Aynur Təmkin
***
Bu gün yeni ilin son gecəsi idi. Vasif atasıyla anasının Bakıya gəlməsinə qəti etiraz etmişdi. Dünən Səmanın palataya köçürüldüyünü eşidən ata-anası bu xəbəri hər kəsə söyləyib sevinclərini onlarla bölüşmüşdülər. Arif həkim bunca zamanda həyat yoldaşının yaşaması üçün gecə-gündüz çabalayan, sabah açılandan axşam düşənəcən emalatxanada çalışıb gecələri isti yorğan-döşəyə həsrət qalan bu gəncə dərin ehtiram duyurdu. Məhz bu gün onun sədaqətinə görə Vasifin yeni ili Səmayla qarşılaması üçün icazə kağızına öz imzasına qoyaraq onların qovuşmasına vəsilə olmuşdu.
Vasif bu günə xüsusi hazırlanmışdı. Üz-gözünü basan saqqaldan xilas olub saçlarını düzəltdirmişdi. Bir dəstə şarı xüsusi yazılmış açıqcalarla bərabər götürüb Səmanın yanına gəlmişdi. Uzun ayrılıqdan sonra ilk dəfə sevgililər bir-birinə qovuşacaqdılar.
Səma qapıda durub göz yaşları içində ona baxan Vasifi görüb dikəlməyə çalışdı. Atəşli gözləri sulandı. Bir damla göz yaşı yanaqları boyu diyirlənib dodaqlarını islatdı. Nəsə deməyə çalışdı. Lakin dili söz tutmadı. Zorla sümükləri bilinən qollarını geniş açıb ərinə baxdı.
Uzun həftələr Səmaya qovucağı anı gözləyən Vasif dərindən nəfəs çəkib özünü ələ almağa çalışdı. Yavaş-yavaş qıza yaxınlaşıb solğun üzünü, qara gözlərini, saralmış dodaqlarını bir-bir incələdi. Qızı sinəsinə sıxıb saçlarının qoxusunu içinə çəkdi. Səmanın çəlimsiz bədəni onun qüvvətli qolları arasında rahatlığına qovuşdu. Özünü cənnətdəki kimi hiss edib gözlərini möhkəm-möhkəm yumdu.
Dodaqlar susdu, qəlb danışdı. Dil susdu, gözlər danışdı. Həsrət bitdi, zaman danışdı.
O bunu hər gecə xəyal etmişdi, o xəyalla yatıb o xəyalla durmuşdu. Onunla ovunub onunla təsəlli tapmışdı. O zərif əllərin istisini hiss etmək üçün gecə-gündüz Allaha yalvarmışdı. Sən demə, Vasif bunca aylar heç yaşamırmış. Bunu indi Səma onun qolları arasında olanda anlamışdı.
Artıq həsrət bitmişdi, yerini gözəl anlar tutmuşdu. Səma sevdiyi oğlanın hər hərəkətini hafizəsinə yazırdı. Vasifi göz dolusu süzüb, onu sevdiyinə qovuşduran Tanrısına dua edirdi. Yolunda necə cəfalar çəkdiyini, nələrə sinə gərdiyini dostlaşdığı tibb bacısından öyrənmişdi. Gülümsədikcə dodaqlarına qan gəlirdi. Uzun kipriklərini qırpıb aylarla dindirməsən danışmayan Vasifin indi ara vermədən danışmasına qulaq asdıqca sanki ən həzin musiqi dinləyirmiş kimi xumarlanırdı.
Ard-arda şəkil çəkdirib xoşbəxt dəqiqələrinə şahid olmaları üçün sevinən dostlara yolladılar. Xoşbəxtlik gözlərində, bəxtəvərlik dodaqlarında yeni ilin ilk səhərini birlikdə qarşıladılar.
***
Yeni il ilk qədəmlərini xoş müjdələrlə gətirmişdi. Arif bəy son analizlərdən sonra xəstə böyrəyin fəaliyyətinin də normallaşdığını görüb sevinmişdi. Özünü ağır döyüşdən qalibiyyətlə çıxan sərkərdəyə bənzədirdi. Səma xəstəxanaya daxil olduğu gündən dayanmadan müxtəlif üsulları tədbiq edərək sonda istədiyi nəticəni əldə etməyi bacarmışdı. O da bir ata idi. O da bir ər idi. Bir ata üçün, bir ər üçün bu dərdin necə böyük bir fəlakət olduğunu yaxşı başa düşürdü.
Vasifə Səmanı ziyarət etməsi üçün xüsusi buraxılış vərəqəsini təmin edən həkim onun şəxsinə böyük hörmət duyurdu. Həkimin fikrincə, əsil Azərbaycan kişisi elə belə olmalıydı. Bu üzdən hər gün ər-arvadı bir dəqiqəlik də olsa baş-başa buraxır, onların bir-birlərini gördükləri zaman yaşadıqları sevincə baxıb duyğulanırdı.
Zaman ağır-ağır irəliləyirdi. Bəzən Səma müalicələrin ağırlığından inləyib sızlayır, Vasifə onu buradan aparması üçün yalvarırdı. Lakin həkim hələ ki, onlara zamanın çatmadığını söyləyərək qızın müalicəsinə davam edirdi.
Xeyli vaxtı idi Gülşənlə İlhamın rayona qayıtdığı. Eşidib-bilən hər kəs onlara baş çəkir, Səmanın vəziyyətiylə maraqlanırdılar. Yenə də kimin nəyə gücü çatsa yardım göstərir, Səmanın tez sağalıb ayağa durması üçün dua edirdilər. Gülşən Ehtiramın bütün xəbərdarlığına rəğmən yenə hər kəsə qızının qaynanasının ona zərərli maddə ilə vanna otağını yudurub xəstələndirməsindən danışırdı. Ehtiram bunu hər eşitdikdə anasıyla mübahisə edir, “Əgər oğlan evinin qulağına çatarsa Səma üçün heç də yaxşı olmayacaq” söyləyir, Gülşən isə buna məhəl qoymurdu.
Yenicə qonaqları yola salıb eyvana qalxan Gülşən qapıda durub ona tərs-tərs baxan oğlunu görüb qaşlarını çatdı. Hikkəylə yanından ötüb içəri keçdikdə Ehtiram onun arxasıyca gəldi.
– Ay arvad, Vasif bunları eşitsə, Allaha and olsun, Səmanı boşayacaq.
– Vasif mənim qızıma elə aşiqdir ki, iki dünya bir olsa, Səmadan vaz keçməz! – Qadın gözlərini süzdürüb hikkəylə ayağa qalxdı.
– Sənin bu vır-vırının axırı yaxşı bitməyəcək. Sabah yox birisi gün Bakıya gedirəm. Bir azca pulum da var. Onu da Vasifə verəcəm. Ayıbdır hər şeyi onların üzərinə yıxmaq. Adama el-oba nə deyər?
– Əşi, onlar utansın. Mənim uşağımı o Ətiqə xanım bu hala qoyub.
– Ana, sən uşaq aldadırsan, nədir? Səmanın narahat olduğunu özündən başqa hamımız bilirdik. Həkim sənə aylar öncə demişdi ki, bu qızı vaxtında müalicə edin. Bunu bu vəziyyətdə ərə verməyin. Yoxsa bədən yeni yaşam tərzinə uyğunlaşa bilməyib müxtəlif fəsadlara yol aça bilər. Sən bunu bildin. Bilə-bilə də bu qızı ərə verdin.
– Kəs, kəs. Kəs səsini! Bunu kiməsə desən dilini qopardaram sənin.
– Axı niyə düz söz səni yandırır, ana?! Qızını da, camaatın uşağını da bəlaya saldın. Heç olmasa sakit dur, ağlına gələni danışma. Vallah, qulaqlarına çatsa sənin üçün pis olacaq.
Ehtiram hikkəylə qapını çırpıb özünü çölə atdı. Həyətə düşüb yer belləyən İlhamıın yanına yollandı.
– Ata, anamı susdura bilsən sən susdurarsan. Bəsdir xalxa qara böhtan yaxdığı. O qızın da həyatını cəhənnəm edəcək belə getsə. Sonra demədi deməyin. Bir gün bunları eşitsələr Səmanı üstünüzə atıb gedəcəklər. Yazığınız gəlsin ona. Belə bir şey mənim başıma gəlsə, vallah, qıraram hamını.
İlham beli yerə sancıb əlinin tozunu çırpdı. Dərin-dərin oğluna baxıb nəsə demək istədi. Amma sonra fikrindən daşınıb yenidən beli əlinə aldı.
***
Ətiqə telefonun dəstəyini yerinə qoyub doluxsunmuş halda özünü divana çatdırdı. Eşitdiklərindən sarsılmış qadın sanki içinə qor düşüb ciyərinə qədər yandırırmış kimi yaxasını açdı. Havası çatmırdı. Qəhəri boğazına düyünlənmişdi.
Ayaq səslərini eşidib dikəldi. Sənəm içəri daxil olub salam verdi. Ətiqənin ağladığını görüb heyrətlə ona yaxınlaşdı:
– Bay, ay Ətiqə, niyə ağlayırsan?
– Nə bilim, ay Sənəm. Bilmirəm dərdimə yanım, ya bu camaatın sayıqladığına? Belə də iş olar? Belə də haqsızlıq olar? Mənim ürəyimi Allah bilir. Utanmırlar belə şeyləri danışmağa?
– Nədir səni belə yandıran, ay qız? – Sənəm maraqla eltisini süzdü.
– Guya, mən zəhrimarla hamam yudurmuşam Səmaya, o da bu dərdə buna görə tutulub.
– Bunu hansı savadsız deyir, sən Allah? Səma əvvəldən də müalicə alırdı. – Bir anda söz ağzından necə çıxdı, bilmədi.
– Nə? – Ətiqənin gözləri iri-iri açılmışdı. – Nə müalicəsi? Sən hardan bilirsən?
Artıq danmağın mənası yox idi. Sənəm bircə-bircə gördüklərini eltisinə anladıb xəcalətindən başını yerdən qaldırmadı.
– Sən də mənə bunu indi deyirsən? – Ətiqə incikliyini büruzə verərək eşitdiyi xəbərin şokundan özünə gəlməyə çalışırdı.
– Vallah, mən də toya iki gün qalmış onlara gedəndə bilmişəm. Gülşən dedi ki, eləcə soyuqdəymədir. Bir az narahatlığı var. Düzdür, gəlib o dərmanlar haqqında bəzi şeylər öyrənsəm də, mənim özümün belə xəstəlik haqqında heç bir anlayışım yox idi.
– Demək, toya iki gün qalmış öyrənmisən. Həmən gün Arzu da səninlə getmişdi. Demək, onun da xəbəri varmış. Təkcə mən fil qulağında yatıb heç nə bilməmişəm. İkiniz də məni aldatmısınız. İkiniz də!
– Vallah, Ətiqə, bizim heç bir pis niyyətimiz olmayıb. Biz sadəcə toyqabağı belə şeyləri deyib ürək bulandırmaq istəmədik.
– Nolacaqdı? Nişanı qaytarası deyildik ki. Ən azından aldığı müalicə sona çatardı. Toyu sonra da etmək olardı. Nəsə, nəsə… Siz ikiniz də düzgün hərəkət etməmisiniz.
– Biz belə olmasını istəməzdik, vallah. Bağışla, sən Allah.
– Keçib orasından. – Ətiqə anlamağa çalışırmışcasına beynində nələrisə götür-qoy edir, hadisələri bir-biriylə üzləşdirib anlamağa cəhd edirdi. – Mən Səmanın əlindən dərmanı alıb onu çölə çıxartdım. Axşam da Səma pisləşdi. Gülşən soruşanda ki, nə olub, mən dili qurumuş qayıtdım ki, həyətə düşmüşdüm, gəldim gördüm Səma o zəhrimarla hamam yumaq istəyir. Bunu mən demişəm. Amma tək Gülşənə. Ayrı heç kimə. Demək, o qızının xəstəliyini bildiyi halda bizi günahlandırır, bununla da hər kəsə demək istəyir ki, Səmanın xəstələnməsinin əsas səbəbkarı bizik. Yəni mən. Bax bunlarda sizin payınız da var. Sən də, bacım da məni arxamdan vurdunuz. Heç yerə günahkar damğasını anlıma yapışdırdınız. – Qadın yenə kövrəlsə də göz yaşlarını tutub ağlamadı. – Eybi yox. Təki Səma sağalsın. Haqqımı yeyən hər kimdirsə göydəki o Allah görür! – Qadın barmağını göyə tuşladı. – Balamın xətrinə bunu da görməzliyə vuraram. Bir Vasifimin oxu daşa dəyməsin.
Sənəm böyük peşmanlıq içində evlərinə gəldi. Bildiyini söyləsə də, qəlbindəki daş qədər ağır günah hissi silinib getmədi. Əksinə, bir az da ağırlığıyla çiyinlərini əzdikcə əzdi.
***
Tam bir ayı geridə qoymuşdular. Müalicə uğurla davam edirdi. Vasif bir gün Səmanın tamamilə sağalacağı ümidiylə gecə-gündüz çalışır, icazə verilən saatlarda hər anını, hər dəqiqəsini Səmayla keçirirdi. Bütün klinika bu iki gəncin eşqindən danışır, onlara sonsuz rəğbət bəsləyirdilər. Vasifin əzminə, iradəsinə heyran olan hər kəs ona hörmətlə yanaşırdı.
Arif bəyin onu axtardığını eşidib böyük təlaş içində həkimin kabinetinə yollandı. Qapını ehmalca döyüb cavab gözlədi. Arif bəyin: “Gəlin” deməsiylə içəri adladı. Həkim eynəyinin altından oğlanı süzüb əliylə “otur” deyə işarə verdi. Vasif həyəcanını birtəhər boğub qabaq-qənşər kresloya əyləşdi.
– Nə həyəcanlanırsan? – Həkim bir ata qayğısıyla gülümsədi. İri gözlərinin içi şən-şən gülürdü. Bu bir az da olsa Vasifi sakitləşdirdi. – Yoruldun buralardan, hə? Sizin rayonun havası bir başqadır. Olmuşam oralarda. Gözəl yerləriniz var. İnşallah, yayda istəyirəm yenidən bir baş çəkim.
– İnşallah. Nə zaman gəlsəniz gözümüz üstə yeriniz var.
– İndi keçək əsas məsələyə. Bax, cavan oğlan, səninlə açıq danışacam. Səma xanım bizim klinikaya qəbul olunanda vəziyyəti son dərəcə kritik idi. Əvvəldən də sənə demişdim. Mənim elə də ümidim yox idi. Bu xəstəlik nadir təsadüf olunduğu kimi nadir hallarda da müalicə oluna bilir. Bu Allahın sizə göndərdiyi böyük bir sınaq idi ki, sənin böyük sevgin bu sınaqdan üzüağ çıxdı. İnşallah, ayın ortalarına Səma xanım artıq müalicəsinin davamını evdə edə bilər. Onu bəzi prosedurlar gözləyir. Yerimək qabiliyyətini itirən ayaqları daima masaj olunmalıdır. Qısası, siz hələ bir az da səbirli olub, bu dövrü adlatmalısınız. Bir şey də deməliyəm. Səma xanım bu xəstəliyə ailə quranacan tutulub. Ailə qurduğu zaman yaşadığı fizioloji dəyişiklik xəstəliyin artmasına təkan verib.
– Siz nə danışırsınız, həkim? Deməli, Səmanın bu qədər əziyyət çəkməsinə baiskar mənəm?
– Sən niyə? Vasif bəy, Səma xanım müalicə almamış ailə qurmamalıydı. Bəzi xəstəliklər zamanında müalicə olunmasa, biz həkimlər ailə həyatına icazə vermirik. Bəlkə də bu bəziləri üçün absurd bir fikir kimi səslənir, amma mənim üçün bu bir məntiqdir. İndi cavan oğlan sən…
– Nə demək istədiyinizi anladım. Təki yoldaşım sağalsın, daima yanımda olsun. Nəfəs aldığını, gəzdiyini görüm. Mən ona toxunmadan da yaşayaram.
Arif bəy yerindən qalxıb Vasifə yaxınlaşdı. Onun nə etmək istədiyini anlamayan oğlan cəld ayağa qalxdı. Arif bəy oğlanın əlini sıxıb onu qucaqladı. Dərin ehtiram və hörmətlə kürəyinə döyəclədi.
– Kaş bütün ərlər sənin kimi olsun. Allah sizə hər şeyin xeyirlisini nəsib eləsin.
– Sağ olun, doktor. Siz olmasaydınız bu gün yoldaşım həyatda olmazdı.
Vasif şad xəbəri Səmaya vermək üçün palataya yaxınlaşdı. Lakin səs eşidib ayaq saxladı. Səs Gülşənin səsinə çox oxşayırdı. “Yox, Gülşən xala hələ rayondan qayıtmaz. Bu kimdirsə yəqin səsi bənzəyir” deyə könlündən keçirdi.
– Sənin qaynanan səni bu hala saldı, bunu unutma.
Eşitdiklərindən yerindəcə donub qaldı. Bu elə Gülşənin özü idi. Heç düşünmədən qızını “zəhərləməyə” çalışırdı.
– Ana, sən nə danışırsan. Qaynanam o qabı görən kimi əlimdən alıb məni hamamdan çıxartdı.
– Ay mənim saf qızım…
Qapı açıldı. Vasif qaşqabaqlı halda palataya girdi. Dilucu arvadla salamlaşıb Səmaya yaxınlaşdı. Ehtiyatla əlini qızın iynələnməkdən göyərmiş əlinin üstünə qoydu.
– Necəsən, Səma? Ağrıyan yerin yoxdur ki?
Qız Vasifin eşidəcəyindən qorxmuş halda gözlərini anasından qaçırdıb ərinə baxdı. Zəif səslə:
– Yaxşıyam, – deyib gülümsədi.
Vasif o gülən atəşli gözlərdə böyük inam və məhəbbət görüb qaynanasına sürəkli baxış atdı. Arvadın bir gözü pəncərədə olsa da diqqəti onlarda idi.
– İki həftədən sonra buradan canın qurtarır. – Vasifin sevinclə söylədiyi sözdən Səmanın gözləri parıldadı. İki damla göz yaşı yanaqları boyu süzülüb dodaqlarına doğru çığır açdı.
– Evimiz üçün darıxmışam… – Səsi inildədi. Həsrət dolu kəlmələr dodaqlarından axıb töküldü.
– İnşallah. Bir az da döz. Daha bir şey qalmayıb. İndi sən istirahət elə. Mən gedim. İşdə olmalıyam. Sabahdan da ev axtarmalıyam.
Gülşən cəld yeznəsinin sözünə müdaxilə etdi:
– Ev dura-dura nə evi axtarırsan?
– Hansı ev? – Vasif istehzayla gülümsədi.
– Odey, xalanın evini deyirəm. İki nəfərdilər də. Boş evdir. Bir də əl-ayağa niyə düşürsən ki, ay yeznə! – Bunu da xüsusi vurğuyla dedi.
– İki nəfərdilər deyə burunu üzdən sıyırmalıyam ki, ay Gülşən xala? Heç kim götürməzdi. Aylardır yazıqlar öz evlərində isti yataqlarına həsrətdilər. – Vasifin səsi sərt çıxdığından arvad alındı.
– Nə demək istəyirsən, a yeznə. Biz…
Səma aradakı gərginliyi yumşaltmaq üçün yalandan ufuldayıb əlini sinəsinə apardı. Vasif də, onunla söz döyüşünə keçən Gülşən də bir anlıq çaşqınlıq içində halı dəyişən Səmaya baxıb duruxub qaldılar. Hər ikisi bir az öncə aralarında yaranan gərginliyi unudaraq sakitləşməyə macbur oldular.
(Ardı var)