Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
İnsan yaşlandıqca keçmişini xatırlamaqla təskinlik tapır. Bu bir həqiqətdir. Yaşadığımız evləri gözümün qabağına gətirdikcə bugünkü şəraitlə müqayisə etmək fikrində deyiləm. Düşünürəm, hər dövrün özünəməxsus qanunları olub, bu qanunların çoxları yaşayır, bəziləri isə artıq unudulub. Kənddəki evləri xatırlayarkən qeyri-iradi olaraq xəyallara dalır, özümü göyün yeddinci qatında hesab edirəm. Kəndlərimizdə yaşayan uzunömürlüləri yada salıram. Onların bu yaşa gəlmələrinin səbəbi əsl insan kimi yaşamalarıdır. İnsan üçün nə lazımdır: təmiz hava, bulaq suyu, cürbəcür çiçək çayları, beçə balı, təzəcə sağılmış süd, nehrə yağı, nələr və nələr, saymaqla bitməyən təbii qidalar.
Evlərə gəldikdə. Evlərin döşəmələri beşlik fıstıq taxtasından, tavanı şam ağacından.
Ən maraqlısı evləri isitməyə, yemək bişirməyə yarayan sobalar idi. Bu odun sobalarının çıxardığı səs indi də qulaqlarımda səslənməkdədir.
Yandırmaq üçün sobaya qoyulmuş palıd kötüyünün çıxardığı səs elə bil ki, ana körpəsinə layla çalır. Hərdən analarımızın yanan sobanın üstündə üzərlik yandırmalarını soruşanda:
– Oğlum, üzərlik insanı pis nəfəsdən, gəzən xəstəlikdən qorumaq üçündür, – deyərdilər.
Bu söz çox səmimi və inandırıcı idi. İndi mən o günləri həsrətlə xatırlayıram. On birinci sinfi bitirdikdən sonra Bakıya gəlmişdim. İmtahanda iştirak etmədiyimə görə kəndə qayıtmalı oldum.
1963-cü il idi. Bakıdan kəndə getmək üçün qatara bilet aldım. Məndən başqa kupedə üç nəfər də vardı. Onların üçü də geyimlərinə görə vəzifəli adamlara oxşayırdı. Mən tələm-tələsik yatağımı qaydasına salıb uzandım. Onlar öz aləmlərində idi. Heç mənimlə maraqlanmırdılar. Biri çantasından yemək və bir şüşə araq çıxardı. Mən özümü yatan kimi göstərdim. Onlar süfrə açdılar. Evdə qızardılmış toyuq ətinin iştah gətirən ətri tox adamı da acdırır. Çox keçmədi dostlar əllərini yuyub gəldilər. Yemək yeyə-yeyə ciddi bir məsələ ətrafında fikir mübadiləsi edirdilər. Hiss etdim ki, açdıqları araq şüşəsini iştah xatirinə götürüblər. Heç də içki içən adamlara oxşamırdılar. Onlardan yaşca böyüyü dedi:
– O yatan uşağı da qaldırsaq yaxşı olardı. Biz burada yeyib-içirik, o da orada yatır. Yaxşı iş görmədik.
– Əmi, sizin dediklərinizi eşitdim, çox minnətdaram, mən toxam. Məni yemək yeməmiş evdən buraxmadılar.
– Oldu, oğul, indi mən rahat oldum. Hə, yoldaşlar, domino oynamaq dəmi gəldi. Balaca, sənə mane olmuruq ki?
– Yox, əmi, işinizi görün, mən sizin oyuna baxmaq istəyirəm.
– Olar, oğlum, özünü bizim yanımızda rahat hiss et.
Domino çıxardılar. Dominonun adını onlardan eşidirdim. Sözün doğrusu, o oyun mənə çox qəribə gəldi. Onlar oyuna başladılar. Belə qərara gəldim ki, onları axıra qədər izləyim. Elə də etdim. Oyuna baxa-baxa yuxuya daldığımdan xəbərim olmayıb. Səhərə yaxın oyandım, onlar hələ yatırdılar. Çox ehtiyatla yatağımdan qalxıb, dəhlizə çıxdım. Məndən başqa da erkən qalxanlar vardı. Yuyundum. Qatar bələdçisindən Qovlara nə vaxt çatacağımızı soruşdum. Bir saatlıq yolumuz qaldığını dedi. Nəhayət, mənzil başına çatmışdıq. Sözün doğrusu, belə səyahətdən çox xoşum gəlirdi. Kəndimizə gəlmək üçün Novosaratovka avtobusuna mindim. Sərnişinlər arasında maraqlı söhbətlər gedirdi. Vaxtın necə keçdiyindən xəbərim olmadı. Novosaratovkadan kənd avtobusuna mindim. Kəndimizin başında endim. Doyunca ətrafı seyr etdim, kəndimizin gözəlliyi məni valeh etmişdi. Evimizə gəlişim hamının sevicinə səbəb olmuşdu. Ən çox da atam və anam sevinirdi. O gün çox suallara cavab verəsi oldum. Ertəsi gün qarşıma məqsəd qoydum ki, evimizdə təmir işi aparacam. Təbii ki, bu işi tək görə bilməzdim. Arabaçı kəndində yaşayan dostum Nizamiyə xəbər göndərdim ki, təcili bizə gəlsin. O da, sağ olsun, sözümü yerə salmayıb, ertəsi günü bizə gəldi. Evimizdə dədə-babadan qalma gözəl bir taxtımız vardı, onun üstündə uzanıb keçmiş günləri xatırlaya-xatırlaya xəbərim olmadan yuxuya dalmışam. Nizaminin şaqraq gülüşünə oyandım.
– Bağışla, qardaş, özüm də bilmədən yuxulamışam, – dedim.
– Canın sağ olsun, bizim kənddə də qonağı belə qarşılayırlar.
– Qardaş, – dedim, – bu yumordan sonra bir pürrəngi çay içərlər. Bəy verən atın dişinə baxmazlar, içək də, nə deyirəm. Nizami, bir de görüm domino oynamağı bilirsənmi?
Nizamini gülmək tutdu:
– Bu oyunu balaca körpələr də yaxşı oynayır.
İndinin özündə də, hara baxırsan insanlar boş vaxtlarında domino oynamaqla məşğuldular. Elə mənim özümün də domino oynamağa çox həvəsim var.
Nizami dedi:
– Mənim qardaşım, sezon vaxtıdı, başqa şey başa düşmə, işimizə başlayaq, sənə gözəl bir əhvalat danışacam. Söz verirəm.
Nizamini çağırmaqda bəxtim gətirmişdi.
Nizami usta çox təcrübəli ustadır, əlindən hər iş gəlir. Bir gün nahardan sonra Nizami usta çox qəribə bir hadisəni danışdı. Bu bir həqiqətdir ki, kənd camaatı son dərəcə zəhmətkeş insanlardır. Çox sayda iribuynuzlu heyvanları, qoyunları, saysız-hesabsız toyuq-cücələri, qazları, ördəkləri və s.
Nizami dostumun dediyinə görə, qış ayında qonşular tez-tez növbə ilə bir-birinin evində görüşüb domino oynayarlarmış. Növbəti bir gün qonşular – Nizami, Azər və Elşən Qəhrəman kişinin evində görüşürlər. Məqsədləri maraq üçün qonaqlıqdan domino oynamaq imiş. Nizaminin dediyinə görə, kəndə bir az da qar yağıbmış.
Birinci oyunda Qəhrəman və Azər yeməyi udurlar. Əvvəlcədən sözü bir yerə qoyduq ki, yemək də təzə kəsilmiş beçə ətindən olmalıdır. Qəhrəman kişi ilə Azər içkini uduzdular. Elşən beçə gətirmək üçün guya evlərinə gedir. Məqsədi Nizamigilin tövləsindən bir beçəni gətirmək imiş. O, tövləyə çatanda qapıda asılmış qıfılı görüb kor-peşman geri qayıdır, ağlına belə gətirmir ki, Nizamigilin tövləsinə gedərkən təzə yağmış qarda ayaq izləri qalacaq. Yolunu Qəhrəman kişinin tövləsinə salır və oradan bir beçə gətirir və fikirləşmədən kəsir. Qəhrəman kişi ilə Azər də içki tədarükü görürlər. Beçə hazır olduqdan sonra qonşular oturub yaxşıca yeyib-içirlər. Qəhrəman kişi əvvəlcədən bilir ki, beçə onun tövləsindən gətirilib, amma qonşularını çox istədiyi üçün məsələni hələlik açıb-ağartmaq istəmir. Qonşular növbəti gün yenə də domino oynamağa başlayırlar. Qəhrəman kişi qonşulardan böyük olduğu üçün növbəti oyunun şərtlərini o deyir. Sonra üzünü qonşulara tutaraq:
– Mənim əziz qonşularım. Bilirsiniz müdriklər nə deyib, – soruşur.
Nizami usta gülərək:
– Ay Qəhrəman kişi, ürəyimizi üzmə, de gəlsin.
– Müdriklər deyib ki, yeyəsən qaz ətini, görəsən ləzzətini. Bu dəfə, qardaşlar, dominonu qaz qonaqlığından oynayacağıq. Qəhrəman kişi bunu deyib qəşş çəkib gülür. – Mənim sevimli qonşularım, yaddan çıxarmayın, mənim beçəmi yeyənin bordanmış qazını yeyəcəm.
Nizami usta gülərək:
– Qəhrəman qardaş, mus deyənə qədər Mustafa de.
Qonşular bu dəfə çox ciddi başlamışdılar. Bir sözlə, qaz üstündə müharibə gedirdi, danışmaq qadağan edilmişdi. Kim danışsa qazı o gətirməli olacaqdı.
Oyun çox həyəcanlı keçirdi. Qonşular son dərəcə diqqətli oynayırdılar. Nəhayət, qazı Qəhrəmanla Azər uduzur. Qəhrəman kişi Azərə göz vuraraq:
– Qonşu, gedim bir bordanmış qaz gətirim, – deyir.
Azər Qəhrəman kişinin nə dediyini yaxşı başa düşür.
Arabaçı kəndində hamı yaxşı bilirdi ki, ən yağlı bordanmış qaz Elşəngildə olur. Çünki Elşən sovxozda məsul işdə olduğuna görə arpa, buğda və başqa quş yemləri onlara havayı başa gəlirdi. Anası qaz bordayarkən onların yeməyini bol edərdi.
Qəhrəman kişi böyük ustalıq nümayiş etdirərək Elşəngilin bordaqda olan qazlarından birini gətirir və Elşən sayağı tezcə başını kəsib ömür-gün yoldaşına verir.
Qəhrəman arvadına yaxınlaşaraq:
– Ay arvad, qazın hamısını bişirmə, hərəyə bir-iki tikə yetər. Sənə halal olsun, o gün beçəni əla qızartmışdın. Qonşuları bilmirəm, mənə xüsusi ləzzət verdi. Qazı qızardanda tələsmə. Kartofla qızardıb gətirərsən.
Arvad baş üstə deyib işinə başlayır. Yemək hazır olana qədər qonşular təkrar domino oynayırlar. Bir azdan yemək süfrəyə gəlir. Nizami qızardılmış qazın bir budunu götürüb o tərəfinə baxır, bu tərəfinə baxır və deyir:
– Qardaşlar, sizə bir sirr açacam. – Gülə-gülə qazın budunu bir neçə dəfə süfrəyə vuraraq bildirir. – Ey Allahın heyvanı, sən bu ayaqlamı mənim kartof sahəmi pis günə qoymuşdun. – Bunu deyib budu dişinə çəkir.
Qəhrəman kişinin arvadı:
– Bıy, başıma xeyir, Nizami qardaş, birdən-birə yaman qızışdın, deyəsən qaz əti sənə yaman təsir edib.
Qonşular, bəzən biz ağsaqqallarımız, ağbirçəklərimizin dediklərini qulaq ardına vurmuşuq. Mən son zamanlar kəşf etmişəm ki, qazda olan hikmət ev quşlarının heç birində yoxdur. Sözün doğrusu, Qəhrəman kişinin arvadı quşu gözündən vuran imiş. Bu zarafatda nəsə hiss etmişdi. Bilirdi ki, qonşuların dünya malında gözləri yoxdur, hamısı halal zəhmətlə çörək qazanırlar.
Qonşu Elşən də istədi Nizamisayağı zarafat etsin, lakin tikə boğazında qaldı. Qonşular kömək etməsələr az qala boğulacaqdı. Elşən yenə zarafat etmək istəyir. Üzünü Qəhrəman kişiyə tutaraq:
– Əgər qaz bordamaq fikrinə düşsən, anamdan bir az təcrübə topla.
Qəhrəman kişi Elşəni çox istəyirdi, onun zarafatını hörmətlə qarşıladı:
– Əmr et, qardaşoğlu!
Elşən hələ başa düşməmişdi ki, yediyi qaz əti onların bordanmış qazlarından idi. Qonşular doyunca yeyib-içmişdilər. Hamısının yuxusu gəlirdi. Onlar Qəhrəman kişi ilə sağollaşdı, hərə öz evinə getdi.
Kənd camaatı nə qədər gec yatsa da, səhər tezdən oyanmağa vərdiş edib.
Səhərisi günü Qəhrəman kişi tezdən həyətə çıxmışdı. Elşənin anası həmişə olduğu kimi toyuq-cücəni və bordaqda olan qazları yemləyirdi. Bu mənzərəni seyr edən Qəhrəman kişi əmin oldu ki, qadının qazın oğurlanmasından xəbəri yoxdu. Dözmədi, bu əhvalatı arvadına danışdı. Arvadı gülərək dedi:
– A kişi, mən bunu axşam hiss etmişdim. Sizin gördüyünüz işə qarışmadığıma görə sənə demədim.
Qəhrəman kişi:
– Sənin də canında az şey yoxdur. Bunu sezmişdim. Yaxşısı budur qalan qaz ətini yaxşıca bişir, Elşənin anasını da qonaq çağır. Allah atasına rəhmət etsin, qazı bordayan o bacımızdı.
Qadın ərinin dediyi kimi edir. Qaz ətini yaxşıca bişirib, Elşənin anasını qonaq çağırır. Qonşu qadın məmnuniyyətlə bu təklifi qəbul edir.
Elşənin anası son dərəcə təsərrüfatcıl, qonşularına hörmət bəsləyən, ağbirçəklərdən biri imiş. Qonşularının yaxşı gün-güzəran keçirməsinə çox sevinərmiş. Bir sözlə, paxıl da deyilmiş.
Bu qadın fikirləşir ki, görəsən Qəhrəman qardaş kəsdiyi bordanmış qazı gecənin qaranlığında hardan alıb? Onlar bir həftədir ki, qazlarını bordamağa başlayıblar. Fikirləşir, deyəsən burda nəsə anlaşmamazlıq var. Üstünü vurmamağa çalışır. Qəhrəman bu tezliklə qaz kəsməzdi deyir, öz-özünə. Nə isə burda bir fırıldaq olduğunu hiss etsə də, üstünü vurmur.
Qonşu hiss etməsin deyə qaz ətindən doyunca yeyir.
Özünü çox ağıllı hiss edən Qəhrəman kişinin arvadı yemək əsnasında arada bir gülə-gülə deyərmiş:
– A bacı, sənə qurban, öz malın kimi ye, çəkinmə.
Elşənin anası qonşusunun uzaqgörənliliyinə şübhə edirdi. Bu yaşda qonşusunun onu ələ salması heç də xoşuna gəlməmişdi. Yenə də lənət şeytana demişdi. Qonaqlığa görə qonşusuna təşəkkür edib evinə gedir. Çalışır ki, Elşənin bu hadisədən xəbəri olmasın. Qonşular arasında olan hörmətin bir anlığa qaza qurban getməsinə razı olmazdı. Bu məsələni bir daş altına, bir daş üstünə qoydu.
Qonşu tərəfdən səs çıxmadığını görən Qəhrəman kişi başını iki əlləri arasına alaraq, fikrə dalır. Ərinin bu halını görən həyat yoldaşı çox ehtiyatla ona yaxınlaşır:
– Nə olub, a Qəhrəman?
– Daha bundan artıq nə olacaq. Qonşudan oğurluq etmək böyük xəyanətdir. Bu gün rastına gələn insandan soruşsan ki, qonşu nədir, dost nədir?
Yalnız belə bir cavab səslənəcək:
– Qonşu bir dost və yoldaş kimi böyük əhəmiyyətə malikdir. Ay arvad, sən qiymətli sözlərə qulaq as. Bu sənin üçün yemək bişirmək deyil. İnsan dininə, imanına sahib çıxmalıdır. Biz bir günahdır işlətdik. Ziyanlığın yarısından geri qayıtmaq da savabdır, lənət şeytana.
İslam dinində də belə bir fikir səslənir: Əgər kimsə qonşusuna yerli-yersiz əziyyət verirsə, böyük Yaradan cənnətin qapısını onun üzünə bağlayır.
– Bilirsən də, kənd camaatı gözünü təsərrüfatına dikir. Yaxşı məhsul ola da bilər, olmaya da bilər. Biz gözümüzü başqasının malından çəkməliyik.
Ər, arvad özlərini tənbeh edib evə qalxdılar. Qəhrəman kişinin arvadı:
– A kişi, çox da ürəyinə salma, belə zarafatlar qonşular arasıda hərdən olmalıdır!
Aradan bir neçə gün keçdikdən sonra qonşular heç nə baş verməmiş kimi, gülə-gülə Nizamigilə yığışdılar. Nizami qonşuları görüb çox sevindi.
– Mənim əziz qonşularım çox xoş gəlib, – deyərək onları evə dəvət etdi.
Nizaminin süfrəsi həmişə qonaqlı-qaralı olduğuna görə belə görüşlərə alışmışdı. Oturdular, əvəəlcə pürrəngi çay içdilər.
Qəhrəman kişi dözmədi:
– Nizami qardaş, sən bizim başımızı çaynan aldada bilməzsən! Bilirik, ehtiyatlı adamsan.
Nizami gülümsədi:
– Qonşu, bir az səbirli ol. Darqursaqlılıq nəyə lazımdır. Allaha şükür, hər şeyimiz var, səbir et! Bu gün mən sizə qurudlu xəngəl qonaqlığı verəcəm.
Kənd camaatı qurudlu xəngəl olan yerdə ət məhsulunun üzünə də baxmırlar.
– Allah səndən razı olsun, Nizami qardaş, – dedilər.
Yenə də domino oynamağa başladılar. Xəngələ töküləcək soğançanın ətri ətrafı bürümüşdü. Hamı səbirsizliklə xəngəl gözləyirdi. Nəhayət, Nizaminin rəhmətlik anası otağa gəlir.
– Oğlum, Nizami, dominonu yığışdırın, xəngəl hazırdı.
Nizami xəngəl gələnə qədər içki tədarükünü gördü. Yedilər, içdilər, zarafatlaşdılar. İstəyirdilər təkrar domino oynamağa başlasınlar, bu dəmdə Qəhrəman kişinin arvadı başı alovlu içəri girdi. Qəhrəman kişi arvadının bu halını görüb, heç bir şey olmamış kimi dilləndi:
– Nə hay-küy qoparmısan, rəhmətliyin qızı, de görək nə baş verib?
Elşən soruşdu:
– Nə hadisə baş verib, qonşu?
– Ay Elşən qardaş, görüm onların ağzı zəhər dadsın. Tülkü girib bordaqdakı qazımızın çoxunu boğub, birini də aparıb.
Elşən heç kefini pozmadan:
– Qonşu, yaralısı varsa, vaxtında başını kəsmək lazımdır, – dedi. – Qaz əti araqnan ləzzət verir.
Qəhrəman kişi kefini pozmayaraq ürəkdən qəş çəkib gülə-gülə:
– Elşən, sən mənim əziz qonşumsan, nə desən haqqın var. Qazın sürüsü sənə qurbandı. Təki canımız sağ olsun!
Qonşular bir daha sübut etdilər ki, ən əsası can sağlığıdır, bir gün sizdə, bir gün bizdə, malı-mülkü qazanan özümüzük!..
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı