Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Azərbaycandakı sistem tam çürüyüb, yararsızdır. Siyasi, idarəetmə dəyişikliyi olmasa, sosial-iqtisadi problemləri həll etmək, xarici siyasətdə yeni çağırışlara cavab vermək mümkünsüzdür. Çünki bizdə institutlaşma hələ baş verməyib – hakimiyyət şəxsləşib, amma institutlaşmayıb. Gələcəkdə artacaq təzyiqlərə davam gətirmək, iqtisadi və sosial çağırışlara cavab vermək üçün bizə mütləq yeni konstitusiya gərəkdir.
Yeni ana yasa bir neçə açıq suala aydınlıq gətirməlidir:
prezidentin və Nazirlər Kabinetinin səlahiyyətlərinin çərçivəsi müəyyənləşməlidir – hökumət parlamentdən çıxmalı, hesabatlı olmalı, sosial-iqtisadi məsələlərə cavabdehlik daşımalı, prezidentdə təhlükəsizlik, ordu, xarici siyasət, regional idarəetmə və nəzarət üzrə funksiyalar qalmalıdır;
yerli özünüidarəetmə gücləndirilməli, seçkili mer institutu formalaşmalı, rayonların icra hakimiyyəti qurumları ləğv edilməlidir;
ölkə iqtisadi regionlara bölünməli, prezident hər bir region üzrə öz səlahiyyətli nümayəndəsini təyin edərək yerlərdə qanunlara və konstitusiyaya əməl edilməsi mexanizmi yaratmalıdır;
parlament seçkisi proporsional əsaslarla keçirilməli, siyasi partiyalar institutlaşmalı, şəxslərə bağlı qurumlar olmaqdan çıxaraq ideoloji dəyərlər daşıyıcısına çevrilməlidir;
məhkəmə hakimiyyəti müstəqilləşməli, onun hakimiyyətin icra qolundan asılılığı azalmalıdır;
dövlət əmlakının özəlləşməsi üçün şəffaf və ardıcıl iş aparılmalı, büdcənin yükü azaldılmalı, ölkədə normal səhm bazarı yaradılmalı, qiymətli kağızlar bazarı işlək vəziyyətə gətirilməlidir;
ölkənin strateji hədəfləri daha aydın və ağlabatan qaydada açıqlanmalı, bütün fəaliyyət bu hədəflərə köklənməlidir;
insan haqları və azadlıqları yeni konstitusiyada aydın və daha geniş yer almalıdır;
birinci vitse-prezidentlik institutu qalacaqsa, o da seçkili olmalı, digər vitse-prezidentlərin təyinatı qaydası tamamən ləğv edilməlidir.
Müəllifin başqa yazıları: