“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.
Robert T.Kiyosaki, Şeron Lektor, “Varlı uşaq, ağıllı uşaq” (Maliyyə uğuruna nail olmaq üçün uşağa necə şans verməli?)
Bu kitab müasir həyatda böyüyən nəslə, həm varlı, həm də kasıb uşaqlara yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir.
Kitabdan çıxan nəticə budur ki, valideynlər övladlarının elmə yiyələnmələrini qiymətləndirir, onların müstəqil həyatda ilk maliyyə uğurlarını alqışlayırlar. Onların bu istəklərinin həyata keçməsi naminə fəal mübarizə aparmalarını arzulayırlar.
Kitabı Kifayət Haqverdi tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Toni Şey, “Xoşbəxtliyi çatdırmaq” (Gəlirə ehtirasa və məqsədə gedən yol)
Kitab Toni Şeyin həyatını anladan bioqrafik əsəridir. Burada müəllifin öz həyat amalını necə kəşf etdiyini, “Zappos”un necə uğurlu şirkətə çevrildiyinin altında yatan qeyri-adi yanaşmaları, örnəkləri görəcək, keşməkeşli həyat yolunun şahidi olacaqsınız.
Kitab həyat amalı uğrunda öz ideyalarını reallaşdırmağa çalışan, üzləşdiyi çətinliklərə doğru-düzgün cavab axtaran şəxslər üçün əsl motivasiya mənbəyi olacaq.
İnsanın əsas yaşam məqsədi xoşbəxt olmaqdırsa, o zaman xoşbəxtliyi həyatımızın hər anına yaymalıyıq ki, bizi əhatə edən çevrəmiz də bu xoşbəxtlikdən öz payının alıb digərlərinə ötürə bilsin.
Kitabı Sadiq Musa tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Fyodor Dostoyevski, “Stepançikovo kəndi və sakinləri”
Fyodor Dostoyevski “Stepançikovo kəndi və sakinləri” povestini iki il ərzində yazıb. Əsər 1859-cu ildə “Oteçestvennıye zapiski” jurnalında dərc olunub. 1860-cı ildə əsər dəyişiklik olmadan ayrıca kitab şəklində çap edilib.
Yazıçının ölümündən sonra povest populyarlıq qazanıb, Foma Fomiç isə məşhur ədəbi qəhrəmana çevrilib.
Əsərin baş qəhrəmanı istefada olan polkovnik Yeqor İlyiç Rostanyev xeyirxah, alicənab bir insandır, amma yumşaq xarakterə malik olduğundan çox tez təsir altına düşür. O, gözlənilməz halda Stepançikovo malikanəsini miras olaraq alır və uşaqları, eləcə də yaşlı anası Kraxotkina ilə oraya köçür. Dul qadın Kraxotkina himayə etdiyi Foma Fomiçi də malikanədə onlarla birlikdə yaşamağa dəvət edir. Foma Fomiç özünü məşhur filosof, müəllim və yazıçı elan edib öz şəxsiyyətinə qeyri-adi dərəcədə hörmət və ehtiram tələb edir. Özü öz evində ürəyi istədiyi kimi yaşaya bilməyən Yeqor İlyiç isə hətta sevdiyi qadına belə ürəyini açmaq ixtiyarına sahib deyil…
Əsəri Zülfiyyə Abdulla tərcümə edib.
Kitabın satış qiyməti 7.99 manatdır.