Novator.az saytı Niyazi Mehdinin “Bloqer” romanının növbəti bölümünü təqdim edir. Romanın əvvəlini bu link vasitəsilə oxumaq olar.
Niyazi Mehdi
Teymur Bakıya həmişəlik yaşamağa gələndən sonra daha ciddi şəkildə öz kimliyini düşünməyə başlamışdı. Moskvada o özünə ruslardan fakturasına görə ayrılan (bir də azəricən ala-yarımçıq danışa bilən) moskvalı kimi baxırdı. Rusları sevirdimi? Avropa qırımında olan ruslara yaxşı baxırdı. Ancaq kənd nəsrində olan əsl ruslar ona yad idi.
Rus qızlarını xoşlayırdımı? Xoşlayırdı, ancaq bütün gözəl qızları xoşladığı kimi xoşlayırdı. Di gəl rus qızları arasından heç vaxt ürək dostu olmamışdı. Bir moskvalı gürcü qızı vardı, Nino, elə də gözəl deyildi, ancaq ağıllı olduğu üçün dostluq edirdilər. Sveta iləsə ərkyanə ilişgisi olsa da bir elə dostluğu yox idi.
Öncələr azəri-türk kimliyi onun içində tam şüurlu deyildi, daha çox bilincsiz toranda idi. Yalnız 22 yaşında Froydun (Freydin) öz dostuna bir məktubunu oxuyanda dəyişməyə başladı. Froyd məktubunda dostunun sorusuna cavab yazmışdı: sənin oğlunun dinini, millətini almanlaşdırmasının bir pisi var. Adamın milləti (elə dini də) bitməyən bulaq kimi onun ruhunu suvarır. Bu suvartı olmayanda ruh da ağac kimi quruyur, ya da palçıq kimi çat-çat olur. Teymur bu sözləri (əslində, ideyanı Froyd başqa sözlərlə yazmışdı, Teymursa həmsöhbətlərinə danışa-danışa belə dəyişdirmişdi), bax, bu sözləri Teymur düşünəndə nənəsinin ona sevgisi yadına düşmüşdü: bu sevgi də bulaq kimi idi. Düşünmüşdü ki, millətə bağlılıq güman bulaq kimidir, durmadan səni suvarır. Bakıya gələndə gördü ki, elitar «adalardakı» gənclərin çoxunda milli kimlik yox, milli kimsəsizlik var. Qabaqlar Moskvadan gedib atasının Türkiyədəki bir-iki biznes dostunun yanında qonaq olanda, onların uşaqları ilə oradakı elit çevrələrdə fırlananda başqa tip gəncləri görmüşdü. Görmüşdü ki, türk elit gəncliyində milli kimlik çox qabarıqdır. Bu gənclik geyimində, davranışında, estetik dadbilimində nə qədər avropalaşsa da milli qürur içlərindən onları ox kimi dik saxlayıb, əyilməyə qoymur. Onlar rok-pop musiqilərini sevsələr də türkülərə saatlarla qulaq asıb xorla oxuya bilirdilər. Onların türkcəsi çox ifadəli idi və türk təsəvvfündən, folklorundan aforizmlər dillərindən düşmürdü. Onlarda Batılı görüntüsündə türklük elə güclü və dərin idi ki, onları heç cürə cır məxluq saymaq olmazdı. «Necə olur onlarda Avropa-Amerika görüntüsü türk ruhu ilə birgəlikdə yaşayır?» – bu soru onu çox düşündürdü. Bir dəfə sorusuna metafora ilə cavab tapdı: türk hər çağın dəbində paltarını dəyişsə də, öz bədəni, öz başı özündə qalır. Heç rus elitinin gəncliyində də bu, türk gəncliyindəki qədər deyildi. Onların dili «sayğı» əvəzinə «respekt», «klub» yerinə «klab» kimi gərəksiz sözlərlə, deyilişlərlə dolu idi.
Teymur artıq yetişmiş gənc kimi Bakıda yaşayanda gördü ki, bütün azəri müğənniləri (muğamçılardan savayı) geyimlərində, jestlərində, him-cimlərində türk şou ulduzlarını yamsılayırlar. Teymur az qalmışdı buna görə onlara baxanda əti tökülsün. Ancaq sonra yadına saldı ki, türklər də, ruslar da eyni jestləri, geyim üslublarını Amerikadan, Avropadan götürürlər. Yaponlar da, Güney Koreyalılar da, hinduslar da oralardan götürürlər. «Dünya gör-götür dünyasıdır»ı yadına salıb sakitləşdi. Koreya oğlan-qızları saçlarını sarıya-qırmızıya boyasalar da, hip-hop ritmində dingildəsələr də Koreya kimliyi onlardan gur şəkildə yağırdı. Deməli, yamsılama geyim kimi də ola bilər. Bu təzə paltarı geyinirsən, bədəninin cizgiləri başqa biçimə bürünsə də paların altında özün kimi qalırsan.
Həmişəlik Bakıya köçəndə düşündü ki, öz elit adacığını yaratmalıdır ki, maraqlı yaşasın. Bu amacla, ata-analarının varından korlanmamış, ya az korlanmış, o vardan xeyli asılısız iç dünyası olan tay-tuşlarını yanına yığmaq üçün axtarışa çıxdı. Öz mənəvi «adasını» yaratmaqdan ötrü birinci Damlanı seçdi. Sonra o birilərini – Selcanı, Aqşini, Çingizi.
Damla yanağına tutduğu bokalın yanından Teymurun üzündə qaşları ilə burnunun cızdığı «qanadlı quşa» diqqət yetirəndə ağlına bir məzə gəldi, həməncə də onu dedi:
– Bilirsən ki, sənin qoşaqanad qaşların burnunla birlikdə SS zabitlərinin döşlərinə taxdığı qartal nişanını andırır?
– Bilirəm (hərçənd hardan bilirdi?!). Pilotlarda da belə emblem var…
Damla Teymurla bu məzələnməsini yaşayanda nədən ondan xoşlanmasını ayrıca saf-çürük etmədi, yəni içindəki düşüncə axınında saf-çürük ayrıca xətt kimi getmədi. Qabaqlarsa, adətən, haçan onunla danşırdısa, nədən ondan xoşlandığının qığılcımları içinə səpələnirdi. Bu oğlan gözünün qabağında getdikcə millətçi, türkçü olmuşdu. Ancaq bilikli və ağıllı olduğundan xeyli millətçilər kimi bayağılaşmamışdı. Bir dəfə necə düşündüyünü belə anlatmışdı: bizim millətçiliyimiz, – bunu onların elit adacığının kredosu kimi də qəbul etmək olardı, – qanacaqsız olmamalıdır – bu sözü «qanacaqlı» variantı ilə birlikdə işlətməyi çox sevirdi. Bu millətçiliknən gərək başqalarını çiyrəndirməyək. Çiyrəndirən rus millətçilərini mən çox görmüşəm. Çiyrəndirib İdeyanı murdarlayırlar. Amerikada ağ irqçilər onların tayıdırlar. Rusların abırlı millətçiləri də var, məsələn, akademik Lixaçov. Onlara baxanda onların milli sevgisinə də sayğı duyursan. Bunu Erkin mənə demişdi, gərək elə millətçi olasan ki, sənə baxıb Azərbaycanı sevsinlər, sənə baxıb Azərbaycana tüpürməsinlər!
Çingiz başını tərpətmişdi ki, yaxşı deyib.
Teymur dostundan gətirdiyi sözdən sonra fikrini davam etmişdi:
– Millətçilik başqalarının zəhləsini tökməməlidir. Vulqar millətçilər, kompleksi olan millətçilər geridə qalmış, ya da böyük millətin altında əzilən xalqların ziyalılarında olur. Qabağa çıxmış xalqlarda, fikir vermisinizsə, histerik millətçilər olmur. Çay geniş axanda qıjıltı vermir, sakit axır, heç axmağı da aydın görünmür. Qabağa çıxmış millətlərin millətçiləri elədirlər.
– Məsələn, yaponlarda elədir, başlarını aşağı salıb işlərini görürlər, – bunu Çingiz demişdi.
– Yaponların vəhşi millətçiliyi də olmuşdu, axı, – Aqşin dostlarını bilgiləndirmək fürsətini buraxmamışdı, – bir böyük siyasətçi (əslində, Li Kuvan) demişdi ki, yaponlar Sinqapurda başıaşağı, yaxşı diş həkimləri, ustaları kimi görünürdülər. Elə ki dava başladı, Sinqapuru tutdular, oldular əclaf işğalçı, insaf bilməyən qudurğan millətçi.
Teymur üzündə dostlarının dediklərini eşitdiyini bildirən himlə davam etmişdi:
– Yaxşı, razıyam, məsələ sadə deyil, ancaq indi söhbət edirik, sözlərimi hərfi başa düşməyin, əsas xəttini götürün. Məqalə yazsaydım didiklərinizi nəzərə alardım. Demək istədiyim odur ki, biz həyatımızı maraqlı etmək üçün Azərbaycan tarixindən, nə bilim dilindən, adətlərindən, psixologiyasından enerji almalıyıq. Gəlin bu zaman sinəsinə döyən qışqırıqçı olmayaq. Milli ləyaqəti saxlamaq əsas prinsipimiz olmalıdır. Ruslarda söz var, «samodostatoçnıy». Yəni özü özünə bəs edən adamlar olmalıyıq. Özünü yarımçığın yarımçığı sayanlar neynirlər? Ehtiyacları olur ki, bütövləşmək üçün başqalarından kömək alsınlar.
Selcan bir az kinayə ilə komment vermişdi:
– Məslən, bizim üstümüzdə atamızın ad-sanı durur. Ancaq tanınan bəstəkar, şahmatçı olsaydıq, öz adımız özümüzə bəs edərdi?
Damla rəfiqəsinin yarıciddi sözlərinə ciddi reaksiya vermişdi:
– Nə qədər oğlan-qız var ki, adlı-sanlı ata-anaların kölgəsindən çıxammadıqlarından bədbəxt olurlar. Yəqin onlar boş adam olsaydılar, veclərinə almazdılar. Şəxsiyyəti olmayanlar ləzzətlə kiminsə kölgəsində yaşayırlar. Buna görə nə utanırlar, nə əzab çəkirlər ki, bəs mən özüm kiməm? Sonra da unudurlar ki, atasının böyük pulu onu böyük göstərir. Axırda inanır ki, elə özü böyük…
Selcan onun cümləsini tamamlamışdı:
– …Özü böyük zibildir.
Teymur bütün bu kommentlərdən demək olmaz ki, ləzzət almışdı, çünki danışığının ritmi pozulurdu, ancaq çalışırdı dostlarına əsəbləşməsin, özünü onunla ovundursun ki, axı, onlar yaxşı əlavələr verirlər, yoxsa mövzu ilə bağlı Li Kuvanın sözlərimi onun yada düşərdi?!. Bu üzdən axırda ürəyində özünə təpinmişdi ki, sakitləş: bu nə xasiyyətdir səndə, lap Karneqinin axmaqlarına oxşayıram, özü danışmağı sevən, başqalarına qulaq asmağa hövsələsi çatmayan axmaqlara. Bu təpintidən içinə sakitlik, hövsələ gəldi, bu üzdən əhvalı da, danışığı da söhbətdən ləzzət havasına düşdü:
– Bax, özü özünə bəs edən adamlar da, millətlər də «dayısından» güc almağı özlərinə sığışdırmırlar, ona görə ağayana, ləyaqətli sakitlikdə olurlar. Onların xoş gəlmək kompleksi də olmur. Uşaqlar, mən heç vaxt xaricdən qonağım olanda soruşmaram Bakı necədir, xoşuna gəlir? Bilirəm ki, adam Bakını, azərbaycanlıları xoşlasa, özü deyəcək. Bizim kompleksi olan görməmişlərimizsə özlərini əjdaha kimi duysunlar deyin soruşurlar. Xaricilərsə, – qonaqdırlar, axı, – bəyənməsələr də deyirlər, Bakı əladır, Dubaya oxşayır. Ancaq bizimkilər qanmırlar ki, Dubaya oxşayan əlalıqdan oxşamayan əjdahalıq on dəfə üstündür. Ayə, heç normal Nyu-Yorklu şəhərini sevsə də səndən soruşar Nyu-York necədir?
Teymurun sözləri dostlarına ona görə ilginc gəlmişdi ki, hamısının içində millətçilik yoğun bığlarla, gözünü bərəldə-bərəldə danışan, hövsələsiz kişi sifəti ilə anışırdı. O isə indi millətçilik ideyasını abırlı sifətə salırdı. Teymurun düşüncələri o vaxt təxminən belə davam etmişdi: dünyanın hər xalqında, hər yerində min dənə möcüzə kimi şeylər var (ona görə Quranda söz var ki, hər yer məsciddir), üzdə görünməsə də arxeoloqlar qazanda tapırlar. Froyd hər xəstəsini dindirib analiz edəndə onun içinə nağıla girirmiş kimi girirdi və birdən ayağı «ilan-qurbağaya» dolaşırdı, birdən də qaranlıqdan işığa, ya işıqdan qaranlığa düşürdü. Nağıllardakı cinlər-əcinnələrə oxşayan murdar istəklərə rast gəlirdi. Birdən də olurdu ki, ağ atlı oğlan, gözəl şah qızı həsrətinə rast gəlirdi.
Teymur danışığına yeni dalğa vermişdi:
– Azərbaycan tarixi əclaflarla doludur. Əmbə (bunu Qazax ləhcəsində demişdi), əmbə bu tarix adamı mat qoyan qadınlarla, kişilərlə də doludur. Biz çox ölkədə olmuşuq, görməmişliyimiz gedəndən sonra görmüşük ki, bizim bu məmləkətin öz dərinliyi, öz möcüzəsi, öz tamı var (o, «tamı var» deyimini elə sevirdi ki). Bizim millətçiliyimiz bu öz tamı olan Azərbaycanla elə dolmalıdır ki, əclaf adamlar onu gözümüzdan salmasın.
Belə deyəndə Damla:
– Necə? – soruşmuşdu.
Teymur bu sualla çoxdan özünü sınağa çəkdiyindən tezcə də cavab vermişdi (aşıqlar demiş, alıb görək nə demişdi):
– Məsələn, qabaqlar xurafatı, molla dinini söyən ağıllı azərbaycanlılar Azərbaycan dünyasını eşşəklər-qanmazlar dünyası kimi göstərirdilər. Yadınızsa salın «Ölülər»də Nəsrullahın fırıldaqlarına uyan qanmazları. Ancaq Əhməd Ağaoğlu (dostları artıq bu adı bilirdilər) Parisdə Renanın (bu adısa bilmirdilər) yanında qalıb Soğbon Universitetində dərs demək əvəzinə təzədən Şuşaya qayıtmışdısa, deməli, o zaman mədəni, ağayana adamların Azərbaycanı da vardı. Deməli, yaşamağa maraqlı Azərbaycan da vardı. Məsələn, yadınıza salın «Əli və Nino»dan görünən Azərbaycanı.
Bu arqumentləri eşidəndə Selcan Teymuru bir az küncə dirəməkdən ötrü demişdi:
– Bunu, axı, başqa cür yozurlar. Deyirlər ki, onlar tək-tük qəhrəmanlar idi. Yəni gör vətənlərini nə qədər sevirdilər ki, bu bataqlıqdan onu çıxarmaqdan ötrü bu «Cəhənnəmə» qayıtmışdılar».
«Cəhənnəm»i Selcan elə demişdi ki, həmin sözlə razılaşdığı da bilinmişdi. Qırmızı-qırmızı danışmaq Selcanın canında idi. Bu qırmızılığı onun qəşəng göy gözlərinə hansı şokoladınsa acılığını verirdi. Şokoladınsa acısını xoşlayan da, xoşlamayan da var, – Selcanın acılığı elə idi. Bu sarı saçlı (18 yaşından saçını belə boyayırıdı)… bu sarı saçlı qızın acılığını üzünün düz cizgiləri daha da kəskinləşdirirdi, yəni üzü yumşaq-goppuş olmadığından cizgiləri də yumşalmırdı. Onun səsinin, danışığının üzlü qız tonunda olması, yəni nəzakət xalları ilə çalarlanmaması gözəlliyinin acılığını azaltmırdı da, artırırdı. Kimlərsə bu «acı gözəllikdə» möhkəm əxlaqı (kişi xasiyyətini) görürdü, kimlərsə ürəyində deyirdi «nə qurdlu qızdır»!
Ancaq Selcanın söz badalağı Teymuru dolaşdırmamışdı və o, sözünün üstündə duraraq söyləmişdi:
– Yox. Həmişə əclafların Azərbaycanı yanında kişi adamların, ixtiraçıların, əxlaq qəhrəmanlarının Azərbaycanı da olub! – Sözlərinə güc verməyə ehtiyac olsaydı, Rus imperiyası ilə vuruşan qaçaqları, daşnakların cavabını verən Sultan bəyi örnək gətirərdi.
Teymurun bu axırıncı söylədiklərini gücləndirmək üçün, deyəsən, mələk sifətli Aqişin demişdi ki, Veliçkonun kitabını oxuyanda (bu yaxınlarda oxumuşdu), elə bir Azərbaycanı görürsən ki, elə bil orada «Hop-Hopnamə»dəki adamlara, Xudayar bəyə yer yoxdur. Cavabında Teymurun da sözləri maraqlı olmuşdu:
– Veliçko mənim də xoşuma gəlir, amma… – «amma» deyib davamında söyləmişdi, – amma o, ermənilərə baxanda, bizdən yaxşı danışsa da hərdən görürsən, dövlətinə ermənilər qədər problem yaratmadığımızdan bizi bəyənir.
O söhbətdən sonra Teymurun arxasınca Damlagil öz aralarında danışanda bu fikrə gəlmişdilər ki, o, cavablarında, sözsüz, ağıllıdır, ancaq bu ağıllı cavabların çoxu onun öz ağlından yox, daha çox oxuduqlarından gəlir. O da var ki, Teymurda bir şey adamı mat qoyur. Moskvada yaşayanda varlı oğlan kimi keflə yaşamaq əvəzinə necə olub ki, azərbaycanca bu qədər kitab, məqalə oxuyub?
(Ardı var)