Məktub-məqalə: Niyazi Mehdinin 70 illik yubileyinə
- 10 Mart 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Bu ilin fevralında 70 yaşını tamamlayan görkəmli alim, filosof, kulturoloq, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, yazar Niyazi Mehdini vaxtilə onun tələbəsi olmuş Fuad Əhmədov orijinal üslubda təbrik edib. Fuad Əhmədov professor Niyazi Mehdiyə həm təbrik məktubu yazıb, həm də onun haqqında məqalə yazıb. Və bunun hər ikisi iç-içədir: məktub məqalənin, məqalə məktubun içindədir. Novator.az saytı Fuad Əhmədovun məktub-məqaləsini oxucuların diqqətinə çatdırır.
Salam, Niyazi müəllim.
Mən kiməm və niyə Sizə məhz müəllim deyə müraciət edirəm?
Yazan 2001-2005-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsində mədəniyyət meneceri ixtisası üzrə təhsil almış tələbəniz Fuad Əhmədovdur.
Dəqiq deyə bilmərəm hansı kursda oxuyurdum – ya III, ya da IV kurs idi, Siz bizə dinşünaslıq fənnindən dərs deyirdiniz. Bundan əlavə mən Sizin təşkil etdiyiniz Rəmzi Anayasa Məhkəməsinin təşkil etdiyi dinləmələrdə dəfələrlə iştirak etmişəm. Hətta Siz mənə həmin dinləmələrin kitab versiyalarını da hədiyyə etmisiniz. Bütün “patokun” içində həqiqətən qürur duymuş və özümü seçilmiş hiss etmişdim. Daha sonra “zaçot”da Siz hamıya məqbul yazmağı mənə həvalə etmişdiniz.
Yadımdadı, fənnə giriş cümləsi belə idi: “Biz heç vaxt Allahın olub-olmadığını təcrübi yolla sübüt edə bilmərik”. Və davamı… Mövzuya bu cür, yəni ortadan giriş etməklə oxucunu (Sizin variantda dinləyən tələbəni) şoka salma və davamında oxucunu dolanbaclara salma, düşündürmə, öz dalınca “sürünməyə” vadar etmə bir növ mənə Kafkanın əsərlərini xatırladır. Kafkanın “Məhkəmə”sində cənab Yozef K. yuxudan oyanır və barəsində cinayət işi açıldığını görür, “Çevrilmə”də isə Qreqor Zamza yuxudan oyanıb tarakana çevrildiyini anlayır.
Sizin dərsin məcrasını tutmaq çox çətin görünsə də, mən hətta konspekt yazmağa macal tapırdım. İndi də TV-də və “Youtube” kanalında müsahibələrinizə baxanda aparıcıların hər dəfə Sizin bir mövzudan giriş edib, digərinə keçməyinizə necə tamaşa etdiklərinə baxıb düşünürəm: görən bu adamlar Niyazi müəllimin dediyini beyinlərində bir pazl olaraq yığa bilir, ya yox? Çünki Sizi anlamaq üçün bir çox məsələdən agah olmaq, terminləri, mövzuları bilmək vacibdir. Hələ mən dilimizə gətirdiyiniz sözləri demirəm…
Roman, özü də “ilk və ola bilsin ki, son roman”
Niyazi müəllim, ailəvi kitabxanamızda Sizin elmi kitablarınız həmişə olub. İndi romanınız da var. Həmçinin qəzetlərdən məqalələriniz var. Çünki atam Sizi Azərbaycanın praktik filosofu adlandırır. Yəni Sizin fəlsəfəniz birbaşa həyatımızdan götürülüb. Siz “Biz kimik?” tipli cavabsız sualların üzərində işləmirsiz. Sizin “fəlsəfədən diddikləriniz” həyatda təcrübi olaraq istifadə etdiyimiz fəlsəfədir.
İndi yazıram və Sizin mənasını çözdüyünüz bir cümləniz yadıma düşdü (atam da bu cümləni xoşlayır): “Niyə belə deyirik: Sizə böyük hörmətim var, amma…” Məncə, dediklərimə gözəl nümunədir. Sözlərin mənalarını araşdırmanız və onları istifadə üçün leksikona buraxmağınız, yaymağınız ayrıca diqqət istəyir.
Bir neçə il öncə “Youtube” kanalında bir video gördüm. Siz, səhv etmirəmsə, iki din alimi (xadimi, molla) və aparıcı diskussiya aparırsız. Söhbət dində araq içməyə verilən “qiymət” məsələsindən düşəndə din alimləri arağın içilməsinin islamda günah olduğunu qeyd etdilər və dediklərinə sübut kimi izahlar verməyə başladılar. Söz Sizə çatanda Siz söhbətin məcrasını dəyişdiz və “Gəlin əvvəlcə Azərbaycan dilində “günah” sözünün verdiyi mənanı araşdıraq, ondan sonra deyək ki, araq içmək günahdır, ya yox. Bizim dildə “günah” sözü var, bir də var pis əməl…” Məqsədim Sizi özünüzə tanış etmək, Sizə mədhiyyələr yağdırmaq deyil. Məqsədim Sizin işlərinizlə maraqlandığımı bildirmək və yazdığınız romana qiymət verən insanın Kababçı Həsən dayı (Allah Yaşar Nuriyə rəhmət eləsin!) olmadığını göstərməkdir (deyəsən, özümü təriflədim).
Romanınız bayaq qeyd etdiyim kimi həyat təcrübəsinə əsaslanıb, yəni praktikdir. Bu, həqiqətən bayağı olmayan bir romandır. Kitabın cildi də gözəldir. Yaşıl rəng adama gəl-gəl deyir. Üstündəki bir-birinə əks baxan cavanların rəsmləri də yaxşı seçilib – iki özündən MƏNƏM deyən gənc. Burunlarını göyə dartıb bir-birilərinin arxasındakı boşluğa baxırlar, sanki bir-birilərini görmürlər, halbuki mövzu sevgidir.
Kitabın qiyməti münasibdir. Altay, Umay – adlar gözəldir, müasirlik yağır hər ikisindən. Altaya ən azından coğrafiyada öyrəşmişik, amma Umay adı, rus “patsan”larının dili ilə desək, “çyotkaya veş”dir .
Qəhrəmanlar
Altay. Ad gözəl seçilib, beynimdə hündürlük, məğrurluq formasını yaradır. Amma adına görə əməlləri 50/50-dir. O, dostuna görə Suriyaya gedir, amma işini düz qurmadığı üçün öz başını, həmçinin yaxınlarının başını bəlaya salır. Ehtiyatsız davranır – həm öz həyatı, həm yaxınlarının həyatı və ən əsas sevgisi ilə.
Düşünürəm ki, qardaşları ona “getmə” desəydilər belə gedəcəkdi, amma ən azından nəsə etməyə çalışardılar. Nə bilim, əsər “Happy End”lə tamamlanıb, artıq nəsə əlavə etmək mümkünsüz.
Altayın qızlara münasibətinə gəldikdə isə deyərdim ki, belə oğlanlar tanıyıram və sevgidə Altay sayağı əyilməz olmaları yalnız üzdədir. Qadın qarşısında dayanmaq, sevməmək mümkün deyil. Nə qədər istəyirsən özünü dart, axırda ilişəcəksən.
Umay – sondakı qəhrəmanlığı nəzərə almasaq, gündəlik həyatda üzləşə biləcəyim bir xanım tipajı. Yəni burda da praktik, həyatdan götürülmə bir nişan. Bir neçə gün öncə Malakan bağının yanındakı bankdan kartımı götürməyə getmişdim. Növbəmi gözləyənə qədər gözümə söhbət edən iki xanım sataşdı və mən bir növ Umayı gördüm. Hətta düşündüm ki, ona Umay adı yaraşar. Boyu 1 metr 70 santimetr olardı, saçlarını arxaya atquyruğu yığmışdı. Qulaqlarında sadə dəyirmi sırğalar vardı, amma sadəliyi qədər də üzünə yaraşırdı. Əynində uzun, kök rəngli nazik palto, qəhvəyi boğazlı sviter, kök rəngdə qısa boğaz botinkasının içinə kişisayağı saldığı enlibalaq (banan) cins var. Əsil flört ediləsi qadın idi.
Digər personajlar baş qəhrəmanların münasibətini qabartmaq üçün yazılmayıb, əsərə yamaq deyil, əksinə, özlərinin həyatı ilə diqqət çəkirlər. Altayın qardaşları, Umayın nənəsi, dostlar, Qəmər, Nazı – hamısı maraqlı personajlardır.
Nazını ayıracam. Nazı var kimi, həm də yoxdur. Əslində epizodikdir. Amma Altayın əşyalarını ondan alan zaman onu yola verməyi mənimçün əsərin və xüsusən kişi-qadın münasibətlərinin ən psixoloji məqamlarındandır. Buna görə ayrıca təşəkkürümü qəbul edin. Mənimçün həmin epizod kitabda ən duyğusal epizoddur. Nazı gözləri önündə ümid işığı sönən personajdır.
İlk və ən vacib sualım: Həqiqətənmi bu hadisə baş verib? Baş veribsə, məhz bu cür? Sualı verməyimdə məqsəd bəzi məqamlardan doğur – Altayın özünü maşın altına atması, Umayın Altayı İŞİD-dən xilas etməsi (özü də nənəsi ilə)…
Xoşuma gələn məqamlar
– Oxucunu müxtəlif xalqların adətləri ilə tanış etmə;
– Sözlərin mənasını, semantikasını açmağınız – kəf, qız bişirmək, sevgilini dişləmək;
– Tarixi faktlardan istifadə və bilmirəm bu söz nə dərəcədə uyğun sözdür – Vaqif İbrahimoğlu, Elçibəy kimi tarixi şəxslərin həyatından maraqlı anlar;
– Azərbaycanlı olmaq, Azərbaycanı sevmək və sevdirmək mövzularının aşılanması.
Mənimçün yenilik: Oxuduğum heç bir romanda yazıçının personajların dilindən özünü, işlərini tanıtmasına rast gəlməmişəm. Bir növ Niyazi Mehdi həm əsərin yazarı, həm də əsərdə hadisələrin iştirakçısıdır. Personajların Sizin fikirlərinizi müzakirə etməsi əsəri reallığa daha yaxın edir və Sizi tanıyan oxucu kimi müzakirə mövzusunu qavramağıma kömək olur. Düşünürəm ki, ədəbi fənd kimi uğurlu alınıb.
İnanmadığım məqam: Altayın internetdə özü haqqında məlumatları bağlamamağı mənə inandırıcı gəlmədi. Heç cür inana bilmirəm. Altay dəm olsa da həyatını bəlkə də təsadüfən dəyişən plan qura bilmişdi, amma növbəti gün axı ayıq idi. Yalan danışmışdı və yalanın üstünün açılacağı təqdirdə utanacağını da bilirdi. Di gəl ki, sosial şəbəkələri bağlamaq ağlına gəlməmişdi. Uşaq vaxtlarımdan sevdiyim sovet kinolarından biri “Elektronikin macəraları”dır. İkinci seriyada dostlar yaranan problemə çarə tapandan qəhrəmanlardan biri latın dilində “Necessitas acuit ingenium” (Zərurət ağlı kəskinləşdirir) cümləsini səsləndirir. İndi bu məqamda Altayın ağlının zərurət zamanı kəskinləşməməsi məndə sual doğurur.
Bayağı olmayan romanın ən bayağı epizodu (mənimçün) – Umayın Altaya dil öyrətməsi. Razıyam, belə də olmalıdır, hansı dildə danışırsan danış, amma təmiz danış. Altayın da rus sözlərini leksikonundan çıxarmasına həqiqətən ehtiyac vardı. Lakin Umayın öyrədəcəyini bildirməsi bayağı səslənir, çünki bir çox filmdə, kitabda bu məsələ məhz bu cür verilir. Qız oğlana “Mən səni öyrədərəm” deyir. Şəxsən özümə görə deyirəm ki, cümləni bu cür yazmaq artıq bayağı və klişedir. Məsələn, mən olsaydım, Umayın xarakterinə uyğun olaraq cümləni bu cür qurardım: “…Bəlkə pis səslənər, amma icazə versən mən də danışıqda işlətdiyin xarici sözləri azaltmana kömək edərdim…”
Vualizm. Bəlkə də bu termini bilirdim, amma yadımda olmadığı dəqiqdir. Əsərdə “vualizm” sözü indiki geyimlərdə olan cırıqlardan söz düşəndə istifadə olunur. Əslində cins şalvarlardakı cırıq-kəsiklər və ən əsası belə şalvarları geyən cavanlar (xüsusən xanımlar) barədə mən tələbə vaxtında düşünmüşdüm. Və indi fikirlərimin hardasa təsdiqini tapdım.
Daha öncə yazdığım və bir daha qayıtdığım sual: İŞİD-ə girib adam xilas etmək bu qədər asandırmı ki, Umay bunu edə bilir? Əsərin bu hissələri döyüş filmlərini xatırladır. Və əgər Həcərin hardasa Nəbi ilə döyüşməyini göz qabağına gətirmək olursa, Umayı, ələlxüsus nənəsini Suriyada təsvir edə bilmədim. Əsərin yalnız təxəyyülün nəticəsi olduğunu düşünsəm bu hissəni qəbul edirəm.
Cavan adamların söhbət mövzuları: Cerom Selincer gənclərin etdiyi söhbətləri, müzakirə mövzularını bilmək üçün onların toplaşdığı yerlərə gedər və hətta onlarla vaxt keçirərdi. Məhz bu səbəbdən “Çovdarlıqda uçurumdan qoruyan” əsərində qəhrəmanların müzakirə və söhbət mövzuları real həyatda baş verənlərlə səsləşir. Qəhrəmanların qızları müzakirə etməsi, hətta birinin seks bilicisi kimi özünü göstərməsi hər bir gəncin həyatından bir parçadır. Bir tərəfdən baxanda qızları müzakirə etmək həmişə gündəmdədir, digər tərəfdən isə yaş və sosial mənzərəni nəzərə almaq və düzgün izhar etmək ayrıca qabiliyyət istəyir. “Qolxoz”dakı söhbətlərdən mən də aparmışam, güman ki, Siz də (üzrlü sayın) aparmısız. Amma Siz “Qolxoz”da öz gəncliyinizdəki söhbətləri yazmamısız, əsərdə gənclər “Bitlz”ı müzakirə etmirlər. Son tendensiyalar debat mövzusudur. Bu cəhətdən qeyd etmək istərdim ki, bayağı olmayan bu söhbətləri çox gözəl və həyati təsvir etmisiniz.
Altaysız Umay: Azırbaycanda Altayın olmasına şübhəm yoxdur, özü də çoxdur. Bizdə belə oğlanlar var, üzrəyin istəyən qədər. Umay varmı ? Məncə yox. Feminizm əleyhinə deyiləm ( hərçənd bütün “–izm”ləri mənasız sayıram), lehinə olmaqsa umurumda deyil. Məncə insan olmaq daha çətin və məsuliyyət tələb edəndir. Öncədən deyim ki, sidqi ürəkdən inanıram ki, Siz Umayı məhz feminizm üçün, feminizm dəbdə olduğu üçün yazmamısınız, feminizm üçün qadın qəhrəmanlarla paralel aparmırsız və məhz onun Altayı xilas etməsini əsəri bu cür düşündüyünüz ( və ya realdan götürdüyünüz) üçün yazmısınız. Yəni, Umayın qəhrəmanlığının kökü tutaq ki, son dövrlərdə Oskar mükafatına layiq görülmək üçün qaradərililər, azlıqlar, qadınlar və s. tipli mövzuları qabartmağın vacibliyi baxımından qaynaqlanmır. Yaşım çox deyil, amma, məncə bizim mentalitet hələ uzun müddət Umay olmağı ikinci, hətta üçüncü plana saxlayacaq. Umay qəhrəmanlığını tək sevgiyə görə etsəydi, dərd yarı, amma, O daha çox mübariz qadın simvoludur. Bizdə Umayı nə vaxtsa əvəz edə biləcək qızlar, mübarizə aparmadan özlərinə qıyıb intihar edirlər. Şəxsən özümün güclü qadınlardan xoşum gəlir, yoldaşımı da məhz bu xüsusiyyətinə görə sevirəm. Nə bilim…
Bir daha “Çovdarlıqda uçurumdan qoruyan”: Bu əsərdə baş qəhərman Holden Kolfildin qardaşı yazıçı olur və Hollivudda işləyir. Holden Kolfild qardaşını yada salanda əsl yazıçını, kobud çıxsa da, digər yazıçılardan fərqləndirən xüsusiyyətini təxmini bu cür dilə gətirir ki, “Əsl yazıçı odur ki, əsərini oxuyandan sonra yazıçıya zəng eləmək istəyəsən…” Burda zəngin səbəbi vacib deyil, zəng etmək (əlaqə saxlamaq) istəyinin yaranması vacibdir.
Sizin kitabı oxuyandan sonra Sizə yazmaq istədim. Holdenin yazıçılar barədə dediyi cümlə də elə o dəqiqə yadıma düşmüşdü. Məndə səbəb Sizi tanımağım deyil, mənim həyatda tanıdığım bir çox Azərbaycan yazıçısı var. Lakin onlarla əlaqə saxlamaq istəyim olmayıb. Bəlkə əsərdən asılıdır, bəlkə yazıçıdan, bilmirəm, fakt budur ki, Sizə yazdım. Bəlkə səbəb Nazıdır? (Nazı o qədər incə yazılıb ki, sanki yanından tanımadığın qadın keçib-gedib, amma ətri cana hopub, onu həm fiziki, həm də mənəvi istəyirsən).
SON
Atam bir həftəyə yaxındır ki, Sizdən elektron poçt ünvanınızı istəyib və cavab alan kimi mənə ötürüb. Təəssüf ki, iş-güc, yazmaq istədiklərim, digər məişət problemləri məktubu ertələməyə məcbur etdi və nəticədə mən Sizi yubileyiniz münasibətilə vaxtında təbrik edə bilmədim. Gec də olsa Sizi doğum gününüz münasibətilə təbrik edirəm. İstəyirəm biləsiniz ki, mən Sizi həm müəllim, həm vətəndaş, həm də bir elm adamı kimi həmişə nümunə göstərirəm və bəlkə də bu cəhətdən hardasa Altay və Umaya yaxınam.
Bir daha doğum gününüz və ilk romanınız münasibətilə Sizi təbrik edirəm.
Hörmətlə, Fuad Əhmədov
08.03.2021