• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Allahı və idealları olmayan yazıçı haqqında qısa mühazirə

  • 27 İyul 2020
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Mətləb Ağa

Dövrümüzün məşhür ingilis fiziki Stiven Houkinq “Za­ma­nın daha qısa tarixi” adlı kitabında yazır ki, keçmişdə insanlar Yerin nəhəng tısbağa üstündə qərarlaşması barədə qəti dünyagörüşə malikdilər, zaman və kainat haqqındakı çoxsaylı sualların bəzilərinin hazırkı cavabları da, ola bilsin ki, haçansa, indi bizə planetimizin tısbağa belində da­yan­ması fikrinin göründüyü qədər olduqca sərsəm görünsün…

Hər kəsin və hər dövrün öz həqiqəti (həqiqətləri) var.

Noam Çomski 1992-ci ildəki bir müsahibəsində de­yir­di:

“…Amerikanın kəşfi ifadəsi doğru deyil; çünki Ameri­ka onsuz da üzərində minlərcə il öncə yerləşənlər tərəfin­dən kəşf edilmişdi. 500 il əvvəl (1492-ci il, Kolumbun səyahəti nəzərdə tutulur) baş verənlər Amerikanın yad bir mədəniyyət tərə­fin­dən işğalıdır… bir insan bir yeri ancaq orada kimsə yaşamırsa kəşf edə bilər. Əgər Meksikaya gedirəmsə, hər halda, “Mek­sikanın kəşfi” adlı bir məqalə yazmalı deyiləm…”

Mövzumuza gələk.

Çarlz Bukovskini həm də Henri Çınaski ad-familiyasıyla tanı­yırıq.

Məşhur “Qadınlar” romanında yazıçı ömrünün yet­­kin çağlarında həyatındakı qadınlarla məcarala­rından da­nı­­şır və adama (oxucuya) elə gəlir ki, bu əhva­lat­ları nəql edər­­kən oxu­cu­nun onun haqqında nə düşün­məsi Bukovskiyə qətiyyən ma­raqlı deyil.

Yoxsa saysız vul­qar ifadələrin kitabın səhifələrindən üstümüzə sel kimi tökülməsi, əyyaşlıq, arvad­bazlıq səhnələrinin davamlı bolluğu ayrı cür düşünməyə əsas vermir.

Bukovski kitabında öz doğrularını təsvir edir və hesab edirəm ki, oxucunun (insanların) özü barəsində nə fikir­ləş­məsi yazıçının heç vecinə də deyil. Ayrı səbəb də ola bilər, əlbəttə, ya­zıçı bizi qəsdən bilərəkdən qıcıqlandırıb kitaba cəlb edir, özünü söymək bahasına da olsa oxucunun diqqət mərkəzinə can atır.

Çünki hər halda, bir çox başqa yazıçılar belə yazmır, bəlkə özləri sahib olmasalar da belə, yüksək mənəvi keyfiy­yətləri tərənnüm edirlər.

Çarlz Bukovskisə tamam fərqlidir, yəni oxucu üçün Maq­sud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” əsə­rin­­də­ki Cəlil müəllim olmağa çalışmır, öz həqiqətlərini bizə sırımır:

(“Başqa yazıçılara nə lazım oldu­ğu­nu bilmirdim; bu heç mənim vecimə də deyildi, onsuz da onların yazdıqlarını oxuya bilmirdim. Mən öz vərdişləri­min, öz zehniyyətimin əsiri idim. Səfeh olmaq elə də pis şey deyil, əgər nadanlıq tamamilə sənə məxsusdursa”).

Bukovskinin öz mütləq həqiqətləri yoxdur və digərləri­tək bunlardan israrla danışmır, ən azından “Qadınlar” romanında, onun öz doğruları, öz həyatı var və o, məhz bu hə­ya­tı canlan­dırır, kitabda vərəqdən-vərəqə əyyaşlıq, poz­ğun­luq təsvirlərini durmadan artırsa da, o, məhz belə yazıb bundan ləzzət alır, cəsarətlə “mən beləyəm” deməkdən çəkin­mir, barəsində “əxlaq qarovul­çu­la­rının” nə qışqıracaqlarınıs­a, görünür ki, heç vecinə də almır.

Fikrimcə, Bukovski oxucularıyla da bir növ ironiyayla davranır, oxucuların arasında saysız-hesabsız Cəlil müəl­limlərin olması ona uzun illərin həyat təcrübəsindən yəqin ki, çoxdan agahdır, ətrafının tənəsinin qorxusundan ya­lançı əxlaq qılafına bürünmüş potensial şərəfsizləri hər addımda tapa biləcəyi barədə Çinaski yaxşı məlumatlıdır.

Yazıçı öz həyatını mühakimə etmir, davranışlarının pis olduğu düşüncəsini özünə yaxın buraxmır, ancaq etdik­lə­rinin mütləqliliyini, başqalarının da məhz belə etməli oldu­ğunu oxucunun “gözünə soxmur”, Mixail Bulqakov kimi, “arxamca, oxucu, yalnız mənim arxamca” deyib, bizi israrla öz həqiqətinin ardınca çağırıb doğrunun yalnız öz dediklərində olduğunu dayanmadan təkid etmir.

Bulqakov oxucusunu “həqiqi, möhkəm, əbədi məhəb­b­ə­tin” varlığına inandırmağa çalışırsa, Bukovski öz “arvad­baz” ampu­lasıyla “həqiqi məhəbbət” terminologiyasını lağlağıya çevirir.

Müxtəlif vaxtlarda; “Həqiqətən, veriləcək sevgim var, amma buna layiq olan heç kimim yoxdur” və ya “təbii ki, bir in­sanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınız­sa” yaz­mış Bukovski bizdə Bulqakovun sevgi dünya­sına şübhə yaradır.

Lakin dediyim kimi, Bukovski “Qadınlar”da heç nəyi bizə mütləq kimi sırımır, heç nədə israr etmir, bizi nəyəsə inandırmağa can atmır, sadəcə, danışdıqlarının Çinaskyə görə belə olduğunu deyir, lağlağı təhkiyəsiylə bizim büt­ləşmiş müt­ləq həqiqətlərimizə gülür:

(“Mənim Allahım, siyasətim, ideyalarım və ideallarım yox idi”).

Gəlin baxaq, Çarlz Bukovskinin “Qadınlar”dakı Henri Çinaskisindən, nümunəvi yazıçı deyə biləcəyimiz, müqəd­dəs­lik arzulayan Yasunari Kavabatanın “Qarlı diyar” povestin­dəki Simamura çoxmu fərqlənir?

Həm fərqlənmir, həm də… çox fərqlənir.

Henri Çinaski necə istəyirsə, elə yaşayır, nəyi həqiqət sayırsa, onun arxasınca gedir, özgələrinin rəyini nəzərə almır, çünki fikrincə, o, başqalarını yaxşı tanıyır, onların bu cür düşü­nüb ayrı cür göründüklərini bilir, baxmayaraq ki, Simamura da özünü insan sərrafı sayır, hər şeyi, bütün addımlarını ölçüb-biçir, bu ölçüb-biçmələrin onu bir gün öz mütləq həqiqətinə yetişdirəcəyinə, nə vaxtsa ürəyi istəyən kimi yaşayacağına inanır və sonda bu ümidlər heçə çıxıb gedir.

Yeri gəlmişkən, həyatın istehzasına baxın ki, “kim hə­ya­tını intiharla bitirirsə, müqəddəslikdən uzaqdır” söyləmiş Kava­bata 72 yaşında özünü öldürür və deməli, ömrü boyu uğ­run­da mücadilə etdiyi müqəd­dəs­liyin də “açarını” itirmiş olur…

Simamura hansısa mütləq həqiqətlərə inanır və onu Çınaski olmağa qoymayan da elə bu yalançı doğ­ru­lar­ıdır. Sima­muranun həyatı Cəlil müəllimin güzaranının eynidir, yalançı, inanmaq istədiyi mütləq həqiqətlərə he­sab­­lanıb, Simamura özü də ürəyinin dərinliyində anlayır ki, hər şey ayrı cür ola bilərdi və rahat nəfəs almaq istə­yir­sə, öz büt­ləriylə üzülüşüb axır ki, ürəyinin səsinə qulaq asmalıdır.

Simamuranın şəxsi və iş həyatı baş aldatmalardan iba­rət­dir, evdə arvadı, qarlı diyardakı geyşa Komakoyla mü­nasibətləri yalanlardan yoğrulub, digər tərəfdən Yokoya da xoş hisslər bəsləyir, lakin dilinə gətirə bilmir.

Çinaskisə öz istəklərini hər şeydən uca tutur, Simamu­ra­nın yerində olsaydı, o, çoxdan öz arvadından ayrılıb arzu­la­dı­ğı qədər Komakoyla əylənər, sonrasa Yoko üzündən onunla da üzülüşərdi…

Bukovski elə məhz bu tərəfdən maraqlıdır. Onu biryol­luq pozğun və əyyaş damğasıyla rədd eləmək, lənət­ləmək, oxuma­maq məsələnin çox bəsit həllidir…

Çünki axı, hər şey göründüyü qədər sadə deyil…

O, özünəməxsusluğuyla, “mən beləyəm” deyib gözümü­zün içinə dik baxmaqdan çəkinmir.

Bu lap İsa peyğəm­bərin “kimin günahı yoxdursa qoy o, bi­rinci daş atsın“ müdrikliyinə bənzəyir, Bukovski “mən qu­mar­baz, arvadbaz və əyyaşam, bütün bunları yazmaqdan çəkin­mirəm və utanmıram” deyir, “sizin də belə bir cəsarətiniz varmı, düşüncələrinizi, gizli işlərinizi etiraf etməyə cəsarətiniz çatarmı, bunu edə bilərsinizmi?” deyə soruşur.

Amma bəlkə də Bukovski yazı üslubunda bir az şitini çıxarır, ancaq eybi yox, neylədiyini yəqin ki, özü yaxşı bilir…

Başqa sözlə, Bukovskinin həqiqəti özünəməxsusdur, amma o, ədalətsiz deyil, budur, Çinaski öz ürəyincə, ancaq namusla yaşayır, ləyaqətsizlik etmir…

Buna görə də Çarlz Bukovskini deyə bilmərəm, Henri Çinaski məndən ötrü yaxşı adamdır:

“Qapını açdım və artırmaya çıxdım. Orada yad bir pişik oturmuşdu… Deyəsən, məndən heç qorxmurdu. Mırıl­da­ya­raq mənə yaxınlaşdı və özünü ayaqlarıma sürtdü. Mən yaxşı adam idim. Görünür, o da bunu bilirdi. Heyvanlar belə şeyləri asanlıqla hiss edə bilirlər”.

Ədalət anlayışısa tamamilə ayrı anlayışdır, ədalət müt­ləqdir.

Aristotelin “Ədalət bərabərlikdir, ancaq hamı üçün yox, yalnız bərabərlər üçün bərabərlikdir” müdrikliyini bəlkə də bu yerdə heç yada salmamalıydım…

Çünki Aris­to­tel eramızdan əvvəl IV əsrdə yaşayıb.

O vaxtdan çox sular axıb, çox şeylər öz yerini tapıb və dəyişib…

Bu, kim­sə­nin mübahisələndirə bilməyəcəyi adi bir faktdır…

Fakt və həqiqətsə fərqli-fərqli şeylərdir…

Lap ədalət və həqiqət kimi…

…“Zamanın daha qısa tarixi”ni yazmış fizik Stiven Houkinqəsə mənim heç bir etirazım yoxdur…

Müəllifin başqa yazıları:

Korolenkonun Nəcib Məhfuza cavabı

Sevgi haqqında demaqogiya

Mətləb Ağanın yeni kitabı işıq üzü görüb

Boyunbağı əhvalatları

Harinin ikinci intiharı

Varavva və çar İrodu nə birləşdirirdi?

“Yol mahnısı” və “Velosipedçinin ölümü” haqqında

Yakovun skripkasının havasında yazılmış aprel tezisləri

Apokalipsis haqqında

Gecikmiş mələk və ya “Uşağlığın son gecəsi” haqqında

Ürəyimdəkilər

İnsanlıq dərsi

Saltıkov-Şedrin Şəmsi müəllim haqqında nə yazardı?

Planer mühəndisliyindən səhra tülkülüyünədək: Rommelin hekayəti

“Bu povest öz həyatını yaşamayan insanın faciəsi haqqındadır”

Yeni təhsil naziri

  • 27 İyul 2020
  • comments

Yeni nazirə tövsiyələr

  • 27 İyul 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda