Bloqer – Niyazi Mehdinin yeni romanı
- 16 Aprel 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Novator.az saytı Niyazi Mehdinin “Bloqer” romanının dərcinə başlayır. Bu, müəllifin ikinci romanıdır, ilk dəfədir çap olunur.
Niyazi Mehdi
Bloqer
(roman)
Birinci fəsil. Elit toxluğundan qopmuşlar
O, bu sulu qar altında maşınından çıxmazdı, ancaq qıza gül almalıydı. Qorki prospektində Baş Poçta çatmamış gül dükanının qabağında saxladı. Qapıya çatanda gözünün ucu ilə gördü ki, əcaib paltarda, əlində qaval, üz-gözündən Sibir xalqlarından olduğu görünən «dilənçi» durub. Gülü alıb dükandan çıxanda adama yazığı gəldi, əlini cibinə atıb portmaneni çıxartdı, oradan 10 dollar götürüb kişiyə uzatdı. O gülümsəyəndə onsuz da xırda gözləri lap xırdalaşdı, pulu uzadan əli ustufca qırağa yayındırıb Çukça aksenti ilə dedi:
– Mən dilənçi deyiləm, şamanam. Sən rus deyilsən…
– Yox, azərəm (Moskvada azərbaycanlılara belə deyirdilər).
– Mən xakasam. Ürəyincə yaşamaq istəyirsənsə qayıt ölkənə. Mən də qayıdıram. Moskvaya gəlmişdim ki, qayıtmağın ləzzətini görüm.
– Bəs burda niyə durmusan?
– Bir dəqiqəlik durmuşdum… Bəlkə də Tenqri durdurmuşdu ki, səni görüm.
***
Teymur hansısa göyümtül modernist şəkildəki kimi yanağına bokalı dirəyib fikrə getmiş (ancaq həmin şəkildəki qurumuş sifətli qadından fərqli, gözəl olan) Damlaya onu gözləyən ağır sınaqlardan xəbərdarlıq edirmiş kimi söylədi:
– İndi bura ekzotik kokteyl kimi özündə cürbəcür dadları qarışdırmış oğlan gələcək. Yaraşığı yaraşıq – qara gur saçlarının ağ alnında romantik qıvırcıqları… Boylu-buxunlu (bunu deyəndə Teymur qey səsini yamsıladı). Yoxsul, di gəl yoxsulluq kompleksi olmayan, dindar-müsəlman, di gəl dədə-baba müsəlmanlığını vecinə almayan, hərdən namaz qılan, birdən də boynundan xaç asan oğlan gələcək.
Damla Teymurun sözlərinə söz qatdı:
– Day denən özünü gözə soxmaqdan ötrü min hoqqadan çıxan…
Teymur atmacaya fikir vermədi:
– Adı Erkindir, mənim dostumdur. Zorla razı salmışam bizim məclisə gəlsin. Çox ciyərli oğlandır. Seksuallığı qaydasındadır – qey-zad deyil, ancaq qız-filan bişirməklə arası yoxdur. Bax, Damlaciyim, ona vurulsan, özünü işə salassan.
Teymur bir ayağı Moskvada, bir ayağı Bakıda böyümüşdü. Atası Rusiyanın azərbaycanlı oliqarxlarından idi. Putinə yaxın sayılırdı, bunu (qorxusundan) boynuna almasa da. Teymurdan başqa bir oğlu, bir qızı vardı. Uşaqlarına elə ad vermişdi ki, azərbaycanlılar üçün də, ruslar üçün də öz adları kimi səslənsin. Moskvada Teymura «Timur» (Tima) deyirdilər, Bakıda isə aydındır nə…
Teymurun üzü yapışıqlı idi, göz-qaşı ilə dodaqlarının baxışan cizgiləri elə idi ki, sanki nəvazişlə istehzanı güclü göstərtidə vermək üçün ona verilmişdilər. Təkcə bir eyibi vardı. Azca axsayırdı. Düzdür, atasının var-dövləti bu eyibi onu bənzərsizləşdirən çalara çevirmişdi, bəzi üzlərdəki çapıq kimi. Ancaq yenə də uşaqlıqdan çalışmışdı ki, heç olmazsa «Anjelika və kral» filmindəki Peyrak kimi axsasın, yəni «qəşəng» axsasın. Bir xeyli məşq edəndən sonra axsaq yerişini bir az yaraşıqlı etmişdi.
Damla içki içən deyildi, indi konyakı, qəhvəni dadlı etmək üçün hərdən qurtumlayırdı. Teymurun bu Bakı milyonerinin kiçik qızının özündən də, adından da xoşu gəlirdi. Niyə «Damla» xoşuna gəlirdi? Bir dəfə qızın özündən soruşmuşdu:
– Sənin bu adın yarımçıq olanı, bir qırnıq olanı bildirir. Əslində, qızla bağlı elə də yaxşı «məna» vermir. Bəs anan (bilirdi ki, anası adı seçib) niyə onu xoşlamışdı, mən niyə xoşlayıram? Baş çıxarmıram.
Cavabında Damla qayıtmışdı ki, reklamlarda görürsən içki şüşəsinin üstündəki damlalar adamların ağzını necə sulandırır? Bir də damlada maşınlar üçün yaxşı aerodinamik forma var…
– Hə, deyirəm, axı. Sənin adın mənə aerodinamik drayv gətirir, ona görə xoşlayıram.
Sözsüz, Damla ilə ilk tanışlıqda Teymur bütün normal oğlanlar kimi ona tamah salmışdı. Tanışlıq isə Moskvada rusların «tusovka» dediyi məclisdə olmuşdu. Orada xeyli şou-biznes ulduzları, hələ qocalmamış biznesmənlər, varlı balaları vardı. Şou ulduzları ilə varlı balalarının arasında ikisinə də sərfəli olan alyans olardı. Ulduzlar elə bir istedadı olmayan, bu üzdən yaşamlarını nəylə doldurmağı bilməyən varlı balalarına «aksessuar» kimi parıltı, bəzək salırdılar ki, onlar təkcə pulla yox, mənəviyyatca da özlərini elit saysınlar. Belə şeylər təxminən 19-cu yüzil Almaniyasında da olmuşdu, bəzi yəhudilər almanlarla dostluq edirdilər ki, ikinci dərcəli adam kimi görünməsinlər.
Varlı balalarına gələndə, onlar ulduzlara «tusovka» tipində məclis düzənləyir, düzənlədiyi korporativlərə çağırır, hansı müğənnilərin, rəqqas və rəqqasələrinsə sevgilisi olurdular.
Moskva tusovkasında estradaya çıxan hər kəs ağıllı və yetərincə məzəli tost deməyə, çıxışlar yapmağa çalışsa da ortam heç vədə ağıllı söhbətlər dünyasına çevrilməzdi. Bütün söhbətlərdə «gəl ağıllı söhbət edək» gücəntisi olduğundan nəsə quramaçılıq sezilirdi. Bu quramaçılıq neçə yüzillərdən bəri idi ki, qarğış kimi dünyanın hər yerindəki elit, aristokrat söhbətlərini tutmuşdu. Teymur (elə hamı da) o qarğışı duyduğu üçün «tusovka»lara çox az gəlirdi, hərçənd atasının varına və buradakı tanışlıq çevrəsinə görə həmişə «tusovka»da yeri olurdu, gələndə isə tək qalmırdı, başına dörd-beş qız-oğlan, ulduz toplaşırdı. Onun, sözsüz, ortama uyğun davranmaq üçün yetərincə maneri, bicliyi vardı, kübar söhbət və zarafat arsenalından istedadla istifadə edə bilirdi (içində bir az darıxsa da). Bax, iki il qabaq belə bir Moskva məclisində düşdüyü gözəl bədən siluetləri, qadın paltar boyalarının, formalarının festivalını yaradan oğlan-qız çevrəsindən çıxmaq üçün qıraqda yaxınlaşmağa adam axtaranda yaxşı tanıdığı oliqarx nəvəsi Svetanı görmüşdü, yanında da qara saçı çertyoj cızığı ilə kəsilmiş gözəl fiqurlu qız. Yaxınlaşıb bir-iki kəlmə kəsəndə Sveta rəfiqəsini göstərib demişdi:
– Damla ilə tanış ol, sizinkilərdəndir, Bakıdan gəlib. Rəfiqəmdir, keçən il onun qonağı olmuşam, indi o mənim qonağımdır. Ancaq, – Sveta güldü, – əvəz-əvəz deyil, onu çox istəyirəm.
Damla şumal olduğu üçün bütün geyimlərin yaraşdığı qızlardan idi, ancaq məclisdəki qızların çoxunda olan dekolte cazibəsi onun geyimində yox idi. Deyəsən, heç donu da özəl ismarışla yapılan avanqard formaların oyununda deyildi, qızın belinin, qolunun, çiyinlərinin qəşəng cizgilərini təkrar edən adi formalar idi. Ancaq Damlada əsas olan üzündə dodaqlarının, yanaqlarının və qapqara gözlərinin sakit «simfoniyası» idi. O, Azərbaycanda (elə Qafqazda, İspaniya-İtaliyada da) hərdən rast gəlinən gözəl qız tipi idi. Bığ qoysaydın, çox bəyzadə gözəl oğlan üzü alınardı. Adətən, qıza oxşamasına bir cizgi bəs edən oğlanlar heç də hamını heyran etmir. Ancaq bir cizgi ilə mərd və gözəl görünən qız qadın gözəlliklərinin içində heyranedici marginaldır. Damla beləydi və xasiyyətdə də beləydi. Gözləri üzünün yerdə qalan cizgiləri ilə üz yozucularında, fizioqnomiklərdə belə semantik çalarlar oyadardı ki, bu qızın iti, caynaqlı ağlı var, onunla şitlik etmək olmaz, dayaz danışsan, kinayə edər, güldürsən, üzündən dağ çayının sərinliyi axar, ilgiləndirsən yaxşı dost olar, sevdirsən ancaq səninki olar.
Teymur gördü ki, bu qız Moskvadakı məclisin ulduzları, qlamuru ilə heç təsirlənməyib, keçdi Bakı ilə bağlı sorğu-suala, gördü yenə ona maraqlı deyil. Gözlərindən duydu ki, heç oğlan kimi də ona ilginc deyil, ona görə bişirmək ümidindən soyudu. Ağıllı söhbət üçün ortam olmadığından bir az ordan-burdan danışıb aralandı.
Teymur Moskvadan tez-tez bezirdi. Axırıncı dəfə bezəndə atasını razı salıb həmişəlik Bakıya köçmüşdü. Burada ailəsinin marketlər şəbəkəsi vardı, adını Azərbaycanda dəbdə olan yunan kökənli sözdən almışdı – «Xarizma» (heç dəxli vardı?!). Neyçünsə burada azəri sözləri şirkət-mağaza-qəzet üçün nəsə kəndçisayaq sayılırdı. Hesab edirdilər ki, yalnız Avropa kökənli adlarda yüksək marka, brənd havası var. Ona görə «super market» adını o qədər sevirdilər ki, kənddə də üçgözlü dükana belə deyirdilər (Rusiyanın «hipermarket»i hələ bura çatmamışdı, Batınınsa «Mall»u çatmışdı, ancaq bunun öz orfoqrafik anlaşmazlığı vardı, «Mal» kimi yazanda mal-qara alınırdı, «Mall» kimi yazanda isə xəbərsizlər bilmirdilər necə oxusunlar).
«Xarizma» adını bəyənməsə də atasını razı salmışdı ki, şəbəkənin genəl direktoru kimi ona ümumi rəhbərlik etsin, müavinlərsə işlədənlər olsunlar. Bu struktur onun vaxtını tam almırdı, sevdiyi işlərlə məşğul olmağa macal tapırdı.
Bacı-qardaşı Bakını onun qədər sevməzdilər. Teymur isə ata nənəsinin tərbiyəsi idi, nə idi, Bakıya yaman bağlanmışdı. Bəzi adamlarda kəndlərə, dağlara, əyalətlərə Russoist sevgi olur, Teymur onlardan idi. Nənəsi Mərdəkanda üçmərtəbəli evlərində yaşayırdı, evin həyəti, toyuq-cücələri, bağ-bağatı kənd havasını yaradırdı. Sözsüz ona qulluq edən ər-arvad da vardı, həyətin balaca evində yaşayırdılar. Teymur həftənin 3-4 günü Bakıda Milyonerlər məhləsindəki ikimərtəbəli evlərində yaşayırdı, o biri günlər nənəsinin yanına gedirdi. Atasına da xoş idi ki, anası tək deyil, o mənada ki oğlu tez-tez yanında olur. Bir iş də vardı ki, bu nənə 66 yaşında olan ağbirçək idi, yəni qarı deyildi.
İndi Teymur Damlaya baxıb görürdü ki, daha bu qızın gözəlliyi onda «necə bişirim» azarını oyatmadığından rahat dostluğa imkan verir. Bakıya gələndə Svetadan telefon nömrəsini alıb onu tapmışdı. Burada yoxsul adamlar dünyasından «o tayda» durmuş elit çevrə vardı. Onun oğlan-qızları bir-biri ilə atalarının yapdıqları toy, ad günü məclislərində tanış olur, sonra kimlərlə xasiyyətləri tuturdusa, onlarla görüşürdülər. Görüşdükləri yer isə adi adamların gücü çatmadığı bahalı restoranlar, çay evləri olurdu. Onlar bağ villalarında, şəhər evlərində də yığışırdılar. Belə məclislər adacıqlar kimi beş-on varlı gənci birləşdirirdi. Ancaq Bakıda qitə kimi böyük elit məclisləri də olurdu. Olanda bu «adacıqların» çox oğlan-qızları orada rastlaşırdılar. Bir sözlə, Bakı Moskva olmasa da buranın da öz «tusovkaları» olurdu, di gəl orada şou-biznes ulduzlarının statusu Moskvadakı kimi olmurdu, üstlərinə yalnız məclisi əyləndirmək görəvi düşürdü.
Teymur Bakıya gələndə bu elitar «qitənin» oğlan-qızlarının çoxunu ürəyində «çirkə», braka çıxardı – Moskvadakı elitin pis yamsılaması idilər. Çoxunda ehtiyacsızlıqdan gələn bir toxluq vardı. Onlarda pul-para ehtiyacsızlığı ilğım yaratmışdı ki, ekzistensial-ruhani ehtiyacları da yoxdur. Çoxu idman edirdi, çəkilərini artmağa qoymurdu, ona görə də toxluq göbəkdən, yanbızlardan görünmürdü. Ruhlarının toxluğu idi. İnsanın gülümsəyişindən bilinən toxluq bəlkə də ən iyrəncdir. Bunların psixolojisində yoxsul adamların çətin dünyasının izləri yox idi. Moskvadakı varlı balalarının çoxunda öz mənəvi qüsurlarını qanmaq dərəcəsində ağıl vardı, baxdıqları filmləri, tamaşaları yaxşı anladıqlarından. Kitab isə oxumurdular. Onlara baxanda Bakı varlı uşaqlarının tam çoxluğu – oğlanları gönü qalın, qızları isə ləçər idi. Hərdən eşidəndə ki, filan varlının oğlu, ya qızı kokaindən ağır narkotiklərə keçib narkoman olub və ya eşidəndə ki, filan keflə yaşayan milyoner beyin xərçənginə tutulub, dünyanın faniliyindən bir az xoflanırdılar. Ancaq tox yaşam tezliklə bu «neqativlərin» izlərini malalayırdı. Olurdular dörd-beş gün öncəki qız-oğlan. Onlar anlayammırdılar ki, niyə adamlar mitinqlərə, piketlərə çıxırlar? Qanmırdılar niyə bu adamlar dünyadan razı deyillər? Onlara elə gəlirdi ki, hər yerə pul tökülüb, görməyə göz, yığmağa ağıl lazımdır. Avropa, Amerika milyarderlərinin xeyirxah-filantropçu eyləmləri onlara çatmırdı (işləri-gücləri yoxdur?!).
Teymurda milyoner oğlunun bu toxluğu yox idi, ancaq yoxsul, ala-babat adamlar dünyası da onu çəkmirdi. Yoxsul tay-tuşları onun xoşuna gəlmək, onun imkanlarından faydalanmaq bicliyini yapanda, – buna isə Teymurun həssaslığı var idi, – dostluq həvəsi ölürdü. Bu üzdən Damla ilə və daha bir varlı qızla (Selcanla) iki oğlanı seçib (Çingizlə Aqşini) onlarla öz elit adacığını qurmuşdu. Onların heç birisi tox gənclərdən deyildi. Klassik musiqidən tutmuş etnik musiqiyəcən çox cərəyanlarla ilgilənirdilər, kitab oxuyurdular, ciddi filmə baxıb dartışırdılar. Hamısı savadlı idi. Hamısı ingiliscə əla bilirdi, qızlardan başqa o biriləri rusca bir az pis danışırdılar.
Teymur Erkini deyəndə Damla nəsə maraqdan alışıb-yanmadı. Nə yoxsul, ancaq ərdəmli oğlanlar, nə varlı, ancaq ağıllı oğlanlar onu çəkmirdi. Öncələr rastlaşdığı aşağı təbəqədən olanlar açıq-aydın görünürdü ki, ürəklərində onunla evlənmək planını qururlar, varlı ağıllılar isə aşağı təbəqədən olan qızların bolluğundan onunla münasibət qurmağa hövsələ etmirdilər. Öyrəşmişdilər qızlarla ilişgini tez qurub tez kəsməyə. Teymur başqa idi, məhrəm dost olmağı bacardığından Damlanı özünə çəkmişdi. Onlar hər nəsnədən açıq-saçıq söhbət edə bilirdilər. Bir dəfə isə Damla demişdi: görürsən nə yaxşı oldu ki, bir-birimizlə yatmadıq?! Yoxsa normal dostluqmu edərdik?!
– Edərdik, – dedi Teymur, – bədənlərimizin cikini-bikini bilən dostlar olardıq.
Damla Teymurun ağıllı üzünə (çünki bu üzdə nə görünürdüsə, ağıllı görünürdü) baxıb çox ciddi, sözü duzlu olsa da duzsuz üzlə demişdi:
– Sənin bədəninin cikini-bikini bilməyim üçün internetdə kişilərin anatomiyasına baxmaq bəsdir. Mənimkinə də sən elə baxa bilərsən.
Bu söhbət tanışlıqlarından bir il keçəndən sonra olmuşdu. O çağ olmuşdu ki, hərdən Damla narahat-narahat düşünürdü: niyə mən heç kimə vurulmuram? Yəni heç bir oğlan mənim ürəyimə girməyəcək? Bəlkə oğlan idealım çox uzaqdır reallıqdan? Doğrudan, kimdir mənə görə vurulmağa dəyən oğlan? Mübariz (İbrahimov) kimi qəhrəman, yoxsa mərdliyi, intellektuallığı ilə bir olan super oğlan? Tapammırdı, ancaq bir nəsnə aydın idi, o, idealı düşünəndə üz, boy-buxun ön planda olmurdu, irəlidə adi adamlardan seçilən ağıl, davranışlar dururdu. Mübarizi düşünəndə də əsas onun davranışı gəlirdi ağlına. Öncələr Damla da o qızlardan idi ki, Azərbaycana aid nə vardısa, ona üstündə brəndi olmayan əyalət nəsnələri kimi baxırdı. Azərbaycan anışmasında olan nə vardısa, geriliyin darısqallığında, ürəksıxıcılığında görünürdü. Azərbaycanla öyünüb sinəsini cıran millətçilərə isə histerik adamlar kimi baxırdı. Yalnız bu oğlan – Teymur onda dəyişmələr oyatdı. İndi yanağına tutduğu bokalın yanından oğlanın aydın cizgilərdə görünən üzünə baxa-baxa düşünürdü: bu məni, mən onu dəyişdirdim. Yox, amma dəyişdirirəm.
(Ardı var)