Koronavirus təhlükəsi və mənim həkimliyim
- 13 Avqust 2020
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Sözün doğrusu, belə bir günün gələcəyini heç ağlıma gətirməzdim. İnsan təfəkkürü çox şeyə qadir olsa da, bu gün tuğyan edən koronavirus bəlası qarşısında biz hələ acizik. Bu bir həqiqətdir ki, insan özünü və ətrafını müəyyən yaşdan sonra dərk edir. O, yaxşı başa düşür ki, hər şeyi müəyyən edən ilahi qüvvə – Allahdır. Dar ayaqda insan ona pənah gətirir.
Düşünürəm ki, bugünkü vəziyyət, çıxarılan qərarlar deyilənlərə tutarlı bir cavabdır. Buna görə də insan dərk edir və dərk olunur. Məlum bir həqiqətdir ki, insan oğlu dünyanın insanlığa məlum olmayan sirlərini açmaqda acizdir. Belə çıxır ki, insan Allahın ona verdiyi qədər müəyyənedici bir varlıqdır. Öz həyat tərzimiz barədə düşünəndə ortaya çox suallar çıxır. Dünənki həyat tərzimizi xatırlayarkən anidən fikirə dalır, yaşadığımız hər anı gözümüzün qabağından keçirir, qəhərlənirilk. Bu gün qarşımıza çıxan qismətimiz budur!
Allah insanları bu bəladan qorusun!
Bunları saf-çürük edə-edə yazı masamın arxasında oturub pəncərədən təbiəti seyr edir, quşların, xususən də qaratoyuqların səslərini dinləyir, onların heç nədən xəbərsiz, azad həyat sürmələrinə bəzən sevinir, bəzən də paxıllıq edirdim. Quşların cəh-cəh vurub sağa-sola şütüməsi insanı heyran edir, baş vermiş bəla barəsində düşünməkdən uzaqlaşdırır. Ətrafı seyr edirsən: nəvələrin durmadan bir-birini qovmaları, arada quşlar kimi səs çıxarmaları, dünyadan xəbərsiz, dünya malında gözü olmayan varlıqlar… Yayın bu cırhacırında onları düşündürən babalarını dondurma almağa məcbur etmələridir. Məcbursan ki, onların göstərişlərinə vaxtında çarə qılasan. Onların küsmələri, bəzən dondurmadan imtina etmələri onların dəcəlliyindən xəbər verir. Bunların bu hərəkətləri babanın, nənənin ürəyinə sarı yağ kimi yayılır. İnsan oğlu onların bu hərəkətlərini seyr edə-edə fikirləşir: İlahi, görəsən, həyatda bundan gözəl nə var?
Tanrıya üz tutub deyirəm ki, Ulu Tanrı, bu gözəlliyi babalara, nənələrə və nəhayət, valideynlərə çox görmə!
Baş vermiş bu çətin vəziyyət barədə düşünəndə elə ağır yüklü suallarla qarşılaşırsan ki, onları cavablandırmaq məsuliyyət tələb edir. Hadisələrin ciddiliyi insanı vahiməyə gətirir. Yenə də ümidimiz gələn tərəfə boylanırıq.
Unutmamalıyıq ki, inam bizim əsas silahımızdır. Ayrı-ayrı insanların yanlış siyasət yürütmələri insan pisixologiyasına mənfi təsir göstərir.
Alimləri panikanı sosial psixologiyada yoluxucu xarakterə malik hiss kimi səciyyələndirirlər. Koronavirusla mübarizədə deyilənlərə əməl edərək kimin və nəyin yanında olduğumuzu dərk etməliyik. Bu gün insanların bir-birinə münasibətində hiss olunur ki, hamı öz başının çarəsini axtarmaqla məşğuldur. Söhbət əsnasında hiss edirsən ki, bəzən o səni dinləmir, öz aləmindədir. Onu qınamaq olmaz, aldığı informasiya onu çaşbaş salıb. İnsan həyatından bəhs edən müdriklər qeyd edirlər ki, insan özünə qarşı çox ciddi olmqla bərabər, bilməlidir ki, onun bütün dünyası siqnallardan və məlumatlar sistemindən ibarətdir. Buna görə də həyata açıq gözlə, reallıqla baxmaq lazımdır.
Bunları saf-çürük edə-edə bir də baxdım ki, başqa aləmdəyəm. Özümü ətraf mühitdən təcrid olunmuş kimi hiss etdim. Bir anlığa xatırladım ki, iyunun 4-də nəvəm Əmirin ad günüdür. Təbrikə getməyin vaxtı çatmışdı, ailəmiz hazırlıq görüb, məni gözləyirmiş. İnsan belə gözəl xəbər eşidəndə özünü dünyanın ən xoşbəxti hiss edir. Əmirgilin evinə gəldikdə gözəl bir mənzərə ilə qarşılaşdıq. Əmirin atası Anar bəy həyətdə gözəl süfrə açmışdı. Süfrənin arxasında demək olardı ki, nəvələr idi. Qonaqların çoxunun diqqəti Fərəh xanımda idi. Onun qardaşının ad günündə çıxardığı oyunlar hamını valeh etmişdi. Bir sözlə, hamı bu gözəl günün dadını çıxarırdı. Etiraf edim ki,biz nənə-baba nəvə xəstəsiyik. Bu xəstəliyi nəvəsi olmayanlara arzu edirəm.
“Evdəqal” rejiminə ən çox sevinən azyaşlı uşaqlardır. Onların əsas hobbisi cizgi filmlərini seyr etməkdir. Yaşlı nəsil də cizgi filmini seyr etməkdə uşaqlardan geri qalmır. Elə mənim özüm də cizgi filmlərini seyr etməkdən zövq alıram. Bunları xəyalımdan keçirə-keçirə evə gəldim ki, bir az dincəlim. Baxdım ki, hamının başı cizgi filminə – “Mauqli”yə qarışıb. Mən də bir stul götürüb, bir tərəfdə oturub, onlar kimi filmi seyr etməyə başladım. Çoxu bu filmə dırnaqarası baxsa da, filmdə dərin fəlsəfi məna var. Təbiətlə insan amili gözümün qabağına gəlir. Mən şəxsən bu iki varlığı bir-birindən ayrı təsəvvür etmirəm. Təbiət və insan əkiz qardaşdılar. İnsan təbiətdəki bütün varlıq barədə zəngin məlumata sahib olsa da, canlıları tanımaya bilər. Bu sahənin tədqiqatçıları düzgün qeyd edirlər ki, insan təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla artır, yaşayır və inkişaf edir. “Mauqli”də yazıçı Kiplinq o dövrün siyasi vəziyyətinin və cəmiyyətinin alleqoriyasını yaradıb. Yazıçının cəngəllikdə azmış körpə uşağı qurdlar tərəfə yönəltməsi heç də təsadüfü deyil.
Qurdlar azadlığın, qəhrəmanlığın, cəsarətin və çevikliyin simvoludur. Türk anasının boz qurdla eyni məsləyi bölüşməsindən yaranan mifoloji bir doğmalıq var. Müəyyən məqamda boz qurdun özü, boz qurd isə müəyyən məqamda ananın özüdür. Mənə elə gəlir ki, çox gizli sirlərdən biri insanla qurdların münasibətidir.
Onlar yırtıcı olsalar da, təhrik edilmədiyi halda insanlara dişlərini qıcatmazlar. Bizim bu gün qismətimizə çıxan koronavirus təhlükəsindən ətraflı söz açarkən “Maquli”nin qismətinə düşən cəngəllik qanunları ilə yaşamağı Tanrı payı hesab edirik. Bəli, yaşamaq bir ağac kimi tək və hür!
Bu film barədə oturub fikirləşndə ana canavarın meşədə azmış körpəyə müraciəti gözümün qabağına gəlir. Ana canavar: “Tez gəl! Ey fərasətli bala qurbağa, tez gəl. İnsan balası olsan da, mən səni öz doğma balalarımdan çox istəyirəm”.
İnsanı düşündürməyə vadar edən bu məsələ dilsiz-ağızsız hesab etdiyimiz, canavar adını verdiyimiz canlı əl boyda insan oğluna sahib çıxmağı bacarır. Bəzi insanlar bu gün dünyada baş vermiş koronavirus bəlasına, onun mövcudluğuna inanmır. Bu gün Yer kürrəsini ram edən koronavirus bəlası hər kəsin gözünü açmalıdır. Bu çətin gündə bir-birimizə sahib çıxmasaq, sonrakı peşmançılıq fayda verməyəcək.
Bu filmdə mənim ən çox diqqətimi çəkən bir məqam da var: meşəyə insan gəlir!
Bu səhnəni seyr edərkən sunami baş vermiş kimi bütün canlılar cəngəllik boyu qaçıb canlarını qurtarmağa çalışırlar. Onlara elə gəlir ki, insan bu dəqiqə meşəni də, heyvanları da məhv edəcək. Lakin hər şey onların düşündükləri kimi deyil. Görürlər ki, əksinə – insan meşədəki ağaclara və heyvanlara qayğı ilə yanaşır. Burada məni düşündürən məsələni oxucularıma çatdırmaq istəyirəm. Bəlkə onlar optimal bir variantın olduğunu görüb deyəcəklər. Belə bir sual çıxır ortaya: Necə olur ki, “Mauqli” cizgi filmində “meşəyə insan gəlir” sədasını eşidəndə bütün canlılar qaçıb canlarını qurtarmaq istəyirlər? Amma insan oğlu koronavirus bəlası ilə üzbəüz olmasına baxmayaraq, deyilən tövsiyələrə məhəl qoymur. Atalarımız yaxşı deyib, ziyanın yarısından qayıtmaq özü bir savabdır.
Bu məsələdə dedi-qoduya üstünlük verənlərə də rast gəlmək olur. Bu hadisələr kimlərinsə xoşuna gəlməyə bilər. Gəlin daşı ətəyimizdən tökək, hər bir qərara hörmətlə əməl edək. Böyük nəvəm Cavid bu hadisələrlə əlaqədar mənim çox düşüdüyümü görüb belə bir sual verdi:
– Sən də elm sahəsində sözünü deyən elm adamlarından birisən. Nə üçün bu yaşa gəlmisən, heç bir fəxri ada layiq görülməmisən? Dövri mətbuatı, interneti izləyirik. Mənə çox qəribə gələn bir məsələ diqqətimi çəkdi. Yerindən duran əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, akademik, əməkdar artist və başqa fəxri adlar alırlar. Siz həmişə öyüd-nəsihət verirsiniz və deyirsiniz ki, gənclər bizim gələcəyimizdir. Fikirləşirəm bir vaxtlar bu sözləri sizə də deyiblər. Baba, görürsən nəticə göz qabağındadır. Doğrusu, bunları soruşub kefini pozmaq fikrində deyildim. Bir məsələni öyrənmək istəyirəm, baba. Amma mənə konkret cavab verməni xahiş edirəm.
– Övlad, sən sualını ver, bizim fikrimiz Quran ayəsi deyil, bacardığım qədər suallarına cavab verərəm.
– Bayaq, fəxri adlarını saydığım elm adamları haradadırlar? Akademiyada, ali məktəblərdə olan laboratoriyalar nəyə xidmət edir? Nobel mükafatı uğrunda varından-yoxundan çıxan bioloqlar, kimyaçılar bu ağır gündə niyə hərəkətə gəlmirlər? Deyəsən koronavirus onların gözünün odunu alıb!..
– Mənim gözəl Cavidim, sənin mənə verdiyin suallar tam həqiqətdir. Bir şeyi unutma, bu gün əlimizdə gəzdirdiyimiz telefonun yaradıcılarından biri dünya şöhrətli alim Lütfizadədir. Oğul, məni məcbur etdin, bir neçə dünya şöhrətli alimlərimizin adını çəkim. Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, böyük fizioloq alim Abdulla Qarayev, Qoşqar Əhmədli, Cəfər Xəndan, Bəhram Əsgərov, sənin baban İzzət Rüstəmov, Nurəddin Rzayev… Adlarını saymadığım yüzlərlə elm və ictimai xadimlərimiz var.
Bəzən də düşünürəm, hərə öz dəyirmanının hayındadır. Villalarına əl gəzdirənlər, dezinfeksiya (dərmanlama) barədə düşünənlər. Dezinfeksiya demişkən, bu yaxında dostumun başına gəlmiş bir hadisə yadıma düşdü. Dostum dedi ki, qardaş, bir biokimyaçı dostum var. O gün onunla görüşdük, hal-əhval tutduq. O mənə öz hazırladığı gübrə barədə məlumat verdi. Dedi ki, dostlardan kimin bağı varsa, bu gübrədən ucuz qiymətə verə bilərəm. Qardaş, sən yaxşı bilirsən ki, mənim bağbanlıq sahəsində təcrübəm böyükdür. Nə başını ağrıdım, ondan ucuz qiymətə gübrə aldım. Onun dediyi kimi, verdiyi məhlulu su ilə qarışdırdım, ağacların dibinə tökmək istəyirdim ki, tək səbir gəldi. Sən ki yaxşı bilirsən, mən namaz qılan adamam. Bəri başdan deyim ki, mənim kimi tək səbirə inanan az adam tapılar. Fikirləşdim ki, bir az gözləyim, yenə tək səbir gəldi. Belə qərara gəldim ki, bu gün gübrə verməyəcəm. Gübrəni yoxlamaq üçün yerini dəyişəcəyim bir ağacın dibinə tökdüm. Səhərisi günü gözlərimə inanmadım, ağacın yarpaqları qaynar suda pörtdəmiş çuğundur yarpağına oxşayırdı. Atalar demişkən, ziyanın yarısından qayıtmaq özü bir savabdır. Mən bu məsələnin bir daş altda, bir daş üstə qoydum.
İndi, dostlar, oturub fikirləşirəm, əgər rəhbərlik bu adamı çağırıb koronavirusa qarşı dərman hazırlanmasında iştirak etməsi üçün şərait yaratsa, vay bizim halımıza! Bu yerdə Kərəmi ağlamaq tutur. Əgər bir alimin hazırladığı gübrə yarpağı bir günə soldurursa, o biri alimin hazırladığı dərman şüurlu insanı gör nə günə salar.
Başqaları kimi məni də düşündürən xalqımızın düşdüyü bu bəladan nə zaman xilas olacağımızdır. İndi hamını düşündürən yeganə mövzu bu vəziyyətdən necə xilas olmasıdır.
Mobil telefonumun səsi məni diksindirdi. Zəng edən vaxtilə müalicəsinə kömək etdiyim dostlardan biri idi. Çoxdan görüşmədiyimiz üçün səsini belə unutmuşdum.
– Eşidirəm, qardaş, xeyirdimi?
– Rüfət müəllim, məni bağışla, işim düşəndə səni axtarıram.
– Qardaş, de görüm nə köməyim dəyər?
– Allah sizdən razı olsun. Siz həmişə kömək əlinizi uzatmısınız. Sizin bacınız oğlu doktor Sahib məni sətəlcəmdən müalicə etmişdi. Allah köməyində dursun. Məni həyata qayarmışdı, heç bir şikayətim yox idi. Bu yaxında dostlarımdan bir ilə oturub, yeriniz məlum, yaxşıca yeyib-içdik. İçdiyimiz içkilər çox sərin olduğuna görə məni pis günə qoydu. İndi qızdırma içində yatıram, mənə kömək et. Məni qınama, qardaş, dostları dar gündə axtararlar.
Öz-özümə gülümsünərək düşündüm: kaş həkim olaydım. Mənə qəribə gələn onun tez-tez “Müəllim, səni çox narahat etmirəm ki…” deməsi idi. Sonra da dedi ki, yatarkən dəhşətli yuxular görür və onu ən çox qorxudan budur. Sözün doğrusu, bu oğlanın özünü bilə-bilə oda atması məni bir az əsəbləşdirmişdi. Dedim:
– Sənin həyəcanını başa düşürəm, birincisi, yuxunu tərsinə yoz, ikincisi, özün etiraf etdin ki, keçən il sətəlcəmdən müalicə olunmusan, bilmirsənmi belə xəstəlik keçirən insanlar içki içməzlər?
Telefonuma başqa zəng gəldiyi üçün ondan üzr diləyib, bir az gözləməsini xahiş etdim. Zəng edən mənim yaxın dostum, qardaşım, görkəmli alim, naşir, alimlər ordusu üçün nəşriyyat işində xeyriyyəçilik missiyasını yerinə yetirən ziyalılarımızdan biri Nadir Məmmədli idi. Dedi:
– Sənin üçün çox darıxmışam. Allah bizi bu təhlükədən qorusun.
– Amin! – dedim.
Oğlu İnal Tükiyədə təhsilini davam etdirir. Hiss etdim ki, o, İnaldan ötrü çox darıxır. Ürək-dirək verdim, “Hər şey yaxşı olacaq, inşallah” dedim. Gülümsündü. Ata ürəyi. “Telefon açsan İnala məndən çoxlu salam söylə” dedim. Onunla sağollaşıb, dostumla danışığıma davam etdim.
– Məni yaxşı dinlə, – dedim. – Keçən il qəbul etdiyin dərmanların resepti durursa, dərman alıb müalicəyə başlamaq lazımdır.
– Müəllim, çox üzr istəyirəm, sizə deməyi unutmuşdum, bir doktorla əlaqə saxlamışdım, o da siz deyəni məsləhət bildi.
“Allah şəfa versin!” deyib danışığı dayandırdım. Bəzi dostlarım unudurlar ki, mən həkim deyiləm. Mən filologiya üzrə mütəxəssisəm.
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı