Natiq Cəfərli
Prezidentin fevralın 26-da keçirdiyi mətbuat konfransı çox maraqlı idi, ciddi ip ucları, bölgənin, ölkənin gələcəyi ilə bağlı tezislər gördüm. Amma təəssüf ki, iqtisadi məsələlər, idarəetmə problemləri ilə bağlı yenə nəticələr haqqında fikir eşitdik, səbəblər kənarda qaldı.
Sitat: “Dövlət şirkətlərində idarəçilik sistemi axsayır. O, müasir tələblərə cavab vermir. Bu, ləngidici amildir və büdcədən vəsaitlərin sovrulması üsuludur. Bizdə praktik olaraq heç bir dövlət şirkəti, az istisnalar olmaqla, özünü dolandıra bilmir. Deməli, daim büdcədən dotasiyalar tələb edirlər”.
Bu nəticədir. Səbəblər nədir? Bu suala cavab yoxdur. Əslində illərdir səbəblər haqqında çox danışmışıq: əsas səbəb idarəetmə sisteminin zay olmasıdır. Bu sistem müasir tələblərə cavab vermir, çürüyüb, vəziyyəti şəxsləri dəyişməklə düzəltmək mümkün deyil. Dövlət şirkətləri sosial gərginliyin azaldılması və siyasi loyallığın təmin edilməsi üçün istifadə edilib – problem budur! Dövlət şirkətlərinin ştat cədvəllərini şişirtməklə əlavə dəyər yaratmayan iş yerləri yaradılırdı – bu iş yerlərində çalışanların çoxu dövlət şirkəti rəhbərliyinin qohum-əqrəbası, dost-tanışı idi. Dövlət şirkətlərinin rəhbərləri büdcəni sümürə-sümürə siyasi hakimiyyətə loyal olurdular – “çörəkverən” şirkət rəhbərləri öz yaxınlarını işə düzəltməklə onların da loyallığını təmin edirdi. Beləliklə, dövlət şirkətləri büdcəni söküb, korrupsiyaya bulaşıb hakimiyyətə loyal on minlərlə insan ordusu yaradırdılar. Bu, tək şirkətlərə aid deyildi, nazirliklər, idarələr də eyni məntiqlə idarə edilirdi.
Bir böyük beynəlxalq layihə çərçivəsində “Azərsu”da araşdırma aparırdım. Məlum oldu ki, 11 min işçisi var, amma bütün işi görmək üçün bundan 3 dəfə az işçiyə ehtiyac vardı.
Eyni yanaşma bütün dövlət şirkətlərinə aiddir, ştatlar şişirdilib, sabah effektiv idarəetməyə keçilsə, on minlərlə insan ixtisara düşməlidir – bu isə on minlərlə narazı elektorat deməkdir. Hakimiyyət düşünülməmiş addımları ilə belə vəziyyət yaradıb.
Vəziyyətdən çıxış yolu loyallığın siyasi yolla, ideoloji əsasla, proqram sənədləri ilə qazanılması, azad biznesə şərait yaradılmasıdır. Bu iş isə YAP-lıq deyil, bu təşkilat heç partiya da deyil, ona görə də ideoloji əsası olan yeni hakim partiya yaratsalar, bəlkə də sistemi yeniləməyə şans yaranar.
Bir şəxs həm prezident, həm də müxalifət partiyası lideri ola bilməz, bu mümkün deyil.
Prezident və hökumət də bir-birindən ayrılmalıdır, Prezident dövlət başçısı, ali baş komandan olmalı, hökumət isə proporsional əsasla seçilmiş parlamentdən çıxmalı, iqtisadi-sosial məsələlərlə məşğul olmalıdır.
Deməli, yeni konstitusiya, yeni parlament, yeni hökumət artıq olmazsa-olmazdır…
Müəllifin başqa yazıları: