“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.
Vigdis Yort, “Miras və vəsiyyətnamə”
Vigdis Yort 1959-cu ildə anadan olub. O, Osloda böyüyüb, lakin ayrı-ayrı illərdə Kopenhagen, Bergen və Fransada yaşayıb.
Yazıçı uşaqlar üçün nəzərdə tutulmuş “Pelle” adlı kitabla ədəbiyyata gəlib və həmin nəşrə görə Norveç mədəniyyət idarəsindən mükafat alıb.
Kitabın satış qiyməti 9.99 manatdır.
Toni Morrison, “Evə”
Amerika Birləşmiş Ştatları, 1940-cı illər. Uğursuz zənci ailəsi – valideynlər və onların iki kiçik övladı – oğlan və qız Texasda irqçilərin əlindən Corciyaya, Lotus şəhərciyinə qaçır. Aradan neçə illər keçir. Hüquqsuzluqlarına, bacısının başına gələn dəhşətlərə və Koreya müharibəsinin veteranı Frenkin ağrılı xatirələrinə baxmayaraq, həyat öz axarına düşür, qəhrəmanların ümidi qırılmır.
Əsəri İlqar Əlfioğlu tərcümə edib.
Kitabın satış qiyməti 4.99 manatdır.
Abay Kunanbayev, “Qara söz”
Qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi liberal islamın əsasında qazax mədəniyyətinin rus və Avropa mədəniyyətləri ilə yaxınlaşması tərəfdarı Abay Kunanbayev yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır.
Abay Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirib, ona yeni ictimai məzmun gətirib. Təmiz, saf məhəbbəti tərənnüm edib, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaradıb.
Kitabın satış qiyməti 5.40 manatdır.
Əli Əkbər, “Emiqrant”
Heyranedici, müstəsna dərəcədə gerçək bir romandır! Kitab kommunizm və totalitarizm şəraitində, siyasi intriqa, casusluq və sevgi kimi hisslər burulğanında yaşayan mühacirin həyatından bəhs edir.
Ailənin vacibliyi, məcburi ayrılıq illərində çətinliklərə qarşı mübarizədə ona güvənmək inandırıcı və əbədi bir hissdir. Əsərin baş qəhrəmanı Rüstəm idealist olduğu qədər də praqmatik bir insandır, həyata, ailəyə öz baxışı var, özünə inanır. Məhz bu sonuncu keyfiyyəti sayəsində ayaqda dura bilir, həyatda uğur qazanır. Rüstəmin özü və gözəl ailəsi ilə bağlı arzuları həyata keçsə də, o, ömrünün sonunda dəhşətli altsheymer xəstəliyinə mübtəladır…
Kitabın satış qiyməti 10.99 manatdır.
Güntay Gəncalp, “Xəyyam: dünyagörüşü, yaradıcılığı”
Kitab böyük düşüncə adamı, riyaziyyatçı və şair Həkim Xəyyamın bədii-rübai yaradıcılığını incələməkdədir. Orta Çağda azad düşüncələr üzərinə qoyulan qadağalardan dolayı, rübai şeir sənəti fəlsəfi düşüncələri eyhamla bəyan etmək üçün bir metod olaraq istifadə edilib. Şərqdə rübai yazan şairlər çox olsa da, rübai sənəti dünyada Xəyyamın adıyla tanınmaqdadır. Çünki fəlsəfənin yasaqlandığı bir dövrdə Xəyyam öz dünyagörüşünü, fəlsəfi mülahizələrini, həyat haqqında düşüncələrini rübailər çərçivəsində bəyan edib.
Kitabda Xəyyam rübailərinin axtarışı tarixi sənədlərə dayanaraq incələnib və fəlsəfi dərinlikləri açıqlanıb.
Kitabın satış qiyməti 10.99 manatdır.
Ədalət Tahirzadə, “Ağaməhəmməd Şah Qaçar” (məktəblilər üçün liderlik dərsləri)
Uşaqlar üçün nəzədə tutulmuş bu kitabda Ağaməhəmməd Şah Qacarın həyatı təsvir edilib.
Kitabın satış qiyməti 4.99 manatdır.