Cəhənnəmdən keçmiş mələk (167)
Avtobioqrafik roman
Dördüncü bölüm
Müəllif: BİRCƏ
Payız girəndə mənim baharım gəldi. Havalar da ovqatıma züy tutur, məni bir cangüdən kimi içəridən-çöldən qoruyurdu.
Uzaq eldə oğlumun canı sağ, kefi çağıydı, üstəlik burda onun hesabına xeyli pul yığmışdım. İşdən bəzən çox gec çıxmaq hesabına olsa da tacir xanımın işini yarıdırdıq. İnsafən o da bizdən səxavətini əsirgəmirdi, donluğumuzdan əlavə hər həftə bizə bahalı-bahalı hədiyyələr göndərirdi: Elgünə – kostyum, köynək, qalstuk, ayaqqabı, mənə – çanta, qofta, tufli, dəri gödəkcə, palto, plaş… Bəyənmədiyimizi, əynimizə olmayanları geri qaytarırdıq, onda dəyişib daha yaxşılarını göndərirdi.
Həmid bəzən mən evdə olmayanda da qızını, arvadını qoltuğuna vurub bizə gəlirdi. Bir axşam tacir xanımın göndərdiyi geyim-kecim əlimdə evə qayıdırdım, çathaçatda Firəngiz mesaj yazıb onların yenə bizdə lövbər saldıqlarını xəbərlədi. Cavabında mən də əllərimin dolu olduğunu yazdım.
Bacım qızı məni blokun ağzında gözləyirdi, əlimdəkiləri alandan sonra qalxdı Xədicəgilə:
– Xala, Doneş bunları sənin əlində görsə paxıllığından dava salacaq.
İçəri girən kimi Həmid məni pərt eləmək istədi:
– Bu vaxt işdən qayıdan xanımdan xeyir ola bahalı ətir iyi gəlir?
Aydan onu ağzından vurdu:
– Kəndçilərin ətri özündən olur, necə deyərlər, təbiətin bəxşişi.
Otağıma keçib əynimi soyunanda Şəfa məni yanladı:
– Bircə, sənə vacib sözüm var.
O dəqiqə qulaqlarım batdı, ayaqlarım əsdi, nitqim soğuldu. Elə bildim soruşacaq ki, Həmid niyə sənə bu qədər ərk eləyir, bəlkə aranızda nəsə olub? Əcəba, mən bu gəlinə nə deyəcəkdim, özünün də içində olduğu vəziyyəti ona necə şərh eləyəcəkdim, onun yanında özümü nə cür təmizə çıxaracaqdım?
Şəfaya veriləsi hazır cavabım olmadığından yazıq-yazıq gəlinin üzünə baxdım:
– Eşidirəm.
Qızarıb gözünü gözümdən yayındırdı:
– Amma sən Allah yox demə.
İntizarın həyəcanından başım hərləndi, gözüm qaraldı.
– Telefonunu ver mənə, bir adama mesaj yazmalıyam.
Boşalmış köksüm yenidən havayla doldu, çiyinlərimdən yük götürüldü. Telefonu onun üstünə atdım:
– Al hara istəyirsən zəng vur, konturum çoxdu.
Həmin axşamdan sonra Həmid yalan oldu, Şəfa gerçək, əri gəlməyən günlərdə də bizdən ayaq kəsmədi. Bir müddət mənim telefonumla şıdırğı yazışdı. Həmidin başı qızlarla laqqırtıya qarışanda girəvələyib girirdi Cavidin otağına, məni qapıda güdükçü qoyub yazışdığı adamla danışırdı. Əri onu bacılarıyla görüşməyə qoymurdu, bu səbəbdən siftə-siftə Şəfanın bacısıyla danışdığını düşünürdüm, ağlıma ayrı heç nə gəlmirdi.
Bir dəfə işdə telefonumu qurdalayanda Şəfanın mesajlarını gördüm – qəribədi ki, ismarışları silməmişdi. Maraq mənə güc gəldi, oxudum. Çox həyəcanlandım, çox da heyrətləndim. Yazışmadan belə məlum olurdu ki, Həmidin başının tacı kimləsə müntəzəm görüşür.
Doğrudan da taxt yaratmaq olarmış, baxt yaratmaq – yox. Əlinə keçəni evinə daşıyan, qazandığını ailəsinin gəzməyinə, dincəlməyinə xərcləyən, mətbəxində hazır yemək tapmayanda bəzəkli kuklaya bənzər xanımının gül üzünə püf demədən qollarını çirmələyib aşpazlıq eləyən kişiyə arvadı niyə kəm baxmalıydı?
Yatanda oyatmazdı, özü demiş, əllərini qaraltmağa qoymazdı. Şəfa xoşladığı mürəbbəni məndən min sifətlə alıb sevinə-sevinə ona aparardı. Bəs bu gəlin daha nə istəyirdi?
Olanlar bir anlıq yadımdan çıxdı, Həmidə yenə acımağa başladım…
Bacısı telefonda qışqıra-qışqıra tək qardaşına “Gəlib ayağımı sənə soxaram!” deyəndə də ona acımışdım, Həmid gözümə illərlə bir qapıya qarovul çəkmiş, dişləri töküləndən sonra yiyəsinin azdırıb ac ölümə təslim elədiyi qoca it kimi yazıq, miskin, kimsəsiz görünmüşdü. Qorxusundan cınqırını çıxarıb bacısına bir söz deyə bilməmişdi, mənim üzümdəki heyrətin ağırlığı altında yerə girmişdi. Bunları görəndən sonra ona qəzəbim yumşalmışdı, hətta onu bir balaca dəyişməyə çalışmışdım. Keçmişimlə bağlı bəzi faktları, işdə ləngiməyimin səbəbini, nə müddətdən bəri onu umsuq qoyduğum bir para ömür-gün gizlinlərimi açıb ona söyləmişdim. Hətta onu xeyli yalvardandan sonra bir zaman nişanlı olduğum adamı da isnad vermişdim. Əlini uzaqdan-uzağa tanıdığını deyəndə əməlli-başlı təəccüblənmişdim – demək, bu şəhər mən düşündüyüm qədər də böyük deyilmiş, burda itib-itirmək, azıb-təzmək çətinmiş.
Bundan neçə gün sonra qarşımda qalib ədasıyla dayanıb əllərini belinə vurmuşdu:
– Bu gün sənin keçmiş sevgilin Əliylə bir süfrə başında oturdum.
Özümü sakit aparmağım ona çox şübhəli görünmüşdü, bundan belə nəticə çıxarmışdı ki, mən bir vaxt ayrı düşdüyüm nişanlımla illər sonra yenidən tapışmışam, hətta şəhərə də əlləşib-vuruşub bu məqsədlə köçmüşəm.
– Ağlın artdımı, – demişdim, – sən onu hardan tapdın, nə soruşdun adamdan?
– Heç nə soruşmadım, heç nə demədim. O danışdıqca gözümü ağzına zilləmişdim, lupayla baxırdım ona. Onun üzündə, danışığında səndən nəsə tapmaq istəyirdim, sizin hələ də görüşdüyünüzü özüm üçün sübuta yetirmək istəyirdim.
– Əşi, sənin başın baş deyil ey, xalis qızıl külqabıdı, – deyib doyunca gülmüşdüm. – Yaxşı tapmısan, gen qaz, dərin qaz.
– Telefon nömrəsini də yazıb götürmüşəm, – demişdi, – nə qədər gec deyil özün boynuna al, mən tapsam sənə pis olacaq.
– Daş düşsün mənim başıma, gör kimə ürək qızdırmışam, gör kimə sirr vermişəm! Axı sən nə adla ondan nömrə aldın?
– Deyirəm mən balaca Leninəm, inanmırsan.
– Lenin yox ey, sən xalis buqələmunsan. Bilirsən buqələmun nədi? Xameleon!
Mən buna acımaqdaykən bu, yenə mənə meydan oxumağa başlamışdı. Bu hərifin dilini özününkülər daha yaxşı bilirmişlər. Buna qanad düşmürmüş, bu, elə sürünməliymiş. Alçaldanın köləsi, yemləyənin qənimi. Mikrob səltənətinin mikrohökmdarı – mikrodiktator! Balaca, bapbalaca, lap balaca Lenin! Cəhənnəm gözətçisi!
İndi də bir ayrı qorxu canımı sarmışdı – qorxurdum Əlinin yanında hərləyib-fırlayıb mənim adımı hallandıra, o da məndən öc almaq üçün üstünə beşini də qoyub tanıyana-bilənə çatdıra.
Beləcə, uzun müddət ağzında zəhərli kapsul gəzdirən kəşfiyyatçı kimi dolanmışdım, dilimin altındakı ağu gecə-gündüz məni olumla ölümün sərhədində saxlamışdı…
***
Mənim telefonum da Şəfanın ürəyini soyutmadı, çox keçməmiş özünə gizli telefon aldı. Pərdəni aradan qaldırıb ondan heç nə soruşmadığıma bir müddət təhəmmül eləyəndən sonra özü nəyi vardısa açıb qoydu ovcuma: xeyli vaxtdı bir subay oğlanla görüşürmüş. Onu çox sevdiyini, ana-bacısına da qısqandığını, oğlan evlənərsə havalanacağını deyib gözünün yaşını axıdırdı.
Düzü, buna necə reaksiya verməli olduğumu bilmədim. O danışdıqca gah ağlayıb məni qucaqlayırdı, gah gülüb qucaqlayırdı. Bir neçə gün ondan gen dolanmağa çalışdım. Sonra yenə fürsət tapıb yapışdı mənə:
– Bilirəm ürəyində məni qınayırsan, zatıma söyürsən, – dedi, – yalvarıram, nolar məni başa düş.
– Şəfa, mən səni başa düşməyə çalışıram, ancaq hələlik alınmır, – dedim. – Sənin yanında ərin neçə dəfə Cavidin dostlarını, Taylanı mənim oynaşlarım kimi qələmə verib, məni pedofil, oğlan yanığı adlandırıb. Niyə onların birində mənim tərəfimi tutmadın, axı sən yaxşı bilirsən mən Taylanı balam kimi istəyirəm. Belə çıxır pedofil elə Həmidin öz yanındaymış.
Sözümü bitirən kimi Şəfaya sarıldım, qorxdum dediklərim onu sındıra. Ucaboy, ağbəniz göyçək gəlin ərklə sinəmə qısıldı:
– Nə desən haqqın var. Lap üzümə tüpürsən də, saçımı yolsan da dillənmərəm. Özümlə bacarmıram, Ramildən ötrü ölürəm.
– İndi bildim ərini niyə qısqanmırsan, onun harda olduğuyla niyə maraqlanmırsan.
– Bircə, səni incitdiyini bilsəm də Həmidi çox vaxt mən özüm sizə göndərirəm, deyirəm qoy başı qarışsın, məni yaddan çıxarsın. Yoxsa Ramillə görüşməyə fürsət tapmaram.
Əslində mən Doneşə qarşı yeni müttəfiq tapdığıma sevinməliydim, ancaq bu gəlin məndən irəli düşmüşdü, o özü məndən xəbərsiz məni özünə müttəfiq tutmuşdu. Həm də etibarlı müttəfiq deyildi, öz xeyri üçün təkcə ərini yox, məni də güdaza verməyə hər dəqiqə hazırıydı.
– O məni şərləyəndə sən dinmirdin, susurdun.
– Susmasaydım, dediklərini təsdiqləməsəydim özüm düşəcəkdim onun maraq dairəsinə.
– Bilirsən ki, Həmidlə aram yoxdu. Ancaq insaf naminə sənə yaxşı baxır, evdə əlini bir işə vurmağa qoymur, gəzməyindən qalmırsan, paltarlarını aparıb dərziyə ütülədir, qazanmağına da pis qazanmır. Bəs o nədi ki, Ramildə var, Həmiddə yoxdu?
– Çox şey.
– Birini de.
– Ramil cavandı, qəşəngdi, mənim tələbatımı ödəyir. Həmid isə şəkər xəstəsidi, gücü gözüylə dilindədi. Həyətdəki qadınların arxasınca baxa-baxa hərəsinə bir qəhbəlik markası yapışdırır. Qonşumuzun qızı işdən evə bir az gec qayıdanda gül kimi uşağın adını gəzəyən qoyur.
– Sabah öz qızınız da gec gəlsə elə deyəcək?
– Bilmirəm. Firəngizlə Aydan onun ağzını yumanda az qalıram o qızların dilindən öpəm.
– İndi neyləyəcəksən, nə vaxta kimi belə gedəcək? Birdən Həmid xəbər tutsa?
– Hərdən çox bəzənəndə şübhələnir. Neçə ildi bilməyib, inşallah bundan sonra da bilməz. Amma Ramil evlənsə dəli olacam.
– Ağlını başına yığ, Ramil səni alası deyil ki. Bugün-sabah qız köçürməlisən.
– Heç nə gözümə görünmür. Bahalı ətirlərimin hamısını daşıyıb rəisimə vermişəm.
– Niyə?
– Nahardan sonra işdən qaçıb Ramillə görüşə gedirəm, ona görə.
***
Yeni il qabağı Həmid məni dilə tutub özləriylə Dubaya aparmaq istəyirdi. Beş günlük tur danışmışdı.
Şəfanın getməyə könlü yoxuydu, bayramı Ramillə keçirmək istəyirdi. Maraq üçün onun ağzını aradım:
– Gəzməyi, əylənməyi bildim, ev üçün ordan nə almaq olar?
Şəfa Dubaya bir dəfə baş vurmuşdu deyə məlumatlıydı:
– Kalan qızıl ala bilərsən.
– Qızıla marağım yoxdu.
– Sən rəsm əsəri xoşlayansan, ordan gözəl tablolar, üstü şəkilli süfrələr, iri vazalar ala bilərsən. Ümumiyyətlə çox şey ala bilərsən.
Niyyətimi Elgünə deyəndə mənə belə məsləhəi verdi:
– Bircə xanım, eviniz təmir olunmayınca heç bir əşya almayın. Ev sökülüb-töküləndə hara yığacaqsız onları, bahalı əşyalar hamısı toz-torpağa bulaşacaq.
Beləcə, Dubay eşqini başımdan çıxarıb özümü təmirə köklədim…
Həmin axşam Həmid bizdə arvadının ikinci telefonunu tutdu. Şəfa telefonu mənə tərəf fırıldadıb özünü ərinə qısılmış kimi göstərdi:
– Bircənin telefonudu, bekarçılıqdan qurdalayırdım.
Həmid hamının yanında yenə cin atını yedəklədi:
– Həə, bax sən busan, düz adamın ikinci telefon nəyinə lazımdı? Demək, gizli işlərini bu telefonla görürsən, hə? Nə vaxt almısan onu?
O, qaranəfəs sualı sual dalınca yağdırdıqca mən gülürdüm. Arada Şəfanı dartıb sinəsinə sıxdı:
– Bax mənim arvadıma, ondakı yaxşı cəhətləri götür. Küçə arvadlarının dalına düşüb gizli sektalara qoşulursan, nə bilim nə hoqqalardan çıxırsan. İşdə kişilərlə mazaqlaşırsan, mən də saatlarla küçədə dayanıb səni gözləyirəm, deyirəm yazıqdı, avtobusa minməsin, kimsə buna sürtünməsin.
Arada Şəfanın üzünə baxıb gözlərimlə ondan imdad istədim. Qadın heç nə olmamış kimi ərinə qısılıb gülümsəyirdi. Bacım qızlarının yanında başıqaxınclı, üzütüpürcəkli məktəb uşağı kimi boynumu büküb lal-dinməz dayanmışdım.
Həmidin bir az da irəli getdiyini görən Firəngiz telefonu hirslə əlimdən qapdı:
– Bilirsiz nə var, bu telefonu mən almışam, mənimdi. Xalamın bundan xəbəri yoxdu.
Kişi pırtlaq gözlərini top mərmisi kimi üzümə zilləyib:
– Yaxşı dərs keçmisən uşağa, – dedi, – öz aferistliyini ona da öyrətmisən. Ancaq bununla canını qurtara bilməyəcəksən, sənin necə qadın olduğunu hamıya sübut eləyib sonra səni arxivə göndərəcəm.
Həmid vıyıltıyla qapıdan çıxdı, Şəfa bir göz qırpımında telefonu Firəngizdən alıb çantasının dibinə dürtdü, məni öpüb ərinin dalınca qaçdı.
Onlar gedən kimi qızlar məni itdən alıb itə verdilər. Sözü qırmızı Aydan lap zilə çıxdı:
– Xala, bu tamaşa lazımıydı sənə? Niyə düzünü demədin? Telefon lotusu arvadını tərifləyib gözümüzə soxur, ağzını açıb bir kəlmə dillənmirsən. Sənin süpürgən onun arvadından təmizdi. Niyə dözdün boynuyoğun sıpanın təhqirlərinə?
Firəngiz məni hədələyirmiş kimi barmağını silkələyib üstümə yeridi:
– Baxarsan, qoy o bir də bu evdə tək bircə turş kəlmə işlətsin, deyəcəm telefon arvadınındı.
– Gəlinə yazığım gəldi, evini yıxmaqdan qorxdum.
– Ona yazığın gəlir, özünə yox? İndi təzə mövzu tapınca Doneş səni çeynəyəcək.
– Siz bir az səbr eləyin, Allah özü gerçəyin üstünü açacaq.
Firəngiz haqlıydı, Həmid mənə üzbəsurət dediklərinə qail olmurdu, evindən də zəng vurub üstümə təhqir, şər-böhtan yağdırırdı.
***
Tacir xanımın bəxşiş göndərdiyi paltarları, ayaqqabıları geyib çantanı götürəndə Doneş yeni savaş meydanı açdı:
– Bu dəbli paltarları sənə kim alır?
– Özüm.
– Özünün bütün qrafikini əzbər bilirəm. Sən vaxt tapıb bunları haçan aldın mənim xəbərim olmadı?
– Nədi, bəyəm sən hər şeyi bilməlisən?
– Bizlə bir yana çıxmırsan ki, pulum yoxdu. Bəs nə əcəb bahalı kürk almağa pul tapırsan?
– Mənim pulum da var, qızılım da. Evimi ürəyim istəyən kimi yığdırandan sonra özümə maşın alacam.
Doneş mənə alnından baxırdı:
– Həə, yavaş-yavaş özünü ələ verirsən. Yeddi yüz manatla sən lap təyyarə də alarsan.
– Nə bilirsən mənim maaşım o qədərdi?
– Özün demisən.
– Yalan demişəm.
– Sənin hansı sözün düzdü ki, başdan-ayağa yalan-fırıldaqsan…
Az keçmiş telefon qovğası təzələndi.
İşdən evə yenicə gəlmişdim, Şəfa qızlarla köməkli süfrə açmışdı. Əlimi yuyub masa arxasına keçəndə divanın başına atılmış xalatımın cibindən telefon səsi gəldi. Hamı istər-istəməz əl atıb telefonunu yoxladı, Firəngiz işi başa düşüb tez dilləndi:
– Paltarı iy tutmasın deyə Şəfa xala xörəkləri qızdıranda sənin xalatını geyinmişdi.
Həmid Şəfanın telefonunu başının üstünə qaldırıb gözüylə səsini kəsməyən telefona işarə vurdu:
– Şəfa xalanın telefonu mənim əlimdədi, kimin fırıldağıdı çıxarıb qoysun ortalığa.
Şəfanın gözlərindəki vahimə qarışıq yalvarış məni yerimdən oynatdı, Firəngizin qanlı baxışından yayınıb həyasızcasına banlayan telefonu xalatımın cibindəcə susdurdum.
– Nooldu, bəs deyirdiz telefon Firəngizindi?
Elə bu dəm öz telefonum dilə gəldi – mənlə salonda tanış olub mürəbbələrimə müştəri çıxan, mənə bir müddət çörək verən həmən o xanım idi. Ekrana bir xeyli baxıb ona da cavab vermədim – açsaydım mürəbbə satdığımı Həmid biləcəkdi.
– Düz adamsansa aç telefonu səsliyə qoy.
– Niyə açım ki?
– Gizli telefonuna zəng vurdu, gördü açmırsan, indi də bunu yığdı, hə?
Firəngiz mənim üzümə məzəmmətlə baxa-baxa dedi:
– Hər şey ola bilər. Ay Həmid dayı, sizi başa düşmürəm, xalama gələn zəngdən sizə nə?
Həmid devikib uşağın haqlı sualına cavab axtardı. Bir az gözünü-qaşını oynadıb dedi:
– Mənim ailəmin gəlib-getdiyi evə başqa kimlərin gəldiyini, arvadımın rəfiqəlik elədiyi xanımın hansı yuvanın quşu olduğunu bilməliyəm. Belə getsə biz daha bura gəlməyəcəyik. Mənim arvadım sənin xalan kimi qadınla dostluq eləyə bilməz. Bu məsələni araşdırıb öyrənib ayağımızı bu evdən kəsəcəyik.
Aydan qəşəng yanaqlarına yaraşan kömbə dodaqlarını yumrulayıb dedi:
– Sən Allah onu bir az tez eləyin, nəzir deyirəm – halva çalıb Xədicəylə Taylanın qarnını doyuracam. Sənin töhmətlərin bezdirdi bizi.
Onlar qapıdan çıxan kimi qızlar yenə od olub üzümü qarsdılar:
– Mən özüm qəsdən yerimdən qalxmadım, niyə qoymadın əri düzünü bilə?
Aydan bacısının sözünə söykək verdi:
– İçəri girəndən o telefon Şəfa xalanın qulağındaydı, kimləsə xosunlaşıb gülürdü.
– Sonra da yadından çıxıb səsini almayıb.
Yanlarında üzüqara olduğum bacım qızlarına yenə yalvarmaqdan başqa çarəm qalmadı:
– Kamil dayınızın bir yaxşı sözü var: ayıb açan olmayın, ayıb örtən olun, gerisini buraxın Allahın ixtiyarına.
– Ay xala, Allah açır ey, sən qoymursan axı.
– Gəlin o telefonu öz evində saxlayır. Su çanağı suda sınar, əlbət bir gün üstü açılacaq…
(Ardı var)
Mənbə: Kulis.az