Cəhənnəmdən keçmiş mələk (182)
- 25 Sentyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Avtobioqrafik roman
Dördüncü bölüm
Müəllif: BİRCƏ
Gözlərimi açanda ilk axtardığım qollarım oldu – biri sinəmin üstündəydi, o biri sistemə qoşuluydu. Azca dikəlib yatağımın ayaq ucuna baxanda səksəndim – ayaqlarıma kəfən kimi ağ nəsə geydirmişdilər. Azad qolumu güclə qaldırıb başıma çəkdim – saçlarım yerindəydi.
Qalxmaq istədim – hər yanımdan elektrik naqillərinə bənzər məftillər sallanırdı, məftillərin ucundan torbacıqlar asılmışdı. Telefonum yadıma düşdü – tumba məndən xeyli aralıdaydı.
Başını qapıdan uzadan tibb bacısı üzümə gülümsəyib otaqdan çıxdı. Az sonra Nigar xanım yanında üç qadın həkim palataya girdi:
– Təbrik eləyirəm, ay Bircə, – dedi, – şükür, hər şey yaxşı oldu, sənin də canın qurtardı.
Danışa bilmirdim deyə düşündüm ki, boğazımın ətini də kəsiblər. Əlimi buxağıma atanda həkim dilləndi:
– Boğazına dəyməmişik, bu yaşdan sonra sənin badamcıqlarını kəsə bilmərik, yat dincəl.
Qapıdan çıxhaçıxda tibb bacısına tapşırdı:
– Bircənin telefonunu özünə ver, yaxınları ondan nigarandılar.
Qoğalsifət şəfqət bacısının ehmalca sinəmə qoyduğu telefonu qurdalamağa başladım. Məni ən çox Lalə, bir də Cavid axtarmışdı. İsmarış dəftərim bacımın töhmətləri, söyüşləriylə doluydu. Cavidi yığdım, şad xəbəri hamıdan qabaq balama vermək istədim.
– Anaaaa, – deyib fəryad çəkdi, – mənə yad evdə qalmağa icazə verəndə şübhələnmişdim səndən. Niyə belə iş tutdun, yaxşısan indi?
– Lap yaxşıyam. Söndür xalanla da danışım, qanbağır olub yəqin.
– Ana, xalam yanımdadı, ikimiz də klinikanın həyətindəyik.
İndi də mən tasalandım:
– Orda niyə durmusuz, gedin evə, onsuz da sizi yanıma buraxmayacaqlar.
Bacım telefonu Caviddən alıb qulağıma bir bunu dedi:
– Ayıb olsun sənə, Eşşək Zalxa!
– Payın çox olsun, – dedim. – Bax buna görə gizlədirdim, bilirdim bütün günü qalacaqsız çöllərdə. Çıxın gedin, lap yaxşıyam.
Canıma elə şirin yuxu dolmuşdu ki, məndən ötrü kimin narahat olub-olmamağı daha vecimə gəlmirdi. Aqili yığmağa qorxdum, Aygünə səsimi eşitdirib telefonu söndürdüm…
***
Ayılanda ili, ayı, günü, saatı itirmişdim. Qollarım azad olsa da başıma qaldıra bilmirdim. Tibb bacısının dediyinə görə dünən günortadan yatanıymışam.
Xırda masanın üstündə iri dəstə gül vardı. Gülə baxıb üzümü yana çevirdim. Kim idi mənə gül göndərən?..
İki günün tamamında yataqdan qalxdım – elə dözülməz ağrım-acım yoxuydu, quş kimi yüngülüydüm. Qarnımda tikiş, iri kəsik gözə dəymirdi, üç yerdə balaca yumru qırmızı ləkə vardı. Demək ki, tibb elmində yenilik buymuş, çapıqsız, qansız əməliyyat belə olurmuş. Əvvəlki əməliyyatlarda narkozdan ayılandan sonra tikişlərin ağrısından ləbbeyk deyirdim, indi elə bilirdim yorğunluq yuxusundan oyanmışam.
Tibb bacısı:
– Gülü sənə göndəriblər, – deyəndə buketə yaxın getdim.
Güllərin yarpaqlarına xırda-xırda kağızlar yapışdırılmışdı. Kağızları oxuduqca cana gəlirdim, əzazil qaynana təki üz-gözündən zəhrimar yağan payıza pəncərə arxasından baxıb qımışırdım:
“Sənə qurban olum, ay Bircə, nolar ölmə. Sən verən yorğan-döşəkdə elə rahat yatıram, heç anamın qarnında elə yatmamışdım. Daş kimi pambıq döşəyin üstündə ömrümün otuz ilini bada vermişəm, xəbərim olmayıb. Allah qaynanamın ömründən kəsib sənin ömrünə calasın. Xəstə yanına konfet çox gələr, yığ hamısını mənə gətir. İmza: qələt eləyib səni qorxudan Elşən”.
“Yatdığın şirin yuxudan sağlam ayıl, ağıllanmış ayıl. Sənsiz olmur, beşmərtəbəli dünyamın altıncı mərtəbəsisən. Təranə”.
“Nə bacım var, nə anam, nə qardaşım. Tez ayılın, anam olun, bacım olun, qardaşım olun yenə də. Elgün”.
“Başşşuva dönüm, ay Bircə, sən Atoppanın canı ölmə, sənə tvoroqlu vatruşka bişirmişəm. Leyla”.
“Qara qız yolunu gözləyir, sözümüz sözdü, tez aç gözlərini. Allah Vaqif müəllimin ömründən kəsib sənin ömrünə calasın. Fariz”.
Dost namələri içimi ilıq göz yaşlarıyla doldurmuşdu, qollarım bir cüt qanad kimi çırpınırdı. Qəlbimin istiliyi palatanın istisinə qarışmışdı, üzüsoyuq fəslin əli yetməyən ilıq guşəyə çəkilməyim payızın gözəlliyini duymağıma kömək olurdu. Həyata pəncərədən baxırdım, bütün dünya pəncərəmin qarşısına gəlmişdi. Həyat, dünya, insanlar məni özünə səsləyirdi, yaşamağa çağırırdı.
***
Klinikada səkkiz gün yatdım, qışın ilk günü evə buraxıldım. İçimdən nəsə ağır bir şeyi salıb itirmişdim – elə yüngül yeriyirdim, heç oturmaq istəmirdim. Gələn qonaqlarımı özüm qarşılayıb özüm yola salırdım.
Məni hamıdan çox Səməndərlə Kamilin gəlişi toxtatdı. Qardaşlarımı görəndə kövrəldim, Kamil məni qucaqlayıb bağrına basdı:
– Ağlamaq olmaz, – dedi. – inşallah bu, sonuncu bıçağın olar. Canın qurtardı.
Həkimdən sonra doğmalarım, yaxınlarım da mənə belə təskinlik verirdilər, bilmirdim canım nədən qurtarıb. Səməndərlə Kamil üç gün yanımda qaldılar. Uşaqlarıyla birgə Lalə də gəldi, qardaşlarımın gətirdiyi kənd nemətlərindən süfrə açıb bizi başına yığdı.
Cavid evdə axşamacan birtəhər duruş gətirirdi, axşamtərəfi geyinib evdən çıxmaq istəyəndə Anar özünü Səməndərin qucağına təpib başlayırdı onu dalamağa:
– Dayı, buna bax, xalam xəstədi, bu gedir qızla görüşməyə. Xalamın puluyla oxuyur ey o qız.
Lalənin dedikləriydi. Cavid rəng alıb rəng verirdi:
– Dayı, bu kirpi yalan danışır, şəhərdə işim var.
Səməndər Anarı sinəsinə sıxıb:
– Dilini dinc qoy, – deyirdi, – bunun dalında durmaq da var ey, daldaya düşən kimi Cavid səni buracaq.
Kamil Cavidə sarılıb onun ətrini ciyərlərinə çəkirdi:
– İndi bacoğluya hər şey yaraşır. Hər yerdə üzümüzü ağ elədi, pis işlərdən uzaq oldu. Əsil qız sevən, arvad alan vaxtıdı.
Bu yerdə Taylan da dükcə başını dingəldirdi:
– Vatanı kim qoruyacaq, görsün aparırlarsa mən gedim əsgərə onun yerinə, o da arvad alsın.
Səməndər Cavidi pərt olmağa qoymurdu:
– Balam əsgər də gedəcək, magistr də olacaq, arvad da alacaq. Qaynanan necədi, nəzərə al ki, həmişə onun üzündən öpəcəm.
Firəngiz Cavidin qorxusundan Səməndərin qulağına xısıldayırdı:
– Dayı, qızın yaxşı öpməli xalası var, sən yox ey, əzrayıl öpsün onu.
Oğlum qapıdan çıxar-çıxmaz Anar yenə ülgüc dilini işə salırdı:
– Dayı, gəlin Cavidə Xədicəni alaq.
Bayaqdan yuxarı başda oturub deyilənlərin hamısına ürəkdən gülən Xədicə qaşqabağını sallayıb ağlamağa başlayırdı. Xədicəni döysən bəlkə dillənməzdi, di gəl, ər adı çəkilən kimi qorxudan titrəyib sıtqayardı. Yəqin bir zaman zorlanmadan aldığı ağır zədənin illəti canında qalmışdı.
Kamil Anarın ağzını tutub:
– Qadam, ayıbçı olma, – deyirdi, – Xədicə bizim əzizimizdi, elə danışmaq olmaz.
Bundan sonra Xədicə lap bərkdən ağlayırdı. Firəngiz boş istəkanları siniyə yığa-yığa ona çəmkirirdi:
– Kiri, ay qanına bələnmiş, qorxma, səni ərə verən yoxdu.
Yazıq qız o dəqiqə kiriyirdi, gözlərinin yaşını silib yenə bəxtəvər-bəxtəvər gülməyə başlayırdı.
***
Tezliklə özümü toplayıb işimə qayıtdım. Havaya çıxanda içim titrəyirdi, üstümə əsən meh də elə bilirdim yeddi qatımdan keçir. Qarnımda indiyəcən duymadığım qəribə sancılar dolaşırdı, ayaq üstə çox dayana bilmirdim. Hərdən mənə elə gəlirdi koradiş qoca bir it içimə ağız atıb analığımın parasını qoparıb aparıb. Yaman yüngülləşmişdim, sanki məni bu dünyaya hörükləyən bağlardan hansısa qırılmışdı.
Ayaqlarımın yerdən az qala üzüldüyü o günlərdə Şəfa baldızlarına qoşulub mənə dəyməyə gəldi. Ofeliya özünü yeyib tökürdü:
– Bircə, nolar bələdçilik elə mən də özümü Nigara göstərim.
– Bir ayın tamamında müayinəyə gedəcəm, – dedim, – istəsəniz sizi də apara bilərəm.
Vədələşib görüş gününü təyin elədik. Çöpəgülən məni yanlayıb dedi:
– Bunlar namusdan-zaddan çox danışırlar, görək Ofa qız çıxacaqmı.
Özünə-sözünə heç vaxt məhəl qoymadığım yelbeyinin üzünə göyərdim:
– Özünüz demirdiz ki, elçi düşənləri bəyənməyib, heç kimlə oturub-durmayıb? Daha necə olmalıdı sən bilən?
– Qız çıxsa mənə deyərsən.
– Yaxşı, deyərəm.
Doneş biz tərəfə üzükmürdü. Şəfanın sözündən tutmuşdum ki, maşınına xeyli ziyan vurmuşam.
– Bizim kişinin dədəsinin başına küçədə ağac aşıb deyə qaşqabağı açılmır.
– Hansı dədəsinin, – söz mənə çatmadı, – bəyəm onun ayrı dədəsi də var?
– Ay qız, maşını deyirəm də, onu dədəsindən çox istəyir. Pulu da yoxdu düzəltdirməyə.
Az da olsa qisasımı aldığıma sevindim. Taylan istədi məni ələ versin, gözümü ağardan kimi susdu.
***
Ayın tamamında Ofeliyanı da qoltuğuma vurub getdim Nigar xanımın qəbuluna. Müayinələrimin nəticələri həkimi razı saldı. Qolumun altındakı fır da əriyib itmişdi. Aqilin göndərdiyi hədiyyələri görəndə həkim bir az da şad oldu, bahalı ətir, qızıl perolu qələm, iri gül dəstəsi Nigar xanımı yumşaltdı – Ofeliyaya növbəsiz-filansız baxmağa razılaşdı. Qızı ultrasəs müayinəsinə göndərəndə təəccübləndim:
– Nigar xanım, Ofeliya ərdə olmayıb.
– Bircə, nə deyirəm onu da eləyin.
Əlimizdəki kağızla üstünə iri hərflərlə USM yazılmış otağın qabağında dayananda Ofa məni qucaqladı:
– Ay Bircə, sənə bir sirr açım, sən Allah aramızda qalsın.
Əynində qındırğa don əllərini belinə qoyub mənlə dimdik-dimdiyə dayanmışdı.
– Ürək qızdırmırsızsa deməyin.
– Qızdırmasaydım gəlməzdim. Mən bir nəfərlə üç il birgə yaşamışam. Bunu bacımdan savayı heç kim bilmir. Sən düşündüyün kimi qarımış qız deyiləm.
Onun dediklərini beynimə yedirtmək üçün bir müddət dinməz durdum. Sonra soruşdum:
– Niyə ailə qurmadınız?
– Bilirsən ki, mənim hər şeyim var – evim, işim, maşınım. Adam xoşuma gəldi, birlikdə xeyli gün keçirdik. Sonra özünü yaxşı aparmadı deyə ayrıldım ondan.
– Neylədi ki?
– Gəlirdi, yeyib-içib dincəlirdi. Soyuducuma baxırdı, deyirdi bu ərzaqlardan biri də bizdə yoxdu. Geyinirdim, bəzənirdim, deyirdi mənim arvadım hamıdan namusludu, amma onun belə qızılı, paltarı yoxdu. Hamısını içimə salırdım. Bir dəfə bayram günü dedi ki, sənin üzüyün çoxdu, birini ver aparım arvadıma. Şələ-küləsini yığıb biryolluq yola saldım. Özüm də işdən putyovka götürüb getdim Moskvaya. üç ay müalicə olundum, sağalıb qayıtdım.
Ona üstdən-aşağı baxıb köks ötürdüm:
– Tanış mənzərədi, indi belələri çoxdu.
Həmidin qadın variantı olan Ofeliyanın gözləri çalasında dördəmə oynadı:
– Sənin də başına gəlib?
– Yox-yox, Allah eləməsin, elə-belə dedim.
Nigar xanım bədbəxtliyini ört-basdır eləmək üçün yerə-göyə sığmayan, kimsəni özünə tay tutmayan, beş qarışlıq boyuyla hamıya yuxarıdan-aşağı baxan bu zavallı qadına xeyli dərman yazıb bizi yola saldı. Sürücüsüylə məni aparıb blokumuzun qarşısında düşürəndə Ofeliyaya lap yazığım gəldi.
– Bircə, sən Allah dediyimi Şəfa bilməsin.
– Narahat olmayın, gedin arxayın müalicələrinizi eləyin.
Qarşımda özünü güclü, namuslu, vüqarlı tutmaqdan yorulmuş bir cüt məzlum qadın gözü parıldayırdı…
(Ardı var)
Mənbə: Kulis.az
Romanın birinci bölümü:
1 2 3 4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23
İkinci bölüm:
24 25 26 27 28
29 30 31 32 33
34 35 36 37 38
39 40 41 42 43
44 45 46 47 48
49 50 51 52 53
54 55 56 57 58
59 60 61 62 63
64 65 66 67 68
69 70 71 72 73
74 75 76 77 78
79 80 81 82 83
84 85 86 87 88
Üçüncü bölüm:
89 90 91 92 93
94 95 96 97 98
99 100 101 102
103 104 105 106
107 108 109 110
111 112 113 114
115 116 117 118
119 120 121 122
123 124 125 126
127 128 129 130
131 132 133 134
135 136 137 138
139 140 141 142
143 144
Dördüncü bölüm:
145 146 147 148
149 150 151 152
153 154 155 156
157 158 159 160
161 162 163 164
165 166 167 168
169 170 171 172
173 174 175 176
177 178 179 180
181
Romanın müəllifi Bircənin müsahibəsi
Bütün Mələklərin harayı
“Cəhənnəmdən keçmiş mələk”: kitab çıxdı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
“Cəhənnəmdən keçmiş mələk”: ikinci kitab çapdan çıxdı
“Həyat elə iş qurar ki, qadın o bölgəyə ayaq basmadan ölüb