaraşığı olmayanlarsa az idi. Bu azlıqdan olan qızlar hicablı idilər, üzləri sanki saçlarını, boyunlarını bürümüş örtüyün arasından klassik poeziyada sevilən ay kimi görünürdü – hicabın verdiyi mənəviyyat aurası bu üzlərin yaraşıqsızlığını mənəviyyatla neytrallaşdırırdı. Zaldakı paltarların koloriti Azərbaycan küçələri üçün (ancaq toyları üçün yox) xarakterik deyildi, sarı-göy-yaşıl-palıdı boyalar çoxrəngli ləkələrin mozaikasını zala vurmuşdu. Hamının gözü, Erkin gördü ki, onun ağzında-üzündədir və bu gözlərin hamısı çax ağıllı idi. Azərbaycanda bu qədər ağıllı gözlərin yığışdığı yerə rast gəlmək heç də asan deyildi. Erkin ürəyində özünə “Niyə dinlə bağlı söhbət adamları belə tutur?” sorusunu verəndən sonra danışığına davam etmək istəyəndə yerdən bir hicablı qız səhnəyə qalxıb Rənanın yanında durdu. Yarılüt bədənlə paltarla yuxarıdan aşağıya «qıfıllanmış» qadın əyin-başının kontrastı rejissor mizanı kimi göründü. Belə səhnə İranda olammazdı, Türkiyədə, İndoneziyada isə olardı. Bu dəfə hamı göz olub bu səhnəyə baxdı. Gözlədilər ki, qız nə deyəcək. Onun səsi Rənanın naz qırımını sezdirən səsi fonunda birrəngli idi, ancaq sualı imanlı qadının etirazını bildirirdi:
– Həqiqəti Allah-taala Qurannan bizə çatdırmırsa, onda nəyə lazım idi bu Kitab?!
– Həqiqət, yəni Gerçək nədir? – Erkin düşüncəsini anlatmaq üçün fəlsəfi haşiyə yapmalı oldu. – Sənin başında olan təsəvvürün nə haqdadırsa, onu doğru göstərməsidir. Yəni başında fikir var ki, deyəsən xəstələnmişəm. Doğrudan da xəstəsənsə, həmin fikrin gerçəkdir. Bu gerçək ideyası, əslində, Aristoteldən gəlir. Eynilə, fikirlər yazılmış mətnlərə də həqiqət prinsipindən yanaşsaq, hansı cümlələrisə doğru, hansılarısa yanlış edəcəyik.
Hicablı qız dirənişində qaldı:
– Qurani-kərimdə ayələrin hamısı doğrudur, çünki düzgün təsəvürləri verir.
– Bəs nəsx olunmuş ayələr? – Erkin zala dedi. – Bu ayələr azdır, ancaq onları gerçəkliyini itirmiş elən edirlər.
Hicablı qız:
– Quranın özündə nəsx olunmuş ayələr göstərilməyib. Ancaq çox böyük şəriət alimləri olub ki, hansısa ayələrin, cəmi 20 ayənin o biri ayələrdən sonra hökmlərini itirdiyini elan ediblər. Məsələn, «Bəqərə» surəsində deyilir ki, içkinin ziyanı xeyrindən çoxdur. Belə çıxır ki, içkidə ağ etməyən adamda ziyan çox olmur. Bunu «əl-Maidə» surəsinin 90-cı ayəsi nəsx edib.
Erkin dinlərlə ilgili post-həqiqət məsələsini anlatmaq üçün hicablı qızın bu haşiyəsinə uymadan davam etdi:
– Quranda İbrahim peyğəmbər İsmayılı Allah yolunda qurban vermək istəyir, Tövratda İsaakı. İndi hansını düz sayaq?
Hicablı qız:
– Quranda dəfən-dəfən deyilir ki, yəhudilər Tövratı köçürəndə təhrif ediblər, onun üçün də Allah Quranı göndərməli olub ki, bu səhvlər ayaq açıb gəzməsin.
Erkin güldü:
– Bəyəm sən görmürsən bu zəif arqumentdi?! Ən azı Allah-taala köçürənlərin səhv etməməsi üçün möhkəm mexanizmlər qoya bilərdi. Məsələn, qabaqcadan düz köçürməyənlərin üstünə lənət qoya bilərdi.
Yerdən üz-gözündən cığallıq yağan, – belə gənclər də olur, hətta xasiyyəti cığal olmasa belə gözlərinin bərəltisindən, üzündə dərinin dıbır-dıbır olmasından, saçının nimdaş rəngindən cığallıq yağan gənclər, – bax, belə görünən gənc oğlan qıza qarşı həyasızlıq etdi:
– Qəribə qızsınız. Yaşmanmısınız, ancaq dizaynersiniz.
– Mən qadın geyimləri üzrə dizayner deyiləm, dekorativ məsələlər üzrə dizaynerəm…
Oğlan balta ilə ət çapırmış kimi əli ilə havaya kəsmə cızıq vurdu və bu zaman barmağındakı üzüyün parıltısı salonun sol yarısında oturanların gözünü sancdı:
– Fərqi yoxdur. Yaxşı dizayner olmaq üçün insan bədənini öyrənməlisiniz. Dininiz isə sizi qoymur kişi bədənini öyrənəsiniz. Heç sizinlə əl tutub görüşmək də olmaz. Quranın Allah kitabı olmasını gör nə qədər vaxtdır müsəlmanlar elə deyirlər, elə bil ki, bu, öz-özünə aydın məsələdir. Sonra da bundan onu çıxarırlar ki, Bibliya ilə uyğunsuzluq varsa, deməli, onu köçürəndə dəyiş-döyüş ediblər. Əvəzində xristianlar da deyə bilərlər ki, siz Quranı köçürəndə dəyiş-düyüş etmisiniz. Axı, 8-9-cu yüzillərəcən ortada cürbəcür Quranlar olub, Osman onlardan birini kanonikləşdirəndən sonra o birilərini yavaş-yavaş yox ediblər ki, din üstündə ara qarışmasın. Hərçənd yenə qarışdı, şiələr, sünnilər, xaricilər, sufilər…
Hicablı qız nəsə demək istəyəndə Erkin əli ilə onu dayandırıb zala söylədi:
– Onun üçün mən post-həqiqət anlayışından istifadə edirəm…
Bu sözlərin arasında Damla Teymurun qulağına pıçıldadı:
– Bəs bu oğlan nə ilə dolanır?
Teymur «gəl qulaq asaq» anlamnı verən him-cim etdi, ancaq Damlanın sorusuna tələm-tələsik də olsa cavab verdi:
– Bloqerdir, yazıları, YouTube-da çıxışları ingiliscə, türkcə, rusca olduğundan böyük auditoriyası var, pul da bundan gəlir.
Erkin isə davam edirdi:
– Kitabın qrafikasından başqa semantikası da var. Quranın yazısında dəyişmə olmasa da semantikasında min dəyişmə olub və bu da şiələrlə sünnilərin, vəhhabilərlə sufilərin, xaricilərlə şiələrin, ələvilərlə ismayıllıların «sən düz demirsən-mən düz deyirəm» didişməsinə gətirib çıxarıb. Azərbaycan mənəviyyatı indiyənəcən də bundan əzab çəkir. Ortaya atıblar multikulturalizm ideyasını ki, bu didişmə olmasın. Ancaq Aristotelin həqiqət konsepsiyasından başqa heç bir məntiq ipini bilmirsənsə, multikulturallıqda yenə sual qalır, kim düzdür?
Rəna deyəsən özünü səhnəyə qoyulmuş yarılüt maneken kimi görünməkdən çıxarmaq üçün bir az da artistlik edib başıboş gözəlçə səsi ilə soruşdu:
– İndi nə bilək İbrahim peyğəmbər İsaakı qurban vermək istəmişdi, yoxsa İsmayılı? – Rəna da istəyirdi səhnədə gedən prosesi çoxanlamlı bədii tamaşaya çevirsin, yəni ciddi həmsöhbət funksiyasını yelbeyin gözəlçə görkü ilə birləşdirib parodik sima yaratsın.
Erkin qızın sorusundan özü üçün istifadə etdi:
– Post-həqiqət ideyasından yanaşsaq, deməliyik: ikisi də düzdür. O anlamda ki, hər biri üzərində azman dini “tikili” tikilib. Onlarınsa üstündə möhtəşəm sivilize binası ucalıb. İsaakın və ya İsmayılın yerinə Allahın qurbanlıq qoç yollaması insan qurbanlarına söykənən Astek tipində sivilizasiyaların yerinə yeni tip sivilizasiyaları yaratdı. İsaak simvolu əsasında yəhudilər öz kimliklərini anlaya-anlaya dünyaya görün nələr veriblər?! Kabbalanı, Eynşteyni, Froydu və yüzlərcə başqa dahiləri veriblər. İsmayıl simvolu əsasında ərəb kimliyi, onun üstündə islam kimliyi qurulandan sonra görün nə qədər ərəb-türk-fars mədəniyyətlərinin möcüzələri ortaya çıxıb. Deməli, İsaak da, İsmayıl da güclü özül, məhək daşı olduqlarından ikisi də doğrudur. Buna bizim qədeşlər «hərəsi özünə görə doğrudur» deyir. Yəhudilər üçün biri, müsəlmanlar üçün o birisi doğrudur. Belə uyğunsuzluqlar Bibliyanın yunan, latın, əski slavyan versiyaları arasında da var. Aristotelin gerçək anlayışından yanaşanda aralarında qırğın düşür: sən yalan deyirsən, yox, sən deyirsən post-həqiqətdən yanaşanda «hərəsi özünə görə doğrudur» çıxır.
Rəna birdən qayıtdı ki, bu, lap Rassel-Uaythed konsepsiyasına oxşadı. Damlanın eşitdiyindən ağzı açıq qaldı, bu mini donlu gözəlçə və seksual görünüşlü qızın pamadalı dodaqları arasından gül-çiçək yerinə elə bil fiziki düsturlar töküldü. Rəna isə hamıya baxıb güldü:
– Elə bilirsiniz mən Rassel-Uaythed düsturunu bilirdim? Bunu mənə Erkin söyləmişdi. – Yenə güldüş – İndiki səhnəmiz tam spontan deyil, ssenarinin bəzi yerlərini məşq etmişik. Hətta onun da, – Rəna hicablı qızı göstərdi, – səhnəyə çıxması ssenari idi, ancaq bununku yox, – əli ilə cığal oğlanı göstərdi, – bu da var ki, o, cığallığı ilə səhnəmizi dramatikləşdirdi.
Zaldan bir az təəccüb uğultusu keçdi. Erkin əlini qaldırıb sakitliyə çağırdı və davam etdi:
– Bu iki filosof 20-ci yüzilin başlanğıcında «Prinsipia matematika», yəni matematikanın prinsipləri kitabını yazmışdılar. Əsas tezisləri bu idi ki, hər hansı bir ideyanın üstündə möhkəm nəzəri-məntiqi sistem qurulursa, deməli, bu sistem üçün o, doğrudur. Bu mənada mənə görə post-həqiqət o deməkdir ki, həqiqət ideyasını adlayıb o ideyanın vəzifəsinə və bu vəzifədən başqa da ortaya çıxan ideyalara keçmək lazımdır.
Birdən Damlanın qulağına Teymurun səsi gəldi ki, burda da, «papaq altında yatan oğlanlar var». Bunu deyəndə barmağı ilə çevrəsini cızdı. Teymur «papaq altda yatmasını» bu sözlərlə doğrultdu:
– Mən ssenari üzrə replika demirəm ha, ancaq bu sözlərimin açdığınız diskussiyaya faydası ola bilər, onun üçün söhbətinizə qarışıram. Post-həqiqət məsələsi teologiya üçün elə də yeni deyil. İkinci Vatikan qurultayı da 66-cı ildə irəli sürmüşdü ki, bütün dinlərdən ilahi soraqlar əyan olur, ona görə də aralarında dialoq olmalıdır.
Erkin bu replikadan yaranmış məmnunluğunu gizlətmədi:
– Vatikan qurultayından yüzillər qabaq Fərabi, bir də neçə-neçə müsəlman filosofu söyləmişdi ki, Allah birdir və bu Bir olan Allah özü ayrı-ayrı irqlərə (yəni xalqlara) onların ruhuna (yəni mentalitetinə) uyğun yollar verib ki, Ona doğru gələ bilsinlər.
– Ancaq, Teymur, – Erkin, söylədi, – bu post-həqiqət məsələsində mənim söylədiyim bir çalar da var. Xristianlıq, islam, buddizm dünyanı, tarixi doğru-düzgün göstərən «şəkillər» deyil ki, onlara «düz göstərir-göstərmir» prinsipini tətbiq edəsən. Dinlər müxtəlif musiqilər kimidir. İpək qurdunu bürümüş barama kimi bu dinlər-musiqilər səni fərqli dünyalara, baramalara salırlar. Bunu biz muğamla akademik musiqinin, ya da rok-musiqinin fərqində görürük. Birinə ləzzətlə qulaq asanda bir aləmdə oluruq, o birisinə qulaq asanda başqa aləmdə oluruq. Elə bil muğam səni yerindən qoparıb başqa landşafta qoyur. Sonra Motsart çıxarıb başqa aləmə qoyanda duyğularında əvvəlkinin heç bir izi-tozu qalmır. Elə bil bir az qabaq heç muğam aləmində olmamısan.
Erkin üzünü hicablı qıza tutub davam etdi:
– Mən onunla danışanda əlimi uzadıb «vur bura!» desəm, çox pis görünəcəm, o da vursa, pis görünəcək. Ancaq Rənaya uzadıb «vur bura!» desəm, biz, elə baxanlar da oğlan-qız uzaqlığına, ikitirəliyinə qalib gəlmiş modern cavanlar kimi görünəcəyik. İnsanın necə geyinməsi, necə davranması həm də onunla necə davranmağın diktəsini, kodunu verir. Qız dekolte effektindən istifadə edirsə, deməli, bədəninin şirnikdirici yerlərini rəssam işi kimi ortaya qoyub deyir, bax buna.
Rəna:
– «Bax, ancaq toxunma!» deyir.
Erkin:
– Niyə? «Bax və toxun!» deyənlər də olur. Hansı qızların belə dediyini hamımız bilirik. Ancaq toxunma deyənlər kişiləri həmişə ülgüc üzərində yeriyən hala salırlar.
Rəna:
– Bu ülgüc haradan gəldi ağlına?
– Heç özüm də bilmədim. İslamda qıl körpüsü yadına düşür? Çox nazik köpüdür ki, cənnətə gedəndə hər an büdrəyə bilərsən. Ülgüc sözünü bu nazikliyi bildirmək üçün işlətdim. Yəni baxırsan, ləzzət alırsan, hər an toxunmaqdan özünü saxlayırsan ki, cəhənnəmə düşməyəsən. İndi, Rəna, sən bilirsən, siz qızlar bu eroik geyimlərinizlə kişiləri nə günə salırsınız? Orta əsrlərdə aləmi bir-birinə vurmaq mənasını verən «afət» sözünü erotik gözəllərə aid edirdilər. – Erkin əli ilə hicablı qızı göstərdi. – Ancaq belə gözəllərə deməzdilər. Nəsimi afətlərdən şeir yazırdı. Ancaq o, afətlə evlənməzdi, şəriətə əməl edən qadınla evlənirdi. Bəyəm o dövrdə qadınlarının abır-həyasından şeir yazanlar vardı?! Bu şeirləri 20-ci yüzilin sovet dönəmində Azərbaycanın kəndə aşiq şairləri, «çuşqa» şairlər yazmağa başladı…
«Çuşqa» sözünə pıqqıldayanlar poetik nəsihətçiliyə yaxşı baxmayan bir-iki gənc şair idi. Onların gündəlik muşğulatı Azərbaycan qadınının namusuna heyranlıq dolu qoşma, gəraylı yazan milli şairləri lağa tutmaq idi.
Hicablı qız səhnədə eksponat, örnək olmasından heç bir narahatlıq keçirmədən, – bu, Azərbaycanda hicablıların təkamülünün nəticəsi idi, – maraqsız səsinə uyğun gəlməyən ağıllı sözlər söyləməyə başladı:
– Niyə ki, o dövrdə hicablı, yaşmanlı qızların afətlik üçün öz fəndləri vardı. Çarşabın arasından çıxan incə, ağ əllər, niqabın yarığından görünən iri gözlər…
Erkin qızın sözlərinə həməncə əlavəsini verdi ki, söhbət soyumasın:
– Bunu bir filosof (deyəsən, Popper) belə açıb: bu dünyada yaxşı heç nə yoxdur ki, pis iş üçün işlədilə bilməsin.
Hicablı qız:
– Nə mənada?
– Hicab, çarşab, niqab sanki əxlaq üçün, anti-erotika üçün müsəlman mədəniyyətinə gətirilmişdi, ancaq ondan da erotika üçün istifadə edənlər tapıldı.
(Ardı var)