Əsərləri ilə yaşayan unudulmaz ədib
Görkəmli yazıçımız Altay Məmmədovun 90 illiyinə
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, dramaturq, alim, pedaqoq Altay Məmmədovun bütün həyatı doğulub boya-başa çatdığı Gəncə şəhəri ilə bağlı olub.
O, Gəncəni əyalət şəhəri deyil, qədim, köklü ənənələrəə malik mədəniyyət mərkəzi kimi təqdim edən, şəhərin mədəni həyatında müstəsna xidmətləri olan bir ədib idi. Əsərləri dünyanın müxtəlif ölkələrində tamaşaya qoyulan, çap edilən Altay müəllim doğma şəhərini heç bir zaman tərk etmədi. Onun duruşunda Gəncənin xan çinarlarının əzəməti vardı. Çəliklə gəzməsinə baxmayaraq, şax duruşu, eynək arxasından nüfuzedici, səmimi, bir az kədərli baxışları, hər kəslə nəcib, hörmətli davranışı, özünəməxsus şirin danışıq diksiyası, müsbət aurası ilə ətrafdakıları, yaşlıları və gəncləri, ədəbiyyata yeni qədəm basanları, tələbələrini cəlb edirdi.
Həssas qəlbi ilə insanların mənəvi dünyasının dərinliklərinə nüfuz etdiyinə görə əsərləri oxucu məhəbbətini qazandı, ondan sonrakı dünyada onu unutmğa qoymadı, yaşatdı.
Altay müəllim ədəbiyyata həyatdan gəlmişdi, uşaqlıq gənclik illərində çox ağrı-acılar görmüşdü. Sonrakı illərdə də əsrlərdən bəri yaxamızdan əl çəkməyən həsəd və paxıllıqdan qaynaqlanan zərbələrə məruz qalmışdı.
Altay Yusif oğlu Məmmədov 1930-cu ilin 15 mayında Gəncə şəhərində dünyaya gəlmişdi. Atası Stalin repressiyalarının qurbanı olmuş, bəraət alana qədər qardaşı ilə “xalq düşməni”, nin oğlu damğasının bütün acılarını dadmış, anası Qönçə xanımın himayəsi altında böyümüşdü. O ağır sınaq illəri, anasının işıqlı xatirəsi sonradan onun əsərlərində (“Bəraət”, “Anam qocalmışdı” və s.) əksini tapdı. Gəncənin 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-49-cu illərdə saatsaz şagirdi, usta köməkçisi, usta işləmişdi. 1953-cü ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, institutun Azərbaycan ədəbiyyatı fakültəsində baş müəllim vəzifəsində saxlanmışdı. Ötən əsrin 50-ci illərində “Gəncə fəhləsi” qəzetində müxtəlif vəzifələrdə çalışmış, özünün dediyi kimi, bir sıra əsərlərinin mövzusu jurnalist kimi fəaliyyət göstərdiyi zaman müxtəlif yerlərdən oçerk yazarkən ağlına gəlmişdi. Altay müəllim ömrünün sonuna qədər Gəncə Dövlət Pedaqoji İnstitutunda çalışdı, burada işlədiyi dövrdə tələbələrin, gənclərin, müəllimlərin, böyük hörmətini qazandı. 1970-74-cü illərdə elmi işlər üzrə prorektor oldu. Ədəbi fəaliyyətə 1950-cu ildə “Ədəbiyyat” qəzetində dərc etdirdiyi “Fəhləlikdən alimliyə” adlı oçerklə başlamışdı. Həyat göstərdi ki, fəhləlikdən alimliyə gedən yol elə Altay müəllimin özünün taleyinə də yazılıbmış. O, 1964-cü ildə professor Mir Calal Paşayevin rəhbərliyi ilə “Cəfər Cabbarlının “1905-ci ildə” dramı” mövzusunda yazdığı dissertasiyaya görə filologiya elmlər namizədi alimlik dərəcəsini almışdır.
1958-ci ildə işıq üzü görən “On birinci açar” kitabı Altay Məmmədovun simasında nəsrimizə yeni bir nəfəsin gəldiyindən xəbər verirdi. O, ilk kitabından lirik hekayələr ustası olduğunu sübut etdi. Ədəbi tənqid də gənc yazıçının insanların mənəvi dünyasına işıq sala bilmək bacarığını, mövzularının həyatiliyini, fikrini izah etmək tərzinin özünəməxsusluğunu, dilinin şirinliyini xüsusi olaraq qeyd etdi. Ən vacibi bu əsərlər geniş oxucu məhəbbətini qazandı. Ədəbiyyat tariximizi dərindən bilən Altay müəllim hekayəçiliyimizin inkişaf yolunu ayrıca araşdırmış, “Azərbaycan hekayəsi” adlı sanballı bir monoqrafiya yazmışdı. Bu əsərində o, hekayəçiliyimizin şifahi xalq ədəbiyyatı nümunələrindən, qaravəllilər, rəvayətlər və mənzum hekayələrdən keçən ilkin mərhələsini izləmiş, mətbuatda dərc edilən ilk klassik realist hekayənin Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsəri olduğunu göstərmiş, onu Azərbaycan hekayəsinin manifesti adlandırmışdı. Realist Azərbaycan hekayəsində ədibin ən çox dəyərləndirdiyi həyatilik və lakoniklik idi. Hekayələrində və yeganə romanında Altay Məmmədovun Əbdürrəhim bəy Haqverdiyev, İlyas Əfəndiyev və Ənvər Məmmədxanlının lirik nəsrinin ənənələrini davam etdirdiyini görürük.
Onun bir-birinin ardınca meydana çıxan “İkinci məhəbbət” (1960), “Məhəbbət və gülüş” (1963) “Tökülən yarpaqlar” (1966) “Məhəbbətin səsi” (1968) “Gülab nəfəsli” (1970) “Yadigar bulaq” (1977) hekayə toplularında həmin dövr insanının daxili aləmi, həyatdakı bütün çətinliklərə baxmayaraq, mənəvi simasını saxlamaq uğrunda mübarizəsi, bu mübarizədəki qələbəsi və acı məğlubiyyəti əksini tapmışdır. “Məhəbbətin səsi” hekayəsində gənc həkimlə müğənni qızın bir-birinə aşiq olmasından, oğlanın atasının təkidi ilə müğənni qızdan imtina etməsindən, onun bundan sonrakı vicdan əzablarından bəhs edilir. Gənc həkim başa düşür ki, məhəbbətindən imtina etməklə elə bir səhvə yol vermişdir ki, bu, onu ömrünün sonuna qədər vicdan əzablarına düçar edəcəkdir.
İndi müğənni xanımın radio və televiziyadan səslənən nəğmələri bütün dinləyicilərin sevincinə səbəb olduğu halda həmin o həkimi kədərə, qüssəyə qərq edir. Hekayə qəhrəmanın acı etirafı, peşmançılığının ifadəsi kimi səslənən sözləri ilə bitir: “Oxu, bülbül, mənim kimiləri sənin qədrini bilməzlər!” “Məhəmməd” hekayəsinin qəhrəmanı həyatda ən böyük səhvinə, həyat yoldaşına xəyanət etdiyinə görə peşmandır, geri çağırsalar da, xəcalətindən ailəsinə qayıda bilmir, tez-tez iki əli ilə başına qapaz vurub “Başın batsın, Məhəmməd” deməkdən başqa əlindən bir şey gəlmir.
Altay müəllim yazıçının əsərinin qəhrəmanlarının sevinc və kədərini, uğur və uğursuzluqlarını qəlbindən keçirməli olduğu, insanların həyatdakı səhvlərinin, peşmançılıqlarının, etiraflarının bədii ədəbiyyatın, nəsrin ən diqqətəlayiq mövzularından biri kimi dəyəri barədə yazır: “Əsl söz sənətkarının taleyi elədir ki, istəsə də, istəməsə də, ətrafdakıların, müşahidə etdiyi adamların sevinci ilə yanaşı, kədərini də özününkiləşdirir, bu dərdləri özünün iliyinə, qanına bələyir. Dünyanın yaranışından xoşbəxtliklə bədbəxtlik, uğurlu məhəbbətlə, nakam sevgi qoşa addımlayır. Həyatın daha dərindən idrakı baxımından həm uğura, həm də uğursuzluğa sənətkar münasibəti həssas, hər ikisindən çıxarılan nəticə insanların daha düzgün yol seçmələrininə yardımçı olmalıdır. Bəzən mövzu kimi seçilmiş uğursuzluğun sənətkarın qüdrəti baxımından təsiri qat-qat güclü olur. Həyatda həlledici məqamlarda səhvlər buraxmış şəxsin etirafları baş vermiş hadisəni daha da dramatikləşdirir”. Bu sözlər yazıçının həyat gerçəkliyinə münasibətini, insan talelərini qələmə alarkən ən çox dəyər verdiyi məqamları ifadə etməkdədir.
“Gülab nəfəsli” hekayəsində qəza nəticəsində əlacsız xəstəliyə tutulan bir mühəndisin həyatının son günləri təsvir edilir. Həyat yoldaşı şikəst ərinə qulluq etməkdən bezərək ailəni tərk edir, anasıgilə köçür. Xəstə ata, övlad və nənənin qəmli-qüssəli günləri başlayır. Bu zaman xəstə mühəndisin tələbəlik illərində sevdiyi Zərəngiz gəlib çıxır və o, dünyasını dəyişənə qədər, otuz dörd gün ərzində bu ailədə qalır. Bircə gündə evin görkəmi dəyişir, günəşə açılan pəncərələrdən işıq şuaları otaqlara daxil olur, oğul, ata və nənənin üzündə sevinc əlamətləri görünməyə başlayır, qəm, kədər, ümidsizlik bu evi tərk edir. Gülab nəfəsli Zərəngizdən gülab qoxusu gəlir, otaqlardan da, onun bişirdiyi xörəklərdən də gülab qoxusu gəlir. Mühəndisin ölümündən sonra ən ağır, kədərli günlərdə uşaq atasına, özünə, nənəsinə mənəvi dayaq olan, onların həyatına göydən mələk kimi enmiş Zərəngizə dünyalarca minnətdarlığını sözlə ifadə edə bilmir.
Ürəyində isə ona müraciətən deyir: “Niyə mənim anam sən deyilsən”. Fikrimcə, bu hekayədəki gülab nəfəsli xanım mənəvi dünyası yaxşılıqdan yoğrulan, müsbət auralı, ətrafdakılara müsbət enerjisi ilə xoş əhval-ruhiyyə bəxş etməyi bacaran bir insandır. Həyatda çox az olsa da, belə adamlara rast gəlmək mümkündür, bu surətin də prototipini yazıçı həyatdan götürmüşdür.
Güclü müşahidə qabiliyyətinə malik yazıçı qəhrəmanlarının prototiplərini, müxtəlif situasiyaları həyatdan götürür, bu uydurulmamış qəhrəmanlar və situasiyalar vasitəsi ilə oxucuya çatdırmaq istədiklərini çatdırır. Yazıçı ilə oxucu arasında səmimi bir münasibət yaranır.
Fikrimcə, görkəmli ədəbiyyatşunas alim Vaqif Yusifli Altay Məmmədovun “Narınc” hekayəsini miniatür povest adlandırmaqda haqlıdır. Doğurdan da bu əsərdə bir hekayəyə sığmayan mətləblər əksini tapmışdır. Burada əhvalat Gəncədə doğulub boya-başa çatmış, ömrünü elmə həsr etmiş bir akademikin dilindən nəql edilir. Onun oxuduğu məktəbdə ən istedadlı, ən zəkalı şagird Narınc adlı bir qız imiş. Hamı, müəllimlər də, şagirdlər də “xurmayı hörüklü saçlarının ucları dəftərin üstünə düşən” bu qızın böyük gələcəyi olacağını, onun elmin zirvələrinə ucalacağını düşünürdülər, lakin günlərin bir günü Narınc məktəbi tərk edib bazarda ispanaq satmağa başlayır. İkinci dünya müharibəsi illəri idi. Hər kəsin bir tikə çörəyə ehtiyacı vardı. Narınc müharibə qurtarsın, sonra oxuyaram – bəhanəsi ilə məktəbdən uzaqlaşır, müharibə qurtarır, lakin o, təhsilə qayıtmır, imkanlı adama çevrilir, on iki otaqlı ev tikdirir, qapısında “Volqa” maşını durur, uşaqları ali təhsil alır. Ötən acılı-şirinli günlərin nostaljisi ilə müşayiət edilən bu hekayədə müəllifin mətləbi aydındır: əvvəl ehtiyac, indi isə var-dövlət içində yaşayan, istedadlı, gələcəyin böyük şəxsiyyəti olacaq insan maddiyyətin qurbanı olmuşdur.
Yazıçının 1964-cü ildə yazdığı “Uvertüra” hekayəsində Üzeyir Hacıbəylinin həyatının son günü təsvir edilir. Dahi bəstəkar bütün dünya ilə, tanıdığı görkəmli şəxsiyyətlər Sabir, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Bülbül, Səməd Vurğunla mənən vidalaşır. Bu vidalaşma səhnələrində və sonrakı məqamlarda Üzeyir sənətinə və şəxsiyyətinə xalq məhəbbəti, onun Azərbaycan, ümumtürk musiqisindəki rolu ifadəsini tapmışdır. Böyük sənətkarın itkisindən doğan dərin hüzn yerini nikbinliyə verir – Üzeyir ölməzdir, o, yalnız səmalara ucalmışdır və sənəti ilə həmişə bizimlə olacaq. Lirizmi ilə seçilən, izahedilməz təsirə malik hekayə əslində, bir şeir kimi yazılmışdır, sonluğu da əsl şeir sonluğudur: “Səməndər quşu doğma Azərbaycan torpağının üstündə qürurla dövrə vururdu. Yerdən səslər gəlirdi: “Eşq olsun Üzeyirə!” Dik-dik təpələr görünürdü. İnsanlar oxuyurdu”.
Yazıçının 1988-ci ildə çap etdirdiyi “Əlvida, gözəl dünya” romanı qədim Gəncə tarixinin XX əsri əhatə edən dövrünün bədii salnaməsidir. Əsərin qəhrəmanı bütün qüvvəsini, həyatını Gəncənin qədimliyini, memarlıq abidələrini qoruyub saxlamağa həsr edir, ömrünün son məqamında doğma şəhərinə, gözəl dünyaya “əlvida” deyib gözlərini həyata yumur.
Doqquz səhnə əsərinin müəllifi olan Altay Məmmədov həm də görkəmli dramaturq olmuşdur. Onun ilk satirik komediyası – həyatımıza, inkişafımıza mane olan yerliçilik bəlasını tənqid edən “Həmyerlilər” pyesi qırx ildən artıq Gəncə teatrının səhnəsindən düşməmişdir. Ədibin Gəncə teatrının yaşamasında, inkişafında rolu xüsusi olaraq qeyd edilməlidir. O, bütün varlığı ilə Gəncə teatrına bağlı olmuşdur. Nizami poeziyasının təbliği məqsədi ilə Gəncə Zərrabi Poeziya Teatrının yaradılmasının təşəbbüskarı oldu, bu teatr üçün 11 ssenari yazdı. Dramaturqun sovet dövründə bəzi bölgələrdə qadınlarını işə göndərib özləri tüfeyli həyat sürən kişiləri tənqid edən ikinci satirik komediyası – “Kişilər”də sözün həqiqi mənasında tamaşaçı məhəbbətini qazandı, elə bu səbəbdən Azərbaycan televiziyası “Həmyerlilər”lə bərabər, bu əsərin də televiziya tamaşasını hazırlamışdır. Onun komediyalarında xalqdan gələn sağlam bir gülüş hakimdir. AMEA-nın müxbir üzvü, professor Təhsin Mütəllibov bu gülüş barədə yazır: “Altay Məmmədovun oynaq yumorlu süjetləri diqqəti daha çox cəlb edir. Şirin və ağıllı yumora malik olan sağlam gülüşün qüdrətindən məharətlə istifadə edərək mənalı həyatımızda mənasız ömür sürən mənsəbpərəst, ictimai mülkiyyətə, xalq malına vicdansız münasibət bəsləyən tüfeyliləri öz əsərlərinin tənqid hədəfinə çevirmişdir”. Bundan başqa, Altay Məmmədovun “Yadındamı”, “Ulduzlar görüşəndə”, “Dəli Domrul” pyesləri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. “Yadındamı” mürəkkəb insan münasibətlərindən bəhs edən psixoloji dramdır. Əsas qəhrəmanlar Zaur və Gülsün öncə öz daxillərindəki zəifliklərə qələbə çalırlar, sonra maneələri aradan götürərək neçə il öncəki səhvlərini düzəldir, yenidən birləşirlər.
“Dəli Domrul” pyesi “Kitabi-Dədə Qorqud” abidəsinin məşhur boyundakı süjetin özünəməxsus şərhidir. Tədqiqatçılar Dəli Domrulun quru çay üzərindən körpü tikməsini müxtəlif cür izah edirlər (Çayın əslində, quru deyil, sulu olduğunu iddia edənlər vardır). Altay Məmmədovun şərhinə görə, bu körpü əslində, köçərilikdən, savaşlardan, yağmalardan dinc, oturaq həyata, qurub yaratmağa, yeni həyat tərzinə keçməyə meyl edən oğuzların seçiminin rəmzidir. Körpü bir həyat tərzindən başqasına keçidi simvolizə edir. Bu əsərdə də güclü bir gülüş hakimdir.
Altay Məmmədovun əsərləri rus, ingilis, ispan, ərəb, eston, tacik, tamil, Vyetnam dillərinə tərcümə edilmişdir. Yazıçının tərcüməçi kimi fəaliyyyəti də diqqətəlayiqdir. O, Əbdülqahir İbrahimovun “İlk busə”, Otar İoselianinin “Araba hələ aşmayıb”, Vasili Şukşinin “Diribaş adamlar” pyeslərini dilimizə çevirmişdir.
Jurnalist, yazıçı, dramaturq, tərcüməçi, pedaqoq kimi məhsuldar fəaliyyət göstərən Altay müəllimin elmi əsərləri ayrıca mövzudur. Onun “Azərbaycan hekayəsi” monoqrafiyasından danışdıq. Görkəmli ədibin bir sıra digər dəyərli elmi əsərləri də vardır. Onun “Kəngərlər”, “Oğuz səltənəti” monoqrafiyaları oğuz keçmişimizin qədimliyini sübuta həsr edilib. “Kəngərlər” kitabında müxtəlif mənbələr əsasında oğuzların qədim, köklü qollarından biri olan kəngərlərin tarixi, Azərbaycan, türk dünyasının coğrafiyasındakı izləri araşdırılır. 1992-ci ildə çap edilmiş “Oğuz səltənəti” adlı 300 səhifəlik kitabda tarixşünaslığımızda, bir sıra tədqiqatçıların əsərlərində özünə möhkəm yer etmiş konsepsiyaya – türk mənşəli etnosların Azərbaycan ərazisinə orta əsrlərdən gəlmələrini iddia edənlərə qarşı ciddi elmi etiraz vardır. Əsərdə Azərbaycan ərazisində eradan əvvəl VII əsrdən yaşamağa başlamış, antik mənbələrdə skif (iskid), Assur mənbələrində işquz adlanan dövlətin oğuz türklərinin səltənəti olduğu faktlarla, tarixi qaynaqlara əsaslanaraq sübut edilir. Müəllif əsərinin girişində məqsədini çox aydın şəkildə ifadə etmişdir: “Məqsədimiz Azərbaycan (Şimal və Cənub bir yerdə, bəlkə daha geniş) ərazisində 2665 il bundan əvvəl meydana çıxmış İşquz (Skif) -İç Oğuz dövlətinin yaranma, inkişaf etmə, Ön Asiyaya təsir prosesini (və onun süqutunu), böyük bir regionunun, xəritəsini dəyişməsini İ.M. Dyakonovun, İ.Əliyevin, A.M. Xazanovun Midiya tarixinə, iskidlərin (skiflərin) sosial tarixinə dair kitablarına, ana kitabımız “Dədə Qorqud”a, Rəşidəddinin “Oğuznamə”sinə, qədim dünya tarixinə aid əsərlərə, türkologiya elminin son otuz ildəki nailiyyətlərinə əsaslanaraq az və çox şəkildə işıqlandırmaqdır. Təvazökarlıq nəyə lazım? İlk Azərbaycan İşquz dövləti Midiyadan qabaq, İrandan isə çox-çox əvvəl yaranmış, adları çəkilən dövlətlərin meydana çıxmasında bəlkə də həlledici rol oynamışdır”. Fikrimcə, Azərbaycan ərazisində türk-oğuz qədimliyindən ciddi, fundamental əsər yazanlar (məlumdur ki, bu məsələdə ən böyük çətinlik tarixi faktların azlığından ibarətdir) mütləq bu monoqrafiyanın müddəalarını nəzərə almalıdırlar.
Yazıçının 1999-cu ildə işıq üzü görmüş “Qəlbinur poeziyası XXI əsrin astanasında” adlı kitabı müəllifin cağdaş poeziyamızın gözəl bilicisi olduğunu göstərməkdədir. O, istedadlı şair Paşa Qəlbinurun yaradıcılığından bəhs edərkən çağdaş poeziyanın mənzərəsinə nəzər salmış, Qəlbinur yaradıcılığının səciyyəvi cəhətləri haqda fikir söyləyərkən ümumən ədəbiyyat qarşısında duran vəzifələrdən danışmışdır. Müəllifin şairin yaradıcılığında bəyəndiyi cəhətlərdən biri onun şeirlərinin pretmetsiz ritorikadan uzaqlığı, burada ilk baxişda görünməyən zərif, şəffav süjet xəttinin olmasıdır. Altay müəllim araşdırmalarında mətləbini obrazlı dildə, qısa və aydın şəkildə izah edə bilən tədqiqatçılardandı. Şair Əli Kərimin XX əsr Azərbaycan poeziyasının inkişafındakı rolundan, ədəbiyyatdakı yenilikləri tətbiq etmə üsulundan danışan alim fikrini obrazların köməyi ilə son dərəcə sərrast ifadə etmişdir: “Əli Kərim pis mənada saray ədəbiyyatına çox oxşayan sovet poeziyasının müəyyən hörgü içərisinə alınmış qalın sədlərini uçurub keçməyi bacaran ilk şairlərdəndir. Ən maraqlısı və qəribəsi isə budur ki, Əlinin o möhkəm divarları dağıdan külüngünün səsi eşidilməmiş və bu xilasedici proses sakit, səmirsiz keçmiş küylü olsa idi, bəlkə də bədxahlar şairi yerindəcə boğardılar. Bu qalın divarlara alınmış poeziya zindanından xilas son illərdə meydana çıxmış, qüdrətinin ölçü və biçisi olmayan bir illüziyaçının divarlara heç bir xətər toxunmadan Çin səddini yarıb keçməsinə çox oxşayır. Əli də bütün divarları yararaq poeziyasını ucsuz-bucaqsız, üfüqləri görünməyən düzə, çölə çıxara bildi”.
Altay Məmmədov memuar ədəbiyyatının gözəl nümunələrini yaratmış yazıçılardandır. Onun 1974-cü ildə çap edilmiş “Əşrəf Yusifzadə”, 1976-cı ildə işıq üzü görmüş “Ələkbər Seyfi” (Alp Ağamirovla) kitablarında mədəniyyət tariximiz baxımından böyük maraq doğuran xatirələri əksini tapmışdır. Yazıçının 1987-ci ildə yazdığı, ayrıca kitab halında çap edilmiş “Nazim Hikmət Gəncədə” əsəri sadəcə N.Hikmətin Azərbaycana, Azərbaycan ziyalılarının böyük türk şairinə münasibətindən, məhəbbətindən bəhs etmir. Əvvəla, orasını qeyd edək ki, bu xatirələr yalnız şairin Gəncə səfərini əhatə etmir. Altay müəllim Nazim Hikmətin müxtəlif münasibətlərlə Azərbaycana, Bakıya gəlişi zamanı onunla söhbətlərini xatırlayır. Nazimin Altay Məmmədova səmimi münasibət bəslədiyini, ona kiçik qardaş kimi yanaşdığını görürük.
Maraqlıdır ki, böyük türk şairinin bir çox sənətkarlarımızla, yazıçılarımızla dostluq etməsinə baxmayaraq, onun haqqında bizdə yazılan xatirələrin azlığı diqqəti cəlb edir. Fikrimcə, onun haqqında bütün xatirələri, şairin Azərbaycanlı ziyalılarla məktublaşmalarını toplayıb şərhlərlə bir kitab halında nəşr etdirmək (bu məsələdə Moskvada yaşamış, uzun illər N.Hikmətlə dostluq etmiş mərhum Əkbər Babayevin, bir sıra görkəmli ziyalılarımızın arxivlərindən istifadə etmək lazım gələcəkdir) tədqiqatçılarımız qarşısında duran vacib vəzifələrdəndir. Böyük istedada, geniş bilik dairəsinə malik, bütün dünyaya, insanlara, eləcə də Azərbaycana məhəbbəti aşıb-daşan Nazim Hikmət haqqında bu xatirələr o qədər maraqlı, səmimi, təsirlidir ki, oxumağa başlayıb kənara qoymaq olmur. Yalnız birnəfəsə oxumaq mümkündür. Kommunist olduğu üçün Türkiyədə təqib edildiyinə görə SSRİ-yə mühacirət etmiş N.Hikmətin bu ölkədəki gerçəklikləri çox yaxşı başa düşdüyünü, yazılanlarla real həyatdakı sosializm arasındakı fərqi anladığını görürük.
Nazim Hikmət Tükiyə tarixini və ədəbiyyatını bildiyi kimi, Azərbaycan tarixi və ədəbiyyatını da gözəl bilən, kimliyindən asılı olmayaraq ürəyində hər kəsə məhəbbəti olan, ilhamı bulaq kimi qaynayan, zəngin bir mənəvi dünyası olan şəxsiyyət kimi gözlərimin önündə canlanır. Kimlər yoxdur Nazimi əhatə edənlər arasında: Süleyman Rüstəm, Mehdi Hüseyn, Mirzə İbrahimov, Rəsul Rza, Nigar Rəfibəyli, Mikayıl Rəfili, Mir Calal Paşayev, Əkbər Babayev, Yevgeniy Yevtuşenko…
Düşünürsən ki, Altay müəllimin bu xatirələri olmasaydı, mənəvi dünyamızın böyük bir parçası itib-batacaqdı. Özünü başqalarından seçməyi sevməyən, sadə insallarla ünsiyyətdən xüsusi ləzzət alan, Gəncədə çayxanalarda, pitixanalarda vaxt keçirib adamlarla söhbət edən Nazim Hikmətin Göygölü seyr etməsi əsərdə belə təsvir olunur: “Şair ətrafa elə baxırdı ki, sanki gözəlliyi gözləri ilə sovururdu, elə bil o gedəndən sonra yerdə heç nə qalmayacaqdı. Danışmırdı. Elə bilirdi ki, gözəlliyi ürküdər”. Xatirələrdən bir məqamı da qeyd edək. Bakıda Füzuli yubileyində Nazim Hikmətin çıxışından sonra türk alimi Agah Sirri Ləvənddən başqa hamı əl çalır. Bundan qəzəblənən Altay müəllim səbəbini şairdən soruşduqda o, belə cavab verir: “Sən Türkiyəyə gedəsi olsan, orada bir məclisdə Məhəmməd Əmin Rəsulzadə danışsa alqışlarsanmı?” Bu sözlər yaşanan həmin dövrün əhval-ruhiyyəsini aydın şəkildə səciyyələndirir: Böyük türk şairi Azərbaycanda alqışlandığı halda Türkiyədə vətən xaini sayılır.
Azərbaycanın böyük oğlu Türkiyədə alqışlandığı halda, vətənində onun adını çəkmək belə qadağandır. Kitab belə sonluqla bitir: “Təkcə Nazim Hikmətlə görüşmək, tanış olmaq, səsini eşitmək, söhbətini dinləmək üçün də bu dünyaya gəlməyə dəyərdi”
Altay Məmmədovun 430 səhifəlik “Tanıdığım Əli Kərim” kitabı ölümündən sonra, 2012-ci ildə çap edilib, bir növ yazıçının vəsiyyəti kimi səslənir. Əli Kərimin sağlığında da, ölümündən sonra da onun ən sadiq dostu Altay Məmmədov olmuşdur. Altay müəllimin tələbəsi olmuş Sərvaz Hüseynoğlunun bu barədə yazdıqlarına nəsə əlavə etmək çətindir: “Bizə gün kimi aydın idi ki, Altay müəllim ona verilmiş ömür payı içində Əli Kərim ömrünü də yaşayır. O, dolmuş fəvvarə kimiydi, himə bənd idi ki, Əli Kərim fışqırsın. Belə halında onun görkəmindən, sirayətedici gözlərinin dibindən bir Əli Kərim boylanırdı. Əli Kərim itkisini o, içinə çəkilmiş vulkan kimi yaşadırdı və bizim Altay müəllimə olan sevgimizin, marağımızın bir tərəfi də Əli Kərimlə bağlı idi”. Əli Kərim həyatının mühüm məqamları, xasiyyəti, ailə üzvləri, dostları, yaxınları, insanlara münasibəti, dünyagörüşü, ədəbiyyat, mədəniyyət barədə fikirləri, xeyirxahları və bədxahları, ona paxıllıq edənlər (bunsuz, əlbəttə ki, olmaz) barədə bir çox mətləblər həmin kitabda işıqlandırılıb, necə deyərlər, gələcək nəsillərə çatdırılıb (Təəssüflə qeyd edirəm ki, Əli Kərim haqqında xatirə yazmaqdan öz məqsədi üçün istifadə edənlər də olmuşdur. Yeri olmadığından bu məsələnin üstündən sükutla keçirəm). Kitabda Əli Kərim əsərlərinin ciddi tədqiqini görürük.
Altay müəllim 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialına rəhbərlik etmişdi. Gəncədə ədəbiyyata qədəm qoyanların əksəriyyətinə “uğurlu yol” yazan, onlara xeyir-dua verən Altay müəllim olmuşdur. Ədibin Gəncə ədəbi mühitində əvəzsiz yeri barədə yazıçı-publisist Əhməd İsyaev yazır: “Yazıçı-dramaturq həyatdan köçdü. Onun adı, əsərləri isə Gəncə ədəbi mühitinin inciləri sırasında yaşayır… Çağdaş Gəncə ədəbi mühitindən beş ad qalacaqsa, heç şübhəsiz, biri Altay Məmmədovun adı olacaq. Dörd ad qalacaqsa, üç ad qalacaqsa, iki ad qalacaqsa, yenə də əminliklə Altay Məmmədovun adı yaşayacaq: yazıçı kimi, dramaturq kimi, alim kimi”.
Qayğıkeş müəllim, gözəl pedaqoq olan Altay Məmmədov Gəncə Dövlət Pedaqoji İnstitunun tələbələrinin xatirəsindən heç vaxt silinməyəcəkdir. O, tanıyanların yaddaşında təmkinli görünüşü, ömrünün sonuna qədər ağarmayan zil qara saçları, sirayətedici, mehriban, bir az da qəmli baxışları, ətrafdakılarla hörmət məsafəsi saxlayan ağayana davranışı, müsbət aurası, hər kəsi cəlb edən şirin söhbətləri ilə qalmışdır.
Yazıçı özündən sonra əsərlərini, haqqında xoş xatirələri, birdə ki, oğlanlarını qoyub getdi. Təəssüf ki, bütün həyatını ona həsr etmiş həyat yoldaşı Almaz xanım, dörd oğlundan ikisi – Elxan və Elşad aramızda yoxdur. Onu da deyim ki, həyat yoldaşı da, övladları da Altay müəllimin fikir, ideya yoldaşı idilər, onun əsərləri ilə yaşayırdılar. Həyatda olan oğlanları Elcan və Eldar, nəvələri (torpağı sanı yaşasınlar) bu gün də bu ənənəni yaşadırlar. Şərəfli bir ömür yaşamış Altay Məmmədov ömrünün sonuna qədər, ağır xəstə olanda da qələmi əlindən yerə qoymadı. Hətta yazmağa taqəti çatmayanda əsərlərini diktə edirdi.
Altay müəllim 2003-cü ilin 15 iyulunda vəfat etdi. Görkəmli yazıçı, dramaturq, alim, pedaqoq, ictimai xadim Altay Məmmədovun həyatı xalqına, insanlara, ədəbiyyata, elmə təmənnasız, fədakar xidmətin bariz örnəyidir.
Paşa Əlioğlu,
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini
“525-ci qəzet”, 15 may 2020-ci il