Romanın əvvəli: 1 2 3
Niyazi Mehdi
Zalda, çox qəribədir, bu qədər gənc olan yerdə səs-küy az idi, hamı asta danışıb asta gülürdü. Belə görünürdü ki, Erkinin dəvət etmiş adam vəzifəsini yerinə yetirib söhbət ortamı yaratmaq fikri heç yoxdur. Teymur da, deyəsən, hamıya ilginc olan konu tapmaq fikrində deyildi. Oturub ləzzətlə stulun arxasına kürəyini dirəyib gözlərini yummuşdu. Damla ilə Selcan belə yayxına bilməzdilər, qız idilər, axı. Xeyli keçəndən sonra biri o birisindən gözləri ilə «rahatsan?» soruşub yenə zalı süzməyə başladılar. Bura nə isə alışdıqları Azərbaycan deyildi. Handan-hana Teymur Erkindən soruşdu:
– Nə yeyəcəyik?
– Acsınız bəyəm?! Burada buterbrodlar, qutablar, pendir dürməkləri olur, bir də çay, pivə, alkoqol…
– Kafe kiminkidir?
– Burada bir-iki rəssam, musiqiçi yaxşı qazandıqları pullarını zalın tərtibatına qoyublar ki, yığışmağa yer olsun.
– Sən də qoymusan?
– Bir az mən də, ancaq əsas onların puludur. Bir az klub prinsipi var burada. Gəlirlər yediklərinin-içdiklərinin pulunu verəndə işləri yaxşıdırsa, artıq verirlər ki, xidmət personalı dolansın. Yad dəstə gələndə bir az sonra görürlər ki, bura onlarlıq deyil. Elə girəndə xəbərdarlıq alırlar ki, niyə bura başqa kafelər kimi deyil. İçib danışığını bilməyəni buranın döyüş idmançıları çıxarırlar. Bərkdən danışmaq olmaz… Əslində, buranı çoxları bildiyindən bəyənən adamlar gəlirlər. Çaşıb gələnlərsə tezcə çaşdıqlarını anlayırlar.
Damla artıq maraqlanmışdı, soruşdu:
– Bəs başqa nə var burada?
– Buranın qaydasıdır, hər kəs öz pulunu verir. Başqasını qonaq etmək olmaz. Bircə, səninlə gələnin pulu yoxdursa, əvəzinə verirsən. Stolun bütün pulunu ya bərabər bölüşdürürlər, ya da kimin nəyə gücü çatırsa…
Damla məzələnməyə fürsət tapdı:
– Mənim (oğlanlar necə deyir?) üstümdə pul yoxdur, bizi siz dəvət etmisiniz, verməyəcəksiniz?
– İstəsəniz sizin yerinizə verərəm.
Teymur:
– Olmaz hamınız mənim qonağım olasınız?
Erkin:
– Kimin ÜSTÜNDƏ yoxdursa, ola bilər, – dedi, – mənim üstümdə var.
Çingiz:
– Bəs Art-kafedə bu qaydanın fəlsəfəsi nədir?
Erkin:
– Bura gələnlər sizin kimi varlı balaları deyillər. Ortaq qaydalar bu rəssamları, musiqiçiləri, intellektualları, artistləri riyazi yox, mənəvi bərabərliyə salır.
Selcan partladı (partlamağı Damlanın ürəyindən oldu):
– «Varlı balaları» sözünü elə dediniz, elə bil bir az utanmalıyıq. Siz də varlıları sevməyən solçulardansınız?
Erkin sözə bənd imiş kimi «bəli, sevmirəm» demək istədi, ancaq dalınca düşündü ki, söhbət belə getsə, axmaq ortam yaranacaq, yəni «bizi sevmirsənsə, niyə bura çağırmısan?» sorusu çıxacaq. Bu üzdən aranı nəzakətlə yumşaltdı:
– Yox, solçu deyiləm. Pulu da çox sevirəm. Mənim devizim: Yoxsul olmaq ayıbdır!
Damla:
– Hətta belə? Sizdən irqçiliyə bir addım qalır ki. Rusiyada kim idi deyirdi, milyardı olmayan mənə yaxın durmasın.
– Yox, mən elə deməzdim. Yoxsulluq, ya da dərviş fəlsəfəsi ilə yaşayanları mən qəbul edirəm. Bəlkə mən də bir az bu fəlsəfə ilə yaşayıram. Ancaq sən zəhmət çəkib evlənmisənsə, uşaq doğub-törətmisənsə, yoxsulluqdan çıxmaq üçün əlləş, yoxsa yoxsulluğu öyməklə pis vəziyyətini pərdələmə. Ancaq qadının, uşaqların müdrik olub sənin yoxsulluq fəlsəfənə razılaşsa, onda evli kimi də yoxsul olmağa haqqın var.
Damla:
– Siz, yoxsa «sən» deyib danışaq?
-Sən yaxşıdır, ancaq mehriban səslə deyilsə.
Teymur heç nə bildirməyən gülümsəyişlə onlara baxırdı. Gözləri Damlanın ərköyün üzündən sürüşüb arxa planda səhnədə duran pianonun üstündən keçərək Erkinin tüklü üz-başı arasından parıldayan sifətində durdu:
– Gəlin mehriban səslə bir-birinizə «sən» deyin.
Damla:
– Diqqət! Mehriban səslə soruşuram: sənin qadının sənin yoxsulluq fəlsəfənlə barışıb?
– Onun üçün də mən evli deyiləm. Evlənmək istəyəndə ya bu fəlsəfə ilə barışanı tapmalıyam, ya da varlanıb sonra evlənməliyəm.
Selcan:
– Bəs hansı qız sənin üçün yaxşıdır? Yoxsulluq fəlsəfəsini götürmüş qız, yoxsa götürməmiş?
Damla:
– Bəs bu qızdan olan uşaqlar buna razı olmasalar?
Erkin:
– Vahid nə deyirdi? Deyirdi «Mən dövrümüzün İsası deyiləm. Bu soxasoxda necə möcüzə icad eyləyəlim?!»
Teymurla Aqşin gülüşdü, yerinə düşmüş sitat idi, ancaq müşkül məsələdə nə anlamda nəyi çözürdü, heç kəs bilmədi. Bu üzdən Erkin açıqlamalı oldu:
– Yəni mən çox dolaşıq məsələlərin doğurduğu suallara möcüzə icad edib cavab tapammaram. Gəlin biz qəbul edək ki, yalnız düşüncəli söhbət edə bilərik, bu söhbətdə yaranan hər sualın cavabını tapmaq isə həmişə alınmır.
Damla bir az arxayınlaşdı ki, söhbət üçün konu təbii gəlib, qondarma «söhbət etmək» gücəntisindən doğmayıb. Teymurun onları «satıb» varlı uşaqları olmasını Erkinə sızdırmasına görəsə qızmadı – hərçənd heç şərt də qoymamışdı ki, onların «sosial mənşəyini» gizlətməlidir, onlar nə idi, paltarını dəyişib xalq arasına girmiş Şah Abbas idilər, ya nə?! Başından bu düşüncələr keçə-keçə Erkinə dedi:
– Hə, yenə də fikirləş, bəlkə tapdın, bəs yoxsulluq fəlsəfəsini qəbul etməyən uşaqlarınla, ata-ananla nə edərsən?
– Gəl qabaqca bir yerdə düşünək, pulun, varın nə təhlükələri var?
Damla cavabında barmağı ilə havanı cızıb bir yerdə gəldiyi uşaqları bir xəttə birləşdirəndən sonra bir az da kinayə ilə dedi:
– Bizim pul korluğumuz yoxdur və indiyənəcən də ziyanını görməmişik.
Selcan:
– Amma bir neçə ziyanı var. Cadu eləyə bilərlər, bir də paxıllıq çəkənlər olur (nəsə ağıllı bir şey alınmadı).
Damla Erkinə baxdı:
– Bəs sən nə fikirləşirsən?
– Təkəbbürün islamda, elə başqa İbrahim dinlərində də pislənməsinin məntiqini anlamaq çətin deyil. Təkəbbürlü adam öz imkanlarına o qədər inanır ki, Allah yadına düşmür. Xəstəlik tutanda aptekdən dərman alıb sağalan adamın o xəstəliklə bağlı Allah yadına düşərmi, düşməz! Düşür dərmanla sağalmaz xəstəliyə tutulanda. Ona görə hətta Dədə Qorqud da təkəbbürlü olmağı pis sayırdı. Nəhəng var-dövlət böyük imkanlar deməkdir. Adamın etmək-yapmaq dairəsi dəhşətli dərəcədə böyüyür. Belədə adam sanki balaca allah olur. Bu, onun psixikasını dəhşətli dərəcədə korlayır. Baxın, bizim islamda insanların, sonra müqəddəslərin şəklini çəkmək neyçün yasaq idi?
Aqşin replika verdi:
– İslamdan qabaq yəhudilərdə də insanı çəkmək qadağan idi.
Erkin:
– Duzdur, ona görə qadağan idi ki, rəssam insanı çəkəndə təkəbbür yaranardı ki, onu Allah kimi yaradır. Şəriət bunu bildiyindən insanı çəkməyi yasaqlamışdı. İndi mən buna görə şəriəti, iudaizmi göyə qaldırmıram. Çünki o qadağa dünyada işləsəydi, rəssamlıq naxışlardan qırağa çıxammazdı. Ancaq hər halda kseroks və dicital vasitələrlə alınan kopyaların biz xeyrini də, zərərini də görürük. Dicital kopyalardan düzəldilən nə qədər saxta sənədlər, qəlp pullar dünyaya, insanlara bədbəxtlik gətirib. Bir sözlə, şəriətin qorxduğu rəssam təkəbbüründən daha böyük təkəbbürü böyük var-dövlət gətirir. Çox varlı adamda illüziya yaranır ki, Allahın qüdrəti kimi bir şey onda da var. Və o bu aldanışda qaldıqca ya özü mənəvi şikəstə çevrilir, ya da cəzasını korlanmış uşaqları, arvadları verirlər. Özünüz görürsünüz, Amerikada milyarderlər min fəndə əl atırlar ki, özlərindəki Tanrı olmaq təkəbbürünü sındırsınlar. Bizdə isə ancaq qudurğanlıq, bir də qudurğanlıq.
Teymur:
– Damla, söz güləşdirmək üçün mübahisə etməyək. Düz demir?! Mən çox tez-tez özümdə bu qudurğanlıqla boğuşmalı oluram, elə bil içimdə ilan kimi gizlənir, baş qaldıranda vurub geri qaytarıram.
Damla Teymurun belə tez geriyə verməsi ilə barışa bilməzdi. Adamın necə insan olmasını, – o buna çoxdan inanmışdı, – təkcə ağlı ilə ölçmək düz deyil. Yəni axmaq və ya görməmiş adamın varlılar haqqında qəzəblə danışması, sözləri hətta ağıllı olanda belə Damla üçün bir qəpiyə dəyməzdi. «Pişiyin ağzı ətə çatmayanda miyoldayır» deyirlər. Belə adamlar nə qədər istəsən, bu Azərbaycanda var. Bu üzdən Teymurla razılaşmadı:
– Mən bilsəydim ki, Erkin böyük pullardan imtina edə bilən adamdır, sözlərini saya salardım. Yoxsa davranışda ciddi, çətin seçimləri etdiyini görmədiyim adamın nonkonformist, qiyamçı sözləri… Erkin, sən Qarabağ davasında olmusan?
Erkinin üzü saymazyana him-cimi ilə heç nəyi bildirmədi, hərçənd bu niqabı taxmalı olduğuna görə (oyunbazlıq idi, axı) içində özündən razı qalmadı:
– Əziz xanım, bizim söhbətimiz yaman pis yönə düşdü. Mənim sənin testindən keçmək, sənin xoşuna gəlmək problemim yoxdur ki, sadalayım nəyə görə məni bəyənmək olar. Sən Allah, incimə. İndi neyləyək? Didişək, yoxsa rahat bir məclisdə ruhumuzu dincə buraxaq?!
Damla ürəyində elə bil barmağını dişlədi, aha, əsgərlikdən yayınıb, indi də cavab verməmək üçün poz tutur. Ürəyində bunu söyləyəndən sonra bərkdən qayıtdı:
– Hə, gəl gərginlikdən qaçaq, biz axı dinclik üçün Teymurun dalına düşüb gəlmişik…
Erkin zalın uzaq küncündən gələn qız-oğlan gülüşünün bitməsini gözləyib dedi:
– Sənin boğazındakı şarfın ala-bəzəyi üzündən, səsindən gələn bütün aqressivliyi neytrallaşdırır. Yəni aqressiv olanda da şarfin onu azaldır.
Kim idisə uzun saç-saqqalda bir az donqar belli oğlan səhnəciyin bir yanında duran pianonun arxasına keçdi. Elansız-filansız barmaqları dillərdə gəzdi, nəsə səs ləpələrini ahəstə-ahəstə həndəvərə səpələdi. Heç kim ona toparlanmış durumda qulaq tutmamışdı. Ancaq istəyənlər ruhlarını bu səs ləpələrinə buraxa bilərdi və bu vəziyyət onun niyə çalmasına anlam verirdi. Bir az keçdi, səs ləpələri Damla üçün fondan ürəyinə axan dalğacıqlara çevrildi. Qız eşitdiyi yaxşı melodi ilə ürəyində üzlərin, baxışların, detalların montajını yapıb sinema effektini almağı sevirdi. Bu dinləmə metodunu o bir azəri intelektualının məqaləsindən götürmüşdü: avanqard musiqini, yad xalqın havalarını duya bilmirsənsə, ancaq duymaq istəyirsənsə, göz qabağına cürbəcür ifadəli şəkillər gətirib qulaq as. Şəkillərlə musiqini filmdəki kimi bir-birinə tut. O yazıda abstraksionizm kimi sənət əsərlərindən həzz almağın metodu da verilmişdi: özünü ruhən boyalara çevirib onlar kimi ax, qovuş, burul, görəssən ki, ləzzətlə baxırsan. Bu metoda görə Damla Ştokhauzenin, Şnitkenin musiqisini ləzzətlə dinləyə bilirdi. Onun üçün Vyetnam, Kamboca, qazax-qırğız havalarından həzz almaq da problem deyildi (Damla bu metodu Teymurgilə anlatmışdı). İndi Damla pianonun «səs ləpələri» içində Teymurla Erkinin üzlərini xəyalında birləşdirib eşitdiyi melodiyə tutdu və beləcə Erkinlə bağlı sataşqanlıq qurdunu öldürdü.
Selcan Damlanın qulağına pıçıldadı:
– Çox hirslənmisən?
Damla «yox» anlamında başını tərpətdi. Elə bu zaman iki nəfər baməzə sifətli oğlan səhnəciyə çıxdı, boyca gödəyi piano çalana ərk edib, «Saxla, lirikadan komediyaya keçək» dedi.
Oğlan pianonun arxasından qalxıb reverans kimi bir şey edib getdi. Damla maraqla onlara baxıb düşündü: buranın lap öz proqramı varmış ki! Nə yaxşı, yoxsa içə-içə astadan 2-3 saat söhbət etmək üzərdi adamı. Bəs Erkin nə əcəb öyünməmişdi ki, Art-kafe məclislərində əyləncə proqramı olur?!
Səhnədə qalmış oğlanlardan hündürü azca Bəşir Səfəroğluna oxşayırdı. Arıq üzündə almacıqları böyük göründüyündən gözlərinə baş verən olaylara dəxli olmayan gülümsəyiş verəndə gic uyğunsuzluq alınırdı. Başında 1960-cı illərin şlyapası vardı. Yanındakı gödək oğlan Lütfəli Abdullayev kimi kök-buxaqlı olmasa da danışığına, davranışına onun tox-koppuş görünüşünü andıran nəsə xallar vururdu. Uzun oğlan qabaqca öz səsi, üz-gözü, yüngülcə ləhcə sezintisi ilə giriş sözünü söylədi:
– Siz bilirsööz də, aşıxlar dastanda tez-tez «aldı görək nə dedi» deyirlər. Bunu deyif kiminsə dilindən qoşma oxuyurlar. Amma meyxançılar da deyişəndə birinci başlayan kimdirsə, bir misra verir, misal üçün: «Alə, niyə sir-sifətin qırmızıdı, qırmızı». İkincisi meyxanasını bu misra ilə qurtarmalıdır. Yarış bu misraya gətirən meyxanalar arasında gedir. Yəni kim daha ağıllı, duzlu, istiotlu beytlər deyib həmin misrada bitirə bilirsə, o qabağa çıxır. İndi mən də muna, – əlini yanındakının çiyninə qoydu, – cümlə, əslində, mürəkkəb budaq cümləsi deyəcəm. Görək o, dediyim cümləni alıf nə söyləyəcək? Başladıq. Sən deyərsən, nə zaman gic vəziyyətdə qalarsan?
Gödək oğlan üzündə kök adamın totuq-motuqluğu fikrə getdi və tapanda səsinə utancaq-peşman çalar verib söylədi:
– Səhnədə mahnı oxuyanda başım xoruz buraxmamağa qarışdığı yerdə başqa yerimdən xoruz buraxanda…
Yerdən bəyənənlər «u-u-u» çıxardılar, bəyənməyənlər fit çaldılar. Beləcə, televiziyonda yumoristik proqramlarda yerli-yerində verilən gülüşlərin effekti alındı. Səs-küyün arasından isə replika gəldi:
– Xoruz buraxanda zalda gəzdiyin qız varsa, onda da gic vəziyyətə düşərsən.
Başqası əlavə etdi:
– Özü də sənin oxumağın bütün Azərbaycana translyasiya olsa.
Uzun oğlan əli ilə küyü dayandırıb soruşdu:
– Daha nə zaman gic yerində qalarsan?
– Poliklinkada tualet növbəsində ağsaqqalı qabağa buraxıb qovrula-qovrula onun çıxmasını gözləyində.
Yenə «u-u-u», fit səsləri gəldi.
Uzun oğlan:
– Fekali-urin simvollarında yumorunu qurtar. Başqa nə zaman gic vəziyyətə düşərsən?
Gödək oğlan kloun kimi sağ dabanı ilə pəncəsini bura-bura bu hərəkətlə başında cavab axtarışı getdiyini göstərdi:
– Bir də yas yerində gic gülmək tutanda – əclaf müdirin ölümündən ləzzət alan işçilərin bunu bir-birinə necə sezdirməsini görəndə gic gülmək tutur adamı.
Zaldan biri replika atdı:
– Azərbaycanda o qədər şeyə görə gic gülmək tutur ki. Məsəl üçün, iclasda bir məşhur yaltaq ömrünün qalan hissəsini kiməsə bağışlayanda gic gülmək tutur. Hamı ürəyində güldüyü yerdə səni gic gülmək tutur və hamı başlayır bərkdən gülməyə. Guya sənin gic gülməyinə gülür, əslində klapanlarını açıb o yaltağa içlərindəki qaqqıltını havaya buraxırlar.
Yanındakı düzəliş verdi:
– Amma beləsi hamıya ömürünü kəsib vermir ki, verir prezidentə.
Zaldan açıqlama gəldi:
– Birinci dəfə bir istedadlı kəndçi, – gəlin boynumuza alaq ki, belə şeyi fitri natiqliyi olan adam tapa bilər, – prezidentə ömrünün qalan hissəsini verib yaxşıca qazanmışdı. Bundan sonra qazanmaq istəyən istedadsızlar idarələrinin, firmalarının məclisində sağlıqlarda ömürlərini kəsib sağa-sola payladılar.
Səhnədəki uzun oğlan bu şərhə şərh verməkdən özünü saxlamadı:
– Doğrudan bu nə əclaf, nə parlaq Azərbaycan tapıntısıdır?! Görəsən Şimali Koreyada, Türkmənistanda da bunu tapanlar var?! Ömrünü gerçəkdə yox, sözdə kəsib kiməsə verirsən. Bunun deyilməyən konteksti də maraqlıdır: sözdə desən də risk var ki, Allah birdən sözünü eşidib ömrümü kəsər. Ona görə də belə adamı günahlandırmaq olmaz ki, sən havayla, ya da ortada olmayan şeylə alver edirsən.
Gödək oğlan situasiyaya son nöqtəni vurdu:
– Bax, birdən müdir qışqırsa ki, durun bu it oğlunun ömründən kəsib mənə verin, o «it oğlu» gic vəziyyətə düşməz?!
Uzun oğlan «yox» mənasında başını tərpətdi:
– Əslində belə «it oğlu» heç vaxt «gic vəziyyyətə» düşməz. Onun arsızlığı o qədərdir ki, heç vaxt pərt olmur. Heç vaxt onun üzü qızarmır. Bu millətdə kənddə də, şəhərdə də tək-tük yaşlı kişi olur ki, «yağlı» danışa bilir, elə bil şairdir, sağlıq deyir. Rayona yuxarıdan gələndə icra başçıları onları qabağa verirlər. O da yağlı sözlərlə adamı yağlayır. Ən qəribəsi isə odur ki, bizim bu patriarxal cəmiyyətdə… yəni patriarxallığı xeyli qalan cəmiytdə belə yağlı danışmağı bacaran ağbirçəklər də olur. Məntiqlə kəndlərdə qadınları evə elə bağlayırlar ki, onların «spiç» məşq etməyə yeri olmur. Ancaq bu vəziyyətdə də yağlı danışan istedadlı xala, nənə tapılır.
Rəna adlı qız yerdən soruşdu:
– «Gic» sözü haradandır?
Uzun oğlan elə Rənadan bir az o yanda oturmuş kostyumlu-qalstuklu, saçı səliqəli 40 yaşlı kişiyə işarə etdi:
– Qoy bizim dilçi alimimiz – Müslim müəllim cavab vrsin. «Cic»in etimolojisi nədir?
Dilçi bildi ki, bu bir səhnə oyunudur, onun üçün də tam ciddiyyəti ilə elmi cavab versə, gülünc görünər. Bu üzdən səsi-sözü ilə cavabında yumoru dozalandırıb söylədi:
– «Gicişmək» sözünü yada salın. Qaşınmağın elə həddidir ki, qaşıyanda ləzzət verir. Yəni görün nə patologiyadır ki, qart-qart qaşıyanda ləzzət verir. «Gic»lə başlayan məşhur söyüş də bu ləzzəti aldığına görə insan orqanını pisləyir.
Uzun oğlan dilçinin izahına əlüstü açıqlama verdi:
– «Gic»lik, əslində, normanı, düzü-əyrini qarışdırmaq patolojisidir.
Uzun oğlan, deyəsən, bu qalstuklu oğlanın ağzından çıxa biləcək məşhur söyüşün onun akademik görünüşü ilə yaradacağı dissonansdan qorxub söhbətin yönün dəyişmək istədi:
– Yazığın gəlsin, o söyüşü bu tərbiyəli məclisdə səsləndirmə, hamı bildi nədən söhbət gedir. Hamı, nazirlər də, rektorlar da birinə hirslənəndə onun haqqında o sözü işlədirlər. De daha nələrlə bağlı biz «gij» sözünü işlədirik?
Zaldan krossvord şakəri olan oğlan-qızların səsləri gəldi: «Gic millət», «gic oğlu gic», «gic gülmək», «gij-gij danışmaq», «gicləmək»…
Rəna:
– Ancaq «gic»in qaşınmaq mənasının bu sözlərdəki «gic»ə nə dəxli var?!
Dilçi kişi düşüncəli-düşüncəli:
– Yaxşı sualdır, – deyib davamında nəsə tapmaq istədi. – Gicişəndə qaşımaq patoloji ləzzət verir, yəni qaşınmadan ləzzətə düşmək patologiyadır. Beyin gicişib virtual qaşınmaqdan ləzzət alır.
Rəna:
– Bir də yadıma salın, nədən çıxardınız ki, gic qaşınmaqla bağlıdır?
– «Gicişmək» qaşıntını bildirir. Adamda nəyinsə gicişməsi normal durumun pozulmasıdır. Oturub normal söhbət etdiyin yerdə birdən burnun elə gicişir ki, iki barmağınla onu tutub əzirsən, əzdikcə ekstatik ləzzət alırsan. Gicləyən adam cavab verəndə təkcə axmaq söz demir, birindən sonra o birisini, sonra üçüncüsünü, dördüncüsünü deyir. Qurtarmaq bilmir, ona görə də deyirlər gicləyir.
(Ardı var)