“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.
“Bilqamıs” dastanı (Hər şeyi bilən adamın dastanı)
Qədim Şumer-Akkad ədəbiyyatının ən yaxşı nümunələrindən sayılan və təxminən e.ə. VI-II minilliklərdə formalaşaraq gil lövhələr üzərinə köçürülən, bu günümüzədək gəlib çatan “Bilqamıs” dastanı (dünyanın hər üzünü görmüş, hər şeyi bilən adamın dastanı) dünya ədəbiyyatının ən nadir incilərindən hesab olunur.
Bu dastanda qədim insanların əbədi həyat, ölməzlik haqqında arzu və düşüncələri, onların həyat və məişəti geniş bədii lövhələrlə əks olunub.
Dastanı İ.Vəliyev tərcümə edib.
Kitabın satış qiyməti 4.99 manatdır.
Fazil Mustafa, “Düşünənlər və düşündürənlər”
Kitabda Fazil Mustafanın klassik və yeni nəslə aid ayrı-ayrı düşüncə adamlarının, yazarların həyatı, əsərləri və düşüncələrinə dair esseləri yer alıb.
Kitab ədəbi və fəlsəfi düşüncənin daha dərindən anlaşılması baxımından geniş oxucu camiəsi üçün faydalı ola bilər.
Kitabın satış qiyməti 9.99 manatdır.
Temur Babluani, “Günəş, Ay və buğda zəmisi” (Manuşak məni gözləyir)
İnsanın günahsız olduğunu təsdiqləməsi çox çətindir, xüsusilə də kriminallar ölümlə hədələdiyi zaman. “Zahirə çıxarılmış” müqəssiri Sibirə göndərmək və ya onun üçün ölüm hökmü kəsmək uşaq oyuncağıdır. O da belə bir həyata məhkum olunub. Başqası tərəfindən törədilmiş qətlə görə mühakimə edilib, üstəlik, həyat onunla başqa oyunlar da oynayıb; indi onu ya vərəmdən ölmək, kiminsə tərəfindən öldürülmək, ya da güllələnmək təhlükəsi gözləyir. Ən yaxşı halda isə ağlını itirib ömrünün yarıdan çoxunu qapalı divarlar arasında keçirmək qorxusu var.
Məşhur gürcü ssenaristi və rejissoru Temur Babluaninin birnəfəsə oxunan “Günəş, Ay və buğda zəmisi” (Manuşak məni gözləyir) adlı romanı tiflisli bir gəncin həyatda qalmaq mücadiləsindən bəhs edir.
Kitab Gürcüstanda xüsusi ədəbi mükafata layiq görülüb.
Əsəri gürcü dilindən Kamuran Kiryakov tərcümə edib.
Kitabın satış qiyməti 12.99 manatdır.