Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
İnsan yaşlandıqca bəzən özünü mənalı yaşamaqdan təcrid olunmuş bir varlıq kimi hiss edir. Bu həm inandırıcı, həm də bir xəyaldır. Çünki insanda yaşamaq eşqi həmişə olub, yenə də olacaq. İnsana ən çox yaşamaq stimulu verən keçmiş günləri olduğu kimi xatırlamaqdır. Bu xatirələr az da ola bilər, çox da.
Yadımdadır, səhərlər məktəbə getməmək üçün min bir oyundan çıxardıq. Bəhanələr də saysız-hesabsız. Ay qıçım, ay belim ağrıyır, nələr və nələr uyduraraq bəhanələr tapırdıq. Ana ürəyi: Görəsən, uşaq düzmü deyir, ya bunlar bir bəhanədir? Bizim bu dəcəlliyimiz analarımızı ayıq-sayıq salmışdı. Bunların bir “fırıldaq” olduğunu hiss edən analarımız üstümüzə əllərində çubuqla gəlirdilər. Ah, o günləri bir daha yaşasaydıq…
Ən çox xatırladığım mənə dərs deyən fədakar müəllimlərimizdir. Bu ona görə xatirəmə həkk olunub ki, mən özüm də müəlliməm. O vaxtlar müəllimlərimiz bizi öyrətmək üçün dəridən-qabıqdan çıxırdılar. Bizim bu gün hansı uğurlarımız olubsa, öncə valideynlərimizə, sonra müəllimlərimizə borcluyuq. Onların bizim həyatımızda çox qiymətli rolları olub. Fikirləşirəm, əgər insana ikinci bir ömür verilsəydi, yenə anadan olduğum kəndimizi seçərdim. O vaxtlar kənd camaatı evlərini qızdırmaq üçün odun peçindən (sobasından) istifadə edirdi. Yeməklərimiz də o peçin üstündə hazırlanırdı. Çox qəribə alışqanlığımız vardı. Axşam yemək yedikdən sonra peçin üstündə dilim bişirib, iştahla yeyərdik. Sözün doğrusu, dilimin əvəzini heç nə vermir. Bəlkə də insanlarımızın çoxu dilimin nə olduğunu bilmir. (Dilim: kartof dairəvi kəsilərək peçə düzülür və üzərinə duz səpilir.)
İmkan düşdükcə kəndimizə gedirəm. Bir gün kəndə gedəndə yol boyu fikirləşirdim. Mənim ilk işim ata yurdunu ziyarət etmək idi. Nəhayət, doğulub böyüdüyüm evin qarşısındayam. Pəncərədən içərini seyr edərkən çox qəhərləndim. Elə bir an olurdu ki, daldaya çəkilib ağlayır, içimdəki həsrət enerjisini qovurdum. Evimizin daş divarını seyr edərkən balaca sərçələrin daşlar arasında yuva qurduqlarının, bizə məhəl qoymadan yaşamağa davam etdiklərinin şahidi oldum. Evimizin həyətini seyr edərkən vaxtilə atamın əkdiyi cır armud (meşə armudu) gözümə dəydi. Onun əzəmətli gövdəsindən boy atan budaqlarında yaşıl yarpaqlar əsən mehdən pıçıldaşır, elə bil məni görüb şıltaq uşaqlar kimi bir-biri ilə zarafatlaşırdı. İlahi, sən təbiətdəki etibara, gözəlliyə bax!
Elə bil ata yurdu məni tilsimləmişdi, gözümü həmişə varlı-bəhərli olan bu bağçadan çəkə bilmirəm. Evimizin qabağında fıstıq kərəninin üstündə oturub şirin-şirin söhbət edən əmilərimi, atamı, anamın qurudlu xəngəl üçün qazan asdığını gözümün qabağına gətirirəm. Bu gözəl mənzərəni uzun müddət seyr etmək könlümdən keçsə də, yaşla dolan gözlərim hər şeyi tor görürdü. Evimizin arxasındakı arxı xatırladım. Əl-üzümü yumaq istədim, fəqət bu arzum çin olmadı. Şırıltı ilə həzin-həzin axan arxın yerində sintetik borularla çəkilmiş su xəttini gördüm. Bu, Bəkir əmim oğlunun su xətti idi.
Bulaqları ilə zəngin olan kəndimizdə su axtarmaq mənə çox qəribə gəldi. Atam rəhmətlik məhləmizin arxasında samanlıq deyilən yerdə meşə salmışdı. O vaxt iki yüzə yaxın ağac əkmişdi. Meşənin qurtaracağında bir bulaq vardı. Yay aylarında könlümüz sərin su istəyəndə həmin bulaqdan su gətirirdik. Ən çox da anam nehrə quranda bulaqdan su daşıyırdıq. Həmin bulağı xatırladım. Fikirləşdim ki, həm əlimi, üzümü yuyaram, həm də doyunca su içərəm. Yavaş-yavaş ağacların arasından dərəyə endim, bulaq tərəfə baxdıqda gözümə bulaq dəymədi, oranı ot basmışdı. Bir-iki addım bulaq tərəfə gedərkən həmin yerdən pırıldayıb uçan su quşunu gördüm. Aşağı əyildim ki, bulağın gözünü təmizləyim, oradan gələn quş balalarının cıvıltısı məni diksindirdi, geri çəkilmək istədim, tez də fikrimdən yayındım. Səs gələn tərəfdəki otları çox ehtiyatla aralamağa başlayanda gördüyüm mənzərə məni valeh etdi. Bulağın qaya tərəfində su quşunun qurduğu yuvada hələ yaxşı tüklənməmiş altı balasını gördüm. Su quşunun həyəcanını xatırladım. Mənə elə gəldi ki, bulağın gizlin və sakit axmasının səbəbi bu körpələri narahat etməməsi üçün imiş.
Mən də tələm-tələsik ana quşu narahat etmədən oradan uzaqlaşdım. Amma ana su quşunun həyəcan təbili çalan səsi yenə qulağımda çınlayırdı. Bulağın suyundan içmədiyimə peşman deyiləm, əksinə, o yuvanın qorunmasında xidmətim olduğuna görə özümü xoşbəxt hiss edirəm.
Ulularımız ibrətamiz sözlər deyərək, insan oğlunun doğru yol tutmalarını məsləhət biliblər. Onların bir kəlamını xatırlamağı özümə borc bilirəm: “Bir yuvanı qurmaq çox çətindir, uçurmaq isə çox asandır”.
…Novoivanovkadan evimizə gələrkən keçmiş Başkənd gölündə insanlarımızın balıq ovlamaları, sonradan düzəldilmiş çadır evlərdən yüksələn sobaların tüstüsü insanı valeh edirdi. Şəhər mühitində yaşayan insanların çoxu artıq kəndə üz tutur. Müasir üsulla ev tikirlər. Yollarımıza asfalt döşənib. Rayonda əlaqələrimiz demək olar ki, çox asanlaşıb.
Bizim camaatımız çox səmimi insanlardır. Onlarda paxıllıq hissi demək olar ki, yox dərəcəsindədir. Kəndimizə üz tutanları doğmaları kimi qarşılayırlar. Lazım olduqda kömək əllərini də uzadırlar.
Xatirimdədir, Novruz bayramı yaxınlaşdıqca həyət-bacalarda insanlar qaynaşırdı. Kişilər odun tədarükü görür, analarımız isə əriştə hazırlayırdılar. Ən maraqlısı isə çərşənbə axşamları kənd uşaqlarının düzəltdikləri lopaları yandıraraq göyə atmalarını xatırladıqca insan mənən cavanlaşır, özünü o səhnədə hiss edir. Lopa yarışmasından sonra kəndimizi tüstü-duman bürüyürdü. Elə bil ki, haradasa yanğın olub. Kim nə deyir-desin, ulularımızdan bizə miras qalmış bu adət-ənənə əvəzolunmazdır. Bu keçmiş günlərin şərəfli tarixidir.
Bu gün şəhər mühitində yaşayan körpələr bayram günləri partlayıcı paketlərdən istifadə edirlər. Onlar belə şənliyə uşaq psixologiyası prizmasından baxırlar. Hərçənd, belə paketlərin ölkəmizə gətirilməsi qadağandır. Təəssüflər olsun ki, bu partladıcılar bayram günü neçə-neçə balalarımıza ziyan vurur, hətta şikəst edir.
Bu xəyallardan məni əmioğlu Bəkir müəllimin səsi oyatdı. O günləri xatırlamaq mənim üçün yeni bir həyatın başlanması deməkdir. Bir anlığa o günləri yaşayırsan!
Bəkir müəllim həmişə olduğu kimi gülümsünə-gülümsünə mənə yaxınlaşdı:
– Xoş gəlmisən, əmim oğlu!
– Çox sağ ol, ay Bəkir müəllim!
– Səhərdən pəncərədən sənə tamaşa edirəm, elə bil ki, xəyallara dalmısan.
– Düz deyirsən, əmioğlu, keçmiş günləri xatırlayıram. Amma səhərdən ətrafı seyr edirəm, gözümə toyuq-cücə, qaz, hindi dəymir, xeyir ola, bunların da kökünü kəsmisən?
– Sözün doğrusu, əmioğlu, yem çatdırmaq olmur. Artıq biz də qocalmışıq.
– Bəkir müəllim, bunlar bəhanədir. Ev quşları bir o qədər də yem tələb etmir. Bir yadına sal, bizim, sizin, əmilərimizin toyuqlarının fallıqlardan çıxardığı səslər, hay-haray salıb qaqqıldaşdığı anlar, sahiblərinə xəbər verirdilər ki, təzə yumurta hazırdır.
Həmişə olduğu kimi Bəkir müəllim mənim dediklərimə gülür:
– Ay rəhmətliyin oğlu, yumurtamı tapılmır?
Bəkir müəllimdə yumor hissi çox güclüdür. Onun cavanlıqda da bəzi hərəkətləri var idi ki, heç cür yaddan çıxmaz.
Günlərin bir günü mən, Bəkirin kiçik qardaşı Cavanşir, əmimiz oğlu rəhmətlik Rüstəm çilingağac oynayırdıq, kim uduzsa, sobanın üstündə kartof dilimi bişirməli idi. Oyunun şirin yerində Həvva bibi çox həyəcanla qışqırdı: Köməyə gəlin, köməyə gəlin! Biz əlimizdəkiləri bir tərəfə atıb, özümüzü çatdırdıq. Həvva bibi: Ay uşaqlar, görün balama nə olub?! Bəkir taxtın üstündə inildəyir, ağzından da köpük gəlirdi. Bu köpük məsələsi bizi bərk qorxutmuşdu. O, yerində çabalayırdı. Birimiz ayaqlarını, birimiz qollarını, birimiz başını qucağımıza alıb Həvva bibinin verdiyi yaş dəsmalla tərini silirdik. Belə xəstələnmələr Bəkirdə tez-tez olurdu. Başımızı qaldıranda gördük ki, rəhmətlik İskəndər əmimiz bu həyəcanlı səhnəni sual vermədən seyr edir. Bir kəlmə dedi:
– İlahi, gör insan özünü nə günə salarmış. – Bunu deyib otaqdan uzaqlaşdı.
Əmimizin hara getdiyini Həvva bibidən soruşanda narahat halda:
– Nə bilim, ay bala, bir söz demədən ata minib getdi, – dedi.
Axşama doğru idi. Hava qaralmağa başlamışdı. Çox şükür, Bəkir də ayılmışdı. Cavanşir kartof dilimi hazırlığına bağlamışdı ki, Həvva bibi sevincək içəri girdi:
– Əminiz gəldi, Müşkünü də gətirib.
Müşkü xanım Bəkir müəllimin istədiyi qonşu qız idi. Bunu eşidəndə az qala Bəkir sevincindən qışqıracaqdı. Gözlərində məhəbbət qığılcımı oynayırdı. Biz dilim işini yarımçıq qoyub oradan uzaqlaşdıq. Artıq evə gəlin gəlmişdi. Bəkir həyətdə o tərəf-bu tərəfə var-gəl edir, sevincindən özünə yer tapmırdı.
Sonradan məlum oldu ki, Bəkirin xəstəliyi buraya qədər imiş…
Bəkir müəllimin təkrar mənə müraciət etməsi məni keçmiş günləri xatırlamaqdan məhrum etdi.
– Ay əmioğlu, yoldan gəlmisən, bəlkə çay içək, hazır yeməyimiz var, həm də söhbət edək.
Camaatımızın bir xasiyyəti həmişə məni heyran edib. Yemək olanda çalışırlar ki, o yeməyi qohumlarla, qonşularla bölüşdürsünlər. Kənd camaatının həmişə bir-birinə qonaq getmələri, çay süfrəsinə oturub yorğunluqlarını çıxarmaları indi də davam edir. Burada həyat təbiidir. Kəndin təmiz havasından, saf suyundan harada var?..
Bəzən fikirləşirsən ki, kənddə yaşamaq şəhərə nisbətən çox asandır. Bəzən kənddə valideynlərin uşaqlardan xəbəri olmur. Uşaqlar böyüklərə nisbətən təbiətin bütün gözəlliyindən istifadə edirlər, çəmənlikdə oynayır, çay sularının qabağını kəsərək balaca-balaca göllər düzəldib, çimirlər. Uşaqların başqa bir hobbisi qonşu bağlardan meyvə oğurlamaqdır.
Kənddə ən çox arzu etdiyim təzə biçilmiş sahədən gələn otun qoxusunu sinəmə çəkməkdir. İnsanın ruhu təzələnir. Hələ biçilmiş otun üzərində uzanıb, mavi səmanı seyr etmək, xəyallara dalmaq, uzaqlardan ov axtaran qızılquşların səsləri, nələr və nələr…
Saysız-hesabsız bulaqlarımız, yayın cırhacırında bulaq suyu olan yerdə soyuducu axtarmırsan. Həyatda bundan gözəl nə var, əmioğlu?
– Ay Bəkir müəllim, saydıqlarım olmasaydı, indi sən cavan oğlan kimi olmazdın, maşallah, yanaqların qıpqırmızı, yerişin cavan oğlan yerişi.
– Düz deyirsən, qardaş. Mənim bir az gözlərim zəifləyib. Çox şükür, başqa şikayətim yoxdur. Bilirsən, əmioğlu, bizim ən çox köməyimizə çatan televizordur, o da olmasa qulağı batmış kimi həyatdan təcrid olursan. Nə yaxşı ki, evimizdə televizorumuz var. Mən ən çox ATV kanalına baxırdım, orada bir aparıcı var, Zaur Baxşəliyev. Proqram başladığı andan imkansızlara kömək əlini uzatdığından danışır. Bəzən həyəcanlanır, bəzən ağlayır. Sözün doğrusu, əvvəllər o ağlayanda məni də ağlamaq tuturdu. Həm də çox inanmışdım ona. Mən də qonşudan borc pul alıb Bakıya gəldim. Bir həftə gözlədim, çox təəssüf ki, insanların heysiyyəti ilə oynadıqlarını gördüm. Kor-peşman kəndə qayıtdım. O gündən məndə allergiya yaranıb. ATV kanalına baxa bilmirəm. Ona demişdim ki, Başkənd əməliyyatında can qoyan insanlardan biri mənəm. Onda günah görmürəm, bu xeyriyyəçilik ki var, hər oğulun işi deyil. Mənə qəribə gələn odur ki, bunlar xalqın qarşısına çıxır, istədikləri kimi hərəkət edirlər. Yəni bunlara bir “dur” deyən yoxdur?! Səhərdən axşama həkimləri reklam edirlər. Əmioğlu, sinəm doldur, deməyə də sözüm çoxdur…
Bəkir müəllimin bu həyəcanlı söhbəti bir qohum kimi yox, bir ziyalı kimi ona haqq verməyə məni məcbur etdi.
Bir baxırsan ki, yaş da öz işini görür. Atalar demişkən, uman yerdən küsərlər. Bəkir müəllim artıq 82 yaşında bir kişidir.
Bəkir müəllim son dərəcə mütaliəli ziyalıdır. Təqaüdə çıxana qədər müəllim işləyib. Kənd camaatının hörmətinin qazanmış, zəhmətkeş insan.
Mən ondan ayrılsam da, fikrim onun yanında qaldı. Hiss etdim ki, tənhalıq onu bezdirib, söhbət etməyə adam axtarır. Ömür-gün yoldaşı müalicə olunmaq üçün oğlunun yanına getmişdi.
…Dostum Cəsarətlə görüşdüm. Atasının “Niva” maşını ilə gəlmişdi. Son dərəcə ləyaqətli, böyüyün-kiçiyin yerini bilən ziyalılarımızdandır. Yolumuz Novoivanovka tərəfə idi. Yol bir o qədər uzaq olmasa da, dostum həyəcanlı idi. Səbəbini soruşdum, gülümsündü.
– Ay müəllim, atam gecikməyi sevmir. Onun dediyi vaxtdan otuz dəqiqə keçib.
– Qardaş, indi Bakıda kim görüş yerinə gecikirsə, bəhanəsi var, hamı da inanır. Yollarda tıxac vardı deyib canını qurtarırsan.
Dostumu gülmək tutdu.
– Burada vəziyyətdən çıxmaq üçün nə uydurmalıyıq?!
– Bu başqa məsələ, dostum. Dəyərik ki, Düzrəsulluda qohumlardan biri odun kəsəndə barmağını yaralayıb. Onu Novosaratovkaya həkimə apardıq. Gecikməyimizin səbəbi budur.
Bu məsələni müzakirə edə-edə evə çatdıq. Atası çox nurani ağsaqqal idi. Bizi gülər üzlə qarşıladı, mən tərəfə dönərək:
– Sağ ol, oğlum, dəvətimizi qəbul etdin.
– Nə münasibət, ay əmi, sizin kimi ağsaqqalı ziyarət etmək mənim üçün şərəfdir. Sizi şifahi olaraq çox yaşı tanıyıram. Oğlunuz Cəsarət həmişə sizdən danışır, fəxrlə sizi xatırlayır. Bizim sizin kimi ağsaqqala çox ehtiyacımız var. Sizdən çox şey öyrənməliyik. Bilirəm, düşmənlə burun-buruna olduğunuz bir vaxtda sizin camaatı inandırmağınız, onları cəsur olmağa ruhlandırmağınız, bunlar barədə məlumatımız var.
– Ay oğul, biz gecə-gündüz polkovnik Cahangir Rüstəmova, Məzahir Rüstəmova, Sahib Rüstəmova, İskəndər Aznaurova və başqa igid oğullarımıza, onların ruhuna dua edirik. Bu gün rahat nəfəs almağımız, qorxusuz-ürküsüz təsərrüfatımızla məşğul olmağımız onların hesabınadır.
Həyətə göz gəzdirdim. Bizim üçün gözəl bir süfrə açmışdılar. Buranı əsl mənada cənnət hesab etmək olar. Hər tərəf meyvə ağacları, evin qabağından axan çay, yuvalarına tələsən quşların səsi, çox uzaqlardan səsi gələn çobanlar… Ağsaqqalın səsi məni xatirədən ayırdı.
– Oğlum, yoldan gəlmisiniz, əlinizi, üzünüzü yuyub süfrəyə oturun.
Ağsaqqalın nurlu səsindən hiss olunurdu ki, qonaq qəbul etmək üçün çox darıxıb. Sözün doğrusu, belə xasiyyət biz tərəflərin qonaqpərvərliyindən xəbər verirdi. Camaatımız gözütox camaatdır.
Təbiətin qayğısını çəkmək, onun qanunlarını bilmək, vaxtlı-vaxtında əmək sərf etmək, çəkdiyin zəhmətin bəhrəsini görmək, bunlar hamısı insanın öz əlindədir. Mən dostumun həyətində bunun şahidi oldum.
Biz süfrəyə oturduq. Yeməyimizi yeyə-yeyə söhbət edirdik. Dostumun atası mənə çox diqqətcil davranırdı.
– Ay oğul, görürəm buralar çox xoşuna gəlib.
– Düz deyirsiniz, əmi. Biz sizin kimi nurani ağsaqqallardan dərs almalıyıq.
– Bilirsən, oğlum, gördüyün bu dağın o biri tərəfi kafirlərin yaşadığı yerdir. Kafirlər bizi çox narahat edirdi. O vaxt nə çiçəklərimiz açırdı, nə də meyvə ağaclarımız bar verirdi. Elə bil ki, təbiət də yaşamaq istəmirdi, susurdu. Cəngavər, mərd oğullarımız dığalara elə dərs verdilər ki, inanmıram, onlar yenə baş qaldırsınlar, bir də bizim tərəflərə tamah salsınlar.
İnsan dost süfrəsində gözlədiyindən daha çox səmimiyyət görürsə, yediyi yemək də nuş olur, üstəlik, bu nurani kişinin şirin söhbətləri insanıı valeh edirdi. O demək istəyirdi ki, bu dünyada nə əkərsən, onu da biçərsən. Çəkilən zəhmət hədər getmir.
– Oğlum, – dedi. – Sən bizim tərəflərə, deyəsən, ilk dəfə gəlirsən.
– Əmi, düz deyirsiniz. Amma gördüyüm bu gözəllikləri dəfələrlə seyr etmişəm. Dövlət yol polisinin əməkdaşı Qulu müəllimi yaxşı tanıyarsınız.
– Bəli, oğlum, onlar böyük nəsildir. Böyükləri elimizin-obamızın ağsaqqallarından olub. Adını çəkdiyin Qulu müəllim müharibə vaxtı ordumuza çox köməklik göstərib, sağ olsun.
Bunları eşitmək mənim üçün də çox xoş oldu. Onun bacanağı Bakı Dövlət Universitetinin dosenti rəhmətlik Əbdüləli Kərimov bizi tanış etmişdi. Evində çörək kəsmişik. Çox tərbiyəli övladları var. Novoivanovkanın gözəlliyini Azərbaycan ictimaiyyətinə tanıdan Qulu müəllimin açdığı verilişdir. O kişi də təbiət vurğunudur. Aşıq sənətinə verdiyi qiymət, onlara yaratdığı şərait, hamısı göz qabağındadır.
Novoivanovka Gədəbəy rayonunun sonuncu sərhəd kəndlərindən biridir. Hazırda əhalinin çox hissəsini vaxtilə Ermənistandan köçmüş azərbaycanlılar təşkil edir.
– Oğlum, bizim ziyalıları yaxşı tanıyırsan.
– Bəli, əmi, elə sizin oğlunuz Cəsuru götürək. O mənim yaxın dostum, qardaşımdır. Baxıram, bütün varlığı ilə sizsiniz. Ulu babalarımız yaxşı deyib, oğul beldən, qız eldən. Cəsarət gənc olsa da, dünyagörüşü çox zəngindir.
– Oğlum, Cəsarət məni əvvəlcədən xəbərdar etmişdi ki, dostumla gələcəm, at minib gəzmək istəyirik. Atlar hazırdır. Bir şərtim var, oğlum, günortaya qədər gəzin, istədiyiniz bulaq başına gedin, sonra evə tez gəlin.
Cəsarət atasının xasiyyətini yaxşı bildiyinə görə gülümsünərək, “Bas üstə!” dedi.
Kənddən çıxana qədər atlara minmədik. Kənddən ayrıldıqdan sonra atlara mindik. Dağlarımızın əzəmətli görünüşü məni ovsunlamışdı, ürəyimdən bir hiss keçdi. Qışqıraraq demək istəyirdim: Ulu Tanrı, bu gözəlliyi bizə bəxş etdiyinə görə minnətdarıq!
Sevincimdən gözlərim dolmuşdu. Biz yol boyu irəlilədikcə yolumuzun sağından, solundan kəkliklərin kolluqlardan qaqqıldaşıb uçmaları, başqa canlıların kolların arasından qaçmaları, mənə “Mauqli” filmindəki “meşəyə insan gəlir” səhnəsini xatırlatdı. Təbiət necə də gözəldir, ilahi!..
Cəsarətin göstərdiyi yerlər, doğrudan da, cənnəti xatırladırdı.
Mən yaşda insanların at belində çox qalmasının asan olmadığını hiss edən dostum yolumuzu çay kənarına saldı. Atlardan endik, Cəsur onların qantarlarını bir ağaca bağladı. Atların xasiyyətini yaxşı bilmədiyimiz üçün onları bağlamaq məsləhət idi.
Çayın kənarında bir daşın üstündə oturub, əlimizi-üzümüzü yuduq. Suyun sərinliyi çox gözəl idi. Mənim diqqətimi daş altda bitən, mamır çiçəyin ləçəyi batan çamur, onların su ilə mehribancasına bir-birini sığallamaları çəkdi. Başımı qaldırıb dağları seyr edərkən, sürülər yayılan yamacı, dağlardakı qartalları gördüm. Bir daha əmin oldum ki, bizə ulu babalarımızdan miras qalmış yaylaqlarımız, otlaqlarımız, axar çaylarımız, qaynar bulaqlarımız yenə də doğma sakinlərinə qollarını açmış, bu gözəlliyi unutmayın deyirdilər.
Cəsarətə döndüm:
– Qardaşım, ata bizi gözləyir, getsək yaxşı olar. Nə deyirsən dostum?
– Yolçu yolda gərək.
Hər ikimiz verdiyimiz sözə əməl etdik. Vaxtında gəlmişdik. Kababın ətri ətrafı bürümüşdü. Cəsarət özündən çox razı halda gülümsünərək:
-Dostum, sizə demədim, atam bişirən kababı bu tərəflərdə heç kəs bişirə bilməz. O, bu işi həmişə görmür, yalnız çox istədiyi qonaqlar üçün kabab çəkir.
– Ağsaqqal bizi utandırdı, qardaşım.
– Xahiş edirəm o sözü atamın yanında demə, inciyər. Sizin barənizdə mənə o qədər suallar verib ki, hansı birini deyim.
Mən bir anlığa öz valideynlərimi xatırladım. Məndə belə bir təsəvvür yarandı ki, ağsaqqalların, ağbirçəklərin hamısı bu xasiyyətdədir.
Təbii ki, yanılmamışam!..
Mənə telefon zəngi gəldi. Bakıya qayıtmaq üçün “Vita” maşınının sürücüsündən xahiş etmişdim. Zəng edən o idi. Sabah yola düşəcəyini söylədi.
Mənim telefon danışığım Cəsur əminin diqqətinə çatmışdı.
– Ay oğul, gəlmişkən bir-iki gün qalıb dincələydin.
– Cəsur əmi, bizim işimiz elədi ki, ayrıla bilmirik. Başqa bir vaxta qalsın. Mənə gəstərdiyiniz nəvazişə görə sizə minnətdaram. Soyumuzu-sovumuzu axtarsaq bəlkə də qohum çıxarıq. Sizin hərəkətləriniz mənə əmilərimi xatırlatdı. Böyük qardaşım İzzət müəllim deyirdi ki, Dəli Məhərin nəvəsi Rəsulov Rəsul Nəbi oğlu Novoivanovkada yaşayır. Məhər kişinin nəvəsinin yaşı az olmalıdır.
– Düz deyirsən, oğul. Rəsulu yaxşı tanıyıram.
Mən Cəsur əmini qucaqlayıb opdüm, sağollaşdıq. Cəsarət sağ olsun, məni maşında kəndimizə gətirdi. Görüşüb ayrıldıq. İnanıram ki, Novoivanovka xatirələrim uzun müddət mənim xatirimdən çıxmayacaq.
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı