Qonşumun həyat hekayələri
- 29 İyun 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Həyatının mənalı olması üçün insan oğlu çox səy göstərir. Mənalı həyatı hərə öz xarakterinə uyğun başa düşür. Bəziləri yaxşı gün-güzəran görmək, var-dövlət sahibi olmaq arzusu ilə yaşayır. Bəziləri isə halal zəhmətlə yaşamağa üstünlük verir. Biz hər zaman ağsaqqallarımızın, ağbirçəklərimizin dilindən eşitmişik: “Yaxşı yaşamağın mənası halallıqdadır”.
Bu gün hər birimiz bizə verilən ömrün qədrini bilməli, onu lazımi şəkildə dəyərləndirməliyik. Gündəlik iş rejiminə alışan insan bir gün müəyyən səbəb üzündən ev dustağı olursa, tələm-tələsik qərar çıxarmamalıdır. Bunun səbəbini, mahiyyətini öyrənməlidir. Səbəb göz qabağındadır.
Dünya dövlətləri kimi, vətənimiz də koronavirus bəlasına qarşı mübarizəyə başlayıb. Bu mövzuya səthi yanaşmaq olmaz. Hər kəs bu bəlanı ciddi qarşılamalıdır.
Bunları fikirləşə-fikirləşə xəyallara dalır, keçmiş günləri xatırlayırsan. Uşaqlıq və yeniyetməlik dövrü. İnsanla qoşa yaşayan xatirələr.
Düşünürəm, bu işıqlı dünyada elə bir insan yoxdur ki, xoşbəxt olmaq istəməsin. Yazı masamın arxasında oturub, pəncərədən həyəti seyr edirəm. Otağımda səssizlik hökm sürür, mən isə xəyallarla baş-başa. Arabir həyətdən gələn qarğaların, qaratoyuqların səsini də dinləməyə məcbur olursan. Arada da sağa-sola şütüyən maşınların səsini. Bütün bunlara dözmək lazımdır. İnsan oğlu tənhalığa da alışmalıdır. Bunu bugünkü vəziyyət tələb edir. Bu bir həqiqətdir ki, yaşlı insanlar cavanlıqdakı kimi özlərində gümrahlıq hiss etmirlər. Fiziki işlə və ya masa arxasında çox çalışarlarsa, özləri də hiss etmədən mürgüləyirlər. Səssizlik və tənhalıq insanı bəzən vahiməyə salır.
Tanrıma çox şükür, həyət evində yaşayıram. Ürəyim istədiyi vaxt həyətə çıxır, yenicə çiçəkləmiş ağacları seyr edirəm. Məndə belə bir vərdiş yaranıb, bağçanı gəzərkən ağaclarımın hamısını ayrı-ayrı seyr edir, onların suallarına gülümsəyərək cavab verirəm. Mən onların mənə olan münasibətlərini əsən mehdən oynaşan yapraqlarından hiss edirəm.
Qonşu sarıdan da bəxtim gətirib. Qonşum Vətəninə, xalqına, millətinə sadiq olan, dəyərli bir qonşudur, Azərbaycan ziyalısıdır!
Ulularımız demişkən: “Ev alma, qonşu al”. Həmişə dillər əzbəri olan bu ifadələr: “Yaxşı qonşu, yaxın qonşu qonşunun ailəsini öz ailəsi kimi sevəndi”.
Qonşum Adil müəllimin bir gün oğlu ilə maraqlı söhbətinin şahidi oldum. Evinin sonbeşiyi Murad atasından verdiyi sözə əməl etməsini təkidlə tələb edirdi:
– Ata, sən mənə söz vermişdin ki, uşaqlıq illərindən ən gözəl xatirələr danışacaqsan. Sözünə əməl etməlisən! Nə qədər ki, “Evdə qal” rejimi var, vaxtın ki, çoxdur.
– Bax, oğlum, bildiyim qədərilə aqil insan hər kəsdən bir şey öyrənir. Məktəbdə müəllimləriniz tərbiyə sahəsində nəsihətin böyuk rolu olduğunu sizə aşılayıblar. Oğlum, sən yüksək əxlaqlı övladsan. Ona görə ki, ata-ananın, böyüklərinin nəsihətinə böyük səbirlə qulaq asır, yeri gəldikcə nəticə çıxardırsan. Mən çox şadam ki, mənim verdiyim vəd yadından çıxmayıb. Nə deyirəm, mənim ağıllı balam, böyüməkdə olan Azərbaycan övladları, öz tarixi keçmişini yaxşı bilməlidir. Dostunu, düşmənini yaxşı tanımalıdır. Çalışacam, oğlum, sənə verdiyim sözə əməl edim. Yadda saxla, oğlum, bir vaxtlar cənnətməkan adlandırdığımız, anadan olduğum kəndimizdə mənim də yaddan çıxmayan xoş xatirələrim var.
Unutma, yaşadığımız o gözəl həyatımızın əyləncəli, doymadan təkrar-təkrar yaşamaq istədiyimiz günləridir uşaqlıq illərimiz. Bu dünyada elə bir insan yoxdur ki, xoşbəxt olmaq istəməsin. Yaşadığımız bu dünyada insan hər zaman xoşbəxt ola bilmir. Başqası kimi uşaqlıq illərində mənim də ideallarım, arzularım olub. Hamının dünyaya baxışı eyni deyil. Bu gün sənin məndən əvəzolunmaz, dəyərli xatirələrimi danışmağı tələb etməyin məni çox sevindirdi. Ulularım çox düz deyib, oğul beldən, qız eldən. Oğlum, sən mənim döyünən ürəyim, görən gözümsən, diqqətlə qulaq as! Bizim kəndimiz Göyçə mahalında təbiətin gözəlliyi ilə tanınan ən varlı kəndlərdən biri imiş. Unutma, oğlum, Göyçə mahalı Qərbi Azərbaycanın ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahaldır. Rəhmətlik Hüseyn babamın doğulduğu Canəhməd kəndində atamgil üç qardaş, iki bacı dünyaya gəliblər. Hüseyin babam övladlarına vurğun biri olub. Həmişə deyərmiş: “Bu dünyada ata-ana övladlarından nə umar?” Sualının cavabını da özü deyərmiş: “Onları xoşbəxt, oğullu-uşaqlı görmək!” Deyərmiş: “Əgər insan özü müqəddəs hesab etdiyi ata-ana, qardaş-bacı və doğma övladları olmasa bu işıqlı dünyada yaşamağın nə mənası var”.
Hüseyn babamız çox zəhmətkeş insan olub. Biz tərəfin insanları bu gün nəyə nail olublarsa, yalnız zəhmətlərinin hesabınadır. Unutma, oğlum, biz Qərbi Azərbaycanlılarda vətən hissi çox güclüdür. O vaxt isti ocağını tərk edənlər hər şeylərini övlaldlarına qurban ediblər. İnsanlarımız demək olar ki, nikbin və səbirli olublar.
Bilirsən, oğlum, atam rəhmətliyin ermənilər barədə dediklərini böyük qardaşım Əziz bizə danışardı. O, deyərmiş: “Bizim bəxtimizə o nankor ermənilərlə qonşu olmaq düşüb, qismətimizdə belə imiş”. Əgər Qafqaza gələn ermənilər qonşu haqqını tanısaydılar, biz onları gunahlandırmazdıq. Azərbaycana qənim kəsilən ermənilər mənfur simalarını hiyləgərliklə gizlədib özlərini məzlum kimi qələmə verməklə dünyanı aldatmağa nail olublar. Əsassız uydurmalar, şayiələr yaymaq onlara ulu babalarından miras qalıb. Alimlərimiz qeyd edirlər ki, özgələrinə məxsus torpaqlarda bic zoğ kimi boy atıblar.
Oğlum, bunları sənə ona görə deyirəm ki, dünyada anidən hər şey baş verə bilər. İnsan həmişə bütün çətinliklərə hazır olmalıdır. Biz bir ailə olaraq çalışmalıyıq ki, çəkdiyimiz zəhmət hədər getməsin. Nənəmiz Hafizə xanım siz qardaşları özünün dini-imanı hesab edir, lazım gələndə sizin şıltaqlığınıza dözməyən ananız Sevinc xanımı təqsirləndirir. Bu, Hafizə xanımın övladına olan məhəbbətindən irəli gəlir. Mən çox istərdim ki, oğlum, həmişə böyük qardaşın Ənvərin şərəfini qoruyasan. O, həm də babanın şərəfli adını daşıyır.
Böyük əminiz Əziz bizimlə söhbət edərkən deyərdi, atam rəhmətlik arzuları belə şərh edərdi: “İnsan daha dərindən düşünərkən tək istəyinin dünyada böyüməkdə olan gənclərimizin gözəl, mədəni, qabiliyyətli, düzgünlüyün carçısı, vətəninə, torpağına qiymət verən yüksək təhsilli bir ziyalı kimi böyüməsi olduğunu görər”.
Bizə öyüd-nəsihət verərkən həmişə təkrar edərdi: “Mənim ümid çıraqlarım, ulularımız deyərdi, əgər övlad özünü tanıyandan ata-ananın qədrini bilib, böyuklüyünü dərk edirsə, demək, doğru yoldadır”.
Unutmayın, övlad ata-ana əlində bir əmanətdir. Tanrı Sizi qorusun! Biz sizinlə nəfəs alırıq, deyərdi rəhmətlik. Bilirsən, oğlum, atamız çox müdrik insan olub. Övladlarına, qardaşlarına qarşı həmişə səmimi olub. Hər kəs onun xeyirxahlığından ağızdolusu danışır. Atamızdan sonra bizə həmişə atalıq qayğısı göstərən Zeynal əmimiz deyir ki, siz atanızın adına layiq övladlarsınız, onun gözü arxada qalmadı. Zəhmətkeşliklə onun yolunu gedirsiniz.
Adil müəllim danışarkən arabir Muradın sual verəcəyini gözləyirdi. Hiss etdi ki, bir az düzgün fikirləşməyib. Murad atası danışarkən onu diqqətlə seyr edir, hətta atası danışarkən həyəcanlandığı onun gözündən yayınmırdı. Öz-özünə peşmanlıq hissi keçirirdi. Nə üçün indiyə qədər atası ilə belə ünsiyyət yaratmayıb. Murad hiss edirdi ki, artıq o, əvvəlki Murad deyil. Dünyada gedən hadisələrə münasibət bildirmək gücünü özündə hiss edirdi. Onun böyük qardaşı Ənvərə verdiyi sualların Ənvəri təəccübləndirəcəyi ağlına belə gəlməmişdi. Söhbət əsnasında Ənvər gülümsünərək dedi:
– Murad, mənim əzizim, sənin barəndə fikirləşdiyimdən çox irəli getmisən”.
– Düz deyirsən, Ənvər, mən bütün bunlara görə valideynlərimə borcluyam.
Adil elə hiss etdi ki, Murad dinləməkdən yorulub.
– Murad, oğlum, bəlkə bir az dincələsən, gözümə yorğun göründün.
– Ata, nə danışırsan, çox arzu edərdim ki, həmişə sənin məktəbinin tələbəsi olum.
– Var ol, mənim sevimli Muradım, biz valideynlər çalışırıq ki, böyütdüyümüz övladlarımıza vətən dərsi deyək. Həm də bu dünyada elə ağır yüklü suallar var ki, onu danışmaq, doğru-düzgün cavab vermək məsuliyyət tələb edir. Oğlum, siz könlümüzün meyvəsi, arxamızın dayağısınız. Övladım, müdriklərimiz demişkən, əgər halal, təmiz torpağa hansı növ toxum səpilərsə, toxuma görə də məhsul yetişir. Biz valideynlər sizi halal duz-çörəklə böyütməyə alışmışıq.
Kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin nə demək olduğunu onu yaşayanlar bilir. Unutmayın, bizim xalqımız şərəf və ləyaqətini hər şeydən üstün tutandır. Əmimin Sədi Şirazidən dediyi bir parçanı xatırlayıram, oğlum:
Ata bir övladına verdi nəsihət:
Ağıllı sözlərə eylə sən diqqət!
Gücsüz uşaqları incitmə, bala,
Sən də bir güclüdən çəkərsən bəla.
Nizami Gəncəvidən iki hikmətli misranı da bizə əzbərlətmişdi.
Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Hə, oğlum, deyəsən səni yordum…
– Nə danışırsan, ay ata. Xəbərin yoxdu, sən mənə dünyanı bağışlamısan. O müdrik kəlamlar mənə həyatın yeni cığırlarını açdı.
– Məni o sözlərinlə çox sevindirdin, oğlum və həmin şeirdən son iki misranı deməyi özümə borc bilirəm.
Məndən söyləməkdir, səndən eşitmək,
Bir insan əliboş gəzməsin gərək.
Nizami Gəncəvi (Atanın oğluna nəsihəti).
Murad atasının arada sarı simə vurmasını artıq yaxşı başa düşmüşdü.
– Atam həmişə çalışıb ki, biz qardaşlar əsl ziyalı kimi inkişaf edək. Böyük qardaşım Ənvərin xaricdə təhsil alması ailəmizin, hətta nəslimizin sevincinə səbəb olub. Vətən üçün qabiliyyətli övlad böyütmək hər valideynə də qismət olmur. Adil müəllim yaxşı bilirdi ki, ata olmaq bir o qədər də asan deyil. N.M.Karamzin boş-boşuna deməyib ki: “Məhəbbət öz yerində, amma ata olmayan yerdə yaxşı tərbiyə də yoxdur”.
Adil müəllim bir hüquqşünas kimi həmişə çalışıb ki, övladları insan hüquqlarını dərindən bilsinlər. Demək olar ki, o öz müqəddəs ideyalarını həyata keçirib.
Anidən xəyallara dalan Adil müəllim gülümsünərək: “Muradım, get nənənə de, bizə bir nanəli çay hazırlasın” dedi.
O, Muradı və ya Ənvəri iş dalınca göndərərkən uşaqlıq illərində atası Ənvər kişinin göstərdiyi cığırla yürüdüyünü hiss edirdi.
– Ah, o uşaqlıq illəri! Bir vaxtlar rəhmətlik atamdan tələb etdiyim arzuları indi mənim oğullarım məndən tələb edirlər. Buna görə də Allahın bizə verdiyi ömrü vaxtında dəyərləndirib qiymətini bilmək lazımdır.
Qapının zili Adil müəllimi o şirin xəyallardan ayırdı. Oğlu Ənvərə səsləndi:
– Oğlum, qapıya bax, deyəsən qonağımız var.
Gələn idman müəllimi Nəcəf idi.
– Xeyir ola, ay Nəcəf müəllim, hansı külək sizi buraya gətirdi?
– Xeyirdi, Adil qardaş. Külək pəncərənin torunu çıxarmışdı. Onu yerinə qoymağa gəldim.
– Nə zəhmət çəkirsən, ay qardaş, oğlum Ənvər özü həll edəcək. Ənvər, oğlum, bir buraya gəl.
– Baş üstə, ata.
– Apar toru, yaxşıca yu, sonra da yerinə as.
– Başqa bir qulluq varmı, ata?
– Yox, oğlum. Hə, soruşmaq istəyirdim, qapıya gedərkən gülmək səni tutmuşdu. Xeyir ola, Ənvər?
– Ata, dedin ki, qapıya bax, deyəsən qonağımız var. Ona görə gülürdüm ki, köhnə vərdişlər bizdən əl çəkmir. İndi nə qonaq, karantin rejimində evdən çıxmaq olmaz. Hər kəs “Evdə qal” rejiminə əməl etməlidir.
Nəcəf müəlim bir az narahatlıq keçirdi. Adil müəllim bunu hiss etmişdi.
– Nəcəf, qardaşım, gəl otur, sən bizim sevimli qonşumuzsan. Muradı çay gətirməyə göndərmişəm.
Nəcəf müəllim qısıla-qısıla dedi:
– Adil müəllim, bəlkə mən gedim, Ənvərin dediklərində böyük həqiqət var.
Elə bu dəmdə Murad əlində çay özünü yetirdi. Stolları, stulları qaydasına salıb, hərəyə bir stəkan çay süzdü. Təmiz havada çay içməyin öz ləzzəti var.
Ənvər vaxt itirmədən pəncərənin torunu yuyub gətirdi.
– Ata, qurusun, bir azdan asaram, – deyib, oradan uzaqlaşdı.
Murad:
– Ata, bugünlük bəsdir. Sən də dincəl!
– Düz deyirsən, oğlum, sözün doğrusu, yorulmuşam, bir az dincələcəm.
Adil müəllm axşam yeməyni yedikdən sonra həyətə çıxdı, yatmazdan qabaq təmiz havada vaxt keçirmək qərarına gəldi. Yatmaq vaxtı gəldiyini hiss etdi. Evə gəldi, televizorda son xəbərləri dinləyib, yataq otağına keçdi.
Adil müəllimin o gün gecə yuxusu qaçdı, yata bilmədi. Gördü ki, yataqda o tərəf-bu tərəfə dönmək onu əldən salır, yataqdan qalxıb, təkrar həyətə düşdü. Aya tamaşa etdi. Yuxulu qaratoyuqların aradabir səs çıxarmaları onu təəccübləndirdi.
– Çox qəribədir, Allahım, görünür, qaratoyuqların yuxusu qaçıb.
Sonradan başa düşdüm ki, onlar da balalarının keşiyindədir.
Dağlıq rayonlara qar yağdığından hava bir az sərin olduğuna görə Adil müəllim evə gəlib, isti yatağına girdi və həmin an da yuxuya getdi.
Səhər oyandıqda çox gümrah idi. Bunu Murad da hiss etmişdi.
– Ata, nə vaxt istəsən bağçaya bərabər gedərik.
– Oldu, mənim balam. Xəbər verəcəm.
Muradın atasını çox böyük həvəslə dinləməsi Adil müəllimi heyran etmişdi.
– Çox şükür ki, Allahım, övladlarıma verdiyim tərbiyə cücərməyə başlayıb.
Qonşumun ata-oğul səmimiyyətini xəyalımdan keçirərkən nəvələrim Məsudla Əmirin qışqıraraq mənə yaxınlaşmaları məni elə bil ki, dərin yuxudan oyatdı.
– Ay mənim gül balalarım, nə olub, niyə qışqırırsınız?
– Baba, nənəmiz dedi ki, gedin babanızı oyadın, deyəsən mürgüləyir. Yemək hazırdır.
– Baş üstə! – deyib ayağa qalxdım.
Biz bərabər gəlib əllərimizi yuyub, süfrəyə oturduq. Yemək yeyərkən qonşumun oğlu ilə söhbətləri məni də uşaqlıq illərimi xatırlamağa vadar etmişdi.
İndi ən böyük arzum kəndimizdə nəvələrimlə birlikdə dincəlməyi səbirsizliklə gözləməkdir. Mənim aləmimdə insan oğlu bəzən keçmiş günləri xəyallarında yaşadırsa, bu günün qədrini yaxşı bilməlidir.
Bu bir sirr deyil ki, bu gün dünya böyük sınaq qarşısındadır. Dünyanın hər yerində olduğu kimi, Azərbaycan dövləti də koronavirusa qarşı mübarizə aparır. Karantin rejiminin tətbiqi xalqımızı vaxtında bu bəladan qorumaq məqsədi güdür. Mən də hər kəs kimi başa düşürəm ki, “Evdə qal” rejimi insanların sağlamlığı üçündür.
Bu günün yaddan çıxmayan mövzusu insan sağlamlığıdır. Biz də bir fərd kimi çalışmalıyıq ki, əlimizdən gələni xalqımızdan əsirgəməyək.
Biz düşünürük ki, yaxşı bir nəsihətdən faydalanmaq ən azı onu vermək qədər sağlam fikrə ehtiyac duyur.
Bu yerdə yadıma vaxtilə baş vermiş bir hadisə düşdü. Yaxın dostum Şamil müəllim başı alovlu mənə zəng edib bildirdi ki, Nüvər dostumuzu gecə təcili yardım gəlib evindən zorla aparıb xəstəxanaya. Xəstəliyi çox keçici imiş.
Şamil müəllim xəstəxananın baş həkimi ilə əlaqə saxladı. O da vəziyyətin ürəkaçan olmadığını söyləyib. Sözün qısası, dostumuz iki gün xəstəxanada qalası oldu. Ailəsinin şikayətindən sonra məlum olub ki, Nüvər profilaktika üçün analiz veribmiş. Həmin analiz başqasınınkı ilə dəyişik düşübmüş. Biz Nüvəri xəstəxanadan çıxaranda gözlərimizə inanmadıq, çünki o, arıqlamış, rəngi isə sapsarı olmuşdu. Dostumuzun fikirdən psixologiyası pozulmuşdu.
İnternet səhifələrindən aldığım bir məlumatı da verməyi özümə borc bildim. Savadsız keniyalı bir qadın ac uşaqlarını yatmağa göndərmək üçün qazanda daş qaynadaraq onları aldatmışdı.
Yuxarıda qeyd etdiyimiz faktları açıqlayaraq üzümüzü xalqımıza tutaraq demək istərdik ki, hər bir təhlükəli hadisəni insan oğluna çatdırarkən bir az səbirli və təmkinli olaraq o hadisəni yumşaltmağa çalışmalıdır. Amma çox təəssüflər olsun ki, bizim televizor aparıcıları şablon ifadələrə üstünlük verərək hadisəni bir az da şişirdirlər.
Orta əsrlər dövrünün ən böyük təbiblərindən olan İbn Sina üzünü insanlara tutaraq demişdi: “İnsan oğlu, deyəcəyim fikirlə ömürlük yatmalı və durmalısan. Unutmayın, sağlamlıq və xəstəlik insanın davranışı, düşüncəsi ilə birbaşa bağlıdır”.
Mən bu fikirlərlə baş-başa olarkən, böyük nəvəm, ADA-nın III kurs tələbəsi Cavidin mənim otağıma gəldi. Məni düşüncələrimdən ayırsa da, gəlişinə çox sevindim.
– Mənim sevimli babam görəsən niyə tək oturub?
Otaqda çox vaxt keçirdiyim üçün həyətə çıxmağı qərarlaşdırdım. Havamı dəyişmək istəyirdim. Novruz bayramından sonra təbiətin bu qədər gözəlləşməsi insana ruhi qida verir. Bir tərəfdə çiçəkləmiş ağaclar, o biri tərəfdə qaratoyuqların hay-küy qoparmaları. Elə bil ki, gəlin kimi bəzənmiş təbiət, türklər demişkən, dünya evinə tələsir. İnsan ruhunu təzələyən füsunkar təbiətdir. Buna görə də insanlar təbiətin qoynunda dincəlməyə üstünlük verirlər.
İnsan yaşlandıqca doğulduğu ocağa, yurda daha çox can atır, orada keçən uşaqlıq, gənclik illərinin təkrar olunmasını arzulayır. Bir dəfə həmyaşıdlarımla bu mövzuda söhbət edərkən, kəndimizdə keçirdiyimiz uşaqlıq illərini xatırlayarkən, onların gözlərindəki həsrət yaşının şahidi olmuşam. İnsan yaşlandıqca kövrək olur.
İnsan bu gözəl xatirələrlə baş-başa qalarkən özünü dünyanın xoşbəxti hesab edir.
Arabir pəncərədən həyəti seyr edirdim. Məsudun səsini eşitdim. Pəncərəni aralayıb, nə istədiyini soruşdum.
– Baba, – dedi, – velosipedin təkəri boşalıb, hava vurarsanmı?
– Sən əmr et, Məsudum mənim. Gözlə, gəlirəm.
Üst-başımı qaydaya salıb həyətə getdim.
Gözüm qonşumuz Adil müəllimə sataşdı. Salamlaşdıq, hal-əhval tutduq. Oğlu Muradla bağçada ağaclara qulluq edirdi.
Məsudun xahişini yerinə yetirdikdən sonra bir stul gətirməsini istədim.
Adil müəllimlə oğlu keçən gün yarımçıq qalmış mövzunu davam etdirirdilər. Hiss etdim ki, elə bil Adil müəllim o mövzu ətrafında danışarkən özünü dünyanın ən xoşbəxt atası kimi hiss edir.
Buna yalnız sevinmək lazımdır.
Bizim keçirdiyimiz uşaqlıq illəri bu mühitdəki kimi deyildi. Kənd həyatının da öz yazılmamış qanunları var.
İnsanlar xoruz banından qalxar, təsərrüfatla məşğul olardılar. Kimi mal-qaranı örüşə çıxarır, kimi toyuq-cücəsini yemləyir, biz uşaqlar da bacardığımız qədər valideynlərimizə kömək edərdik.
Kəndimizin uşaqları ən çox da bazar günləri bir yerə toplaşardı. Aramızda dəcəl uşaqlar da var idi. Onları başa salırdıq ki, ağıllı hərəkətlər etsinlər. Ən maraqlı işimiz qonşumuzun meyvə ağaclarına qənim kəsilməmiz idi. Qonşumuz gözütox insan olduğuna görə özünü həmişə görməzliyə vururdu. Bir gün əmimə deyib ki, uşaqların bu hərəkəti məni çox sevindirir.
– Onlar bizim gələcəyimizdir. Onlar qorxu altında böyüməməlidirlər. Qardaşım, uşaqlıq, yeniyetməlik dövrü əvəzolunmaz günlərdir.
Muradım, yaşadığımız Quşqarada yolun o biri tərəfində əriklik bağı var idi. Ərik yetişəndə uşaqlar bayram edirdilər.
– Oğlum, biz qardaşlar gənc ikən 1982-ci ildə atamız dünyasını dəyişdi. Atamgil üç qardaş, iki bacı olublar. Anamız rəhmətlik atamızdan sonra bizə göz bəbəyi kimi baxsa da, bizə dayaq olan Zeynal əmim olub. Oğlum, böyük qardaşın Ənvər də yaxşı bilməlidir ki, əmi nə deməkdir.
Oğlum, bizim ailənin ağsaqqalı, dayağı Zeynal əmi olub. Bizim bir ziyalı kimi formalaşmağımızda Zeynal əminin ənəyi əvəzolunmazdı. Ata yurdunda, ən çətin günlərimizdə əmim bizi tək qoymayıb. Xatirimdədir, o vaxtlar indiki kimi deyildi ki, hər şey yaxşı olsun. O vaxtlar insan azına da, çoxuna da şükür edib, öz isti yuvasında xoşbəxt idi, oğlum.
– Ata, niyə ev yerinə həmişə yuva deyirsən?
Adil müəllimi gülmək tutdu.
– Mənim ağıllı oğlum, şəhər mühitində yaşayanların çoxu da sənin kimi düşünür. Unutma, oğlum, quşlar yuva qurarkən mühəndislik nümayiş etdirirlər. Məsələn, hacıleyləklər ağırlıq mərkəzinə uyğun dayaq işıq dirəklərinin ucunda çox böyük məharətlə yuva qururlar. Yuvalar möhkəm küləyə, yağışa, hətta yırğalanmalara davamlı olur. Bu gün də insan oğluna sirli görünən qaranquşlar məbəd, məscid, kilsə divarları arasında, divar künclərində yuva qurur.
Oğlum, dahi Səməd Vurğunun Azərbaycan şeirindən bir bəndi sənə xatırladıram. Bəlkə yuva sözünün mənasını özün dəqiqləşdirdin.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Murad xoş təbəssümlə əlini atasının çiyninə qoydu.
– Ata, mən indi başa düşürəm ki, övladların ən böyük müəllimi valideynləridir. Sənin kimi valideynim olduğuna görə çox xoşbəxtəm.
– Sağ ol, mənim balam, dahi Səməd Vurğun bu şeirin son sətrini belə qurtarır: “Deyilən söz yadigardır”. Kim istəyir öz payını götürsün. Oğlum, bu işıqlı dünyada ən böyük arzum sizi savadlı, yüksək intellekt sahibi kimi görməkdir. Təhsilimizdə ürəkaçan yeniliklər arxa planda qalıb.
Mənim balam, mən sizləri çox qınamıram. Bu Boloniya təhsil sistemi barədə söz açmaq fikrində deyiləm. Azərbaycanımızın çox nüfuzlu, istedadlı, təhsil ekspertləri var. Təhsilimizin yükünü onlar çiyinlərində daşıyırlar. Mütəmadi olaraq televizor vasitəsilə bu mövzunu işıqlandırırlar. Mən çox arzu edirəm ki, təhsil ekspertlərimiz bir ədalət tərəzisi tapıb, köhnə təhsil sistemi ilə Boloniya təhsil sistemini tərəziyə qoyub çəksinlər. Biz Azərbaycanda böyüməkdə olan gənclərimizin istedadını vaxtında qiymətləndirməliyik.
Əvvəllər orta məktəb məzunları ali məktəbə daxil olarkən inşa yazırdılar, şifahi imtahanda şeir deyirdilər və s. Artıq o təhsil sistemi tarixin arxivinə göndərilib. Boloniya təhsili almış, diplomu cibində olan indiki mühəndislər yüksək mərtəbəli bina inşa edərkən, mühəndis quşların təcrübəsinə də müraciət edirlər. Biz uşaq ikən valideynlərimiz bərk-bərk tapşırırdılar ki, quşların yuvasına toxunmayın, günahdır.
Oğlum, ömürlük yaddaşıma həkk olunmuş bir hadisəni danışmaq istəyirəm.
Bir gün kəndimizi bərk dolu vurmuşdu. Səhəri gün tezdən quzularımızı otarmağa aparmışdım. Təsadüfən bir ağacın dibində bir quş yuvası diqqətimi çəkdi. Mən həmin yuvanı bərpa etdim. O yuvanı hər gün yoxlayırdım. Bir gün gözlərimə inanmadım. Həmin yuva öz sakinini tapmışdı. Bir aydan sonra başqa bir mənzərə ilə qarşılaşdım. Həmin yuvadan quş balalarının səsi gəlirdi. Özümə söz verdim ki, anaları gələnə qədər gözləyəcəm. Belə də oldu. Bir də baxdım ki, ana quş dimdiyində yem özünü yetirdi. Mənim üçün maraqlı o idi ki, ana quş balalarını bir-bir yemləyirdi. Ən maraqlısı isə quş balalarının dimdikləri açıq analarını gözləmələri idi.
Adil müəllim Muradın çox diqqətlə dinlədiyini görüb, gülümsündü.
– Bilirsən, oğlum, niyə gülümsündüm?
– De, ata, mənim üçün çox maraqlıdır.
– Sən süddən kəsiləndən sonra anan sənə uşaq yeməyi hazırlayıb çay qaşığı ilə səni yedizdirdiyi gözümün qabağına gəldi. O vaxt sən də quş balası kimi ağzını açıb yem gözləyirdin.
Bu hadisəni dinlədikdən sonra Murad atasının boynuna sarıldı, bir müddət ata-oğul yalnız ürəklərinin döyündüyünü hiss edirdilər.
– Hə, oğlum, bir az dincələk deyirəm, sən nə deyirsən?
– Olar, ata, – deyib Murad çay gətirməyə getdi.
Mən hiss etmişdm ki, Adil müəllim övladlarını ürəyinin bir parçası kimi görsə də, onlarla özü arasında müqəddəs bir pərdə də saxlayır. O öz müdrik addımlarından sübut etmişdi ki, bu pərdə toxunulmazdır. Öz-özümə düşünürəm ki, bəli, bu, düzgün tərbiyənin məntiqi nəticəsidir. Qəlbimdən belə bir hiss keçir, kaş böyüməkdə olan gənclərimiz də valideynə belə münasibətdə olsunlar. Onların etimadını doğrultmağı bacarsınlar.
Bir azdan Murad əlində çay dəsgahı ilə gəldi. Böyük qardaşı Ənvər ona kömək edirdi. Adil müəllim çox mehribancasına soruşdu:
– Ənvər, oğlum, üzünü görək, haradasan?
– Evdəyəm, ay ata. Dostlarım zəng etmişdilər, onlarla danışırdım. Ata, mən sizi pəncərədən seyr edirdim, artıq sizə bağban statusu vermək olar.
– Oğlum, ulularımız demişkən, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Biz də ata-oğul çalışırıq ki, bağımız təravətli olsun.
Adil müəllim arada gözünün ucu ilə oğullarını seyr edir, onların qeyrətli, namuslu vətənpərvər olmalarını arzu edirdi.
Adil müəllim oğulları ilə çay süfrəsində söhbət edə-edə keçmiş günləri yada salır, gülüşüb əylənirdilər. Başqa ziyalılar kimi Adil müəllim də yaxşı bilirdi ki, xalqımız böyük sınaq qarşısındadır. Adil müəllim ailəsini, övladlarını koronavirus mövzusundan uzaqlaşdırmaq üçün onlarla sıx təmasda olmağı qarşısına məqsəd qoymuşdu. Onlara keçirdiyi uşaqlıq illərini xatırladırdı. Nələr və nələr…
Adil müəllim bu xəyallarla baş-başa olarkən, Ənvərin anidən ona sual verməsi elə bil ki, onu şirin yuxudan oyatdı.
– Ata, nə vaxtdan bu bağbanlıq sənətinə vurulmusan. Ağaclara göstərdiyin qayğı diqqətimi çəkdi. Yadıma bilirsən nə düşdü?
– Eşidirəm, oğlum.
– Sən bizi gəzməyə aparmazdan qabaq üst-başımızı yoxlayırdın. Nə bilim, uşaq tərləyər, soyuq dəyməsin, belə-belə şeylər. Baxıram, ağaclarla da belə davranırsan. Təcili dərmanlayırsan, gövdələrini əhəngləyirsən, diblərinə gübrə tökürsən.
– Oğlum, bağa yaxşı baxsan, o da sənə yaxşı məhsul verər. Başqa br misal: səni evləndirəcəyik, sənin də barın dünyaya gətirdiyin uşaq olacaq.
Qonşum Adil müəllimin söhbətləri maraqlı olsa da, mən də bir az yorulmuşdum. Həm də onların çay süfrəsini görəndə mən də susuzladığımı hiss etdim. Sözün doğrusu, könlümdən çay içmək keçirdi. Türklər demişkən, “çaysadım”.
Evə gəldim. Mənə irad tutdular ki, həyətdə çox oturursan, arada bir gəzsən yaxşı olar.
Cəmilə qızımdan çay gətirməsini xahiş etdim. Bir stəkan yaşıl çay gətirdi. Təşəkkürümü bildirdim. Biz də ailə olaraq, qanunun aliliyini üstün tutaraq, çalışırıq ki, “Evdə qal” rejiminə hörmətlə yanaşaq. Xalqımızın sağlamlığının hər şeydən üstün olduğunu balaca nəvələrimizə də izah edirik. İnşallah, baş vermiş bu mürəkkəb vəziyyətdən üzüağ çıxacağıq.
Dincəlmək qərarına gəldim. Yatağıma uzandım. Adil müəllimdən eşitdiklərimi xatırlaya-xatırlaya, yuxuya getmişəm.
Həmişə olduğu kimi, səhər tezdən qalxdım, idmanla məşğul oldum, özümü gümrah hiss edirdim.
Görəcəyim işlər barədə götür-qoy etdim. Sözün doğrusu, hər gün işə getməyin çox müsbət tərəfləri var. İctimaiyyət arasında olursan, faydalı işin qulpundan tutursan. Bundan gözəl insan üçün nə var həyatda.
Havalar xoş keçdiyinə görə Adil müəllim bağçasında övladları ilə baş-başa idi. Onların bir-birinə münasibətlərini görəndə insanın ürəyi dağa dönür.
Mən Adil müəllimin doğmalığını həmişə hiss etmişəm. Ən çox mənim diqqətimi çəkən onun böyük-kiçik yeri bilməsidir. Atalar düz deyib, ot kökü üstə bitər. Mən hiss edirdim ki, onun bu hərəkətlərini indiki zamanda ən qeyrətli valideynlər edər.
Adil müəllim qarşısına məqsəd qoymuşdu ki, övladları ailə şəcərəsini yaxşı tanısınlar, onlara hörmətlə yanaşsınlar.
– Muradım, evə get, pürrəngi çaya ehtiyacımız var.
Murad hər şeyi atasının hərəkətindən başa düşürdü. Baş üstə deyib çay gətirməyə getdi.
Ənvər atası demədən, masanı təmizlədi, stulları gətirdi, Murada kömək etmək üçün evə getdi. Adil müəllim övladlarının böyüydüyünü hiss etsə də, hələ də onlara uşaq gözü ilə baxırdı.
Bir azdan Ənvərlə Murad əllərində çay gəldilər. Nə gözəl mənzərə, övladlarla oturub çay içmək, səmimi söhbət etmək.
Adil müəllim övladlarına qardaşları barədə qısaca məlumat verməyi düşündü.
– Övladlarım, biz valideynlərimizdən düzgün tərbiyə almış insanlarıq. Bizə valideynlərimiz həmişə halallığı öyrədib. Biz qardaşlar müstəqil yaşayıb, işləyib, bir parça çörəyimizi qazanmışıq. Bilirsiniz, biz atamızı erkən itirsək də, anamız, əmimiz bizi tək buraxmayıb, bizə arxa olublar. Biz qardaşlar isti yuvamızı buraxıb, Rusiyada ağır günlər keçirərək çətinliklə də olsa pul qazanmışıq. Unutmayın, bunların hamısı övladlarımızın bu günü, gələcəyi üçündür. Birdəfəlik bilməlisiniz ki, qardaş arxadır, dayaqdır. Qardaş-qardaşın hər dərdinə ortaqdır. Biz belə olmuşuq, övladlarım! Övladlarım, son zamanlar görürəm, dostlarımızın sayı günü-gündən artır. Bir az diqqətli olun! Məni onlarla yaxından tanış etsəniz çox sevinərdim.
Ənvər gülümsəyərək:
– Ata, incimə, mən dostlarımı səninlə ona görə tanış etmirəm ki, onlardan xoşun gəlməyə bilər.
Adil müəllim əvvəlcə Ənvəri təpədən-dırnağa süzərək, gülümsündü.
– Oğlum, əgər belədirsə, onda dost seçimində daha diqqətli olmalısan.
– Baş üstə, ata. Hər şey sən deyən kimi olacaq.
– Afərin, mənim balam. Çox şadam ki, məni vaxtında başa düşdün.
Belə söhbətləri Murad həmişə diqqətlə dinləməyə üstünlük verirdi.
Bu dünyada ideal insan demək olar ki, yoxdur. Elə özümüzü götürək, nə qədər səhv etmişik.
– Övladlarım, eşitdiyim bir müdrik kəlamı nəzərinizə çatdırmaq istəyirəm: “Dostluğun qolları bir yerə qədər uzanır, qardaşlığınkı qəlblərə qədər”. Mən istəyirəm ki, siz bir-birinizə arxa olasınız! Əmiləriniz kimi. Bizi biz edən aradakı qan deyil, içəridəki qəlbdir. Qardaş odur ki, dar gündə arxanda olsun. Deyəsən sizi yordum, oğlum.
– Yox, ata, bizim üçün çox xoşdur.
– Atalar demişkən, çətin günün ömrü az olar. Azərbaycan xalqı həyatın bu ağır sınağından üzüağ çıxacaq.
Unutmayın, insan yaşlandıqca uşaqlığını, gəncliyini, boya-başa çatdığı doğma yurdunu xatırlaya-xatırlaya qoca çinarlar kimi heykəlləşir.
Rayonlara qar yağdığı üçün Bakıda da havalar sərinləşməyə başlamışdı. Evə gəldim.
Hər kəsin öz isti yuvası… Dincəlmək qərarına gəldim.
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı