Vahid Qazi
Qarabağdakı Rusiya qoşunları ilə neyləyək?
Pişim-pişim davranışla yola verək, ya ”vaşmat” deyib işğalçı kimi üstlərinə gedək?
Kodlarla, işarələrlə danışmağı xoşlayan Putin məlum bəyanata əsgər sayını 2000 yox, məhz 1960 rəqəmiylə yazdı. O bəyanata Türkiyənin adını salmağa inad etdiyimizə görə 1960-cı ildə hakimiyyətdən salınıb edam edilən Adnan Menderesə işarət verməklə hakimiyyəti təhdidmi etdi? Bu, doğrudanmı belədir?
Başqa nələrlə təhdid etdi bizi?
İmzadan sonra o aktı “işğal” adlandırmaq rəsmilərimizə çətindir, başa düşürük, amma əvvəl-axır etiraf edəcəklər!
Biz bilirdik, indi erməni görmüş 18 yaşlı gənc əsgərimiz də bilir ki, nəinki Xankəndi, tək Drmbon kəndində belə erməninin qalması gələcəyimiz üçün hazır minadır!
Çiban deşilməyincə, sonacan gedib axırıncı ermənini sərhəddən yola salmayınca, “başabaş dəyişim” işini bitirməyincə bizə Qarabağda gün yoxdur!
Qarabağ tam azad edilməmiş hər il milyardlarla manatı boğazımızdan kəsib onun ətrafının bərpasına ayırmağımız da bir başqa riskdir. Pul havaya sovrulmayacaq ki?! Bu gün tikdiklərimiz sabah döyüş poliqonuna çevrilməyəcək ki? Nə vaxtsa yeni Qarabağ müharibəsinin başlamayacağına kimsə qarant durubmu?! Bir də… heç qaranta baxanmı var ilməsi itmiş dünyada?!
Nə etməli?
Siyasətçi olsaydım, Ermənistanda Qarabağı xilas yolunda buxov, Rusiyanı Avropaya inteqrasiya yolunda tıxac hesab edən siyasi qüvvələri arayardım. Onlarla ilkin söhbətlərə başlayar, Qafqazı Rusiyadan azad etməyin, ondan birgə xilas olmağın gələcək konturlarından danışardım. Belə bir qüvvə aramaq qaranlıq otaqda qara pişik axtarmağa bənzəsə də, cəhd edərdim.
Amma indi koronavirusun boğazıma çöküb nəfəsimi kəsdiyi bu dar macalda ağlıma heç bir dahiyanə fikir gəlmir! Tək bu ikisindən savayı…
Birincisi – Türkiyə qoşunları! Dəfələrlə dediyimi bir də deyim ki, ölkədə Putinin, Kremlin dilini ən yaxşı bilən qüvvə indi hakimiyyətdə olanlardır. 10 noyabrda nə baş verdiyini hamıdan dəqiq bilən ölkə başçısıdır. Bu gün pişim-pişim siyasətini münasib bilirlərsə, buyursunlar, hara qədər mümkündür çəkib aparsınlar. Alternativ variantı Rusiya Abxaziyada, Cənubi Osetiyada, Donbasda göstərib. Qarabağdakı planlarının da artıq konturları sezilməkdə, xoruzun quyruğu görünməkdədir.
Türkiyə ilə ən yüksək hərbi saziş imzalansın və türk qoşunları bizim ordumuzla bərabər Qarabağın rusda, ermənidə qalan hissəsini üzük qaşı kimi dövrələsin!
İkinci – Rusiya qoşunları! Hakimiyyətin siyasəti öz yerində, biz – bu ölkənin insanları vətəndaş mövqeyimizi sərgiləyək. “Иван, уходи из Карабаха” (İvan, Qarabağdan çıx!) şüarı ilə Rusiya qoşunlarının Qarabağdan çıxmasını tələb edək. Ümumxalq etiraz hərəkatına başlayaq! Pandemiya dövründə küçələrə tökülməyə ehtiyac yoxdur, kütləvi etiraz aksiyalarını sosial şəbəkələrdə də keçirmək olur.
Unutmayaq – haqlı etiraz Tanrıya ibadətdir! Rus ordusuna “Rədd ol!” demək həm haqq, həm də ləyaqət işidir!
Bunu da unutmayaq – xalqın Qarabağ tələbi olmasaydı, hakimiyyət nə müharibəyə hazırlaşar, nə də başlardı. “Şuşaya yol Bakıdan keçir” şüarımızı “Şuşaya yol Xankəndidən keçir”lə əvəzləməyin zamanı çatıb!
…Nə deyirsiniz, 1945-ci ildə almanların, 1956-ci ildə macarların, 1968-ci ildə çexlərin dediyini biz də təkrarlayaqmı – “Иван, уходи из Карабаха!” deyəkmi?
29 dekabr 2020
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
Berqman, Tarkovski və Qotland adası
Bir cənub şəhərinin yubilyarına
Hədəfə çatmağın köçəri quş yolu
İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?
Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti
Şuşa inauqurasiyası, mən, qarğalar…
Qarabağdan danışmaq yasaqlanır?..
Rusun iti, Putinin bülbülü və sair