“Qanun” Nəşrlər Evi “Min bir gecə” nağıllarını (I və II cildlər), Ceyn Ostinin “Qürur və qərəz”, Emili Brontenin “Tufanlı yoxuşlar” əsərlərini və Azərbaycan Respublikasının Vergi Məcəlləsini kitab kimi çap edib. Həmin kitablar haqda məlumatları təqdim edirik.
“Min bir gecə”. I cild (1-38-ci gecələr). II cild (39-145-ci gecələr)
“Min bir gecə” nağılları şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir.
Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcədə mükəmməl ifadəsidir.
Sözlərdən toxunan bu abidə çox qədimdən yaranıb, onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərib.
Kitabın I cildini İbrahim Yaqub, II cildini İshaq İbrahimov tərcümə edib.
Hər cildin satış qiyməti 11.99 manatdır.
Ceyn Ostin, “Qürur və qərəz”
Ceyn Ostinin “Qürur və qərəz“ romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
Kitabın satış qiyməti 10.99 manatdır.
Emili Bronte, “Tufanlı yoxuşlar”
“Tufanlı yoxuşlar” dünya ədəbiyyatının ən məşhur sevgi romanlarından biridir. İllər keçdikcə bu məşhurluq nəinki azalır, əksinə, artır.
Roman əsasında onlarla film çəkilib. Əsərin süjeti bəstəkarları da cəlb edib, onun əsasında mahnı və balladalar bəstələnib, hətta Stefani Mayerin məşhur “Alatoranlıq” saqasında da “Tufanlı yoxuşlar”dan epizodlar var.
Reytinq məlumatlarına görə, roman bütün dövrlərin ən romantik kitabıdır. Amma düşünməyin ki, bu, sadəcə, xoşbəxt sonluqla bitən gözəl sevgi hekayətidir. Bu, qeyri-adi kitabdır: süjetin ani şəkildə doğurduğu faciəvi nəticələri və gözlənilməz dönüşləri ilə… Təbiətin müəmmalı və anlaşılmaz təzahürləri ilə qəhrəmanların qəlbində elə ehtiraslar baş qaldırır ki, bu, ən hazırlıqlı oxucunu belə sarsıdır.
Kitabın satış qiyməti 11.99 manatdır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Kitabda Azərbaycan Respublikasının Vergi Məcəlləsi 01 yanvar 2019-cu ilə qədər olan əlavə və dəyişikliklərlə verilmiş, Məcəlləyə edilmiş əlavə və dəyişikliklər kitabın sonunda, ayrıca başlıq altında yerləşdirilmişdir. Kitabda qüvvədən düşmüş maddə, yaxud onun hansısa bir hissəsinin üzərindən xətt çəkilməklə saxlanılmışdır. Bu da istifadəçiyə qüvvədən salınan mətnlə yeni əlavə olunanı müqayisə etmək imkanı yaradır.
Kitabda Vergi Məcəlləsinin müxtəlif maddələrinin şərhi ilə əlaqədar Konstitusiya Məhkəməsinin qərarları da yerləşdirilmişdir.
Kitab vergi işçiləri, vergi ödəyiciləri və vergi qanunvericiliyi barədə məlumat almaq istəyən oxucu təbəqəsi üçün nəzərdə tutulmuşdur.
Kitabın satış qiyməti 17.00 manatdır.