Rəşid Bərgüşadlı
Bu gün nasirlərimizin doxsan beş faizi hadisəyə gödək, allı-güllü bədii don geydirib “əsər” adıyla sırışt edənlərdir. Baxdığı filmlərdən, oxuduğu əsərlərdən biçdikləri yamaq mətnin şadara dəlikləri altında lala kimi qızarır. Yaşına-başına, davranış-duruşuna baxmadan həvəslə mütaliə etdiyim bir neçə yazıçımız var ki, fərqli yazmaq zülmünə dözür, oxucunu dalana dirəməyə fərasəti çatır. Onların arasında bərq vuran bir imzanı xüsusi vurğulamaq istəyirəm – Ataqamı…
Ataqamın mətnlərinə düşmək üçün nərdivan dayamağa ən etibarlı istinad onun yazılarına özündən qoyduğu hissi pıçıltılardır. Onun hekayələrini oxuyandan sonra öz-özündən soruşursan ki, nədi bu əsərlərdə sənə maraqlı gələn? Tələsik cavab verə bilməzsən. Cavabını tapmaq üçün mətnin altında sayrışan, səslərin kölgəsindəki küyə qulaq şəkləməlisən, obrazın mimikalarını sezmək üçün bir az da gözüaçıq olmalısan. Bu pıçıltılara ənənəvi şablon-trafaretlərlə qulaq dayamaq çox baməzə alınardı. Onun hekayəsini oxuyub qurtarırsan, amma əlində-ovcunda qalan başqa əsər olur.
Onun priyomları şahanədir: “Kənddə uşaqlar qaramanlı Osman kimi şirindil kişilərə “dayı”, Quşdan Məhərrəm kimi, nə bilim, Sərəncamın əri Abdal Əvəz kimi acıdil, əzazil kişilərə “əmi” deyirdi. Niyəsini bilmirdik, elə eşitmişdik, elə də deyirdik” – quşu gözündən vuran, oxucunu şirəyə çəkən sərrast atışdır! Oxucunun arxa cinahına atılmış əsl desant cümlədir!.. Neçə ilin dostuyuq, hər görüşdə ondakı söz baqajının tükənməzliyinə həsəd aparıram, xoruz səsi eşitməmiş ifadələrin açmasını öyrənirəm. Ataqamın ən yaxşı hekayələri zaman-məkan sərgərdanlığında darıxan insanın müşahidələri, xatirələridir. Qürbət ellərdə darıxmaqla baş-başa qalmaq fürsəti yazdırır onu.
Ataqam mətləbi ştrixlərlə verən, mətndən mətnə ustalıqla “qıl körpü”lər salan yazıçıdır. Onun bu üslubuna eyzan həsəd aparmışam. Baxın, “Nanəli konfet”də Bəsirətin canına and içdirib “İskəndərin buynuzu var, buynuzu…” nağılını dedirdən Osman son görüşdə şalvarının, köynəyinin cibini eşələyir, eşələyir.., heç nə tapmayıb yerə çökür. Sükanı yerdən götürüb sinəsinə sıxır. Çiyinləri əsə-əsə dayanmadan təkrarlayır: “İskəndərin buynuzu var, buynuzu”… Mətn burda bitir, amma sən məcbursan ki, Bəsirətlə Osmanın gizli icdivacından hali olmaq üçün “İskəndər Zülqərneyn” nağılını tapıb oxuyasan. Oxumasan, anlamazsan hər görüşdə Bəsirətin Osmana verdiyi nanəli konfetlərin dadını. Əslində qızın Osmanla görüşünə aid heç bir işarə yoxdu hekayədə, amma padşahın başını qırxan dəllək var ha – gördüyü sirri qarnını deşən, gedib meşədə bir çuxur eşib oraya üç dəfə yavaşcadan “İskəndərin buynuzu var, buynuzu” deyən çoban… – bax, hekayənin mətləbi, gerisi həmin nağıldadı. O çuxurda bitən qarğıdan tütək qayırıb üfləsən “İskəndərin buynuzu var, buynuzu” sədası gəlməzmi? Gələr! Bəs Bəsirətin Osmanla gizli icdivacını qırx gündən çox gizləmək olardımı? Olmazdı! Osman cibində nanəli konfet tapammayanda oxucu artıq duyuq düşür ki, nanəli Bəsirət ölüb. Osmanın “buynuzu” burdaca pırtlayıb çıxır ortaya.
“Nanəli konfet” hekayəsini “İskəndər Zülqərneyn” nağılıyla açmaq… Mətləbi bu cür paralel mətnlər vasitəsilə vermək Ataqamın nasir kimi üstün fərqidir. Bu cür əsərləri oxuyandan sonra həmin nağılda deyildiyi kimi “adamın qazanı aşla dolur, toxlar yeyib aclar doyur” və nəfəsini dərəndə baxırsan ki, havada bir azot atomu da tərpənmir…