Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Molla Nəsrəddinin ibrətamiz hekayətlərini oxuyanda insan bir anlığa fikrə dalır. Görəsən insan oğlu Molla Nəsrəddinin öhdəsindən gəlmək üçün özündə güc hiss edirmi?
Molla Nəsrəddin dərrakəli, hər yerdə öz tutarlı hazırcavablığı, yumoru ilə seçilən, tarixin səhifələrində ən şərəfli yerlərdən birini tutan müdriklərdən olub.
Türkiyədə işlədiyim zaman Ağşəhərdə Molla Nəsrəddin türbəsini dəfələrlə ziyarət etmişəm. Mənim ən çox diqqətimi çəkən hasarsız bir yerdə inşa olunmuş giriş qapısı və onun üzərindəki böyük qıfıl idi. Ziyarətçilər o qapını və qıfılı görərkən gülməkdən özlərini saxlaya bilmirdilər. Bu, Molla Nəsrəddin yumorunu əks etdirən bir simvoldur. Molla Nəsrəddin çətinliklərə sinə gərən, hər hadisəni bir dondan başqa dona geydirən, müdrikliyi sayəsində lazımi qərarı verməyə hazır olan əfsanəvi bir şəxs olub. Vətənimdə belə müdriklərə tez-tez rast gəlmək mümkündür.
Azərbaycan insanları arasında saysız-hesabsız Molla Nəsrəddinlər, hazırcavablar var. Onlarla ünsiyyət quran insanlar bunu yaxşı bilirlər. Nurani ağsaqqallarımızın, ağbirçəklərimizin çoxu tariximizi, folklorumuzu dərindən bilən bir məktəb keçiblər. Vaxtında onların dünyagörüşlərini öyrənmək gələcəyə işıq tutmaq deməkdir. Onlar müqəddəs torpağımızın ümid çıraqlarıdır. Hər birimizin borcu canlı məktəbləri vaxtında qiymətləndirməkdir. Əgər biz bu gün kəndlərimizi gəzib oradakı insanlarla ünsiyyət qursaq, onlarda olan ciddiliklə yanaşı, incə yumorun da şahidi olarıq. Unutmamalıyıq ki, Azərbaycan lətifələrini saf-çürük etdikdə bir ucu gedib Molla Nəsrəddinə çıxır.
Bunları xəyalımdan keçirərkən baxdım ki, saat 2-nin yarısıdır, günortadır. Pəncərədən həyəti seyr edərkən gördüm ki, günəşli bir havadır. Üst-başımı qaydaya salıb həyətə çıxdım. Gecə güclü yağış yağmışdı. Yağışdan sonra günəşli hava. Həyətə çıxarkən məni heyrət bürüdü. Həyətdə məni qarşılayan canlı yumruq boyda tısbağa balası oldu. Məni heyrət bürüdü. Görəsən bu çağırılmamış qonaq haradan peyda olub? Hər kəsdən soruşdum. Heç kim bilmədi. Yeni sakini kələm və xiyar qabığı ilə yemləmək qərarına gəldim. Onun yetimlik həyatına başlaması hərəkətlərindən hiss olunurdu. İnanıram, o da burada özünə isti bir yuva quracaq. Təbiətin bu gözəlliyinə vurulan yalnız insanlar deyil, heyvanlar da təbiət vurğunudur.
Qızılgüllərin ətri hər tərəfi bürümüşdü. Ən çox diqqətimi çəkən bal arılarının onları ziyarət etməsi, bir-birinə həsrət qalmış insanlar kimi öpüşüb qoxulaması idi, bilmirəm bu, təbiətin hansı qanunlarından irəli gəlir. Onları hansı qüvvə bu işə dəvət edir? Qızılgülün açmasından nə tez xəbər tutublar. İnsan bu mənzərəni seyr edərkən, yaşamağın mənasını dərindən hiss etməyə başlayır. Adı kimi özləri də saf, pak olan bu varlıq. Düşünürəm, insan oğlu yaxşı bilir ki, bu balaca arılar böyük zəhmətlə onlar üçün çalışırlar. Bu mənzərəni seyr edə-edə mən də təbiətin bir parçası olmaq istərdim. Bu fikirlərlə götür-qoy edərkən ağacların daha böyüməmiş yamyaşıl yarpaqları, albalı ağacının sədəf boyda göz oxşayan barları (meyvələri), nələr və nələr…
Mobil telefonumun zəngi məni bir anlığa bu gözəlliyi seyr etməkdən məhrum etdi. Zəng edən mənim 45 illik dostum Şükür idi. Onun səsini eşitmək məni çox sevindirdi. Çünki onu qardaş kimi çox istəyirəm. Rəhmətlik anam vaxtilə mənə demişdi ki, Şükür oğlumu tək qoyma, mən bu şərəfli nəsihəti göz bəbəyi kimi qoruyuram. Şükürlə hər görüşümdə o şirin, müqəddəs hesab etdiyim tapşırığı çox həyəcanla xatırlayıram.
Dostum Şükür qədim Gəncənin Şahsevənlər adlanan məhəllədə yaşayırdı, indi Cavadxan küçəsində yaşayır. Təmənnasız, əvəzolunmaz dostum. Mən həmişə çalışmışam ki, onun mənim üçün əziz olan xatirini uca tutum.
O, telefonda danışarkən hiss etdim ki, məndən ötrü çox darıxıb.
– Bilirsən, qardaş, niyə zəng etmişəm? – dedi. – Beş gün sonra, əgər vaxtın olsa, Gəncədə səni gözləyəcəm.
– Xeyirdimi, qardaş?
– Gələrsən, görərsən.
Mən heç tərəddüd etmədən:
– Baş üstə, qardaşım! – dedim.
Sözün doğrusu, çox da dərinə varmadım. Nə məsələdi deyə sorğu-sual etmədim. Razılığımı bildirdim.
Bu beş günün tez gəlməsini səbirsizliklə gözləyirdim. Nəhayət, həmin gün gəldi. Gəncə avtobusuna bilet alıb, səfərə çıxdım.
Belə uzaq məsafələrə ən çox qatarla və ya avtobusla getmək mənə xüsusi zövq verir. Yol boyu tanımadığım insanların şirin-şirin söhbətləri, duzlu-məzəli əhvalatlar danışmaları. İki nəfər gədəbəyli bir hadisə barədə gülə-gülə danışır, bəzən də kinayəli ifadələr işlədirdilər, onların danışdıqları əhvalat o qədər inandırıcı və maraqlı idi ki, hamının diqqətini çəkmişdi. Mən də başqaları kimi əhvalatın necə qurtaracağını səbirsizliklə gözləyirdim. Əhvalatı danışanlar Gədəbəy adını eşidəndə gülümsəyir, kinayəli şəkildə.
Hə, qardaş, daha sonra…
O iki nəfər öz ailəmlərində söhbətlərini davam edirdilər. Mən o kinayəli sual verənlərə üzümü tutub deyərdim:
– Qardaş, Azərbaycanın hər yeri gözlərdir. Adət-ənənələrinə gəldikdə, ulu keçmişin, tarixin müəyyən izlərini özündə yaşadan Azərbaycanın dilbər guşələrindən biri olan Gədəbəy son zamanlar sübut etdi ki, torpaq, vətən nə deməkdir. Düşmənə qəhrəmancasına sinə gərdi, şəhidlər verdi, məğlub olmadı.
Bilməyən vətən oğulları qoy bilsinlər ki, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 kilometr olan Gədəbəy-Qalakənd dəmiryolunda 4 lokomotiv, 33 vaqon hərəkət edib. Bu gün də həmin yola görə salınmış körpülər tarixi abidə kimi qalmaqdadır. Gədəbəy uzun bir tarixə malikdir.
Mənim üçün təskinlik nöqtəsi gədəbəyli olmağım olub. İnsanlarımız yaxın gələcəkdə Gədəbəyi qəhrəman şəhər kimi də tanıyacaqlar. Gədəbəy indinin özündə də yeraltı və yerüstü sərvətləri ilə seçilən dilbər guşələrdən biridir. Vətənin hər qarış torpağı bizim üçün müqqədəs sayılmalıdır. Nəhayət, qərara gəldim ki, bütün fikirimi bu papaq əhavalatına yönəldim.
Hadisə Gədəbəy rayonunun Arabaçı kəndində cərəyan edir. Oxucularım bilməlidirlər ki, iki Arabaçı kəndi var. Biri Novoivanovkadır, digəri azərbaycanlılar yaşayan Arabaçılar kəndidir.
Qeyd etmək istərdim ki, bizim kənd camaatı bu gün nəyə nail olublarsa, yanlız zəhmətlərinin hesabına olub. Bu zəhmətkeş ailələrdən biri də Bahadur kişinin ailəsidir. Bahadur kişi öz təmkini, halallığı ilə seçilən ağsaqqalardan biridir. Övladlarına düzgün tərbiyə veriblər, övladları da valideynlərinin şərəfini qoruyurlar. Üzləri ağ olsun, çox tərbiyəli gənclərdir. Qonşular da Bahadur kişinin oğulları barədə ağız dolusu danışırlar. Bahadur kişi oğulları barədə deyərmiş: “Övlad yüksək əxlaqa yiyələnmək üçün ata-ana nəsihətlərinə qulaq asmalıdır. Mən övladlarımı belə böyütmüşəm”.
Bahadur kişinin oğulları halal çörək qazanmaq üçün Rusiyaya üz tutublar. Onlar orada özlərini çox təmkinli aparıblar. Üç qardaş, Allah bərəkət versin, yaxşı pul qazanıblar.
Bu qardaşlar valideynlərini başlarının tacı bilirlər. Tez-tez məktub yazır, pul göndərirlər və bərk-bərk tapşırırlar ki, özlərinə yaxşı qulluq etsinlər, indi işləyib qazanmaq bizim növbəmizdədir.
Bir dəfə Bahadur kişinin oğlu Şahvələd atasına bahalı bir “norka” papaq alıb göndərir. Bahadur kişi papağı görüb çox sevinir. Sözün doğrusu, Bahadur kişinin əmlik dərisində papağı vardı. Amma bu təzə papaq ürəyindən olmuşdu. Uzun-uzadı papağı yoxlayır, hansı heyvanın dərisindən olduğunu tapa bilmir. Bahadur kişinin islami dəyərlərə yüksək qiymət verməsini hamı bilirdi. Namaz qılan, oruc tutan bir insan idi. Ona görə kişi fikrə dalır, görəsən müsəlmanlar da bu papaqdan geyinirlərimi?
Sonda papağı geyinmək qərarına gəlir. Bahadur kişi ağsaqqal olmasına baxmayaraq güzgünün qabağından ayrılmırmış. Bunu görən ömür-gün yoldaşı:
– A kişi, deyəsən cavanlığın yadına düşüb?- deyir. – Güzgünün qabağından ayrılmırsan.
Bahadur kişini gülmək tutur.
– Mənə nə olub, ay arvad, kimdən əskiyəm?
– O mənada demədim, a kişi. Bu yaşda bəzənib-düzənmək mənə qəribə gəldi.
Gülüşürlər!
Ertəsi gün Bahadur kişi papağı da geyinib kəndin arasına çıxır. Onu görən salamlaşır, gözlərini papaqdan çəkmirlər. Bahadur kişi bunu hiss edir. Bir azdan kənd camaatı onun papağı barədə qəribə söhbətlər edirlər. Bəziləri o papağı bircə dəfə geyməyi arzu edir. Bahadur kişi evə gəlib, papağı çox ehtiyatla çıxarıb, yuxarı bir yerə qoyur. Üstünə toz qonmasın deyə dəsmalla örtür.
Səhərisi gün oğullarına məktub yazmaq qərarına gəlir. Məktub belə başlayır: “Mənim gül balalarım sizdən ötrü çox darıxmışıq. Ananız yuxuda hey sizin adınızı çəkir, bəzən kövrəlir, bəzən də ağlayır. Biz sizdən ötrü çox darıxmışıq. İşinizdən-gücünüzdən yazın görək vəziyyətiniz necədir? Bizə geniş məlumat verin. Siz bunları ata olanda başa düşəcəksiniz. Buradan istəyəcəyiniz bir şey olsa, təcili bizə xəbər verin.
Mənim ağılı balalarım, çalışın bizi intizarda qoymayın. Ananız gecə-gündüz sizi düşünür. Yemək bişirəndə, süfrəni qaydasına salanda özü də bilmədən sizin üçün yemək dəsti qoyur. Bu, bir ana ürəyinin övlad həsrətini yaşadan haraydır. Tez-tez yazın, bizi unutmayın.
Ay Şahvələd, oğlum, sizin göndərdiyiniz bu papaqda nə sirr varsa, hamı gözünü papaqdan çəkmir. Deyirəm bunun düşər-düşməzi olar. Bu papaqla əlaqədar mənə geniş məlumat verin. Bu hansı heyvanın dərisindəndir? Mən namaz qılan adamam, oğlum. Bu barədə mənə məlumat verin”.
Bahadur kişinin oğulları atalarının, anaların məktubunu dönə-dönə oxuyurlar, növbə ilə öpüb gözlərinin üstünə qoyurlar. Sonra cavab yazırlar. Bahadur kişi məktubdan sonra çox rahat olur.
Bahadur kişinin qonşular arasında çox böyük hörməti vardı. O, həmişə qonşularla söhbətində deyərmiş: “Hər kəs qonşuluq haqqına riayət etməlidir ki, dünya və axirət səadətinə çata bilsin”. Daha sonra deyərmiş: “İslam dini qonşuluq haqqnda xüsusi əhəmiyyət verən bir dindir”.
Hər kəs yaxşı bilməlidir, qonşu bir dost və yoldaş kimi sədaqətli olmalıdır. Qonşular da Bahadur kişinin bu insani ünsiyyətinı hörmətlə yanaşardılar.
Danılmaz bir həqiqətdir ki, hər bir elin-obanın, hətta kəndlərin özünə məxsus adət-ənənələri var.
Arabaçı kəndinin insanlarının yumorunu, hazırcavablığını, qonaqpərvərliyini, bir-birinə arxa durmalarını, halal zəhmətlə bir parça çörək qazanmaqlarını hamı yaxşı bilir. Onlara oxşamağa çalşanlar da az deyildi.
Müdirklər demişkən, unutmamalıylıq ki, nənə-babalarımızın, ata-analarımızın bizə bəxş etdikləri (miras qoyduqları) adət-ənənələri göz bəbəyi kimi qoruyub gələcək nəslə ötürməliyik.
…Növbəti bir gün həmişə olduğu kimi qonşular yığışıb Bahadur kişigilə gəlirlər. Onlar həmişə məzəli söhbıt edər, Allah verəndən yeyib toqqalarının altını bərkidərdilər. Bir həqiqəti demək istəyirəm ki, Bahadur kişinin qonşuları nə vaxt gəlsələr, ömür-gün yoldaşı Şükufə xala ərindın göstəriş gözləmədən süfrəni Allahın verdiyi nemətlə doldururdu ki, qonşular narazı getməsinlər. Bu Allaha da xoş gedər. Sözün doğrusu, bu görüşləri Bahadur kişi minnətdarlıq hissi ilə qarşılayırdı.
Gələn qonaqların arasında Bahadur kişinin qonşusu, bənna Qəhrəman da vardı. Qəhrəman kişi gəlmədən qabaq çox götür-qoy edir ki, Bahadur kişinin o gözəl papağını bircə dəfə başına qoysun.
Dözmür, Bahadur qardaş deyir:
– Bir xahiş etmək istəyirəm, hər halda sözümü yerə salmazsan.
Bahadur kişi qonşusunun nə demək istədiyini yaxşı hiss edir.
– Buyur, Qəhrəman qardaş, səni eşidirəm.
O, utana-utana:
– Sən Allah incimə, mənim gözüm-filan yoxdur, sən ki məni yaxşı tanıyırsan, – deyir.
– Qonşu, bunları deməyin nə mənası var, sözünün Məmməd Cəfəri nədir, sən sözünü de gəlsin.
– Deyirəm olarmı papağını gedənə qədər geyinim?
Bahadur kişi gülərək:
– Qonşu, xahişin bundanmı ibarətdir? – soruşur.
– Bəli, Bahadur qardaş!
– Əşi, qurbandır, dur götür geyin.
Qəhrəman kişi “norka” papağı başına qoyub bic-bic gülərək sağını-solunu seyr edir.
Qonşular kəndə maşın gəldiyini hiss edirlər. Elə bu dəmdə başqa bir qonşu başı alovlu içəri girir. Hamı onun bu vəziyyətini görüb qorxan kimi olurlar. Bahadur kişi üzünü gələn qonşuya tutaraq:
– Kəndə gələn nə maşınıdır? – soruşur.
– Bahadur əmi, gələn təcili yardım maşınıdır.
– Niyə təlaşlısan xeyirdimi?
– Bahadur əmi, Qəhrəman əminin anası rəhmətə gedib, onu xəbər verməyə gəldim.
Anidən bu xəbəri eşidən Qəhrəman kişi ağlaya-ağlaya başının tükünü yolmağa başlayır. Onun bu halını görən qonşuları heyrət bürüyür. O, öz saçı əvəzinə “norka” papağının tükünü yolurmuş. Bahadur kişi həyəcandan pəltəkləyərək:
– Qonşu, sən ki bir toyuğun tükünü yola bilmirsən, mənim papağımı necə bu hala saldın.
Bahadur kişi yarı zarafat, yarı düz üzünü Qəhrəmana tutaraq:
– A Qəhrəman, kaş ki, ananın yerinə sən özün ölərdin.
Qəhrəman kişi hələ də nə baş verdiyindən xəbərsiz imiş. Anasının ölüm xəbərini alan Qəhrəmanın qulaqları deyilənləri eşitmirmiş. O, cırılmış papağın dərisi sallana-sallana təcili yardım maşını tərəfə qaçır, maşına çatanda başqa mənzərə ilə qarşılaşır. Sən demə, zarafatla qonşuya yanlış məlumat veriblər. Təcili yardım maşını kəndə satmaq məqsədilə arpa, buğda gətiribmiş. Qonşuları gülmək tutur, hətta Bahadur kişi də qonşularına qoşularaq hirsindən gülür…
Elə bu vaxt avtobus sürücüsü Gəncə şəhərinə çatdığımızı xəbər verdi.
Biz avtobusdan enərkən papaq əhvalatını danışanlar Allaha and içirdilər ki, bu hadisə doğrudan da olub.
Mən də bu səmimiyyətə inanmalı oldum. Dostum Şükür mənim avtobusdan enərkən gülümsündüyümü görüb, boynuma sarıldı. Bir müddət həsrət dərməli olduq. Əgər məndən soruşsalar ki, bu dünyada dostun varmı? Fikirləşmədən deyərdim, var. Şükürün dostluğu məni həmişə düşünməyə vadar edib. Dostumun dünya malında gözü olmayan, dost yolunda bütün cəfalara sinə gərən biri olmağına qəti şübhəm yoxdur. Şükür kimi sədaqətli oğullar yüz ildə bir doğulurlar. Yol boyu eşitdiklərimi bəlkə də Şükürə də danışası oldum.
Məni ən çox düşündürən ziyanlığa düşməyinə baxmayaraq Bahadur kişinin qonşularına olan isti münasibətinin sönməməsi oldu. Mənə elə gəlir ki, o hadisədən sonra Bahadur kişinin söylədiyi bir fikir heç vaxt yaddaşımdan çıxmayacaq. Bahadur kişi hadisədən sonra belə deyibmiş: “Papağın cırılması mənə bir o qədər də təsir etmədi. Hamı bilməlidir ki, mən qonşularımı çox istəyirəm. Onlar mənə qardaşım qədər əziz insanlardır. Onlar da Qəhrəman kimi papağı geyinmək istəyirdilər. Mənə ən çox təsir edən o biri qonşularıma növbənin çatamaması oldu. Çünki papaq yararsız hala düşmüşdü”.
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti