Əlirza Balayev,
əməkdar jurnalist
Son vaxtlar Şirvanşahlar sarayının qonşuluğunda yerləşən “Elm və təhsil” nəşriyyatına getməli oluram. “İçərişəhər” metro stansiyasının arxasındakı qala darvazasından İçərişəhərə daxil olub, kiçik bağçanın sol böyründən keçərkən hər dəfə Vahidin ağac dibinə atılmış heykəlini görəndə – ilk təəssürat məhz belə olur – dərin sarsıntı keçirirəm.
Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının dörd dahi yaradıcısından sonuncusudur: Nəsimi, Füzuli, Seyid Əzim Şirvani və Əlağa Vahid. Beşincisi olmayacaq. Bu mənada Vahid Azərbaycan qəzəl janrında xatəmül-şüəradır. Özü də yazmışdı:
Gözəl həyatını Vahid fənaya sərf etmə,
Səni zəmanə yetirməz dübarə bir dənəsən.
Vahid muğam sənətimizin söz dirəklərindən biridir. Ümumdünya irs siyahısına daxil edilməsi ilə həm də rəsmi əbədilik qazanmış muğamatımız dünya durduqca Vahidin qəzəlləri ilə səslənəcək.
…Xəyalən keçmiş günlərə qayıdıram. İndi yarımçıq şəkildə İçərişəhərdə yerləşdirilmiş həmin abidə 1990-cı ildə Filarmoniya bağında qoyulmuşdu. Təşəbbüskarı xalqımızın ləyaqətli oğlu, yüksək dövlət vəzifələrində (iki mühüm nazirlikdə nazir) çalışmış görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Arif Mansurov idi. Heykəlin yerini də o seçmişdi, işi öz hesabına malyyələşdirirdi. Heykəl Leninqradda tuncdan töküldüyü zaman vəsait çatışmadığına görə hündürlüyü beş metrdən üç metrə endirilmişdi. (Yeri gəlmişkən, Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı məzarının təmirini və qəbirüstü abidəsinin qoyulmasını da Arif Mansurov öz hesabına maliyyələşdirmişdi).
O dövrdə mətbuatda çap olunmuş məqalələrdə mütəxəssislərin ümumi fikri belə idi ki, üç sənətkar – memar Sənan Salamzadə (sonradan əməkdar memar), heykəltəraşlar Rahib Həsənov və Natiq Əliyev (sonradan xalq rəssamı) gərgin axtarışlar sayəsində abidənin həm bədii, həm də memarlıq həllini tapıblar. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur “Böyük Füzulimizin yadigarı mən özüməm” misrasından qanadlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin yenidən “göyərdilməsi” – davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidə çoxsüjetli heykəltəraşlıq nümunəsidir. Mütəxəssislər qeyd edirdilər ki, abidə Bakının ən orijinal və estetik baxımdan ən gözəl heykəllərindən biridir.
Heykəl öz məkanı ilə tam uyuşurdu. Filarmoniya Vahidin qəzəllərinin ifa edildiyi muğam konsertlərinin də təşkil edildiyi məkandır. Filarmoniya bağı ustad muğam ifaçılarının və qəzəlxan şairlərin toplaşdığı, fikir mübadiləsi etdikləri, müzakirələr apardıqları bir yer idi. Bağda Vahid poeziya evi də fəaliyyət göstərirdi. Abidənin yanında poeziya axşamları keçirilərdi. Mən də dəfələrlə həmin tədbirlərin iştirakçısı olmuşam.
Və dəfələrlə bağdan keçən hər kəsin abidənin önündə ehtiramla ayaq saxlamasının, şairin xatirəsini yad etməsinin şahidi olmuşdum.
2008-ci ildə heykəlin köçürülməsi əməliyyatı müəmmalı baş vermişdi. Belə görünür ki, bağda yenidənqurma işləri aparılmış və bu zaman heykəl yoxa çıxmışdı. İndiyədək hansı bağda, parkda yenidənqurma işləri aparılarkən oradakı heykəli götürüblər? Müəlliflərinə xəbər edilmədən, bildirilmədən heykəlin köçürülməsi adi etik qaydaların pozulmasıdır. Bəlkə köçürülməsi zəruri (???) idisə, onlar məkanla əlaqədar hansısa məsləhət verə bilərdilər? Üstəlik, onların müəlliflik hüquqları da kobudcasına pozulub, heykəl postamentindən ayrılaraq köçürülüb. İndiyədək harada görünüb ki, hansısa heykəlin yeri dəyişdirilərkən postamentindən ayrılsın? Məgər Azərbaycan Burkina Faso və ya Yaşıl Burun Adaları idi? Məgər Şah İsmayıl Xətainin heykəli köçürülərkən olduğu kimi bu işi ləyaqətlə görmək olmazdımı? Rəsmi informasiyada göstərildiyi kimi, Xətainin abidəsinin yeri ictimai rəy nəzərə alınaraq dəyişdirilib. Bəs Vahidin heykəli iki yerə bölünərək köçürülərkən hansı ictimai rəyə əsaslanmışdılar? Bəlkə ədəbi ictimaiyyətin, muğam ustadlarının rəyini almışdılar?
Bütün bunlar göstərir ki, Vahidin heykəlinə qarşı vandalizm aktı törədilib. Kim, yaxud kimlər idi bu vandalizmi törədənlər? Vahidin heykəli on səkkiz il ərzində kimə və nəyə ziyan yetirmişdi ki, sonra da yetirəydi?
Heykəlin köçürülməsi, üstündən xeyli müddət keçsə də, hələ də ictimai rəyi narahat etməkdədir.
İnternet resurslarında təsadüfən Disput.Az Forum-un 2016-cı ilin may ayında keçirdiyi sorğuya cavablar qarşıma çıxdı:
“… İndiki yeri İçərişəhərə metronun arxasındakı girişdəndir. Ondan əvvəl Filarmoniya bağında idi. Mənim gözüm ora öyrəşmişdi. Amma neçə ildir köçüb bu yerə. Nə qədər vaxt idi görmürdüm, təsadüfən yolum düşdü ordan, rast gəldim ona.
Amma Filarmoniya bağı daha yaxşı idi mənim fikrimcə. Burda sanki bu heykəli gizlədiblər. Gözdən uzaq bir yerə qoyulub.
Qala divarının arxasında qorunurmuş kimi görünür. Sadəcə, yeri uyğun deyil, məkan bəsit görünür… Amma nə desək də, hər yer vətən torpağıdır. Yenə də şükür, Qarabağdakı abidələrin aqibəti ilə müqayisədə…
***
Mən Bakıya ilk gəldiyim zaman qarşıma çıxan və tanıdığım ilk heykəl olub bu. O ətrafdan keçən istənilən insan, böyük, ya kiçik o heykələ biixtiyar nəzər salıb sonra keçərdi. İndi elə bir yerdədir ki, xüsusi olaraq planlaşdırmasan, o yerə gedib çıxmayacaqsan, görməyəcəksən və bilməyəcəksən belə bir sənət əsəri var.
Atam Vahid sənətinin böyük pərəstişkarı idi. Həmin abidəyə tamaşa etmək üçün oraya getdiyimiz günü xatırlayıram. Maraqlı abidədir – ağac yerin altına gedir sanki, yəni doğma torpaqdan güc alıram…
***
Heykəli ora qoymağı əmr verənlərdən soruşsalar, adım kimi əminəm ki, heç özləri də tutarlı bir səbəb gətirə bilməyəcəklər!
***
Qoy olsun siz deyən, onsuz da danışmaqdan başqa əlimizdən nə gəlir ki?”
Bəli, əlimizdən nə gəlir ki?! Mən də bu yazını böyük şairimizin ruhu qarşısında təskinlik üçün yazdım…
Müəllifin başqa yazısı:
Zərdabinin heykəli… “LaQuzu” önündə