Yazıçı Pərviz Cəbrayıl Novator.az saytının suallarını cavablandırıb.
– Koronavirus daha bir yazıçıya “ilişdi”. Allah şəfa versin, eşitdim xəstələnmisən…
– Sağ ol, məncə də ilişib. Ancaq rəsmi deyil…
– Yoluxma faktı üzə çıxandan sonra səni xəstəxanaya yerləşdirdilərmi, yoxsa ev şəraitində müalicə alırsan? Hə, bir də necə yəni rəsmi deyil?
– Məndən əvvəl ailədə başqasında əlamətlər görünməyə başladı. Təcili yardıma zəng etdik. Təxminən belə dedilər ki, biz ancaq vətəndaşlar ölüm ayağında olanda gəlirik, siz sabah saat səkkizdə qeydiyyatda olduğunuz poliklinikaya gedin.
Sabah ora getdik, saat doqquzda sahə həkimi hələ işdə deyildi, zəng etdik, o da dedi sizdə korona əlaməti yoxdu, açılın başımızdan. Sonra ailədə başqa birində əlamətlər zühur etdi. Mən də daha əlimi TƏBİB-dən və Şirəliyevin obyektindən üzmüşdüm deyə test-zad vermədim, Moskvada çalışan həkim dostum Tural Mirzəyevdən kömək istədim, sağ olsun, hər köməyi etdi, sonra da Almaniyada doktorantura təhsili alan Samirə Əli məsləhətlərini əsirgəmədi.
Mən bir evdə yaşadığımıza görə artıq bilirdim ki, yoluxma ola bilər. Ona görə də Nizaminin “Leyli və Məcnun”unda yer alan itlərlə dostluq hekayətindən bir növ dərs alaraq, əvvəlcədən koronayla dostluq etməyə, bir növ özümə vaksinasiya etməyə çalışdım ki, yoluxanda ağır keçirməyim.
Dünya məni koronanın qucağına atanda əvvəlcə viruslar məni parçalamaq üçün hücum çəkdi, sonra gördülər ki, yox, tanışdı, o qədər sərt olmayaq… Beləcə, evdəcə müalicə aldıq.
– Bir çox xəstələr lazım olan dərmanların tapılmamasından, tapılanların da çox baha olmasından şikayətlidir. Bu problemləri necə həll edirsən?
– Məsləhət görülən dərmanların fantastik həddə qaldırılmış qiyməti və qəhətə çəkilməsi haqda hamı bilir. Belədə həkim dostların məsələhəti əvəzsizdi. Yəni nəyi nəylə əvəz etmək olar – həm tapılsın, həm baha olmasın, həm də xeyri dəysin.
Ümumiyyətlə, pasiyent kimi həkimlərə üz tutanda adamı koronadan çox vahiməyə salırlar. Ancaq həkim dostun olunca başa düşürsən ki, bunlar hamısı manipulyasiyadı, kapitalizmdi. Yeri gəlmişkən deyim ki, bu xəstəliyin özü o qədər təhlükəli deyil, nəinki manipulyasiyası, belə deyək, piar olunmuş adı təhlükəlidi. Xəstəlik özü maksimum ağciyərə və başqa xəstəliklər varsa, onları şiddətləndirib zərər vurur, ancaq xəstəliyin milyon dəfə şişirdilmiş adı insanın bütün ruhunu qurd kimi yeyib-məhv edir.
Mən manipulyasiyaya uymadım, söz verdim təslim olmayacam, olmadım da. Təkrar edirəm, həm həkim dostlarımın, həm yoluxmuş yoldaşların da möhkəm dayanmağıma köməyi dəydi. Ancaq bütün hallarda vacib qorunma qaydalarına mütləq əməl etmək lazımdı. Xüsusən bir-birinin evinə hurrey deyib tökülüşmək qəti olmaz. Cahillikdi bu.
– Planlarında şahidi olduğumuz iki böyük tarixi hadisə – koronavirus pandemiyası və Vətən müharibəsi haqqında nəsə yazmaq varmı?
– Pandemiyayla bağlı hələ Bəhram Bağırzadə “son nəfəsində” xəstəxanaya yıxılanda ağlıma gələn bir mövzu-süjeti qeyd etmişəm, haçansa yazacam. Savaşla bağlı da “Məryəm surəsi”ndə qismən vardı, daha dərin qatda olsa da. Sonrakı romanım üçün qeydlərimdə də müharibənin özündən yox, yəni döyüş meydanından deyil, onun fon olduğu həyatdan bəhs etməyi nəzərdə tutmuşdum. Müharibədən sonra fikrim daha qətiləşdi.
Əsərin qəhrəmanı Birinci Qarabağ savaşında göstərdiyi şücaətlərə rəğmən milli qəhrəman adından, hər cür imtiyazdan imtina etmiş musiqi müəllimi, bəstəçidir. Son savaşın fikrimə ciddi korrektələr edəcəyini düşünürdüm, amma olmadı. İdeya qələbə və ya məğlubiyyətdən asılı olmayan müstəqil ideyadır. Detalları açmaq istəmirəm, amma ciddi psixoloji və sosioloji qatları olan bir roman olmalıdır. İdeya qatında dəyişiklik olmasa, qəhrəmanım Həzrət Əlinin çağdaş məkan və situasiyaya proyeksiyasıdır.
– İndi necəsən, müalicən davam edirmi?
– Artıq yaxşıyam. Müalicə vitaminlər səviyyəsində davam edir, xəstəlik də hələ özünü xatırlatmaqla məşğuldur. Deyirlər, 85 gün çəkir hardasa bu xatırlatmalar. Yəqin ki, qoxu hissi bərpa olunana kimi onu unutmaq mümkün olmayacaq.
Yeri gəlmişkən, qoxu hissini itirməyim mənə başa saldı ki, bu duyğular ayrı-ayrılıqda nədir, bilirik, ancaq onun biri çatışmayanda, sən demə, o biri də yarımçıq olurmuş. Məsələn, yeməyin dadını hiss etsən də, qoxusunu almırsansa, o yeməyi tam dərk edə, ondan tam ləzzət ala bilməzsən. Xırda detalların birinin yoxluğu insanı yarımçıq edir. Görünür, dünyanın dərkində də insanda hər şey yerində olmalıdır ki, yaşamı tam qavraya biləsən – məsələn, məntiq, zəka, hiss və sair.
– Çox yormayım səni… Tezliklə sapsağlam yazı masana dönmək arzusu ilə… Allah amanında ol!
– Var ol, Oqtay! Əsas odur özümüzü soyuqdan qoruyaq. Virus hamımızın içində var artıq…
Oqtay Qorçu