“Qanun”un çap etdiyi yeni kitablardan
- 11 Aprel 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
“Qanun” Nəşrlər Evi Azərbaycan və dünya ədəbiyyatından seçmə əsərlərin çapını davam etdirir. Nəşriyyatın çap etdiyi yeni kitablar haqda məlumatları təqdim edirik.
Aqata Kristi, “Milad Pudinqinin macərası”
Əsərdə müəllif 6 maraqlı povestə yer verib. Müxtəlif məkanlarda, müxtəlif obrazların yer aldığı bu hekayətlərdə süjet xətləri də müxtəlif olduğu qədər maraqlıdır. Burada oxucunu bir-birindən qəribə hadisələr gözləyir. Erkül Puaro yenə də iti zəkasını və xəfiyyəlik bacarığını nümayiş etdirərək, məharətlə işlənmiş cinayətlərin üstünü açır, qatilləri ifşa edir…
Əsəri Afaq Mustafa tərcümə edib.
Kitabın satış qiyməti 7.49 manatdır.
Emma Donohyu, “Otaq”
“New York Times”ın bestsellerlər siyahısından ardıcıl olaraq 18 həftə düşməyən “Otaq” romanı dünyanın qırxdan çox dilinə tərcümə olunub. Əsərdə doğulduğu dörd divar arasından heç vaxt kənara çıxmayan, onu əhatə edən dünya barədə məlumatları yalnız kitab səhifələrindən və televizordan alan balaca Cekdən bəhs olunur. O, xoşbəxtdir. Anası yanındadır, başqaları kimi yaşamamaq məcburiyyətində qaldıqlarından xəbərsizdir. Onun üçün bütün dünya bir otaqdan ibarətdir. Doğulduğu, anası ilə birlikdə yaşadığı, yemək yediyi, oynadığı, televizora baxdığı və çöl haqqında hər şeyi öyrəndiyi otaqdan…
Amma illüziya əbədi olmur. Cek böyüyür və günün birində həyatı dərk etməyə başlayır. Onun sualları artdıqca çarəsizlik halqası da daralır və otaqdan çıxmağın yolları aranır.
“Otaq” bir-birinə möhkəm bağlı olan ana ilə oğulun sevgi və dəhşət dolu hekayəsidir.
Əsəri Əliağa Şərəfxanlı tərcümə edib.
Kitabın satış qiyməti 12.99 manatdır.
Robert Luis Stivenson, “Cekil və Haydın qəribə hekayəsi”
Robert Luis Stivensonun “Doktor Cekil və cənab Haydın qəribə hekayəsi” əsəri fantastik hadisələrlə zəngindir. Əsərdə insan təbiətinin haçalanması təsvir olunur. Mərhəmətli, cəmiyyətdə böyük hörmətə sahib olan doktor Cekil hazırladığı preparat sayəsində zamanla qəzəb dolu, pislik simvolu olan Hayda çevrilir. O, əvvəlcə özünün əvvəlki obrazına asanlıqla qayıda bilir ‒ içdiyi preparat onu gah Hayda, gah da Cekilə çevirir.
Robert Stivenson əsərdə göstərir ki, əgər insan pis niyyətlərinə meydan verərsə, tədricən onun əsirinə çevrilə bilər. Ehtirasları, içindəki neqativ hissləri cilovlamayanda xarakterin mənfi xüsusiyyətləri qalib gəlir.
Əsəri Günay Hüseynova (Yelmarqızı) tərcümə edib.
Kitabın satış qiyməti 3.49 manatdır.
Məmməd İsmayıl, “Arzuların yolu”
XX yüzil altmışıncılar nәslinin öndә gәlәn tәmsilçilәrindәn olan Mәmmәd İsmayılın poetik nәfәsi ilә poeziyamıza yalnız tәzә obrazlar, uğurlu şeirlәr vә ifadәlәr gәlmәyib, eyni zamanda bәdii tәfәkkürümüzdә yeni bir tәfәkkür tәrzi, tәzә vә maraqlı bir sistem qurulub.
Mәmmәd İsmayıl Azərbaycan poeziyasında səsi, nəfəsi, üslubuyla hamıdan seçilib-ayrılan, heç kəslə ortaq “malı” olmayan, taleyini yazan bir şairdir. Yaratdığı ədəbi mətnlər milli poetik ənənələri zənginləşdirməklə bərabər, ədəbi prosesin bir çox magistral mövzuları məhz Məmməd İsmayıl poeziyasından çıxıb.
80 illiyi ərəfəsində oxuculara təqdim olunan bu kitabda şairin oxucular tərəfindən sevilən seçmə şeirləri toplanıb.
Kitabın satış qiyməti 12.99 manatdır.
Məhəmmədrza Bayrami, “Yaşıl bağın ölüləri”
Bu ictimai-siyasi roman Balaş adlı adi bir şəxsin həyatından bəhs edir. O, Təbriz bazarında satıcı işləsə də gözəl səsə malik olduğu üçün ilk öncə Azərbaycan Demokrat Firqəsinin radiosunda diktor, daha sonra firqənin “Azərbaycan” qəzetində müxbir kimi çalışır.
İran mərkəzi hökumətinin qoşunları Azərbaycan əyalətinə daxil olduqdan və Azərbaycan Demokrat Firqəsinin rəhbərləri ölkəni tərk etdikdən sonra Balaşın acı və çətin günləri başlayır. O, həyat yoldaşını itirdikdən sonra tək övladı ilə keçmiş Sovetlər Birliyinin sərhədlərinə qədər gəlsə də, ölkəni tərk etmək fikirindən daşınır və qayıdarkən başına faciələr gəlir… Romanda körpə yaşlarında ikən atası qətlə yetirilmiş Bulud adlı bir yeniyetmədən də paralel olaraq bəhs edilir…
Əsəri fars dilindən İlqar İsmayılzadə tərcümə edib.
Kitabın satış qiyməti 12.99 manatdır.
Nigar Mahmud, “Möcüzə evi”
Möcüzə görmək üçün nə etmək lazımdır? Sadəcə inanmaq, yoxsa xəyal dünyamızı işə salmaq?
14 yaşlı Jasmin zəngin xəyal dünyasının sayəsində möcüzəli bir hadisə ilə qarşılaşır. Müdrik babası, qayğıkeş anası və xəyallarının da köməyi ilə həyatı öyrənməyə çalışan bir qızcığazın qarşısında yepyeni bir dünyaya qapı açılır. Möcüzəli varlıqlarla dolu nağıllar dünyasının daimi sakininə çevrilən balaca Jasmin burada nə qədər dəyərli olduğunun fərqinə varır. Ancaq möhtəşəm bir nağılın içinə düşən Jasmin vacib qərar verərək seçim etməlidir. Bu kitab sizə Jasminlə birlikdə kiçik xəyallarla böyük dünya yaratmağa kömək olacaq.
Kitabın satış qiyməti 4.99 manatdır.
Cəlil Məmmədquluzadə, “Poçt qutusu”
Bütün şüurlu həyatı ilə Azərbaycan xalqına, onun azad və xoşbəxt gələcəyinə xidmət edən, öz maarifçilik ideyaları ilə nadanlığa, səfalətə, savadsızlığa qarşı qələmilə mübarizə aparan Cəlil Məmmədquluzadənin “Poçt qutusu” kitabında onun əsas hekayələri toplanıb.
Şübhəsiz ki, yüz ilə yaxın bir dövrdə rəngarəngliyini, bədii yükünü, ideya hədəfini itirməyən hekayələr yenə də oxucuların böyük marağına səbəb olacaq. Kitabda böyük Mirzə Cəlilin “Poçt qutusu”, “Usta Zeynal“, “Quzu“, “Konsulun arvadı”, “Zırrama“, “Saqqallı uşaq“, “Buz“ hekayələri yer alıb.
Kitabın satış qiyməti 4.99 manatdır.
Aleksandr Puşkin, “Ruslan və Lüdmila”
Puşkinin poemaları onun yaradıcılığında mühüm yer tutur. Şair hələ lisey illərində böyük həcmli əsərlər yazmağa başlayır. İlk təcrübə olaraq “Ruslan və Lüdmila” poemasını yazıb. Bu poemanı şair 1817-ci ildə başlayıb, 1820-ci ildə bitirib.
Əsər xalq nağılları əsasında müxtəlif variantlarla məşhur olan “Üç bacı” nağılı və məşhur “Dobrinya Nikitiç” bılinasına çox yaxın idi. Coşqun həyat mübarizəsi eşqi, dostluq, sədaqət, mərdlik kimi gözəl əxlaqi ideyaların təbliği poemanın əsas ideyasını təşkil edirdi. Lakin ən əhəmiyyətlisi budur ki, Puşkin bu poeması ilə həm məzmun, həm də forma cəhətdən o vaxta qədər ədəbiyyatda öz təsirini saxlamış yalançı klassizmə ağır zərbə vurub, o vaxta qədər görünməmiş yeni bir poeziya nümunəsi yaradıb.
“Ruslan və Lüdmila”ya görə mürtəce şübhələrdən Puşkinə hücum edən çox oldu. Lakin əsərin son dərəcə qüvvətli, cazibəli bir üslubda yazılması geniş oxucu kütləsinin sevincinə səbəb olmuşdu. Bu vəziyyət Puşkinin düşmənlərini susmağa məcbur edir. “Ruslan və Lüdmila” o zamanın bütün şairlərinin diqqətini cəlb edir. Şair Jukovski bu poemanı oxuyandan sonra öz şəklini Puşkinə göndərib, şəklin arxasında “Məğlub edilmiş şairdən qalib çıxmış şairə hədiyyə” sözlərini yazmışdı.
Əsəri Eyvaz Borçalı tərcümə edib.
Kitabın satış qiyməti 4.99 manatdır.
İvan Turgenev, “Artıq adamın gündəliyi”
Bizə çox da yad olmayan rus ədəbiyyatı özündə “artıq adam”ın bütöv nəslinin izlərini daşımaqdadır: Puşkinin Yevgeni Onegini, Lermontovun Peçarini, Qonçarovun Oblomovu, Turgenevin Bazarovu və nəhayət, ən amansız ifadəsiylə Dostoyevskinin adsız yeraltı adamı.
“Artıq adam”lar bizə içimizdəki ziddiyyəti xatırladır. Onlar dövrlərinin nə edəcəyini bilmədən çaşıb qalmış qeyri-qanuni övladları, həyatı seyr etməklə kifayətlənib hərəkətə keçməyən, lakin bəlkə də seyr edə-edə yola çıxan qəzəbli anti-qəhrəmanlarıdır.
Beləliklə, Turgenyev “Artıq adamın gündəliyi”ndə bizi ziddiyyətli xarakterlərin doğuluşuna (kökünə) aparıb çıxarır.
Əsəri Əkrəm Əylisli tərcümə edib.
Kitabın satış qiyməti 3.99 manatdır.
Mirzə Fətəli Axundzadə, “Aldanmış kəvakib”
M.F.Axundzadə bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin “dünyanı sağlam aqil idarə edir” konsepsiyasından çıxış edən müəllif İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, “Aldanmış kəvakib” povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir.
Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixçisi İskəndər bəy Munşinin əlyazmaları əsasında bu povesti yazıb, amma o, İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün müasir həyatla əsəri əlaqələndirib. Amma povestdə şah obrazında I Şah Abbas göstərilib.
Kitabın satış qiyməti 3.99 manatdır.
Fyodor Dostoyevski, “Utancaq qız”
O qadın axı niyə, nə səbəbə öldü?.. axı o niyə öldü?..
“Utancaq qız” Dostoyevskinin kiçik həcmli olmasına baxmayaraq, özündə dərin duyğular birləşdirən maraqlı əsərlərindən biridir. Burada məzlum, yetim, azyaşlı bir qızın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Onun xalaları onu özündən qat-qat böyük bir qocaya satıb, başlarından atmaq istəyirlər. Elə bu anda qıza dərin məhəbbətlə vurulan xilaskarı peyda olur və bu əziyyətlərdən qurtarır. Elə hadisələrdən də bundan sonra başlanır. Bəs qız öz xilaskarına niyə nifrət etdi?
Əsəri Mehdi Mirkişiyev tərcümə edib.
Kitabın satış qiyməti 3.99 manatdır.