Oqtay Qorçu
Görüşəcəyik… Görəndə nə deyəcəm, nə söyləyəcəm?.. Dinməz-söyləməz Hikmət Sabiroğlunun gözlərinə baxacam, başqa nə edə bilərəm axı, bircə “Şuşa” pıçıldamağa gücüm çatar, bağırmağa heyim də qalmayıb.
Şuşa əsirlikdən qurtuldu. Azərbaycan Ordusu Şuşanı Qarabağa qaytardı, qalası dəlmə-deşik, yurd-yuvası viranə qalmış Qarabağa.
Hikmətin gözlərinə baxıb susmaqdan əzablı heç nə yoxmuş. Uzun illər o gözlər bizim baxışlarımızı güldürə-güldürə bizə təsəlli verirmiş demə.
Hikmət Sabiroğlunun gözləri 28 il 6 ay neçə adamı ölməyə, çatlamağa qoymayıb, Hikmətin gözləri vaxtında, təcili yardımdan da tez çatıb harayımıza. Toy olanda o gözlər kədərini qaranlığa quylayıb, yas olanda kədərinin yanına enib onunla ağlayıb ki, biz xəbər tutmayaq. Bizi ağlatmasın deyə o gözlər gözümüzə kül yox, ümid üfürüb. İndi bu boyda xidmətlərinin qarşısında mən Hikmətin gözlərinə baxıb nə deyim?
İçindəki üzqızardan, hər gün göynəyən kədər hələ köhnəlməyib, hələ Hikmətin dərdi diridi, o dərd Şuşadan doymayana qədər öləsi deyil. Dünyanın bir günü, özü də XXI əsrin bu vurhavurunda ağlıma da gəlməzdi ki, bir gün Hikmətin gözləri kədərini öldürməkdən ötrü Şuşaya çıxacaq.
Hikmət abimi görəndə nə deyim, ay Allah, bəlkə elə sənin kitabından, sənin peyğəmbərlərindən sitat gətirim, Hikmətə bildiklərini danışıb vaxtın işgəncəsindən qurtulum bəlkə?..
Dillə deyiləsi deyil…
Hisslərimi ifadə eləmək üçün adi kəlmələr gözləri yaşlı bu sevinci adiləşdirər. Bu, Allahın, ədalətin, əsgərin, generalın, ölkənin, xalqın, ali baş komandanın qələbəsidi. Bu, Üzeyir bəyin ahıdı – düşməni tutdu, bu, Xanın səsidi – düşməni silkələdi, bu xeyirin haqqıdı – haqq öz yerini tapdı. Bu… Hikmətin gözlərinə işıq verən Allahın qələbəsidi, bu, Hikmətin Allahıdı. Hikmət Sabiroğluyla adi gündə üz-üzə gəlməyə nə varmış ki…
Əlac qalıb yalvarmağa. Onun hüzurunda durub Hikmət Sabiroğlunun gözlərinə dönə-dönə yalvarmaq: “Məni Şuşaya apar…”