Şair Balaxan Qərib Novator.az saytının suallarını cavablandırıb.
– Xoş gördük, sözlü adam, özünüzü tənha hiss etmirsiniz ki?
– Xoş gördük! Hərdən olur. Əslində düşünə bilən adam çox vaxt özünü tənha hiss edir, ətrafdakı adamlar, səslər onu qıcıqlandırır. Bu hal dərinə gedəndə əyləncə axtarıram.
– Yazmaqdan uzağa çəkilmisiniz, niyə?
– Alınmır. İşimlə yaradıcılıq qoşa qarpız kimidir – bir ələ sığmır. Neyləmək olar? İndi sovet dövrü deyil ki, şeirlə ev alasan, ailə saxlayasan. Yarımçıq qalmış şeirlərimə heyfim gəlir. Etiraf edim ki, həm də tənbələm, bir şeirə ikinci dəfə qayıtmıram.
– Yaxşı yadımdadır, uşaqlıq yoldaşlarımın bəziləri dağınıq əhvallı bir adam görəndə deyirdilər lap şairə oxşayır. Nədən şairlər divanə qiyafəsində təsəvvür edilir, anlamıram…
– Məncə, bizdə şairləri bir az şişirdirlər. Elm adamı da, incəsənət adamı da dalğın, fikirli ola bilər, lap təsirli bir musiqi dinləmiş fəhlə də, əkinini sel aparmış kəndli də…
– Bir şairdən ötrü sözün gözəl Allahı böyükdur, yoxsa Allahın hökmlü sözü?
– Söz İlahidən gələn əvəzsiz nemətdir. Ruhumuzu qidalandıran İlahi sözə də, onu verənə də şükür!
– Balaxan bəy, “Nəsimi ili” ötdü, ardınca “Nizami ili” gəldi. Və illər ötdükcə bir daha əsərlərini dönə-dönə oxuduğumuz bu dahiləri hələ də yaxşı tanımadığımızı anlayırıq. Sizin də Nəsimiyə həsr etdiyiniz şeir var…
– Nizami də, Nəsimi də nəhəng klassiklərdir. Amma mən Nəsimini daha yüksəkdə, Füzuli səviyyəsində görürəm. Ola bilsin, Nizami lazımi səviyyədə tərcümə olunmayıb. Yəni şeir öyüd-nəsihət deyil, ictimai fikir deyil. Bununla publisistika məşğul olur. Nəsimi yaradıcılığı isə sırf poeziyadır. O vaxtlar Azərbaycan dili necəydisə o dildə də yazıb. Bir az çətindir, əziyyət çəkən fərqli bir şeir dünyasına düşür. Bəli, ona bir şeir həsr etmişəm. Bilmirəm, Nəsimiyə layiqdir, ya yox, amma oxuyanlar bəyəniblər. Orda belə bir beyt var:
Allahlıq Allahın sındığı yerdi,
Kiçilmək başlayır ondan yuxarı!
Bu fikri tutmayanlar mənə kafir damğası vurdular…
– Şairlik peşə deyil, taledir, amma nizam-intizam da gərəkdir. Konkret iş rejiminiz varmı? Siz də daha çox gecələr yazırsınız, yoxsa?..
– Düz deyirsiz, şairlik peşə deyil. Heç mən də onunla peşəkarcasına məşğul olmuram. Yəni oturub bu gecə bir şeir yazım, məndə o yoxdur. Son dəfə 2019-da bir şeir yazmışam, tənbələm. Vallah, özümə şair deməyə də utanıram. O qədər yazan var ki, şeir də hörmətdən düşüb. Görürsən bir şairin beş kitabı çıxıb, amma içində bir şeir yoxdur. Mən adam tanıyıram əsl şeirin nə olduğunu şairlərin çoxundan yaxşı bilir, amma şeir yazmır. Bax o, şairdir – yazmayan şair. Bayaq dediyiniz divanəlik söhbəti yadıma düşdü. O divanələr saçını dağıdıb şair görkəmi alır, kitablar çap etdirir, olurlar şair.
– Balaxan bəy, Bakı gecəyə bürünən kimi səma sanki yiyəsiz səhraya bənzəyir, sizin gördüyünüz Bakı gecəsində nə var?
– Hə, elədir. Azərbaycandan kənarda çox şəhərdə olmuşam, heç biri mənim üçün Bakının yerini vermir. Bəlkə də doğmalıqdandır. Gecələr Bakıya yuxarıdan, dediyiniz o səhradan baxanda çox füsunkar görünür. Sanki qollarını açıb Xəzəri qucaqlayır.
– Hərdən sosial şəbəkələrdə yumorla cilalanan statustlarınıza rast gəlirəm. Dünyanın sinəsinə çökən koronavirus pandemiyası el-el, ev-ev gəzib hamının qanını qaraltdığı bir zamanda baş verənlərə belə münasibətiniz yumor hissinizin hələ də korşalmadığından xəbər verir. Demək ki, bu bəla hələ sizin kefinizi pozmayıb. Yanılmıram ki?
– Bu, bəşəri bir bəladır düşmüşük, neyləmək olar. Bir çox tanışlarımı, tələbə yoldaşımı apardı, dostlardan, qohumlardan yoluxanlar çox oldu. Amma təhlükədən qorxsan səni də haqlayar. Qorunmaqsa mütləq lazımdır. Yumoru çox sevirəm. Həm də yumor adamı stresdən uzaq tutur.
– Yeni şeirinizdir:
Çəkildim özümə daha,
Burda bir mənəm, bir də mən.
Bura təkadamlıq yerdi,
Məndən incimə, bir dənəm!
Zaman dayanıb, söz susub,
Burda hava da başqadır…
Bir az ruhumla əylənim,
Bir az içimlə baş qatım.
Məni şoruşsalar, denən
Tanımıram, görməmişəm.
Özüm də elə bilirəm,
Bu dünyaya gəlməmişəm.
Bura bir başqa dünyadı,
Sahibi mən, sakini mən.
Nə qonşu var, nə də hasar,
Sülh içindəyəm, sakitəm.
Əcəb sərindi bu məkan –
Nə cənnətdi nə cəhənnəm…
Məni heç kim qınamasın,
Ölsəm bura gələcəyəm!
Balaxan bəy, özünüzü yaxşı tanıyırsınız?
– Yox, yeni deyil, iki il əvvəl yazmışam. Yaxşı ki, yarımçıq qoymadım, yoxsa indi o birilərinin yanındaydı… Hər kəsin içində özünə baxmağa bir güzgü var. Hamı kimi mən də içimdəki güzgüdə özümü görürəm, özümlə uzun-uzadı söhbət edir, əyər-əskiyimi düzəldirəm.
– İqtisadi durumu necə görürsünüz? Axı siz bu sahəyə də bələdsiniz.
– Ürəkaçan deyil. Bizdə inhisarçılar iqtisadiyyatın inkişafına əməlli-başlı maneədirlər. Maddi baxımdan əhali arasında get-gedə böyük uçurum yaranır. Ən varlılar və ən kasıblar – buna gedirik. Orta təbəqə tədricən yoxa çıxır. Sənaye mallarının istehsalı yox dərəcəsindədir, kənd təsərrüfatı da zülmdə.
– Azərbaycan bayrağı dalğalanan Şuşadan azca aralı, Xankəndinə uzun-uzadı tamaşa edən qəhrəman əsgərlərimiz Rusiya “sülhməramlılarının” himayə etdiyi ermənilərə üz-üzə dayanıblar. Necə düşünürsünüz, nələr baş verir?
– Müharibəni udduq. Amma Rusiya qələbəmizi “oğurladı”. Çünki Rusiyaya problemsiz Azərbaycan sərf eləmir. Azərbaycanın da ən böyük problemi ermənidir. Ona görə də Rusiya ermənilərin Qarabağdan tamam çıxarılmasına mane oldu. Ərdoğanla Putin arasındakı anlaşmanın detalları bəlli olmayınca bir ay, bir il sonra nələr olacağı da bəlli olmaz. Necə ki, bir il öncə belə bir möhtəşəm qələbəylə torpaqlarımızı geri alacağımız ağlımıza da gəlmirdi.
Oqtay Qorçu