Cəhənnəmdən keçmiş mələk (164)
Avtobioqrafik roman
Dördüncü bölüm
Müəllif: BİRCƏ
Laləni yola salandan sonra pərdələri çəkib evi eşikdən ayırdım, ömrümün səhnəsini dünya dolu tamaşaçının üzünə bağladım, üstəlik, işıqları da söndürdüm. Arxa otaqlardan birinə çəkilib zəif şam işığında kitablarımın arasında qurdalandım, bəzisini rəfdən alıb varaqladım. Di gəl, heç birindən bir sətir də dərə bilmədim.
Bacımla belə plan qurmuşduq: əl telefonum sönülü olacaqdı, Lalə mənlə danışmaq istəyəndə ev telefonumu bir dəfə çaldırıb dəstəyi yerə qoyacaqdı, bu işarədən zəng vuranın Lalə olduğunu bilib mən onun nömrəsini yığacaqdım.
Qalan zənglərə cavab vermirdim. Bütün günü durmadan telefonu bər-bər bəyirdənin kim olduğunu yaxşı bilirdim…
İşə çıxdığımın ikinci günüydü. Nahar fasiləsi yenicə bitmişdi. Ofisimizin təhlükəsizliyinə cavabdeh Farizlə onun həmkarının, Kamal adlı polisimizin boşanmağını müzakirə eləyirdik – təzəcə evlənmiş Kamalın qaynanası qızıyla kürəkəninin arasına lov salıb gənc ailəni dağıdırdı.
Danışa-danışa gözümü hərləyib Farizin baxdığı səmtə baxanda oturduğum kürsü az qaldı altımdan qaça: Həmid zirehli şüşəni domba gözləriylə deşib üzümə zillənmişdi. Baryerdən bir az qırağa çəkilib pıçıldadım:
– Fariz, soruş gör nə istəyir?
Fariz başını irəli uzadıb dedi:
– Ay yoldaş, nə lazımdı?
Həmid əlindəki beşyüzlük avronu bayraq kimi yellədi:
– Bunu xırdalamaq istəyirəm.
Fariz pulu ondan alıb mənə uzatdı. Elə bildim üstümə gürzə ilan atdılar, yenə bayaqkı ölgün səslə:
– Qaytar ver özünə, – dedim, – bizdə xarici valyuta xırdalanmır.
Həmid pulu cibinə dürtüb yekə başını zirehli şüşənin altındakı balaca açıq pəncərədən içəri soxmaq istədi, başı ora yerləşməyəndə bala salmış camış kimi manqırdı:
– Niyə, hər yerdə xırdalayırlar axı.
Bir gözü Farizdə, bir gözü yığılmış ətəyimin altından bərələn çılpaq dizlərimdə yenə fınxırdı:
– Müdiriniz harda oturur?
Fariz üzümə baxdı: yəni neyləyək bunu? Təkərli kürsümü elə oturaqlıca Həmidin gözündən bir az aralı yerə sürüb pıçıldadım:
– Denən müdir yoxdu burda, özün də get bir dillə onu yola sal.
Fariz arxa qapıdan çıxan kimi Həmid yenə ətli başını açıq yerə pərçimləyib dedi:
– Əlimdən qurtarmayacaqsan! Polisi yanına salıb mazaqlaşırsan, hə? Bəs hanı sənin əziz-xələf Elgünün?
Cınqırımı çıxarmadım. Fariz qolundan yapışanda Həmid dartıb qolunu onun əlindən qoparıb yelbə kimi ofisdən çıxdı.
Yenə dincliyim, tarazlığım pozuldu. Başımı qatmaq üçün başladım internetdə qurdalanmağa, Puşkinin dueldə öldürülməsiylə bağlı maraqlı bir yazı tapıb oxudum. Ancaq yenə başım tam aynımadı, yazıdan ayrılan kimi düşdüm bayaqkı ovqatın dibinə. Bu kollektivə qaynayıb-qarışandan bəri dostlaşıb ürək qızdırdığım, dərdimi-sərimi bölüşdüyüm, mənimtək kitab vurğunu olan Təranə fikir-xəyal içində azmış başımı yaxına gətirmək üçün məni yeltələdi:
– Noolub, yenə gəmilərin batıb Xəzərdə?
Beynimin yarısı oxuduğum yazının əsərindən hələ də ayılmamışdı. Xəfdən Təranəyə dedim:
– Görəsən niyə indi duel dəbdə deyil? Kaş qanun buna rüsxət verəydi…
Söz dilimdən düşməmiş eşidənlər şaqqıltıyla gülüşdülər. Təranə gözlərinin yaşını silib dedi:
– Məzən olsun, ay Bircə, dueli neyləyirsən? Lap tutalım qanun icazə verdi, kimi duelə çağıracaqsan?
– O qədər ağzından atılası var ki!
Yoldaşlardan kimsə dilləndi:
– Mən qadınların duelə çıxdığını eşitməmişəm.
– Zaman o zaman olsaydı mən bəzilərini çağırıb donuz gülləsiylə gəbərdərdim, səni də tamaşaya çağırardım, – deyib pərtliyimi gizləməyə çalışdım.
İş günü bitənəcən duel mövzusu ortalıqda fırlandı, hər kəs içinin dərinliyindəki türmənin qapısını açıb dustaqları gün işığına çıxardı – kimi qaynanasını, kimi müdirimizi, kimi adına kredit götürüb aradan çıxan dostunu, kimi vəfasız sevgilisini duelə çağırmağı arzuladı. Hamı da mənim kimi o dueldən qalib ayrılacağına əminliklə köks ötürüb qiyabi qələbəsindən düşmən qanı içmiştək xumarlandı…
***
İş vaxtının tamamına az qalmış sənəd bəhanəsiylə ikinci mərtəbəyə qalxıb evimizə tərəf gedən yola göz qoydum: Həmidin maşını yol kənarında dayanmışdı. Aşağı enə-enə bizə səmt olan iş yoldaşlarımı ağlımda ələkdən keçirdim: ən yaxşısı Elşən idi, həm də ona görə ki, Elşən maşını idarənin həyətində saxlayırdı, onun maşınına minib arxa qapıdan çıxacaqdım. Ayrı maşına otursaydım Həmid görüb dalımca gələcəkdi.
Yol boyu Elşən danışıb gülür, mənə çoxlu sual verirdi. Mənimsə fikrim Bağdadda alça dərirdi.
– Ay Bircə xanım, sürücünüz hardadı?
– Nə bilim hansı cəhənnəmdədi, – dedim, – nədi, yoruldun?
– Allah eləməsin! Daşıdığım konfetlərin müqabilində sizə nə qədər sürücülük eləsəm azdı. Siz gətirən mürəbbə bankalarının dibini elə yalayıram heç yumaq da lazım olmur.
Elşən məni blokumuzun cəhəngində düşürdü. Ona sağol deməyi belə unutdum, pillələri cüt-cüt çıxıb qaranəfəs evə təpildim. Əynimi dəyişən kimi zəng vurub Xədicəni yanıma çağırdım. Telefonlarım səs-səsə verib mələşməyə başlayanda bildim ki, mənim ofisdən çıxmadığımı görən Doneş artıq quduzlaşıb öz canına ağız atır, qol-qıçını çeynəyir.
Xədicəylə köməkli süfrə açdıq. Balkonluq işlərə onu buyururdum ki, Həmid qıraqdan güdsə məni görməsin. Olan-olmazdan yedik. Qarnı doyan kimi Xədicəni elə divandaca yuxu tutdu. Hava qaralana yaxın yenə pərdələri salıb işıqları söndürdüm. Dünyadan xəbərsiz xorna çəkən Xədicəyə baxdıqca ona həsəd aparırdım, ömrümdə ilk dəfəydi onun yerində olmaq istəyirdim. Bu dünyada Xədicənin qarnından başqa dərdi, həyatdan ayrı umacağı yoxuydu. İli ildən, ayı aydan seçmirdi, nə saat bilirdi, nə fəsil tanıyırdı, hansı ayın hansı gününü yaşadığından xəbəri olmazdı, müharibə, xəyanət, alçaqlıq, ölüm kimi sözlərin mənasını yüz il yaşasa belə qanmayacaqdı. Nə zamansa anasının kürəkəni, salamat bacısının əri onu zorlayanda belə başına nə gəldiyini bilməmişdi, biləsi də deyildi.
Az sonra qapımız həm döyüldü, həm də zəngi çalındı. Xədicə pişik kimi yerindən sıçrayıb ağlamaq istədi, özünə gəlib məni görəndə toxtadı. Barmağımı dodağıma söykəyib onu susdurdum. Qapı da ki aramsız döyülürdü. Qonşulardan utandığıma qapını açmaq istədim, ancaq lənət şeytana deyib dəhlizdən geri qayıtdım. Qapının dabanını çıxaranın Həmid olduğunu döyüşündən bilirdim.
Əl telefonuma gəlmiş on-on beş mesajın heç birini oxumağa səbrim çatmamışdı, nə yazıldığı mənə təxminən bəlliydi. Telefonu söndürdüm. Xədicəni arxa otağa keçirib konfet dolu qənddanı ətəyinə qoydum. Sonra balkondakı müşahidə məntəqəsinin yanına sürünüb orda sımıtdım.
Xeyli keçmiş Həmid aşağı düşüb binadan aralandı, dabanlarını qaldırıb uzaqdan pəncərələrimizə diqqətlə baxdı, telefon qulağında dinşədi, binanın arxasına tərəf keçəndə qaçıb Xədicə olan otağın da işığını söndürdüm. Qız yenə ağlamaq istəyəndə dedim:
– Sus, səsini eşitsə Həmid gəlib ikimizi də öldürəcək.
Onun adını eşitcək Xədicənin səsi batdı. Yenə sürünüb balkondakı mövqeyimə qayıtdım. Doneş binanın arxasından qarşısına keçib qaynaşan həris gözləriylə pəncərələrimizi bir daha təftiş eləyəndən sonra maşınına oturub getdi.
Ona etibarım yoxuydu, qəfil dönə bilərdi. Xədicənin ciblərini konfetlə doldurdum, qoltuğuna meyvədən, yumurtadan verib evlərinə göndərdim. Qapını altdan-üstdən bağlayıb yatağıma girdim.
***
Bir həftəni bu minvalla keçirdim. Həmid bir dəfə də arvad-uşağını yanına salıb gəldi, yenə qapını açmadım. Şəfanın zənginə gec cavab verdim, işim olduğunu deyib başımdan elədim. Doneşin bacılarının aramsız zənglərinə isə cavab vermədim.
Bir axşam açarı kilidə salanda Həmid arxadan peyda olub məni qapıya sıxdı, açarı əlimdən alıb burdu, məni top kimi qapıdan içəri atıb dalımca özünü evə saldı. Bu səfər də o, qapını açarlayıb içindən cin-şəyatin boylanan vahiməli gözlərini bərəltdi:
– Həə, necədi səninçün, xoşuna gəldi? Məni qapı dalında qoyan, mənə dirsək göstərən hələ anasından olmayıb.
Eyməndiyimi büruzə verməməyə çalışıb çantamı divanın üstünə tulladım, onun həmişə lağa qoyduğu köhnə pulqabımı mebelin çəkməcəsinə atdım:
– Gördünmü adama necə dirsək göstərirlər, – dedim, – tülkü kimi sımıdıb gəlmədinmi?
– Tülkü sənin kəndində olur, yüz dəfə demişəm adam dilində danış.
Onun nədən çimçəşdiyini bildiyimə görə bir az da üstünə qoyurdum:
– Mənim kəndimdəkilər erməninin qabağında cəngavər kimi durublar. Tülkü təki sımıdanlar göz qabağındadı.
– Tfu, iyrənirəm də sənin bu sözlərindən! Heyif mənim zəhmətimə.
Başladım hay-həşir salmağa:
– Açarımı ver, dinməzcə çıx get burdan.
Topa açarın salındığı halqanı barmağına keçirib gözümün qabağında yellədi:
– Onu görməyəcəksən! Get yeməyini ye, gəl mənə hesabat ver görüm bu bir ayı hardaydın? Dizlərini açıb polisin qabağına niyə qoymuşdun? İşə kimlə gedib kimlə qayıdırdın? Harda gecələyirdin? Bu sualların hamısına cavab verəcəksən.
– Evimdə gecələmişəm, – dedim, – əl çək yaxamdan.
Qarşımda kloun kimi atılıb-düşməyə başladı:
– Ay inandım a! Dördgöz Aygünün yanında qalırdın, bilirəm. Özünə tapdığı kişidən birini də sənə tapsın, işdən sonra darıxmayasan.
Ona məhəl qoymadan işlərimi gördüm, soyuducudan sərin kompot çıxarıb fincana süzdüm, sonra qəfil ayılan kimi olub məndən cavab gözləyən əqrəbə sarı döndüm:
– Sən kimsən axı mən sənə hesabat verim? Evimin də, işimin də, həyatımın da ağası özüməm, harda istəsəm qalaram, hara istəsəm gedərəm, kimin qarşısında istəsəm dizlərimi açıb sərgiyə qoyaram. Sənin qabağından qaçdıqca özünü böyük zibil sanırsan deyəsən?
Elə bilərdin benzin çəninə od vurdun. Doneş qatıq tuluğu kimi şişman, gödərək canıyla evin içində gəşt eləməyə, tullanıb-düşməyə başladı, nə başladı:
– Buna görə kəbin kağızını cırıb atdın, hə? Mənə otval verən qadın hələ anasından olmayıb. Gördün Lenin səni iş başında necə tutdu? Mənim görmədiyim ancaq qulağımın dibi ola bilər.
– Sənin qulağının dibi ayrı şey istəyir, – deyib qaqqıldadım, – Lenin babana da ondan pay apararsan.
– Elə bilirdim əlimə-ayağıma düşüb yalvaracaqsan, məndən üzr istəyəcəksən. Amma sən həyasız arvadlar kimi gülürsən.
– Ağzının qatığını dağıtma!
Doneş əlləriylə başını tutub özünü diksinmiş kimi göstərdi:
– Ay mama, bunun danışığına bax! Yalvarıram sənə, adam dilində danış, suallarıma cavab ver.
Onun qəsdinə durmuşdum:
– Adam dili necə olur?
– Ləhcəsiz, oxuduğun kitabların dilində danış mənimlə, anladın?
– Çalışaram.
– Niyə mənim zənglərimə cavab vermirdin? Gələndən bəri harda qalırdın? İşdə görüşdüyün adam o polisdimi?
– Ürəyim belə istədi, cavab vermədim. Öz evimdə qalmışam. Polis də mənim dostumdu.
– Kişiylə arvadın dostluğu hara aparır, bilməmiş olmazsan.
– Hamını öz arşınınla ölçmə.
Doneş qurumuş dodaqlarını yalaya-yalaya üstümə gələndə qalxıb masanın o biri başına hərləndim. Beləcə deyişə-deyişə stolun başına fırlanmağa başladıq. Arada məni boşlayıb mətbəxə keçdi, soyuducunun qapısını açanda özümü yetirdim:
– Nə axtarırsan, itiyin itib?
Mənə tərəf çönmədən qazanların qapağını bir-bir qaldırıb içindəkilərə baxdı. Ağzınacan tıxalı soyuducunu həsədlə süzəndən sonra kompot dolu qrafini boğazlayıb qonaq otağına qayıtdı:
– Gör nə tərbiyəsiz qadınsan, mənə kompot da süzmürsən.
– Tərbiyəsizin böyüyü sənsən. Bir həftədi evimin içində bişirəm, sənin üzündən kondisioneri də işlədə bilmirəm.
– Düz adam ol, başına belə işlər gəlməsin, – buz kimi kompotu suçulayıb dəmbə gözlərini üzümə zillədi. – O gün niyə qoymadın müdirini çağırtdırım, təmiz adamsansa nədən qorxursan?
– Mənim müdirimlə sənin nə işin? Axı nə istəyirsən, nə vermisən ala bilmirsən məndən? Get otur xarabanda, qoy başımın çibinini qoruyum.
– Qabaqdangəlmişlik eləyirsən? Allah bilir sən o rayonda hansı oyunlardan çıxmısan. Erməniyə yaxınsız, oralarda kilsə olmamış olmaz. Yəqin bura gələnə kimi rahibə olmusan, hə? Düz bildim?
– Yox, burda Lenin baba bir balaca səhv elədi. Rahibə niyə olurdum, istədiyim adamla oturub-durmuşam, sağa-sola bəs deyincə gəzmişəm.
– Kül mənim başıma, gül kimi Şəfamın qədrini bilmirəm mən. Mənim arvadım işdə heç kimlə danışmaz. Fikirləşəndə ürəyim bulanır – mənim dərdindən öldüyüm qadın hansısa iylənmiş serjantla mırt vurur, iki telefon gəzdirir.
– O serjant səndən yüz dəfə ləyaqətli adamdı. Çıx get namusuyla telefonunu seyfdə saxlayan əzizlərinin yanına.
Həmid yenə masanın ətrafında məni qovmağa başladı. Ev telefonu xeyli vaxt idi çalırdı, heç şübhəsiz, günün bu vədəsi məni axtaran Laləydi. Son aylar yaşadıqlarım yazıq bacımı da vəlvələyə salmışdı.
***
Əl uzadıb dəstəyi götürəndə saçlarım Doneşin əlinə keçdi. Telefonu aça bilmədim, başladıq süpürləşməyə. İndi də mən bildiyim nə söyüş varsa onun cəmdəyinə suvayırdım, amma səsimi qaldırmırdım. Beləcə söyə-söyə Laləgilin nömrəsini yığdım, o başdan bacımın səsini eşidəndə məni ağlamaq tutdu. Lalə işin nə yerdə olduğunu anlayıb bağıra-bağıra dedi:
– Dəstəyi ver ona!
Verdim götürmədi, əlini uzadıb özü mikrofonun düyməsini basdı. Bacımın səsi divarları silkələdi:
– A kişi, nə istəyirsən bizdən, səni bizə namus qarovulçusu qoyublar? Sən yoxuydun bizi qarğa-quzğun dimdikləyirdi? Bircə kənddə olanda sənə dediklərim azlıq elədi? Bu dəqiqə süpürül o evdən! Elə bilirsən bizim yiyəmiz yoxdu? Səni tikə-tikə doğradıb kəndimizin itlərinə yedizdirərəm. Elə eləmə durum ora polislə gəlim. Rədd ol o evdən!
Həmid səsini udub dinşəyirdi, Lalə onu söydükcə üzümə baxıb başını bulayırdı.
– Bacımın ətrafında kim vardısa hamısını evdən qaçırdın, Aygünü, Elnarəni ordan didərgin saldın. Elə bilirsən səbəbini qanmıram? Guya sən Bircəni sevirsən? Sən ancaq öz qarnını, gödənini sevirsən! Eşitdin dediklərimi?
Bacımın ən sonda mənə ünvanladığı sözlərsə onun lap belini qırdı:
– Acından günorta durur, bığını yağla burur. Sən niyə onun qarşısında ağlayıb-sıtqayırsan? Bu dəqiqə çıxart onu evdən, sonra mənə zəng elə, – deyib dəstəyi tulladı.
Yumru, tösmərək Həmid yığılıb-balacalaşıb bir müddət divanda oturaqlı qaldı. Dəsmal çıxarıb alnında muncuqlanmış təri sildi. Sonra öləngi gözləriylə üzümə çəp baxıb dedi:
– Adam sevdiyi kişini başqalarına söydürməz.
Yenə gülməyim tutdu. Telefon bir də çalınanda Doneş dik ayağa qalxdı:
– Açma, qoy mən rədd olum gedim, sonra dirijoruna nə lazımdı çatdırarsan. Çox heyif, bacın hər şeyi yarıda qoydu.
Bayaqdan mənə meydan oxuyan adam indi qapını bürüşə-bürüşə açdı. Getmək istəmirdi, ayaqlarını zorla sürüyürdü, ev telefonu da ki susmaq bilmirdi. Onu tələsdirdim:
– Tez ol çıx, bir də gördün durub gəldi.
Onu eşiyə itələyib qapını cəftələmək istəyəndə bir də geri döndü, domba gözlərini üzümdən asıb dedi:
– Bizə verəcəyin yoxdu?
Anlamadım, elə bildim ona nəsə borcum var, yadımdan çıxıb.
– Nə verməliydim?
Udqundu, bir ayağı içəridə, bir ayağı çöldə cingildəyən telefona ürkək-ürkək baxıb dedi:
– Kənddən gətirdiklərindən… heç nə vermirsən?
– Yox, kənddən nə gətirmişəm ki?
– Ət, pendir, yumurta. Qazanların ağzına qədər yeməklə doludu.
Özümü bir də qaqqıldamaqdan güclə saxladım:
– Onlar hamısı Laləgilindi.
– Heç nə istəmirəm, ya qovurmanı, ya da bozartmanı ver aparım evdə yeyim.
– Dedim axı hamısı bacımgilindi.
Onu bayıra itələyib qapını cəftələyib özümü nəfəsi kəsilmiş telefona yetirdim. Bacım abrımı ətəyimə bükdü:
– Padşah kimi oğlanları boynuburuq qoydun, axır gəlib it dərisindəki yağa əl buladın. Səni elə onların qarğışı tutub. Bu alçağın nəyindən qorxursan axı, bir az ürəkli olsana! Vallah budu deyirəm, özünə yığışmasa Məhəri çağırıb salacam evə, bir də gəlib qapını döyəndə onu qanına bələdəcəm.
– Dəlisən, ay qız? Yazıq deyilmi o cür oğulun əlini it qanına batırasan.
– Barı mən deyənləri eşitdimi?
– Qulaqlarını küçük qulağı kimi sallayıb hamısını eşitdi.
– Sabah şənbədi, doyunca yat, sonra gəl bizə.
– Bu həftə Sevil gəlir, ev-eşiyi təmizləmək istəyirəm.
– Nəyə gəlir Sevil?
– Həkimi çağırıb…
(Ardı var)
Mənbə: Kulis.az