İlham İsmayıl
Qarabağ müharibəsi veteranı
Vaxtilə yazılanda qarşımızda Azərbaycan matəmgahı durur, ağlımıza gəlməzdi ki, bu sözlər 100 il keçəndən sonra da aktuallığını saxlayacaq, daha doğrusu, mənzərə dəyişməyəcək, matəm içində olacağıq.
2020 başlayandan zərbə dalınca zərbə gəlir. Düşmənin 31 martda Qarabağda seçkilər keçirməsi, 9 mayda Şuşanın alınmasını yenə bayram etməsi, işğalçı rejimlə İranı bir az da yaxınlaşdıran Xudafərin körpülərinin stressi canımızdan çıxmamış indi də xəbər gəldi ki, Dağlıq Qarabağın yeni rəhbəri Araik Arutunyanın andiçmə mərasimi 21 mayda… Şuşada keçiriləcək.
Fikirləşərsiniz ki, onsuz da Qarabağ 30 ildir işğaldadır, düşmən bildiyini eləyir, inauqurasiyanı harada istəsə keçirəcək, bunu xüsusi vurğulamağa nə hacət? Var.
Bu xəbəri mənə Hikmət Sabiroğlu çatdıranda onun səsindəki ağrının hansı ərşə yüksəldiyini təsəvvür edin. Yox, Hikmət bərkdən danışmırdı, o, səsini hər dəm ucaldan deyil, amma sükuta bənzəyən səsində küllü Qarabağın harayı, həm də ümidsizliyi vardı…
Daş yerində möhkəmdir. Yerindən tərpədəndə uşaq da onu dərədən-dərəyə diyirlədə bilər, necə ki, diyirlənib parça-parça olmuşuq…
Andiçmənin Şuşada keçirilməsinin mənası başqadır. Düşmən bizdən fərqli olaraq nə elədiyini bilir. O, işğal altında olan bir o qədər rayon-şəhərin hər birində, əsas da paytaxt bildiyi Stepanakertdə andiçmə təşkil edə bilərdi. Amma bilir ki, bu mərasimi Şuşada keçirməklə bizi heçə saydıqlarını, bizdən zərrə qədər də çəkinmədiklərini bir daha sübut edəcəklər. Bilirlər ki, bu, Azərbaycanı cin atına mindirməyəcək, Azərbaycan silaha sarılmayacaq, barışıb oturacaq. Çünki Azərbaycana yön verənlərin – məmur olsun, ya general – hamısının başının milyonlar yığmağa qarışdığını yaxşı bilirlər. Bilirlər ki, onlar Qarabağ kəlməsini çoxdan unudublar! Bilirlər ki, millətin çox böyük hissəsi bir parça çörəyin dalınca düşməyə məhkum edilib. Bilirlər ki…, axı nəyi bilmirlər, hər şeyi elə qəşəng bilirlər ki…
Nə etməlidir Azərbaycan? Andiçmə ərəfəsində hansı gərginliyi yaşatmalıdır? Min dəfə demişik, min birinciyə ehtiyac yoxdur. Sözü o kəsə deyərlər ki, dərdini anlasın.
Azərbaycan Araik Arutunyanın Şuşa mərasimini – qanunsuz andiçməni pozmaq istəməlidir. Əks halda düşmənlə həmrəyliyini nümayiş etdirmiş olacaq. Qoy Azərbaycan Ordusu 18-22 maydakı hərbi təlimlərin ağzını düşmənə tərəf yönəltsin. Düşmənin başına andiçmə ərəfəsində və həmin günü od yağdırılsın.
Ya da hazırlaşaq atəşfəşanlığa. Şuşa çox qəlbidədir, oradan atılan fişənglər Bakıda göz qamaşdıracaq. Həm də başımıza qaranlıq kimi çökəcək…