“Vətən uğrunda atılmış addım”
Hikmət Nazim
Maraqlıdır, xəbər saytları redaksiyaya daxil olan press-relizləri oxuyub dərc etməzdən əvvəl göndərilmiş informasiyanın doğru olub-olmadığını nə cür yoxlayırlar, hansı üsuldan istifadə edirlər? Və yaxud özlərini belə bir əziyyətə verirlərmi?
Fikrimcə, qətiyyən yoxlamırlar; hətta Quran ayəsi kimi başına fırlanıb tələm-tələsik sərlövhə yazırlar: “BDU Dövlət bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yayıb”, “Dövlət bayrağını təhqir edən tələbə universitetdən qovuldu”.
İndi isə press-relizə baxaq: “Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyayıb, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib”.
Bu xırdaca mətndən də göründüyü kimi, yuxarıdakı təxminim doğrulanır. Təhqiredici hərəkətlər edib. Adamlar başlarını işlədib yaradıcı başlıq da axtarmayıblar. E-maili açıb oxuyan kimi gözlərinə dəyən ilk cümləni başlığa çıxarıblar, ağıllarına gələn yox ha, gözlərinə dəyən.
Razıyam, mətni göndərən Bakı Dövlət Universiteti kimi mötəbər qurumdur, lakin məhkəmə deyil. Normal media qurumu yeri gələndə məhkəmənin hökmünə də şübhəylə yanaşır: ittiham olunan şəxs yazır, cinayətkar yazmır.
Üstəlik, bir universitet tələbə haqqında ehkam kəsirsə, hökm oxuyursa, bunun araşdırmaya ehtiyacı var. Hələ onu demirəm ki, bunu araşdırmaq o qədər də çətin deyil.
“Bildiririk ki, sosial şəbəkələrdə tələbənin valideyninin Qarabağ qazisi olması ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılır. Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov Birinci və İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib” kimi olduqca əhəmiyyətsiz informasiyanı götürüb xəbərə əlavə etməyə vaxt tapıblar, amma az qala on sosial şəbəkə istifadəçisindən birinin profilində paylaşılmış videoya baxmağa vaxt tapmayıblar.
Yaxşı, qoy haqlarına girməyim, sonuncu cümləni belə dəyişim: baxıblar, amma rəsmi xəbəri yaymaq asan gəlib, daha doğrusu, Bakı Dövlət Universiteti ilə “pis olmaq” istəməyiblər. Ala başına, kül başına xəbər yaymaqlarından belə nəticə çıxır.
Videoya baxmış olsalar görərdilər ki, o gənc tələbə heç də press-relizdə göstərildiyi kimi, Azərbaycan bayrağını təhqir etməyib, sadəcə bayrağa bürünüb. Başqa sözlə, Azərbaycan bayrağını başının üstünə qaldırıb.
Ola bilər, o bunu etməklə universitetin nizam-intizam qaydalarını pozub. Bunun isə başqa adı var: hörmətsizlik. Fəqət məsələ burasındadır ki, koronavirus (Covid-19) pandemiyası üzündən dərslər evdə keçirilir, məlum hadisə hələ dərs başlamamış olub. Diqqət etmisinizsə, video başlayanda görüntülər bir-bir açılır, ən sonda Pərvizi görürük. Dolayısı ilə dərinə gedəndə tələbə heç nizam-intizam qaydalarını belə pozmayıb. Nəysə… Qoy heç olmasa daxili nizam-intizam qaydalarını pozmuş olsun, tələbəni ittiham edənlərin ürəyi yerinə düşsün.
Qayıdaq təhqir məsələsinə…
Sizi inandırım, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 11-ci maddəsi press-relizdə olmasa, xəbəri yayan saytlar qanunun məlum maddəsini belə açıb oxumayacaqdılar. Niyə bu fikirdəyəm?
Qanunda açıq-aydın göstərilib ki, Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.
Nədir təhqiredici hərəkətlər, yaxud bayrağı başına bürümək onu təhqir etmək deməkdirmi?
27 sentyabrda Azərbaycanla Ermənistan arasında müharibə başlanan gündən bayrağı çiyninə atıb, belinə bağlayıb arxasında sallayanlar gördük. Hərçənd bunlarda da təhqiredici hərəkət görmürəm, adamlar emosiyalarını bir şəkildə büruzə verir, özlərini bəlkə də bu yolla ifadə edirdilər. Sual olunur: bayrağı çiyninə atıb, belinə bağlayıb ay-ulduzu arxasında sallayanlar onu təhqir etmiş sayılmır da, başına qaldıran tələbəmi təhqir etmiş sayılır?
Yox, burada “Amerikalılar Amerika bayrağının rənglərində alt paltarları geyinirlər, fransızlar Fransa bayrağının rənglərində şortik” kimi şablon misal gətirib hamının dediyi fikri təkrarlamaq istəmirəm. Söhbət Amerikadan deyil, daha mühafizəkar toplumdan – Azərbaycandan gedir. Bununla belə azərbaycanlıların bayrağa yanaşması kor-koranədir.
Misal üçün, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 9.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Müharibə başlanandan bir müddət sonra şəhid xəbərləri gəlməyə başladı, bayraq defisit oldu. İşbazlar evə milçək girməsin deyə pəncərəyə tutulan tordan bayraq hazırlayıb satmağa başladılar. Bu üzündən baxanda o üzü görünürdü. Bu gün fağır bir tələbənin haqqında yazanda hiddətlənən sosial şəbəkə istifadəçiləri, eləcə də media nümayəndələri gözünü yumub bayraq alırdı. Nə qanun yada düşürdü, nə bayrağa hörmət.
Hərçənd media belə məqamlarda hərəkətə keçməli, dövlət bayrağının ona ən çox ehtiyac olduğu dövrdə birdən-birə yoxa çıxması və ya çıxarılmasının səbəbləri haqqında araşdırma aparmalı idi. Görünən odur ki, Azərbaycan mediası da aid olduğu topluma oxşayır, onun üçün adi bir tələbəni ittiham etmək “vətən uğrunda atılmış addım”dır.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?
Müxbiri müsahibin ayağına verənlər…
Bölgələrdən niyə xəbər yoxdur?
Moskva razılaşması haqqında bir neçə söz
Televiziyalar niyə hələ də var?
Əminənin qətlində türk seriallarının payı
Yüksək oxu sayına güvənmək olarmı?
Yuxudan oyananda nə edirsiniz?
Elektron kitablar və virtual müsahibələr…