Romanın əvvəli: 1 2
Niyazi Mehdi
Damla Teymurdan etgilənib onun kimi millətçi olmağa başlasa da hərdən düşünürdü ki, gələcəkdə yaşlanıb müdrikləşsəndə (elə Teymur da yaşlanıb müdrikləşəndə) bəlkə də öz gənc millətçiliklərini bir az yumorla yada salacaqlar, çünki onlar millətçiliyin ilk addımlarını atanda hələ milli duyğuları və düşüncələri ciddi sualların, konfliktlərin sınağından keçib bərkişməmişdi. Daha çox dava-dava oyunu kimi millət-millət oyununu oynayırdılar. Damla bilirdi ki, Teymurun etgisi ilə Azərbaycanla ilgilənib nələrləsə təsirlənəndə, elə Teymur da onun etgisi ilə Azərbaycanda nəsə maraqlı bir hadisə ilə bilgilənib həyəcanlananda bütün bunların hamısında gəncliyin qırışsız üzü var. Onlar azərbaycanca danışırdılar və buna təbiilik indi-indi gəlirdi. Öncələr isə azərbaycanca danışmalarında bir qondarmaçılıq onları izləyib bir az üzürdü. Qəribədir, niyə ingiliscə, rusca danışanda elə-belə danışa bilirdilər, öz dillərində danışanda isə özlərini naqolay duyurdular?!
Son bir ildə Qərbpərəst olmaq Damlaya bir az aşağılayıcı görünmüşdü. Əli bəy Hüseynzadənin, Ağaoğlunun modern insan olmaq ideyası ilə Qərbin fanatı olmaq bir deyildi. Bunu o, Teymurla söhbətində tapmışdı. Biri var, rus və ya Avropa, Amerika mədəniyyətlərinə elə heyran olursan ki, Azərbaycandan qopub orada olmaq istəyirsən. Biri də var kimlə, hara ilə heyran olursansa bu, sənin azəriliyini daha məzmunlu edir. Onlar belə olmaq istəyirdilər. Bunda onların yaxşı azəri romanlarını oxuması da, milli tarixin parlaq olaylarından bilgilər qazanması da, Azərbaycan musiqisi də, Türkiyəni sevməyə başlamaları da öz işini görmüşdü. «Azərbaycan» sözü yavaş-yavaş ona və Teymura tarix boyu ilginc insanları, ilginc olayları özünə yığmış ensiklopediya kimi görünməyə başlamışdı.
– Sən bu əlindəki konyakı çox damla-damla içəcəksən?! – Teymur ona söz atıb fikirdən ayırmaq istədi. – Kofen qurtarıb. Bokalı üzündən qopar, stola qoy. – Teymur bunu dedi ki, qızı özünəqapanmışlıqdan çıxartsın.
Damla bokalı yerə qoysa da düşüncələri içində qalmaqda davam etdi: Baax, Teymur başqa məsələ. Sıradan bir olmamağı bacarır. Avropada, Türkiyədə də yaşaya bilərdi, ancaq Bakıya gəldi. Burada bizi seçib özünə bağladı. Bəs bizi niyə seçdi? – Damla rəfiqəsi Seliyə (Selcana) baxdı. Adamı yola vermək üçün o heç nə etməzdi. Yumşalmada, bağışlamada birinci addım atmaq onluq deyildi. Bir az oğlansayaq olduğundan nazlı-qəmzəli, nərmənazik qızlarla onunku tutmazdı. Damla ilə ona görə tuturdu ki, rəfiqəsinin qadınsal incəliyi qabarsa da ağlında, danışığının üslubunda sərt döyüş jestlərinin kəsiciliyi, itələyiciliyi vardı.
Oğlanların ikisinin də adı ərəb-fars kökənli deyildi. «Aqşin» adı Cəfər Cabbarlının yüngül əli ilə Babək dönəmindən götürülmüşdü. O, mələksifətli meloman idi, hər tür musiqidən disklər toplayırdı. Ortaboylu oğlan idi. Üzü gülümsəyəndə utancaq çalar alırdı. Aqşini çox çətin idi qışqıran, qəhqəhə çəkən oğlan kimi göz qabağına gətirmək. Təbiətən utancaq deyildi, hər sözü deyə bilərdi. Sadəcə, bir az sarıyanızlığı, gülümsəyəndə gözlərinin azca axması üzünə utancaqlıq verirdi.
Hamıdan boyda balaca olan, bəlkə də Selcan boyda olan Çingiz isə şahmat dəlisi idi. Üz cizgiləri elə bil qaramtıl daşdan çapılmışdı. O, Teymura, Damlaya, Selcana, Aqşinə baxıb düşünürdü – hamımızı atalarımız yarımçıq, fərsiz sayır, – budu bizi birləşdirən. Heç birimizdə atamızın biznesini aparmaq həvəsi yoxdur, hamımız guya adi həyatla yaşamaq istəyirik, ancaq adi adamlarla dostluq edəmmirik, adi adam yaşlı, qoca olanda söhbətimiz onnan tutur. Hamımızda ata-anamızın anlamadığı şakər var, Damla moda ilə maraqlanır, geyimində moda fantaziyası olmasa da, Teymur Azərbaycan tarixini sevir, bu sevgi nə qədər təbiidir, nə qədər öz yaşamını dolğun etmək üçün girdirmədir, heç özü də bilmir. Seli sevmək istəyir, ancaq eləsini arzulayır ki, tikanları onun qarşısında ipəyə çönsün – hardan beləsini tapacaq? Mən? Məni də papam maymaq sayır, deyir, noolsun ağıllıdır, ancaq bu ağılla heç bir işə yaramır…
Teymurun cib telefonu zəng melodisini çaldı. Götürüb «alo» dedi. Hamı qulaq olub ona baxdı. Göründü ki, Erkinlə danışır və Erkin gəlməyəcək. Teymur bir az qanıqara dostlarına hesabat verdi: «Deyir, mən eksponat deyiləm ki, kimlərəsə göstərəsən. Bunu fikirləşdim, həvəsdən düşdüm. İncimə. Ancaq istəyirsənsə bir Art-kafe var, – 9-cu mikrorayonda, ora gəlin, görüşək. İstəsəniz ünvanını deyərəm. Sabah şənbədir, görüş üçün yaxşı vaxtdır».
Teymur Damladan başladı:
– Necə bilirsən? Mən istəyirəm görüşməyi. Mənə qoşularsan?
Damla:
– İstəmirsə, biz niyə istəməliyik? Elə görünür ki, bizim ayağımıza gəlmək istəmir, istəyir biz onun ayağına gedək.
– Sən onu tanısan, bilərsən ki, bu kateqoriyada düşünən adam deyil. Mən səhv eləmişdim, Ona demişdim ki, gəl dostlarıma göstərim ki, Azərbaycanda necə oğullar var. Qabaqca sözlərimi yemişdi. Sonra deyəsən, düşünüb ki, gəlsə eksponat kimi görünəcək, həvəsdən düşüb.
Damla:
– Onu bizə yaxşı reklam etdin. Bəs bizi ona?
– Hamınızdan danışmışam və bilməliydi ki, siz ağıllı, yaxşı uşaqlarsınız. Müqəvva deyilsiniz. Onun varlılar dünyasından zəhləsi gedir. Mən də istəyirdim görsün ki, hamı elə deyil.
Selcan:
– Hə-ə, bizi eksponat eləmisən.
Teymur:
– Arada qalanın bəxtidir, iki yandan şapalaq yeyir. Ancaq dost deyilik?! Bəlkə mənim işimi çətinləşdirməyəsiniz? Mənim xətrimə mənimlə gedəsiniz?
Damla hamıya baxıb, bəlkə də göz vurub dedi:
– Yaxşı, sənin xətrinə. Ancaq bu oğlan hikkədən özünü boğsa, durub yarımçıq çıxacağıq.
Teymur məntiqlə «oldu» deməliydi, ancaq Erkinin özünü necə aparacağından arxayın olmadığından (ipinin üstünə odun yığmadığından) «oldu» demədi ki, bəlkə orada da dostlarını qalmaq üçün dilə tutmalı oldu. Bu nə Art-kafe idi 9-cu mikrorayonda, şəhərin mərkəzində də yox, mikrorayonda? Gözlənmədən Teymurun ürəyindən keçən bu sualı Aqşin səsləndirib ardına başqa sualı qoşdu: bəlkə o kafedə loto oynayırlar, elə bilirlər ki, bu Art-kafe demədir?
Hamısı güldü ki, yaxşı zarafat reaksiyasız qalmasın.
İkinci fəsil. Art-kafedə
Damla bilirdi ki, Art-kafedə məclis atasıgildəki kimi smokinqlərin, bahalı geyimlərin, daş-qaş bəzəklərinin təmtərağında olmaz. Deməli, ora geyinəndə dress-koda önəm verməyə bilərdi. Bu üzdən dizi cırıq-filan olmayan balağı ayaqqabısının ucunacan genişlənən cins şalvar geymişdi. O, sözsüz, dar cinsi sevirdi, ayaqları düz olduğundan bu şalvarda gözəl qadın fiqurunu nida işarəsi kimi bitirirdi və «incə-mincə» olduğundan belənçi geyimdə oturuşu-duruşu əngəlləmirdi. Bir az ciddi məclis olanda, – ciddiliksə neyçünsə onun başında balaqları böyük cinslə anışırdı, – ora belə geyinməyi sevirdi. Onun qoftasının cinssayağı materialı şalvarına uyğun idi, incə belinə, dik sinəsinə kip olub onları aydın cızıqlarda görükdürürdü. Boynuna abstraksionist tablonun boyaları ilə «oynayan» nazik şarf dolamışdı. Hərdən «xuliqanlıq» edib geyiminin ansamblını pərən-pərən edən detallardan istifadə etməyi xoşlasa da (bunu əcaib şlyapa-papaqla, çantalarla edirdi) bu dəfə nəsə dəcəllik etmək istəməmişdi.
Maşında yanında oturan Teymur hərdən jest ilə burdan get, ora dön deyirdi, arada isə özünü saxlamayıb «nə gözəlsən!» sözlərini fısıldadırdı. Damla bilirdi ki, dostunda onun gözəlliyinə şorgöz-şorgöz yox, rəssamlıq əsərinə baxırmış kimi baxıb estetik vəcdə gəlmək var və indi yandan ona baxıb belə hallardan birini yaşayır. Ancaq ağlına da gəlməzdi ki, Teymurun öz vəcdəsini bildirməsində biclik də yox deyil. O anlamda ki, hər an kafeyə getməyə razı olmasından peşman olub geri dönmək istəsə, Damlanı dilə tutub dayandıra bilsin. Bu biclikdən sonra Damla üzə düşüb Teymurun sözünü yerə salmamalıydı.
Arxada Selcan oturmuşdu, nəsə öz dünyasında idi. O da sadə, ancaq «gözəl» geyinmişdi. Teymur «sən də əlasan» deyəndə ərklə kobudluq etdi:
– İkiüzlülük etmə, məşğul ol bircə Damla ilə. Bilirəm, qorxursan ki, o, tərsliyinə salıb məclisdən qaça bilər. Qorxma, mən sənə qoşulub qoymaram. Ancaq buna görə mənə borclu qalacaqsan. Vaxtı gələndə borcumu qaytarmaq üçün dediyimi edəcəksən. Oldu?
– Oldu!
Damla buna heç bir inciklik bildirmədən başındakı hansı düşüncəninsə arasından söz atdı:
– Məni satışa qoymusunuz?
Saat altının yarısı olardı. Alatavadan 9-cu mikrorayona gedən yolda maşın basırığı vardı. Atası ona sürücü vermişdi, o da gətirə bilərdi. Ancaq istəmirdi Art-kafenin «demokratik» dünyasında, – gənc rəssamların, musiqiçilərin, ədiblərin, aktyorlarınsa dünyası belə ola bilərdi, – sürücüsü olan qonaq ədasında görünsün. Teymurun da sürücüsü vardı, ancaq o da istəmirdi elə görünsün, bu üzdən Damlanın arabasına oturmuşdu (həm də kafedə bir az içə bilərdi). Çingizlə Aqşin isə hansınınsa sürücüsü ilə gələcəkdirlər, çünki ikisi də məclisdə babat içməyi planlaşdırırdılar.
Damla Teymurun öz dostu (oğlanın adı nə idi?) Erkinlə bağlı yaratdığı intriqadan heç etgilənməmişdi. Bundan nəsə ilginc bir şey gözləmirdi. Sadəcə, nə qədər bağ, ya şəhər villalarında, restoranlarda bir-biri ilə görüşüb insan üçün təbii olan dişarı məkana «çıxmaq» istəklərini ödəmək olardı?! Deyəsən, Teymur gözlənməz sirdən agah olmuş kimi söyləmişdi:
– Bilirsən ucuz fahişələr panelə getmələrinə nə deyirlər? (Haradan bilirdi ucuz fahişələri? Bəlkə bu da Teymurun dünyanın hər üzünü bilmək şakərindən gəlirdi?!)
– Yox, bilmirəm, haradan bilim?!
– Onlar buna «çıxmaq» deyirlər. Mənası odur ki, evdən çıxıb kişi ovuna gedirəm.
– Hə-ə, – bu Damlanın reaksiyası oldu, – bir kitabda oxumuşdum, dədə-baba dünyasında (patriarxal dünyada) qızın yeri ev, erkəklərinki çöl sayılırdı. O qızlar…
– Çölə çıxardılarsa, – Teymur onun sözlərini tutub davam edəndə öz sözündən bir az diksinən kimi oldu, – lənət şeytana, nə pis çıxdı, – o mənada çölə çıxmaq yox, çöl məkanına çıxardılarsa, deməli, qızlar əxlaq, abır-həya zonasından çıxırdılar. Gör adi «çölə çıxmaq» sözü «tualet» sözü olmayan vaxtlarda necə korlanmışdı?!
İndiki halda da bir-birinə isinişmiş bu beş dost öz evlərindən şəhərə çıxmaq gərəklərini nə qədər ödəsələr də hərdən tamam başqa aləmə düşmək istəyirdilər. Bu gün onlar üçün Art-kafe anlayışına görə belə yer olmalı idi. Damla Art-kafeyə bu marağa görə gəlməyə razı olmuşdu.
Qapıda onları ucaboy Damladan bir az hündür olan Erkin qarşıladı. Teymurun salam-kəlamından sezdilər ki, qarşılarına çıxan elə Erkinin özüdür. Oğlan palıd velvet şalvarda, jilet kimi tutqun bir şeydə idi. Teymurun dediyi qədər yaraşıqlı deyildi, heç alnında telinin romantik qıvırcığı da yox idi. Deyəsn, Teymur onun görkünü məzə ilə Damla üçün uydurmuşdu. Barış Manço kimi saçları uzun olduğundan, bığları aşağı burulduğundan elə bil Barış Mançonun özü idi ki, vardı. Ancaq diqqətlə baxanda görürdün ki, üzü bir az başqa tipdir – başqa tip olsa da xarakteri bütöv olan gəncin üzü idi. Belələri, adətən, dəstədə lider olurlar, özü də çevrəsini buyruq qulu etməyi bacardıqlarına görə yox, hamının qayğısına qaldığına görə.
Bütövlük nədir xasiyyət məsələsində? Yəni stabillik, təsadüfi duyğuların dalğaları üstündə atılıb-düşən çöp olmamaq. Başqa nədir bu oğlanda maraqlı? Azərilər belələrinə, adətən, gur nəfəslə «yaman yaxşı oğlandır» deyirlər. Bu anlamda Teymur «yaman yaxşı oğlan» idi.
Erkin Damlaya, Selcana gözucu baxıb: «Nə yaxşı gəldiz» – dedi, Teymurlasa bir-birinin çiyinlərini şappıldatdılar. «Kişilərin qəribə mehribanlıq jestləri var, – fikir Damlanın başından keçdi, – qəribə olmasaydı, qızlar da elə görüşərdi. Bəs nə əcəb öpüşmədilər?!»
Teymur Aqşinlə, Çingizlə, elə onlarla da, – Damla ilə Selcanla da həmişə öpüşüb görüşürdü. Fransız mehribançılığı ona da keçmişdi. Fransızlar idi (elə gürcülər də) dəqiqədə bir öpüşən. Ancaq o, fransızı-filanı yamsılayan deyildi, özünün içində nəsə yetişməsəydi, yamsılamaq üçün öpüşməzdi. Azərbaycanlı dostlar da sevgiləri aşıb-daşanda marça-març salırlar. Bəs Erkinlə niyə elə etmədi? – bu sorunun cavabını Damla sonraya buraxdı.
Onlar Art-kafenin bağçasayağı xudmani həyətində üzü kafenin qapısına sarı durmuşdurlar. Həyətdə kafenin qapısına doğru daş döşənmş, azca ləngər vuran, sonra düzələn “cığır” gedirdi, onun üstündə dayanmışdırlar. Cığırın solunda, sağında torpağın üstündə “Zen bağı deyilən” yapon daş bağlarının estetikasında ağ-qara, kiçik-orta daşlardan yapılmış türlü həndəsi fiqurlar vardı. Dekorativ ağaclar, kollar elə bil bu fiqurların ora-burasına sancılmışdı. Bu görüntüdən yaranmış ortam artıq başlamışdı Damlanın ruhuna məlhəm kimi dalğalar axıtmağa. Erkinin arxasınca içəri girəndə bu dalğalar kəsilmədı. Kafenin geniş zalı öyrəşilmiş dizaynda idi, heç bir yaradıcı yenilik sezilmirdi, zalın qarşısında döşəmədən bir qarış yuxarıda səhnə dururdu. Güclü təsir edən stol-stulların materialı idi. Teatr səhnəsində tutqun taxta fakturasının sözlə deyiləmməz “mehribançılığı, mərhəmliyi” olur. Burada da masaların, stulların tutqun ağac (anti-plastik) fakturası adamı çağırırdı ki, əlini qoy, gör nə axacaq canına?! Damlada oxuduğu bir mistik kitabın etgisi ilə belə bir şakər yaranmışdı, bəzi ağacların gövdəsini qucaqlayıb duranda özünü gur enerji qaynağına «taxılmış» sanırdı. Bu haqda «uşaqlarla» da söhbət etmişdi. Onlar hansının bağında oturdularsa hərdən həyətə düşüb hərəsi «xasiyyəti» tutan ağacı qucaqlayırdı ki, meditasyon etsinlər. Buna Çingiz «ştepsellə ağaca taxılmaq» demişdi. İndi Damla da Teymura astadan «toka taxıldım» dedi. Teymur qımışdı. Erkin isə eşitsə də heç nə anlamadığından «toka taxılmaq» deyimini yanlış eşitdiyini düşündü.
Zalda çoxlu oğlan-qız vardı. Bakıda, adətən, belə yığnaqlarda oğlanlar, bəzənsə qızlar çox olur. Futbol stadionlarında, mitinqlərdə oğlan çox, qızlar təkəm-seyrək olurlar. Toylarda bərabərləşirlər, kafelərdə bölgü çox vaxt yenə oğlanların xeyrinə olur. Toylarda qızlar bəzənib-düzənirlər, ancaq xeyli qızın məclis paltarı bahalı olduğundan «bahalı don geyinmişəm» siqnallarını versə də ayaqlarından, qollarından, gözlərindən, sinələrindən nəsə erotik siqnallar gəlmir. Burada isə Damla ayrı mənzərə gördü: publika elə bil Konservatoriya, Rəssamlıq Akademiyası, İncəsənət Universitetinin öyrəncilərindən idi. Hansısa oğlanların geyimi Bohem sənətçilərin vecsiz tör-töküntüsündə idi – hansısa qızların donlarını elə bil onların bədənlərində dizayner milli donlarla, feminist saymazlıqla, epataj qırımla fantaziya yaparaq mozaikləşdirmişdi. Çoxlarının geyimi post-modernist ekletikada milli geyim elementlərindən tutmuş hippi-bitlz elementlərinəcən hamısından həftə-becər düzəltmişdi (həftə becər, yəni yeddi cür göyərti – Damla özünə bu tərcüməni etdi). Aralarında pencəyi, balaqları düz çertyoj cızıqlarında olan oğlanlar da tapılırdı. Qızlar da vardı ki, donları bədənlərindən bir qırnığı gizlədirdi və görünürdü ki, «hər yerlərinin» açıq olması oturuş-duruşda onları heç sıxmır. Bir-iki hicablı qız da vardı ki, bijuterlərindən dizayner olduqları sezilirdi.
Yeni gələn qonaqlar iki masanı birləşdirib oturuşdular. Erkin Damlanın sol yanına düşdü, Teymur isə Damla ilə üzbəüz. Sağ yanda Selcan oturdu, Aqşinlə Çingiz isə Selcanın sağında və qarşısında. Nəsə danışmaq gərəkirdi, musiqi də yox idi ki, ona qulaq asmaqla axmaq dinməzlikdə olmasınlar. Belə məclislərdə susqunluq hamıya axmaq göründüyündən belə görünməkdən qorxaraq hamı axmaq-axmaq nədən gəldi, nə bilim Trampdan, Putindən danışır. Ancaq Damlanın susqunluqla vuruşmaq fikri yox idi və deyəsən, o birilərinin də yox idi.
(Ardı var)