Natiq Cəfərli
Birjalarda fəaliyyət göstərən bir neçə müştərim var, onlara əsasən həftəlik, təcili hadisələr olanda, xəbər axını sürətlənəndə isə günlük arayışlar yazıram. Danışığımız belədir: ancaq trendləri göstərirəm, qərarı özləri verir, çünki mən treyder deyiləm, analitikəm.
Fevralın 16-da bütün müştərilərimə eyni məzmunda məktub yazdım. Məğzi budur ki, dünya iqtisadiyyatı çox təhlükəli dövrə qədəm qoyub, texniki analizlərin və iqtisadi məntiqin qətli zamanındayıq. Bunun əsas səbəbi dünya ölkələrinin iqtisadiyyata səpdikləri 15 trilyon dollardır: ucuz pullar, demək olar faizsiz kreditlərdir ki, real iqtisadiyyata getmir, əksər vəsait investisiya fondlarına, banklara daxil olub spekulyativ bazarı qızışdırır. Bu gün birjalarda “nə qədər pisdirsə, o qədər yaxşıdır”, prinsipi işə düşüb – problemlər azalmır, dünya koronavirus fonunda daha sərt qapanır, iqtisadi münasibətlər və zəncirlər qırılır, Britaniyanın Avropa İttifaqından ayrılması böyük problemlər yaradır, sərhədlər daha sərt bağlanır, amma bütün dünya birjalarında güllük-gülüstanlıqdır, indekslər tarixi maksimumlardadır. Bu, məntiqli deyil, real deyil, yeni böyük “şarların”, “balonların” yaranması deməkdir və mütləq yeni böhran dalğalarını yaradacaq faktordur.
Bütün xammal qiymətləri şişir – amma dünyada ümumi daxil məhsul azalıb, aktivlik minimum səviyyədədir. Bu məsələ neft qiymətlərinə də aiddir, sadəcə bu sahə spesifikdir, əsl süni qiymət artımıdır, kartel sövdələşməsidir, əslində cinayətdir. OPEK+ ölkələri süni şəkildə hasilatı azaldıb qiyməti şişirdirlər, gün kimi aydındır ki, müvəqqəti məsələdir, amma hələ işləyir. Neftə tələbat artıbmı ki, qiymətlər şişsin?! Yox, artmayıb, bu il dünyada neftə tələbat 2019-cu ildən 7-8 milyon barrel az olacaq. Təsəvvür edin ki, hər hansı bir sahədə eyni məhsulu istehsal edənlər (məsələn, smartfonlar – bazarın 80 faizinə cəmi 3-4 şirkət nəzarət edir) birləşib deyirlər ki, camaat cəhənnəmə, gəlin sözü bir yerə qoyaq, istehsalı 20 faiz azaldaq ki, qiymət 20 faiz artsın. Bilirsiniz nə həngamə qopar? Bütün şirkətlərə cəzalar yağar, antiinhisar orqanlar o şirkətləri didər. Amma neftdə bu işləyir – yığışırlar, deyirlər ki, gəlin süni qiymət artıraq, hasilatı süni azaldaq, qoy istehlakçılar daha baha benzin alsın. Bu, cinayətdir, əsl kartel sövdələşməsi nümunəsidir. Ona görə də an yetişən kimi OPEK-lə də bağlı bənzər qərarlar alınacaq, indi ona görə qərarlar yoxdur ki, bu, ABŞ istehsalçılarına sərf edir – OPEK+ hasilatı azaldır, qiymət qalxır, şist neft hasilatı daha rentabelli olur, qiymətlər yenidən düşməyə başlayır. İndi də eyni şey olacaq, bu gün 63 dollar olan neft cəmi iki-üç aya yenidən 50-55 dollar dəhlizinə qayıdacaq.
Başqa bütün əmtəələrdə də eyni vəziyyətdir – bu gün mis qiymətləri tarixi maksimuma qalxıb, araşdırırsan ki, səbəbi nədir, ehtimallar və şayiələrdən başqa heç nə yoxdur, guya Çində istehsal yüksələcək, ona görə də xammal bahalaşır. Çin istehsalı artıra bilər, amma kimə satacaq? Dünya hələ qapalı, tələb hələ çox aşağıdır axı. Deməli, süni balonlar yaranır, səhm bazarı ancaq “havayı pullara” görə şişir, şayiələrdən və primitiv manipulyasiyalardan qidalanır. Sabah o havayı pullar bazarlardan çəkilməyə başlayan kimi bütün balonlar bir-bir partlayacaq və dünya 2008-2009-cu illərdə baş verən böhranın daha böyüyünü yaşayacaq.
Ona görə müştərilərimə də dedim: bəli, indi riskli pul qazanmaq olur, əsl zamanıdır, speklyativ dövrdür, amma orta-uzun dövrdə böyük böhrana da hazır olun…
Müəllifin başqa yazıları: