Mətanət Natiq
Şəhidlər, talelər
İlahi, nə çox şəhidimiz varmış, xəbərimiz yox. Hər şəhidin də öz həyat hekayəti. Onların adbaad siyahısı açıqlanıb. Ancaq hamısının bir adı var: Şəhid.
Telekanallarda, saytlarda, sosial şəbəkələrdə şəhidlərimizə aid ən müxtəlif əhvalatlar danışılır, videolar, fotolar yayılır. Bir hərbçimiz şəhidliyindən az əvvəl mahnı oxuyur, bir başqa döyüşçümüz son nəfəsində əsgərlərinə deyib ki, qardaşı bilməsin şəhid olduğunu, biri döyüşdə ola-ola doğmalarına təlimdəyəm deyib… Daha nələr, nələr… Həm fərqli, həm oxşar talelər…
Bir şəhid atasının müsahibəsini izləyirəm. Deyir oğlumun meyitini morqdan götürməyə getmişdim, orda çox şəhidin cənazəsi vardı, hamısının da üzündə təbəssüm. Sanki şəhid olduqları üçün xoşbəxt idilər.
Şəhidlər! Onlar Qarabağın ağ günə çıxması üçün canlarından keçdilər. Vətən tək torpaqdan ibarət deyil, həm də torpaq altında yatan şəhidlərdən ibarətdir.
Azərbaycan qamətini onların sayəsində düzəltdi. Qarabağın qara bağı onların sayəsində açıldı. Nə çox Mübariz kimi oğullarımız varmış – ürəyi Vətən sevgisi ilə dolu.
Qazilərimiz televiziyalara, saytlara müsahibələrində qürurla torpaqlarımzı necə azad etdiklərindən danışırlar. Müharibə yeni qəhrəmanlar yaradır. Qarabağda əlini, ayağını, gözünü, canını verən oğullar. Xalqı yaşatmaq üçün özünü qurban verən oğullar.
Azərbaycanın bir hissəsi yox idi. İndi onların sayəsində var. Mədəniyyət beşiyimiz, bizim mənəvi dünyamızın şah əsəri olan Şuşa uğrunda gedən döyüşlərdən danışır bu igidlər. Şuşa uğrunda döyüşlər çox ağır olub. Demək olar Şuşanın fəthi mümkünsüz idi. Lakin şanlı əsgərlərimiz keçilməz sədləri sözün əsl mənasında dişləriylə-dırnaqlarıyla, əlbəyaxa döyüşlərlə dəf edib, özlərini alınmaz qalaya yetiriblər. Şuşa nisgili şanlı əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində sona çatdı.
Düşmən bir jurnalistə verdiyi müsahibədə deyib ki, gözümüzü yumub-açınca görürdük Azərbaycan əsgərləri qarşımızdadır. Düşməni göz açmağa qoymayan igidlərimiz günü bu gün də soyuq səngərdə isti yerimizi qoruyurlar.
İndi Qarabağa qar yağır. Qarabağ, onun incisi olan Şuşa qarlı da gözəldir.
Azadlığımızı təntənəylə geyd etdik Azadlıq meydanında. Ordumuzun qələbəsini Ordumuzla birgə qeyd etdik.
Biz sizinlə fəxr edirik, əziz Azərbaycan oğulları. Azadlığı zəfərə çevirən ŞƏHİDLƏRİMİZ! Uğrunda canından keçdiyiniz Vətən torpag sizi isidir. Rahat yatın, Vətənimin igidləri!
Ümumibəşəri bəla
Bir gün bir xəbər hər kəsi çaşqın vəziyyətə saldı. Gözəgörünməz bir virus sürətlə ölkələri caynağına aldı.
Hamı qorxu içərisində bu virusun bizim də ölkəmizə keçəcəyi vahiməsiylə yaşadı. Hər kəs təlaş içindəydi. Metroda, avtobusda maskalı insanlar görünməyə başladı. Sanki cüzam xəstəliyi vardı.
Televiziyada hər gün virusun hansı ölkəyə yayıldığı və nə qədər adamı yoluxdurduğu haqda xəbərlər artdıqca artdı. Axırda məlum oldu ki, bu virus Cində Uhan adlı bir yerdə yarasa supu yeyən adamlardan yayılıbmış. Yəni yarasadan insana keçibmiş.
Vallah, mən bu çinliləri heç başa düşə bilmirəm. Gözəl nemətlər olduğu halda niyə bu iyrənc həşəratları yeyirlər?!
Bir haşiyə cıxmaq istəyirəm. Keniyada tarlaları çəyirtkə basıb, adamlar çarəni çəyirtkəni tutub yeməkdə tapıblar. Deməli, bəzi ölkələrdə həşərat yemək adi haldır. Nə etmək olar – millətlər, adətlər müxtəlifdir.
Amma koronavirus dünyaya baha başa gəldi. O, ümumibəşəri bəlaya çevrildi. Əvvəl dedilər hava isinəndə keçəcək. Ancaq isti hava da ona təsir etmədi.
İndi demək olar dünyada elə bir yer qalmayıb ki, orada adamlar koronavirusa yoluxmasınlar. Sadə adamlardan tutmuş dövlət rəhbərlərinədək dünyada on milyonlarla insan bu virusa yoluxub.
Hərdən mənə elə gəlir ki, bu, bakterioloji silahdır, koronavirus insan əli ilə yaradılıb.
Neçə aydır insanlar karantin rejimində yaşayır, vaxtlarının çoxunu evdə keçirməli olurlar.
Karantində evdə oturduğum vaxtlarda mən rəngləri sanki yenidən kəşf etdim. Məncə, koronavirusun da öz rəngi var: ağ və qara. Qara yoluxanlar, ağ isə sağalanlardır.
Bu virus həyatımızda hansı rəngi buraxacaq, bunu bir Allah bilir. Hələ ki, hər kəs sanki xaos içərisindədir. Dünən bu virusa inanmayanlar yaxınları, yaxud özləri yoluxandan sonra inanıblar. Maska taxanlar çoxalıb. Təmizlik imandandır deyiblər. Hamı əl-üzünü tez-tez yuyur. Vallah, bu virus pintiləri də təmizkar edib. Allahı unudanların yadına Allahı salıb.
Beləliklə, maska, məsafə, məsuliyyət – koronavirusun şüarlarına çevrilib. Arzu edirəm bu ümumibəşəri bəla tezliklə dünyadan yox olsun, dünyamız yenə də maviyə, çəhrayıya boyansın!
Müəllifin başqa yazıları:
Ümidlə yolçuluq
Səssizlik
Vətənim
Atılmış
Göz yaşı və biganəlik
Örnək adamlar
Darıxıram, ana
Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar
İnsanı yoran nədir?
Nurlu insan
Qabarlı əllər, gözəl insan
Payız yağışı
Xilaskar, müsəlman dünyası, tənha ağac, təhqir edilmiş şair…
Əsgər şalvarı, yeraltı dünyanın qəhrəmanları, sehirli aləm və yenilik
Adamlar, sevgi hekayətləri, qəbir daşı və dostluq
Ömrümüzün mənası və əsl sevginin qələbəsi