Mənim adım
- 05 Mart 2021
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Bir gün evdə oturub dostumdan zəng gözləyirdim, qapının zəngi vuruldu. Gələn böyük qardaşım Hidayət idi. Görüşdük, hal-əhval tuduq. Hidayətin kefi çox yaxşı idi, gülümsünürdü. Məndən yemək yeyib-yemədiyimi soruşdu. Sözün doğrusu, ailə kənddə dincəldiyinə görə evdə tək idim. Kefim istəyəndə yeyir, yatır, durur, istədiyim rejimdə hərəkət edirdim. Hidayətin xəbərsiz gəlməsi bir az məni təşvişə saldı. Ayağa qalıxdım, onu qucaqlayıb öpdüm.
– Hidayət xeyirdimi, həmişə sən gələndə xəbər verirdin…
– Düz deyirsən, bu dəfə belə alındı, bağışla.
– Nə bağışla, bura sənin öz evindir, istədiyin vaxt gəlib-gedə bilərsən. Qardaş, sən sözlü adama oxşayırsan, de görüm nə hadisə baş verib?
– Gedək bir yaxşı yerdə oturub yemək yeyək. Nə baş verdiyini orada deyərəm.
Çox çalışdım ki, desin, demədi.
– Səbirli ol qardaş, bəlkə səndən muştuluq aldım, bu elə bir xəbərdir ki, onu tələm-tələsik demirlər.
Razılaşdıq, üst-başımı abıra saldım, evdən çıxdıq. Mən maşın tərəfə gedərkən icazə vermədi.
– Taksi tutacam. Bugünkü xərclər mənlikdir.
– Nə deyirəm, qardaş, Allah səndən razı olsun.
Bir taksiyə oturub “Qaya” restoranına gəldik. O vaxt “Qaya” restoranı çox bərkgedən restoranlardan biri idi. İki qardaş baş-başa verib Allah verəndən doyunca yedik-içdik.
Hidayət gülümsünərək:
– Məni təbrik edə bilərsən, – dedi. – Zərdab rayonuna rəis müavini təyin olunmuşam.
Mən bu təyinata görə çox sevindim, Hidayəti qucaqlayıb öpdüm. Biz restorandan birbaşa evə gəldik, bir az söhbət etdik, güldük, danışdıq. Hidayət evə gedib hazırlanacağını dedi.
– Səhər Zərdabda olmalıyam.
– İcazə ver mən səni aparım.
– Olmaz. Maşından çox maşın var. Bir də ki, gəncəli dostum Elman gələcək, onun maşınıyla gedəcəm.
Hidayət getdikdən sonra onunla tez-tez danışırdıq. Bu təyinata anam da çox sevindi. Bir az umu-küsü etdi ki, niyə gəlib mənimlə görüşməyib. Ən çox narahat olan da anam idi: necə yatdı, necə durdu, görəsən yemək yedimi?.. Ardı-arası kəsilməyən suallar.
“Mənim gözəl anam, sən heç narahat olma, Hidayət elə-belə oğullardan deyil” deyə söhbət edirdik ki, Zərdabdan zəng gəldi. Hidayət idi. Dəstəyi anama verdim, ana-oğul danışdılar, gülüşdülər… Mən yaddan çıxmışdım.
Ana ürəyi hər şeydən narahat olur. Biz övlad olaraq yaxşı başa düşürük ki, analar ömrü boyu sevgiyə, ehtirama, xidmət və hörmətə layiq ən uca varlıqdır. Analar övladlarının qəlbində əbədi yaşayacaq nurlu, təravətli bir məlhəmdir.
…Aradan haradasa on gün keçmişdi, səhərə yaxın baxdım ki, qapının zəngi çalır, tez yatağımdan durub qapını açdım, gələn Hidayət idi. Məni öpüb dedi:
– Çox tərləmişəm, hamamlanmaq istəyirəm.
Mən lazım olan hər şeyi hazırlayıb verdim.
Hidayət hamama girməmiş dedi ki, nazir aşağıda maşının yanındadır. “Onu evə dəvət elə” deyib hamama girdi. Mən də üst-başımı düzəldib, qalstuk taxıb aşağı düşdüm ki, nazir adamdır, gözləməyi ayıb olar.
Mənim qarajımın qabağında rayon nömrəsi olan bir maşın dayanmışdı. Binanın ətrafını dolaşdım, bir inli-cinli yox idi. Maşına diqqətlə baxanda kənarda duran bir nəfər mənə yaxınlaşdı:
– Maşın sizə mane olmur ki, qaradaş?
– Olmur, qardaş. Xeyir ola səhərin gözü açılmamış gəlişiniz…
– Xeyirdir inşaallah. Narahatlığa səbəb yoxdur. Siz yaman həyəcanlısınız, bir hadisəmi baş verib?
– Ay rəhmətliyin oğlu, nə hadisə baş verəcək, mən siz düşündüyünüz adama oxşayırammı?
– Gözümə həyəcanlı göründünüz, ona görə soruşdum.
– Həyəcanlı-fılan deyiləm, burada bir nəfər olmalıydı, görmədinizmi?
– Yox, qardaş, məndən başqa burda heç kəs yoxdur.
– Qardaşım dedi ki,nazir aşağıdadır, onu evə dəvət elə. Mən də baxıram burda nazir-filan yoxdur.
– Var, qardaş, o nazir mənəm. Mənim adım Nazirdir, Hidayət müəllimlə Zərdabdan gəlmişik.
– Bayaqdan desən, qardaş, mən də bu qaranlıqda qalstuk boynumda nazir axtarıram.
Qonağı evə apardım, yoldan gəlmişdi, hiss olunurdu ki, çox yorğundur. Divana oturan kimi yuxuya getdi. Hidayət hamamdan çıxanda gördü ki, qonaq yatır.
– Qoy yatsın, işdən yorğun gəlmişdi, bildi ki, təcili Bakıya getməliyəm, məcbur etdi ki, özüm aparacam. Nazir yaxşı oğlandır, təzə dostlarımdandır.
Hidayət dedi ki, səhər saat doqquzda nazirin qəbulunda olmalıdır. Mən vaxt itirmədən yemək hazırladım, qonaq da artıq oyanmışdı, yuyunub süfrəyə oturdu. Rahat yeməklərini yedilər, yır-yığış edib saat səkkizdə sağollaşıb getdilər. Hidayət dedi ki, nazirin qəbulundan sonra birbaşa Zərdaba qayıdacaq. Dedi hələlik rəis yeri də boşdur, işin hamısını özüm idarə edirəm.
Hidayətin sayəsində bir neçə zərdablı ilə dost oldum, onlardan biri də Zərdabın çox dəyərli ziyalılarındandır. İndiyə qədər dostluq etdiyim sədaqətli, vətənpərvər, dost yolunda fikirləşmədən hər şeyə hazır olan Əlibala müəllim həm də gözəl ailə başçısıdır. Əlibala müəllim ali təhsilli mütəxəssisdir. Təsadüfi deyil ki, 36 il şərabçılıq zavodunda həmkarlar komitəsinin sədri vəzifəsində işləyib. Şükür, mənə elə gəlir ki, vəziyyəti də pis deyil. Soruşanda ki, Əlibala, maşın aldınmı? Deyir: “Ə, qadan alım, maşını neynirəm, dostlar sağ olsunlar, hara lazımdı, qulluğumda dururlar. Bircə qonşum Cabbarı çıxmaq şərti ilə. O da yaxşı oğlandır, arada içkili olanda mənimlə kobud danışır, diplomumu gostərirəm ki, qardaş, mən ali təhsilli mütəxəssisəm, mənimlə kobud danışmaq olmaz. Mən onu yaxşı başa düşürəm, qəssab adamdır. Şər deməsən xeyir gəlməz. Tezcə kölünü alıram, olur əvvəlki Cabbar. Biz onunla qapıbir qonşuyuq. Aramızda belə zarafatlar da olur. Başa düşən oğlandır”.
Əlibala müəllimin qonşularından biri, onun işlədiyi zavodun direktor müavini, Gədəbəyin sayılıb-seçilən ziyalılarından olan Akif Hümbət oğlu Məmmədov bizim Əlibala müəllimi elə xarakerizə elədi ki, mənim Əlibalaya hörmətim birə-beş artdı. Belə çıxdı ki, onunla dostluq etməkdə səhv etməmişəm.
Həyat öz axarında davam edir, biz isə yadda qalan xoş xatirələri təkrar-təkrar xatırlayır, keçmiş günlərimizə şükür edirik. Əlibala dostumun qonşular arasında xüsusi hörməti var. Onlardan biri indiyə qədər hörmətini uca tuduğum Əfrasiyab müəllimdir. Parlaq zəka sahibi olan bu şəxsiyyəti bir dəfə də kiminsə arxasınca danışan görmədim. Əgər kimsə ləyaqət, təmkin, parlaq təfəkkür, ziyalılığa qiymət verən, paxıllıqdan uzaq duran, hamıya könül toxluğu ilə baxan bir şəxs axtarırsa, Əfrasiyab müəllimi görsün.
İndiki kimi yadımdadır, havalar çox isti keçirdi, Əlibala müəllim zəng edib görüşməyimizi xahiş elədi. İstədim bir az halsızlığımdan-filandan danışım, naz edim, telefonun o başından eşitdim ki, onu gülmək aparıb.
– Səni yaxşı başa düşürəm, qardaş, gözlə gəlirəm.
Mən, eləmə tənbəllik, təcili hazırlaşıb həyətə düşdüm.
Əlibala müəllim tək deyildi, Əfrasiyab qardaşla gəlmişdi, görüşdük, hal-əhval tutduq. Əfrasiyab müəllim bir yerdə çay içməyi təklif etdi. Belə qərarlaşdırdıq ki, bizim yaxın dostumuz, fəlsəfə elmləri doktoru, professor, rəhmətlik Rəhim müəllimin restoranına gedək.
Bizi Rəhim müəllim qarşıladı, kölgəli bir yerə oturduq. Rəhmətlik bizdən ayrılmadı.
– Əşşi, sizin üçün çox darıxmışam, bu təklifi kim veribsə, onu öpürəm, lap Əlibala müəllim belə olsa.
Gülüşdük.
Əlibala müəllim:
– Rəhim müəllim, siz doğrudan da təklif verəni öpərdiniz. O aslan ürəyi yemiş oğul mənəm, buyur öp!
Dördümüz də gülməyə başladıq. Bağ Rəhim müəllimin evinin qabağında idi. Keçirdiyimiz o günü dünya malına dəyişmək olmaz. Həm də sadiq dostların əhatəsində.
Səhərisi gün təkrar Əlibala müəllimlə görüşdük, nərd oynamaq istədi, mən isə vaxtımı zəif oyunçularla keçirmək istəmirdim, dost olanda nə olar, idman idmandır. İdman qanunlarına hörmət etmək lazımdır. İndi durum Əlibala müəllimə görə idman prinsipini qurban verim, olmaz. Özü də mənim kimi idmaçı!
Əlibala müəllimin gözü kəlləsinə çıxmışdı:
– Qağa, sən nə vaxtın oyunçususan?
Mən bir az ciddiləşdim:
– Əlibala müəllim, danışığına fikir ver! Mən dünya çempionatından gələndə məni sən qarşılamadınmı?
Məni gülmək apardı, baxdım ki, Əlibala müəllim çox əsəbləşib.
– Əlibala müəllim, doğrudan inandın?
– Niyə inanmayım, alim adamsan, dedim bəlkə mənim bilmədiyim bir şeylər olub!
Əlibala müəllim bildi ki, dediklərim bir dost zarafatıdır. Ona hörmətim sonsuzdur.
Növbəti görüşümüzdə Əlibala qardaşdan Hidayətin Zərdabdakı işi barədə soruşdum. O, böyük fəxrlə dedi ki, Hidayət müəllim bizim rayona gələndən sonra rayonda böyük dəyişiklər baş verib. İlk işi dahi Zərdabinin heykəlinin ətrafını təmizlətmək olub, heykəli şampunla yuduzdurub. Rayon rəhbərliyinə eşitdirib ki, kimsə ştat cədvəlinə əsasən buranın təmizliyinə cavabdeh olduğuna görə dövlətdən maaş alır. Bu məsələni nəzarətə götürün. Rayon rəhbərliyi bir az əsəbləşib: o kimdir bizə irad tutur! Onu təcili çağırın. Hidayətin rayon rəhbərliyi ilə görüşü bir qədər ürəkaçan olmayıb. Amma Hidayət işini mükəmməl bilən milis işçisi idi. Məlumat üçün oxucularımın diqqətinə çatdırmaq istəyirəm ki, kapitan Rüstəmov ali təhsilli hüquqşünasdır. Bakıda işləyərkən qələmini sınamaq üçün namizədlik işini yazıb qurtarmışdı. O, bir neçə tarixi, publisistik kitabın müəllifidir. Hidayət Rüstəmov oğurluğun, dələduzluğun demək olar kökünü kəsmişdi. O vaxt Hidayət müəllim Zərdabı nümunəvi rayonlar sırasına yüksəltmişdi. Mən Zərdaba nə vaxt getsəm camaat Hidayət müəllimin kişiliyindən, işgüzarlığından, kasıbın arxasında duran, zəhmətkeş insanlara xüsusi qiymət verən ədalətli milis işçisi olmağından danışırdı. Hidayət müəllim Zərdab əhalisinin mərdliyinə, işgüzarlığına çox hörmətlə yanaşırdı.
Bir dəfə Əlibala müəllimdən xahiş etdim ki, o “samosvalt” (özüboşaldan) maşının şoferi barədə bir hadisəni danışmışdın, onu bir də danış.
– Baş üstə, qardaş, sənin yolunda Zərdaba piyada da gedərəm. – Əlibala müəllim ətrafa göz gəzdirib danışmağa başladı. – Bu hadisəni mənə qonşu kənddən bir dosdum danışıb, dediyinə görə, ona da kəndin ağsaqqalı Kombayn dayısı danışıb.
– Necə yəni Kombayn dayısı, o nə deməkdir?
Əlibala müəllimi gülmək tutdu:
– Ə, qardaş, olanı danışıram, imkan vermirsən.
– Qardaş, səhv etdimsə məni bağışla, sən Kombayn dayı dedin.
– Burda nə var ki, kişinin adı Kombayndır. İnqilab, Traktor, Kombayn, Sovet, Dülgər kimi adlar var. Hə, Bakıda yol çəkilirmiş, özüboşaldan maşına ehtiyac böyük imiş. Qərara gəlirlər ki, rayonlardan bu maşınlardan gətirsinlər. Bakıdan rayonlara teleqram vurulub, özüboşaldan maşınlardan təcili Bakıya göndərilməsi tələb edilib. Zərdab rayonundan beş maşın göndəriblər. Bakı şəhərinə gələn zərdablı şoferlər yataqxanada yer alıblar.
Artıq iş başlayıbmış. Şoferlərin aralarındakı lotulardan biri o biri şoferlərin adını yağlı boya ilə maşınların arxasına yazıb. Şoferlərin də bundan xəbərləri olmayıb. Onlar işə getmək üçün yola çıxıblar. Şoferlərdən biri görüb ki, bir “Pobeda” maşını onu izləyir, istəyir fikir verməsin, olmur. Şofer fikirləşir ki, bəlkə o adama maşın lazımdır. Görür ki, bunların fikri başqadır. Qabaqda yol maşınlarına nəzarət məntəqəsi var imiş, fikirləşib ki, onun yanında dayanaram, görüm məndən nə istəyirlər. “Pobeda” maşını bu özüboşaldanı sağdan, soldan keçib onu dayandırmaq istəyir, alınmır. Qoçulardan biri silahdan havaya atəş açıb onu qorxutmaq istəyir, yenə saxlamır. Nəhayət, özüboşaldan yoxlama məntəqəsinə çatır, maşını saxlayıb şikayət etmək istəyir, baxıb görür ki, hamı qaçıb qorxusundan gizlənib. “Pobeda”dan dörd nəfər düşüb onu yanlarına çağırır. Bir nəfər bığıburma ondan soruşur: “Qədeş, sən qoçusan?” “Bəli, mən qoçuyam”. “Qədeş, yaxşı fikirləş, doğrudan qoçusan? Bax, qərdeşimsən, səndən sonucu dəfə soruşuram, doğrudanmı qoçusan?” “Doğrudan qoçuyam. Siz çox qəribə insanlarsınız, bir şeyin quyruğundan tutub buraxmırsız. Sualınıza cavab verirəm, başa düşmək istəmirsiniz”. Qoçuların başçısı çox əsəbləşir, göstəriş verir ki, qədeşin qoçuluğunu ona yaxşıca göstərin. Bu yazıq şoferi möhkəm döyürlər. Yenə soruşurlar: “Qədeş, doğrudan qoçusan?” “Bəli, qoçuyam”. Qoçular onu bu dəfə də möhkəm döyürlər. Qoçu başçısı təkrar soruşur: “Qədeş, doğrudan da qoçusansa maşının arxasına niyə yazmısan?” Şoferin ağzı-burnu qan içində çox çətinliklə deyir ki, onu mən yazmamışam, dostlarımdan biri yazıb. Mənim adım Qoçudur.
Qoçu başçısı istəyir gülsün, amma kişiliyi yol vermir. Yazığın birini qanına qaltan ediblər. Qoçu başçısı ona yaxınlaşır, üzr istəyir: “Qədeş, incimə, biz bir-birimizi başa düşməmişik. Çalışacam səhvimizi düzəldək”.
Onu xəstəxanaya aparırlar, baş həkimə tapşırırlar ki, yaxşı müalicə eləyin. Baş həkim qoçu başçısını tanıdığı üçün əl-ayağa düşür, söz verir ki, xəstə xüsusi nəzarətdə olacaq. Qoçulardan biri də xəstənin yanında qalır. On gündən sonra qoçu başçısı başının dəstəsi ilə yaxşı bazarlıq edib xəstənin yanına gəlir. Xəstə artıq sağalıb. Qoçu başçısı şoferə yaxınlaşır: “Qədeş, sən əsl bizim dəstənin adamısan, səni döydülər, kişiliyini qorudun, qorxmadın, sənə halal olsun”. Başçı onları bağışlamalarını xahiş edir. Şofer ürəkdən gülərək deyir: “Mən sizi çoxdan bağışlamışam. Zərdaba qonaq gəlin!”
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı
Müqəddəs ruhlar şərləri qəbul etməz…
Koronavirus təhlükəsi və mənim həkimliyim