Aynur Təmkin
Gecə yerini səhərə təhvil vermişdi. Gecədən sakit olan dəhlizlər tez-tez dolub boşalırdı. Ağır xəstələr, ağlar xəstə yiyələri, çarəsiz baxışlar, sızıltılar, ağrıdan çığıranlar… Hər şey burada idi. Səmadan boylanan günəş yeni günün başlanğıcından xəbər versə də burda hər şey fərqli idi. Burada zaman dayanmışdı, həyat sönmüşdü. Dünyanın boz və qaranlıq rəngi bu xəstəxananın divarlarına öz kölgəsini salmışdı.
Vasif ağır düşüncələrə dalıb qalmışdı. Bir dəstə həkimin Səmanın palatasına daxil olduğunu görüb tələsik ora doğru getdi. Ürəyinin guppultusunun qulağında yaratdığı səs-küyə fikir vermədən dəqiqələri saymağa başladı. Artıq saatdan çox idi. Lakin hələ də içəridən bir kimsə çıxmamışdı. Vasif vahimə içərisində onları gözləyirdi. Nədənsə atasıgil gəlib çıxmırdılar.
Nəhayət, həkim heyəti palatanın qapısında göründükdə Vasif onlara tərəf yeridi. Dünən Səmanı müayinə edən həkim oğlana başıyla salam verib keçib getdi. Bir qədər sonra Rəhman, qardaşı Şahin və digərləri Vasifin yanına toplaşdılar. Saatlar uzandıqca səbri tükənən hər kəs bir xəbər alacaqları ümidiylə gözləsələr də hələ heç kim onlara xəbər vermirdi. Dünən axşamdan dilinin altından su keçməyən Vasif qollarını sinəsində çarpazlayaraq dərin düşüncələrə qərq olmuşdu. İndi Səmanın nə halda olduğunu düşündükcə dəli olurdu.
– Vasif, həkim bizi çağırır, – atasının səsi ilə özünə gəldi. Doktorun arxasıyca onun kabinetinə daxil oldular.
– Səma xanımın vəziyyəti heç də ürəkaçan deyil. Bunu təəssüf hissiylə sizə bildirməliyəm. – Həkim boğazını arıtladı.
– Biz əlimizdən gələni edirik. Konkret olaraq heç nə deyə bilməsək də təxmini hansı xəstəlikdən şübhələndiyimizi yaxın saatlarda yəqin ki, öyrənəcəyik. Sizə yüz faiz söz verə bilmirik. Yəni Səma xanım elə durumdadır ki, necə deyim sizə, tibb bir az çarəsizdir. Siz hər an, hər dəqiqə hər şeyə hazır olmalısınız. Əgər xəstəmiz müalicələrə cavab versə, o halda sizə böyük vəsait lazım olacaq. Bu tərz xəstəliklər bəzən aylarla, bəzən illərlə davam edə bilir.
– Siz nə deyirsiniz, doktor. Necə yəni söz verə bilmirik. Necə yəni dəqiq heç nə deyə bilmirik.
– Cavan oğlan, coşmayın. Oturub səbirlə dinləyin. Bizim təxminimizə görə, Səma xanımın öncədən hansısa xəstəliyi olub. Bunu dünən də sizə söyləmişdim. Və zamanında müdaxilə olunmadığına görə ağır fəsadlara yol açıb.
– Mənim qızım xəstə-filan olmayıb. – İlham kobudluqla dillənib ayağa qalxdı. -Zorla mənim uşağıma xəstəlik yaxmayın. Mən üç ay öncə sağlam halda qız köçürmüşəm. – Kişi getdikcə coşub əlini-qolunu ölçməyə başladı.
Həkim səbirlə onu dinləyib sonunda onun sakitləşdiyini görüb yenidən sözünə davam etdi.
– Sizin halınızı başa düşürəm. Bir ata kimi övladınızın xəstə olduğunu qəbul etmək ağır gəlir. Amma mən bunu sizə böyük bir məyusluqla söyləməyə məcburam. Bu bir ehtimal olsa da, həqiqətə çox yaxındır. Xəstəliyin kritik həddə çatmağına səbəb… – Doktor yerində qurcalandı. Bu fikri söyləməyin ona çox çətin olduğu bəlli idi. Amma o bir həkim idi. Və bu acı həqiqəti onun gizlətməyə haqqı çatmırdı.
– Əşi, niyə uzadırsınız sözü. Bir deyin görək axı nədir. – Gülşən hikkəylə dilləndi. Vasifin üzündə bütün əzələləri dartılırdı. Həkimə acığı tutmuşdu. Ağzını açmaq istəyirdi ki, atasının sərt baxışları onu susmağa vadar etdi.
– Mən Səma xanımda düyünlü poliarteriit xəstəliyindən şübhələnirəm. Düzdür, bu hələ dəqiq deyil. Bunu verilən analizlərdən sonra biləcəyik.
– Doktor, siz biz anlayan dildə danışın. Bu xəstəlik nə deməkdir? – Vasif həyəcanla otaqda var-gəl etməyə başladı.
– Buna pan xəstəliyi də deyirlər. Milyonda bir adamda rast gəlinən bir xəstəlikdir. Belə xəstələrdə böyrək tutmaları baş verir. Kiçik və orta çaplı damarları tutan iltihablaşma sindromudur.
Rəhman heyrətlə həkimi süzür, deməyə söz tapmırdı. Gəncəcik bir fidana ürəyi ağrıyırdı. Vasifin üzündəki əzablı ifadə atanı yerlə-yeksan edirdi.
– Bu cür xəstələrə çox həssas yanaşlımalıdır. Anası kimi bunu ən çox siz bilməlisiniz. Qızınızda qızdırma, ürək getmələri heç olubmu?
Gülşən çaşıb qalmışdı. Nə cavab verəcəyinə qərar verə bilmirdi.
– Olub. Bir neçə dəfə pis olub. Hər dəfəsində sistem vurdurmuşuq.
– Hansı dərmanlar idi? Xatırlayırsınız?
– Yox, vallah. Reseptlər rayonda qalıb. Ancaq, ay doktor, axı o dərmanlar vurulandan sonra Səma yaxşı olurdu.
– Harada müayinə etdirmisiniz? Hansı həkim yazıb dərmanları?
– Nə bilim, heç xatırlamıram da. Orta yaşlı bir xanım idi bizim həkim.
– Xəstəyə hansı diaqnoz qoyulmuşdu?
– Həyəcandan xatırlaya da bilmirəm, vallah. – Qadın ağlayaraq üzünü tutdu.
– Dediyim kimi, bu mənim ilkin fərziyyəmdir. Tam əmin olmaq üçün bir neçə müayinədən keçmək lazımdır. Baxaq görək o biri həkim yoldaşlarım nə deyir.
– Əgər elədirsə?… Əgər siz dediyiniz xəstəlikdirsə?.. – Vasif imdad diləyirmişcəsinə soruşdu.
– Əgər xəstəlik təsdiqini taparsa, bu uzun bir müalicə olacaq. Bədənin müqaviməti burada əsas amildir. Xəstəliyə qalib gəlmək artıq orqanizmin özündən asılıdır. – Yəni əgər orqanizm tab gətirməsə böyrək, ürək fəaliyyətini bərpa etməyə bilər.
Vasif həkimin kabinetinin qapısını açıb özünü çölə çıxdı. Nəfəs ala bilmirdi. Əlini boğazına apardı. Nəsə düyünlənib onu boğurdu. Dəhlizdəki insanlar ona baxırdı. Yeyin addımlarla özünü küçəyə atdı. Üzünü dənizə tutub içini yandıran göz yaşlarını sərbəst buraxdı. Var səsiylə bağırdı. Yanağı boyu süzülən göz yaşları yanan bağrını bir az da yandırdı. Yumruğunu ora-bura çırparaq:
– Niyə axı, niyə? – deyərək fəryad etdi. – Hansı günahın sahibiyəm, ay Allah. Mən kimə neylədim ki, cəzasını Səma çəkdi. O hələ nə yaşadı ki. Nə ömür sürdü ki. – Hayqırtısı sahildə çiliklənib əks-səda verdi. Telefonu zəng çalırdı. Əvvəl istədi açmasın. Sonra narahat olacaqlarından ehtiyatlanıb cavab verdi. Atasının “Hardasan?” sualına “Yarım saata gəlirəm” dedi.
***
Ətiqə süfrə açan bacısını xəcalətlə süzüb baxışlarını yerə zillədi. Artıq iki həftədən çox idi onların evində qalırdılar. Hər gün xəstəxanaya gedib-gəlirdilər. Rəhmanla Ətiqə artıq rayona qayıtmağa qərar vermişdilər. Yaşlı bacısının bişirib-düşürüb həm onların, həm qudalarının qulluğunda durması Ətiqəni utandırırdı. Qudaları yerlərindən narazı deyildilər. Səhər yeməklərini yeyib bir də axşam yeməyi zamanı evə dönürdülər. Günün qalan hissəsini qızları yatan xəstəxananın dəhlizində keçirdən Gülşənlə İlhamın burada hələ çox qalacaqları bəlli idi.
– Bacı. Biz bu gün gedirik. Arada yenə gələcəm. Vasifim sənə əmanət. Onu tək buraxma.
– Niyə gedirsən, ay Ətiqə? Yoxsa xətrinə dəyəsi nəsə olub?
– Yox, vallah. Allah səndən də, Təbriz qardaşdan da razı olsun. Mənim burada qalmağımın heç bir faydası yoxdur. Yerinizi də dar edirik. Heç olmasa biz gedək. Siz də bir nəfəs alın. Onsuz da yanınızda xəcalətliyəm. Mənim yüküm az imiş kimi qudaların da yükü sizin üstünüzə qalıb. Xəcalətinizdən neçə çıxacam, bilmirəm.
– Yaxşı, yaxşı. Elə danışma. Biz çətin anda bir-birimizə dayaq olmasaq daha nəyin bacısıyıq.
Ətiqə ağzını doldurub nəsə demək istəyirdi ki, qapı açıldı. Qabaqda Təbriz kişi, arxasıyca Rəhmanla qudalar içəri girdilər. İlham ayaqqabılarını soyunub, özünü vanna otağına salıb şappıldada-şappıldada əllərini yudu. Hər kəsdən qabaq süfrə arxasına keçib:
– Züleyxa bacı, acından ölürəm, gətir görək nə bişirmisən, – deyəndə Rəhman az qala xəcalətindən yerə girdi. İlhamın qırmızı-qırmızı özündən yaşda çox böyük olan baldızına əmr etməsinə əsəbləşdi. Qarşısına qoyulmuş yemək boşqabından bir-iki şey götürüb ağzına ataraq geri çəkildi. – İndi gəlirəm, – deyib tələsik evi tərk elədi. Əsəbdən ürəyi yenidən sancmağa başlamışdı. Bu günə qədər kimsədən nəsə gözləməyən Rəhman qudasının həddini aşan hərəkətlərinə artıq səbir edə bilmirdi.
Yaxınlıqdakı dükana girib yekə bazarlıq etdi. Zəng edib oğlunu aldıqlarını daşımağa çağırdı. Təbriz kişi Rəhmanın etdiyi bazarlığı görüb tutuldu. Onunla mətbəxə çəkilib qaşları çatılmış halda Rəmana incidiyini dedi. Rəhman gülümsəyərək ağır əllərini bacanağının çiyninə qoydu.
– Mən bu gün gedirəm. İki həftədir qulluğumuzda durmusan. Səninlə kəsdiyim duz-çörəyə and verirəm, incimə. Sənin mənə elədiklərini istəsəm də ödəyə bilmərəm. Mən getsəm də qudalar hələ burdadır. Deməyə də utanıram. Amma yəqin bunlar gəlin xəstəxanadan çıxana qədər sizdədirlər. İcazə ver ən azından sənin yükünü bir az xəfiflədim. Heç kimin mənə borcu yoxdur. Qapını açıb evində yer verdin. Bu qədərini belə çox adam etməz. Halallıq ver. Allah qızlarını xoşbəxt eləsin.
Təbriz kişi göz bəbəkləri od kimi yağan bacanağına baxıb gülümsəyərək əlini sıxdı.
Vasif atasıgilin bu gün gedəcəklərini bilirdi. Xəstəxanada tanış olduğu orta yaşlı tibb bacısına Səmadan göz-qulaq olmasını xahiş edib xalasıgilə yollandı. Üz-gözünü tük basan Vasifin ovurdları batmışdı. Sanki on il qocalmışdı. Görünüşü tanıyanların içini sızladırdı. İki həftə boyunca Səmada heç bir irəliləyiş olmasa da Vasifin yeni maşın almaq üçün topladığı pul demək olar ki tükənmişdi. Bir tərəfdən qızın dərdi, digər tərəfdən pulunun tükənməsi oğlanı dərin depressiyaya salmışdı. Son ümidi maşını idi.
– Alo, Nihad. Salam, necəsən? Bildiyin kimi. Maşını satmaq istəyirəm. Bakıdakı tanış-bilişdən kim varsa soraqla. Yeddi minə. Neyləyim, qardaş, təki Səma sağalsın, maşın tapılar. Sağ ol. Nə muradın varsa ona çatasan. – Telefonu söndürüb dərindən nəfəs aldı. Ağır addımlarla lifti gözləmədən pilləkənlə qalxmağa başladı.
Rəhman oğlunu qucaqlayıb bağrına basdı. “Hər şey yaxşı olacaq” deyib kürəyinə vurdu. Əlində tutduğu pulu oğlunun cibinə qoyanda Vasif qəti etiraz etdi. Rəng alıb, rəng verdi. Pulu zorla atasına qaytardı.
– Ata, mən sənin həkim puluna əl qoya bilmərəm. Ölərəm, amma qəbul etmərəm.
– Ay kişi, inad etmə. Sən axı bilmirsən indən belə sənə nə qədər lazım olacaq. Birdən pulun bitdi. Sənə də təcili pul lazım oldu. Onda neyləyəcən?
– Maşınım var. Satacam. Amma bu pula toxunmayacam.
Rəhman çarəsiz halda pulu qaytarıb cibinə qoydu. Vasifə paltar zənbilini uzadaraq:
– Al, maşına qoy, mən də indi gəlirəm, – dedi. Vasifin getdiyinə əmin olduqdan sonra pulu Təbrizə uzadıb öz adından Vasifə verməsini xahiş etdi.
Vida anı çatmışdı. Hamı ilə sağollaşıb Ətiqəylə liftə mindilər. Saat on iki avtobusuna bilet almışdılar.
Vasif maşını kənara verib aşağı endi. Valideynlərinin yerlərini tutduqlarını görüb yenidən xəstaxanaya qayıtdı.
Nə bir xoş xəbər, nə bir irəliləyiş. Günlər qaranlıq gecə kimi, günlər yeksənəq saatlar kimi axıb gedirdi. Həkimlərin bütün səylərinə rəğmən Səma gözlərini açmırdı. Artıq hər kəs əlini üzmüşdü. Bütün xəstəxananın müzakirə mövzusu Səma idi. Bu nadir xəstəlik milyonlarla insanın içində Səmanı tapmaqla gənc ailənin xoşbəxt günlərinin üstünə qara kölgə salmışdı. Vasifin satlığa qoyduğu maşınına hələ də müştəri tapılmadığından çarəsiz haldaydı. Kiminsə üstünə pul üçün getməyə xəcalət çəkirdi. Siqareti damağına qoyub ciyərlərinə sovurdu. Gözlərini qapayaraq başını arxaya söykədi. İçi qan ağlayırdı. O qədər ümidsiz, o qədər çarəsiz idi. Bu dəm ə anasını arzuladı. Başını onun dizinə qoyub yuxusuz vücudunu yuxuya təslim etmək istədi. Doyunca yatıb ayıldıqda bir möcüzə görmək istədi.
– Ay oğul, – gözlərini açıb səs axtardı. Cəmilə xanım ana nəvazişiylə ona baxırdı. Gülümsəsə də gözlərindən ona acıdığı bəlli olurdu. – Sənə bir söz deyəcəm. Amma öz aramızda. Nə qədər də olsa mən burada çalışıram.
Dikəlib oturdu. Maraqla Cəmilə xanıma baxdı.
– Oldu, Cəmilə xanım. Kimsəyə dediyinizi demərəm. Nə olub?
– Baxıram sənə, içim yanır. Hələ bu qədər gənckən çiyinlərində mənəm-mənəm deyən kişilərin darta bilmədiyi yükü daşıyırsan. O qıza da yazığım gəlir. Əzablarına dözə bilmirəm. – Cəmilə xanım cibində gizlətdiyi kağızı oğlanın ovcuna basdı.
– Bu nədir ki, Cəmilə xanım?
– Arif doktorun nömrəsidir. Vaxtilə bizdə işləyib. Savadlı adamdır. Xaricdə də işləyib. Sən bu qızı nə qədər gec deyil apar buradan. Bax gör neçə vaxtdır burdasanız. Zərrə qədər dəyişiklik yoxdur.
Vasif gözlərində ümid işığı qadının əllərindən tutub necə təşəkkür edəcəyini bilmədi. Tələsik çölə çıxıb xəstəxanadan uzaqlaşdı. Çibindən kağızı çıxardıb əlləri əsə-əsə nömrəni yığdı. Qəlbi həyəcandan əsirdi. Axır ki, zənginə cavab olaraq eşitdiyi səsdən özünü ələ aldı. Boğula-boğula nə üçün zəng etdiyini anladıb həkimin verəcəyi cavabı gözlədi.
(Ardı var)