Cəhənnəmdən keçmiş mələk (177)
Avtobioqrafik roman
Dördüncü bölüm
Müəllif: BİRCƏ
Özgəyə umudlu olanın çörəyi doğraqlı qalar – işə tutma taksilərlə gedib gəlirdim. İçimdəki o Səni səsləyən, Səni diləyən qadın çoxdan canımı cəhənnəmdə qoyub ərşə çəkilmişdi. Quru qaraltı, ruhsuz bədən kimi gəzib dolanırdım. Paltarımı əynimə kəfən kimi geyinirdim, yediyimi öz ehsanım kimi yeyirdim. Südü qurumuş qoca qarıya dönmüşdüm.
İşdə bütün gün yanaşı oturduğum Təranəyə də dərdimi-sözümü açıb danışa bilmirdim. Mənim başım cəhənnəm sakinləriylə didişməyə qarışdığı vaxt qızlarımız təzə əyləncə tapmışdılar: tanışlıq saytlarında biriylə yazışıb onu işimizə yaxın yerlərə görüşə çağırırdılar, sonra da qıraqdan adama göz qoyub onun devikməsinə, gələnə-gedənə müştəri gözüylə baxmasına tamaşa eləyib doyunca gülürdülər.
Təranəylə mənsə internet texnologiyasının son nailiyyətlərindən bir ayrı cür yararlanırdıq: adı qulağımıza təzə-təzə dəyməyə başlayan yazarların portallarda dərc olunmuş yazılarını kağıza çıxarıb bir-birimizə ötürürdük, bəyəndiyimiz müəllifin telefon nömrəsini bir yolla tapıb ona zəng vururduq, yazısı haqda fikirlərimizi bölüşürdük, kitabı çıxıbsa imzaladıb ofisimizə yaxın bir yerə gətirdirdik. Yazısını bəyənmədiyimiz müəlliflərə də zəng eləyirdik, kimisini yıxıb-sürüyür, kimisini dolayırdıq.
Bu əyləncəmizin də ömrü uzun sürmədi. Nömrəsini ərklə yığdığımız, qələmini bəzən öydüyümüz, bəzən də söydüyümüz özündən müştəbeh yazar bizim saf ərkimizdən yanlış nəticə çıxardı, danışıqların birində Təranəylə mənə kollektiv sekslə məşğul olmağı təklif elədi. Ona verdiyimiz cavabı burda yazmaq istəmirəm, yalnız bunu deyirəm ki, ondan sonra qələmçilərə pərəstişi də, yazarlara zəng vurmağı da, çoxunun cızmaqarasını oxumağı da tərgitdik…
***
Xeyli vaxtdı yaxası yırtıq olmuşdan üzüm-gözüm qurtarmışdı. Şəfanın da zənglərinə çox zaman cavab vermirdim, verəndə də başımdan eləyirdim:
– Bacı, qadan alım, ərindən zəhləm gedir, ona görə heç səni də görmək istəmirəm.
– Guya mənim gözüm uçur ondan ötrü? Axşamlar çox darıxıram, sənlə danışmaq istəyirəm. Təzə eşqə düşmüşəm.
Çimçəşdim:
– Ay Şəfa, sən nə tez-tez eşqə düşürsən?
– Ömrümü bu bayquşla çürüdəsi deyiləm ki! Cəhənnəm olub rayona da getmir barı, onun əlindən heç yerə çıxa bilmirəm.
– Hara çıxmaq istəyirsən?
– Təzə sevgilimlə görüşmək istəyirəm. Sənin də evin, bizim pişik demiş (daldada ərini həmişə belə adlandırırdı), tələbə yataqxanasıdı.
İçimdə başqa hava qaynadısa da dilim ayrı söz dedi:
– Boş olsa nolasıydı ki?
– Necə nolasıydı, vurub qoltuğuma gələrdim sizə, çay içərdik, məclis qurardıq, – deyib xəttin o başında gözü yeni açılmış fərə kimi qaqqıldadı.
Yaralı canıma Həmidin yaxdığı acı şər-böhtan, məni cəhənnəm tonqalında dirigözlü yandıran namus-qeyrət şantajları, əxlaq məhkəmələri bir-bir gəlib xəyalımdan keçəndə içimdəki gürzə kol dibindən başını qaldırdı:
– Neylək, bir dəfə gətirərsən, – dedim.
Bir müddətdi dincə qoyulmuş qəlbimdə yenə öc almaq, hər fürsətdə namusumu başıma çırpan adamın namusunu itə atmaq, qeyrətini daşa çalmaq istəyi dirçəldi. Əlbəttə, Səməndərə bu ilanın quyruğunu belə göstərsəydim məni nəzərdən salardı, üzümə həya pərdəsi çəkib gözünü yana çevirərdi. Bunu bilsəm də ömrümü-günümü yağı malı kimi talayan adamın qondarma qürurundan, geydirmə qeyrətindən, olmayan ismətindən bac-xərac almaq arzumu heç cür boğa bilmirdim. Hərçənd mən özgə bağına oğurluğa getməmişdim, bağ özü bağbandan gizli var-yoxunu mənim ayağıma sərmişdi; bu da özümə bəraət vermək üçün mənə yetirdi…
***
Sentyabrın əvvəli Cavid gəlib çıxdı. Amma elə gündə-halda, elə görkəmdə gəldi, gözlülər olsun görməsin! Arıqlayıb çöpə dönmüşdü, üz-gözünü tük basmışdı. Velosiped paçasının arasını döyüb yağır eləmişdi, canqurtaran işlədiyi hovuzun xlorlu suyu döyənəyi açıb iri bir yaraya çevirmişdi. Uşaq ayaqlarını gen qoyub axsaya-axsaya yeriyirdi.
Qardaşlarıma hay saldım, Hakim dayısı gəlib oğlumu həkimə apardı. Həkimin davacatı qısa vaxtda yaraya məlhəm oldu.
Cavidin gəlişindən bir həftə sonra qonşu mənzilə təzə ailə köçdü. Bir ildən çox boş qalmış evin yenidən şenlənib abadlaşması, divarımızın o üzündə insan hənirinin, insan səslərinin dolaşması ürəyimə təpər verdi – buna qədər evimizin bir yanı elə bil uçuruma, sərt, soyuq qayalığa açılırdı.
Bir axşam işdən qayıdanda pilləkəndə telli-duvaqlı bəy-gəlinlə rastlaşdım. Onlara yol verib qapımı açanda qonşu mənzildən elə Nuşu xala yaşlarında şıq geyimli, göyçək üzlü, parlaq gözlü dolu bir qadın çıxdı. Köhnə tanışlar kimi basmarlayıb məni öpdü:
– Ay qızım, sizə qonşu gəlmişik, – dedi. – Bu axşam oğlumun toyudu, gəl sən də bizlə gedək.
Arvada dil-ağız elədim:
– Xala, gərək bunu əvvəldən deyəydiniz, indi gecdi.
Bəy-gəlinə xeyir-dua verib evə girdim. Qırım-qırta dağarcığımı eşələyib bir qırmızı bant tapdım, aparıb qonşu evin köhnə qapısından asdım. Bacım qızları məni hoydu-hoyduya götürdülər, Cavid də onlara qoşuldu. Firəngiz yenə uzun dilini işə saldı:
– Xalam adamsız qala bilmir axı, – dedi. – Lenti bağladın ki, diqqət çəkəsən, qonşu da bizə ayaq aça, hə?
– Toy qapısı eləmi olur, ay bayquşlar? Sizi bu qapıdan nənəmin şəltəsiylə çıxaracam.
– Xalam Nuşu nənənin yoluyla gedir, buraxın yeni qonşunun yolunu gözləsin.
Mən hər dəfə kimləsə tanış olub onu evə gətirəndə Firəngiz havalanırdı. İndi o qırmızı bantın kəramətini də əvvəldən duymuşdu deyə bacısını səslədi:
– Aydan, balkondakı şkafda bir paslı bıçaq var, onu gətir xalama qurdağzı bağlayacam. Bıçağı da qoyacam cibinə, bəlkə adamlar bizdən perik düşələr.
– Qurdağzı bağlayan gərək su üstündən adlamasın axı.
Aydan yumru dodaqlarını büzdü:
– Xala, bəyəm bu şəhərdə arx var? Sən bu tilsimi qırmaq üçün gərək dənizin o tayına adlayasan.
Qızlar düz deyirmişlər, o qırmızı bant mənim ömrümdən qırmızı cığır kimi keçdi, içimdə qıpqırmızı izi qaldı…
***
Cavid gələndən sonra Həmid yenə evimizə ayaq açdı, tülkü dərisi geyinib oğlumu yenə öz tərəfinə çəkə bildi. Şənbə-bazar Cavidi götürüb maşın sürməyə, balıq tutmağa aparırdı. Oğlumu yoluxmağa gələn müəllimlərin hərəsinə bir şəbədə qoşurdu, onları gizli təriqətin casusları kimi qələmə verib uşağın gözündən salmağa çalışırdı.
Çox keçmədi yenə evimizdə cəbhələşmə yarandı. Məktəbdə Nuriyyə, evdə Həmid oğlumun başını yeyib məndən genitdilər. Xaricdə oxuyan tələbələrin qayıdışı münasibətilə universitet rəhbərliyi onları Qubadakı istirahət mərkəzinə dincəlməyə göndərdi. Cavid özüylə Taylanı da apardı. Deyə-gülə evdən çıxan uşaqlar qayıdanda qanlı-bıçaq qayıtdılar. Gedəndə Taylana yalvarmışdım:
– Cavidi çox təntitmə, – demişdim, – gəlinimizə altdan-altdan göz qoy.
Gəlin qadasını aldığım da çatar-çatmaz qardaşların arasını vurmuşdu. Cavidin qıza görə tələfxərclik eləməyi Taylanı dilə gətirmişdi, Taylan dillənən kimi qız oğlumun əliylə onu küncə qoydurmuşdu.
Evə küsülü qayıdan uşaqları eyni mehribanlıqla qucaqlayıb eyni məhəbbətlə öpdüm. Cavid hamama girən kimi Taylanı yanladım:
– Noldu, balam, kim aranıza girib sizi düşmən elədi?
– Ya annəm, sənin bu şərəfsiz oğlun məni iyli corab kimi təpədən aşağı tulladı.
– Bəs Nuriyyə, o neylədi, nə dedi?
– Ya annəm, sənin bu gəlinin var ya, doğulmuş, böyümüş, oxumuş, qocaman olmuş, ölmüş, yenidən doğulmuş.
Taylanın bu sözləri məni silkələdi. Keçmişdə gəlinləri toy gününün səhəri, elə gərdəyin dalındaca sınayarmışlar. Qaynata ev əhlinə xitab eləyərmiş:
– Bu gün ayın neçəsidi?
Qayda-qanunu bilən ev adamları səsini çıxarmazmış. Sual üç dəfə təkrar olunarmış. Gərdəkdəki də susarmışsa, deməli, gələcəkdə ailə əmin-aman yaşayacaqmış. Yox, əgər gəlin gərdəyin dalından dillənərmişsə, vay evdəkilərin halına deyərmiş nənələrimiz…
İndi mənim gəlinliyə namizədim gərdək dalından nəinki ayın tarixini, saatı-dəqiqəni-saniyəni də demişdi.
***
Axşamlar sözümüz çəpləşməsin deyə süfrə yığılan kimi hərə öz yuvasına çəkilirdi. Belə axşamların birində Cavid özünü yanıma verdi:
– Ana, maşın almaq istəyirsən?
– Bunu kim dedi sənə?
– Düzünü de, almaq istəyirsən?
– Hə.
– Ana, mən basabasda metroyla gedim, sənin vicdanın ağrımayacaq o maşını sürəndə?
– Niyə ağrısın, sən sevin ki, anan yollardan yığışacaq.
– Ana, naxoşluğun var, daşa-divara çırpılıb özünü məhv eləyərsən. Rüfət dayıma deyəcəm.
– Nə deyəcəksən?
– Deyəcəm bacın özünə maşın alır, məni piyada qoyur.
– İşləyib qazananda sən də alarsan.
– Nuriyyə də deyir ki, maşın sürən qadınlara pis baxırlar.
– Başını daşa döyür Nuriyyə, alacam da, sürəcəm də.
O gecə Cavidlə çox dartışdıq. Qırmızı bant artıq öz işini görmüşdü – qonşumuz Gülü nənə aşsüzən bəhanəsiylə bizə adladı. O da mənim sözümə söykək verib həkim qızını misal çəkdi:
– Ay Cavid, bax mənim qızım heyvərə bir maşın sürür, burda ayıb nə var ki!
Kor tutduğunu buraxmayan kimi Cavid də dediyindən dönmədi. Yenə bir damın altında ana-bala yad olduq. Hərdən Gülü xala məni məzəmmət eləyirdi:
– Niyə əllərini, qoltuğundakı fırı oğluna göstərmirsən? Niyə ona demirsən ki, bax mənim əti əriyib sümüyü çıxmış barmaqlarıma.
– Yox, ay Gülü xala, deyə bilmərəm, zəhmətimi oğlumun başına qaxa bilmərəm. İt də, pişik də balasını dişində daşıyır. Mən anayam, övladımın yolunda əziyyət çəkmək məndən ötrü toy-bayramdı, təki Allah əməyimi itirməsin.
Uzun dava-şavadan, küsüb-barışmadan sonra yenə Doneş qazandı. Cavidin beynini yeyib mənim maşın almaq üçün yığdığım pulu əlimizdən çıxardı. Əvəzində Bakıdan xeyli aralıda, dənizə yaxın yerdə nə vaxtsa alıb hasarladığı altı sot torpağı bizə sırıdı.
Xəbər mənə çatanda iş işdən keçmişdi. Torpağın sənədlərini aparıb Elgünün qarşısına qoydum – onun belə məsələlərdən başı yaxşı çıxırdı. Elgün ərinmədi, gedib torpağa baxıb gəldi, insafən bəyəndi də. Amma qiymətini öyrənəndə çox pəjmürdə oldu: Doneş torpağı bizə üçqat bahasına satmışdı!
Hasarın üstünə telefon nömrəsini də yazmışdı. Nömrəni Elgünə dedim, zəng vurdu, özünü alıcı kimi göstərib torpağın qiymətini soruşdu. O başdan Doneşin alışıb-yanan səsini eşidəndə gözlərimdən qığılcım çıxdı:
– Satdım torpağı, müəllim.
– Neçəyə satdınız?
– Ürəyim istəyən qiymətə.
– Bəlkə mən artıq verəcəm, deyin görüm neçəyə satdınız?
Doneş bizdən qopardığı məbləği sevincək dilə gətirəndə Elgün onun sevincini qursağında qoydu:
– Soğanı qızıl yerinə satanda vicdanın ağrımadı? Sən o qadının qəpik-qəpik yığdığını necə yeyəcəksən?
Həmidin səsi o başda batdı, telefon qapandı. Üstündən beş dəqiqə keçməmiş Cavid təntimiş məni yığdı:
– Ana, Elgün niyə Həmid dayıya zəng eləyib, nömrəni ona niyə vermisən?
– Hardan bildin zəng vuranın Elgün olduğunu?
– Həmid dayı məni yığıb dedi ki, bir nömrədən məni hədələyirlər. Nömrəni deyən kimi tanıdım.
– Sən niyə ona qoşulub mənim başıma oyun açdın? Evimiz nə gündədi, torpağı neylirdim mən? Maşın alsaydım sən də sürəcəkdin, sevdiyin qızı yanında gəzdirəcəkdin. Di get o torpaq, o da sən. Doneşi minib sürərsən.
– Ana, adam bizə yaxşılıq elədi, dəniz qırağında torpağımız oldu.
– Su qiymətinə aldığını sənə bir ev qiymətinə sırıdı, bunu yaz başına.
Uşağın beynini necə yemişdisə doğmaca övladımı onun cazibəsindən heç cür qopara bilmirdim. Bir axşam da Cavidin quyruğunda evə dürtülən Həmid oğlumla mənim aramı elə vurdu ki, uzun müddət küsülü qaldıq. Stula çökən kimi başladı:
– Neyləyir sənin Elgünün, yenə də sənə maklerlik eləyir? Mən də gedib onun-bunun günahına girirdim, sənin dostun lap burnunun dibindəymiş ki.
– Sən arvadından bəri bax. Qurban olasan Cavidə. Zəhərin olsun o pullar, heç onu sağ yeməyəsən.
Söz ağzımdan çıxar-çıxmaz Həmidin bağırtısı evi başına götürdü. Otağında əynini dəyişən Cavid qaranəfəs özünü yanımıza atdı. Doneş hər şeyi yoğurub mənim boynuma qoydu: bəs deməyəsən Cavid burda olmayanda mən əyri yola düşmüşəm, pis adamlarla oturub-durmuşam, kilsəyə getmişəm, siqaret çəkmişəm, günüm eyş-işrət məclislərində keçib, iki telefon saxlamışam, kimsə mənə bahalı paltarlar alıb. Sonda o zəngin hayıfını çıxmaq üçün Elgünü mənə oynaş çağıranda lombasıyla onun üzünə tüpürüb oğluma dedim:
– Sən bu alçağın sözlərinə inanırsansa inan, amma bir də bunun ayağı bizim evə dəyməsin! Sən bunun necə şərəfsiz, necə namussuz olduğunu təsəvvür eləyə bilməzsən. Məngirləyib qızını da evimizə soxmaq istəyir.
Oğlumun gözü kəlləsinə çıxanda Doneş yenə gürzə kimi qabığını dəyişdi:
– Bax, Cavid, özün gördün ki, ananın başı xarab olub. Mən heç vaxt belə söz deməmişəm, demərəm də.
Hardan getdimsə abırsız yolağamı ordan bağlayıb ağzımı tikanlığa saldı. Aylar uzunu gün sanayıb yolunu gözlədiyim balamı döndərib mənə düşmən elədi.
Çöl qapımız yavaşca cırmaqlanana qədər deyişdik. Gülü xalanı astanada görəndə həyasız üzümü soyunub utancaq maskamı taxdım…
(Ardı var)
Mənbə: Kulis.az
Romanın birinci bölümü:
1 2 3 4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23
İkinci bölüm:
24 25 26 27 28
29 30 31 32 33
34 35 36 37 38
39 40 41 42 43
44 45 46 47 48
49 50 51 52 53
54 55 56 57 58
59 60 61 62 63
64 65 66 67 68
69 70 71 72 73
74 75 76 77 78
79 80 81 82 83
84 85 86 87 88
Üçüncü bölüm:
89 90 91 92 93
94 95 96 97 98
99 100 101 102
103 104 105 106
107 108 109 110
111 112 113 114
115 116 117 118
119 120 121 122
123 124 125 126
127 128 129 130
131 132 133 134
135 136 137 138
139 140 141 142
143 144
Dördüncü bölüm:
145 146 147 148
149 150 151 152
153 154 155 156
157 158 159 160
161 162 163 164
165 166 167 168
169 170 171 172
173 174 175 176
Romanın müəllifi Bircənin müsahibəsi
Bütün Mələklərin harayı
“Cəhənnəmdən keçmiş mələk”: kitab çıxdı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
“Cəhənnəmdən keçmiş mələk”: ikinci kitab çapdan çıxdı
“Həyat elə iş qurar ki, qadın o bölgəyə ayaq basmadan ölüb