Aynur Mirhəsən
İnsan izi ilə bağlı o qədər misra, o qədər ibrətamiz söz düzülüb-qoşulub ki. Təzə nəsə deyə biləcəmmi?
Amma uzun illərdir müşahidə etdiyimi dilə gətirmək istəyirəm: nə qədər hündür olsa da, təzə binaların pilləkənlərini asan qalxır adam. Qədimi evlərdəki, məhəllələrdəki pilləkənləri isə yox.
Ona da fikir vermişəm ki, əslində təzə binalarda bir pillənin hündürlüyü daha yüksəkdir. Məntiqlə fikirləşsək, bu variantda adam ayağını yuxarı nə qədər çox qaldırarsa, bir o qədər də çox yorulmalıdır. Amma təzəlikdən yorulmursan, asanca yuxarı – mənzilbaşına çatırsan.
İllərlə insan tapdağı altında qalan, ayaq izlərindən daşları yeyilmiş, ortası çökmüş pilləkənləri niyə belə ağır-ağır, güclə qalxır adam?
Qədimi pilləkənlərə çoxlu insan ağırlığı çöküb, ondandır. Onlarda minlərin, milyonların izi və bir o qədər də ağırlığı var. Ayaq izləri o qədər üst-üstə düşüb ki, daşı daş olmaqdan, pilləkəni pillə olmaqdan çıxarıb. Onlara fikir vermisinizmi: daha çox orta hissəsi, adamların düşüb-çıxdığı yer çökmüş olur – məğlub insanlar kimi.
Çoxunun getdiyi izlə addımlayanlar köhnə pilləkənlərlə qalxanlara bənzər – mənzilbaşına gec çatarlar, onları özlərindən əvvəl gedənlərin ağırlığı basar. Gör nə qədər ardıcılı Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəyovun, Firudin bəy Köçərlinin, Yusif Məmmədəliyevin, Mustafa Topçubaşovun və başqalarının yolu ilə gedib və uğuru yalnız onların təzə izləri ilə addımlayanlar əldə ediblər, tarixə öz adlarını yazmağı bacarıblar.
Niyə ədəbiyyatımızda, musiqi dünyamızda, səhiyyəmizdə, tarix elminin tədqiqatı sahəsində yeni adlar, yeni izlər açan yoxdur? Çünki çoxumuz köhnə pilləkənlərlə qalxmağı üstün bilirik, ondandır.
Qədimilik, əskilik tarixdir, dəyəri böyükdür. Amma o, işlədilmək, addımlanmaq, gedilmək üçün deyil, bəzəkli çərçivəyə vurulub qorunmaq üçün, ondan bir çox ibrətləri götürmək üçündür.
Əski izləri tapdalayanda adamı ağırlıq basar, basarat bağlanar.
7 mart 2013-cü il
1976-cı il yanvarın 27-də doğulan Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub.
2020-ci il yanvarın 18-də vəfat edib.
Ölümündən sonra jurnalistin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb.