Cəhənnəmdən keçmiş mələk (156)
- 27 Mart 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Avtobioqrafik roman
Dördüncü bölüm
Müəllif: BİRCƏ
Həmidlə qaçdı-tutdu oynadığımız vaxtlarda sürücüm Əjdər heç gözləmədiyim bir təklifdə bulundu.
Qarşıdan gələn bayrama görə üç gün evdə olacaqdıq. Bir səhər məni işə aparanda Əjdər maşının güzgüsündən baxa-baxa dedi:
– Bircə xanım, istəyirəm bu bayram günlərində səni restorana dəvət eləyəm.
Arxa oturacaqda qəzet oxuyurdum, qəzeti üzümdən aralayıb gözümü güzgüyə tuşladım. Qəlbimə qara dammadı – Əjdər doğmalarımın az qala yarısını tanıyırdı, Laləni, onun balalarını, bacımın göndərdiyi yemək qazanlarını, Aqilin yolladığı sovqatları, bazarlıqları evimizə çox daşımışdı. Həmişə də onun göz haqqını ödəmişdim, bacımın yenicə dəmdən düşürdüyü isti aş qazanını bəzən yarılayıb Əjdərin külfətinə pay qoymuşdum. İndi onun dəvəti mənə həm maraqlı, həm də qəribə gəldi:
– Xeyirdimi, ay Əjdər, olmaya oğlun əsgərlikdən qayıdıb? Ta restorana niyə, gələrəm evinizə, yoldaşının bişirdiklərindən yeyərəm.
– Yox ey, ay Bircə xanım, elə istəyirəm ikimiz olaq. Hamı “Mezolit” restoranını tərifləyir. Yaxşı kostyumum var, onu da geyinərəm, gedib orda ürəyimizcə dincələrik, doyunca yeyib-içərik.
Alındım. Əjdərin tüklü yoğun boynuna, daşqa təkərinə bənzər başına baxıb beynimə yol tapmağa çalışan zəhərli milçəklərdən qorunmağa çalışdım. Ağlıma gələnin doğru olub-olmadığını yoxlamaq üçün onu bir az da yaxına buraxdım:
– Ay Əjdər, oranı yaman bahalıq deyirlər, pulun çatacaq?
– Çatar, sən narahat olma.
– Onda arvadını, qızını da götür, mən də bacım qızlarını alım yanıma, gedək birlikdə şam eləyək.
– Yox ey, ay Bircə, istəyirəm elə ikimiz olaq.
Ətim çimçəşdi, yerimdə nehrə kimi yırğalandım. Qəzeti üzümə qaldırıb dilləndim:
– Sənin təklifin üzərində düşünmək lazımdı, cavabımı gözlə.
Gözümün qulağıyla güzgüyə bir baxış sıçradıb Əjdərin qımışdığını gördüm. İşə çatanda köhnə “Jiquli”nin qapısını möhkəm vurub ofisə doğru qaçdım. Qorxudan geri qanrılmadım, elə bildim zərbədən maşın çiliklənib yola dağıldı.
Axşamacan işdə havalı oturdum, özümü alçalmış, təhqir olunmuş sayırdım. Axı mən harda yanılmışdım, hansı ayaqyeri qoymuşdum ki, adını yaza bilməyən Əjdər də mənə müştəri gözüylə baxmağa cəsarət eləyirdi?
İşdən yarım saat tez çıxdım, qapıdakı polisə:
– Sürücüm məni soruşsa denən idarə ona başqa maşın verdi, daha dalımca gəlməsin, – deyib taksiylə evə qayıtdım.
Bacıma, qardaşıma, yeznəmə Əjdərin ağır qəzaya düşdüyünü söylədim, tapşırdım daha onu işə-gücə buyurmasınlar. Özüm də onun aramsız zənglərinə cavab vermədim, bu şəhərdə onun üzünü bir də görmədim.
Sonralar oğlum, bacım qızları olanları biləndə məni qınadılar, Əjdəri haqlı çıxardılar, onun barəsində yanlış düşündüyümü dedilər. Mən onun kirli niyyətini doğru-düzgün duyduğumu heç kimə sübut eləyə bilmədim.
***
İşə avtobusla gedib-gəlməyə başladım. Hər səhər evimizin yanındakı köşkdən qəzet alıb minirdim avtobusa, düz iş yerimin qabağındaca düşürdüm. Ayaq üstə dayana bilsəydim avtobusla getmək yaxşıydı, di gəl, müvazinətimi qoruya bilmirdim, gah arxaya, gah qarşıya aşırdım.
Avtobusda bir xanımla tutaşanacan işə bu minvalla getdim. Bir səhər yenə qəzet əlimdə dolu avtobusda məndən qabaqda dayanmış göyçək gəlinin üstünə yıxıldım. Gəlin məni top kimi özündən qabağa itələyib lombasıyla tüpürdü əlimdəki qəzetin üstünə. Özümü tarazlayıb dikəldim, bir əlimlə oturacaqdan tutub heyrətlə gah qadına, gah da onun qəzetin açıq səhifəsi boyunca yayılan tüpürcəyinə baxdım. Bilmədim neyləyim, qəzetin tüpürcəkli üzünü qadının donunun qoluna sildim. Elə bunu görmüşdüm, gəlindən qıyya qopdu. Özümü bir az arxaya, kişilərə tərəf verdim. Qadın var səsiylə bağırırdı:
– Tərbiyəsiz, qanacaqsız! Ayağımı tapdamağı bəs deyil, hələ üstəlik hökuməti söyən murdar qəzetə tüpürüb mənim üstümə yaxır.
Onun bu əhvalı məni sakitləşdirdi, hətta qadını bir az da cinləndirmək üçün gülməyə başladım. Gəlin qolunu uzadıb yaxamı ələ keçirmək istəyəndə arxada oturmuş kişilərdən biri qalxıb mənə yer verdi. Bir cavan oğlan da yerindən dilləndi:
– Sən özünü paralama, hökumət adamları özləri də o qəzeti oxuyurlar, qəzet dövlətin razılığıyla çap olunur.
Kişilərin mənə qahmar çıxmağı gəlinin hikkəsinə benzin tökdü. Bizim ofisə çatmağa az qalmış avtobusa bir polis mindi. Qadın polisi görcək əl atıb qoftasının yaxasını cırdı, özünü cavan oğlana yetirib barmağını mənə tuşladı:
– Bax görürsən bu arvadı, üstümə tüpürdü, məni itələdi, qoftamı da cırdı.
Avtobusa vəlvələ düşdü, heç kim onu kiridəmmədi. Polis mənim üstümə yeriyəndə kişilərdən biri dilləndi:
– Bala, bu yazığın günahı yoxdu, səhər-səhər qan çanağı özü ilişdi ona.
Polis lap yaxın gəlib qulağıma pıçıldadı:
– Avtobus dayanan kimi arxa qapıdan düş qaç, nə qədər söysə də qayıdıb baxma.
Məndən çıxmayan iş, sabah ertə üstümə hürən şər-böhtan qancığından qorxmurdum, əlimdəki qəzetlə özümü güclü sanırdım – elə bilirdim o qəzetin uzaqdan-uzağa mənə doğmalaşmış kollektivi, minlərlə oxucusu arxamdadı; elə bilirdim orda yazılanlar haqq düsturu, yazan barmaqlar da Yaradanın qüdrət qələmindən qopan qol-budaqlardı; elə bilirdim bizim parlaq gələcəyimiz bir gün bu qəzetin səhifələrinin arasından çıxacaq.
Fəqət bunlar hamısı asfalt dövrünün romantikasıymış. Aylar ötəndən sonra bu qəzetin müdafiəsi üçün başlanmış kampaniyaya gizli də olsa həvəslə qoşulanda yazılarını zərrəbinlə oxuduğum məşhur jurnalist mənə şofer Əjdərin təklifindən də betər bir təklif elədi. Onda anladım, elə sonrakı gedişat da göstərdi ki, bu adamlar qətiyyən müqəddəs-filan deyilmişlər, parlaq, təmtəraqlı alim əbasının altında hər dona düşə bilən cin vücudu gəzdirirmişlər. Beləcə, kənardan kölgəsini, yazısını, düşüncəsini sevdiyim adamlar illər ötdükcə öz torunda boğulub ölüb qurumuş hörümçək kimi zamanın yelinə təslim olub ömrümüzün yolundan süpürüldülər. Yeri gələndə bu barədə də danışacam…
Qadının məni şərləməsindən sonra avtobusa minməyə həvəsim qalmadı. Başladım variantlar axtarmağa. Artıq xərc apardığına görə sürücü tutmaq istəmirdim. Qalırdı metro, onda da şəhəri yeni-yeni tanıdığım erkən gənclik illərimdə olduğu kimi rahat, arxayın, zövqlə otura bilmirdim. Paytaxt metrosunda ən böyük partlayış törədiləndə mən Bakıda yer altındaydım, onda məni ölümdən bir təsadüf, daha doğrusu, təsadüfən yolumu dəyişməyim qorumuşdu.
***
Cavidin gəlişiylə evimiz yenə dolub-daşmağa başladı, bacı-qardaşım yenə başıma cəm oldu. Oğlum gözümə çox sınıq, arıqladığına görə bir az da uzanmış kimi görsənirdi. Lalənin, qızların ağzının qaytanını bərkitmişdim ki, Cavidin kirəpulunu ödəmək üçün çəkdiklərimi qardaşlarıma deməsinlər. Gəlib-gedənlərin seyrəlməyini həsrətlə gözləyirdim, oğlumla təkbətək qalmaq, qəribliyin onu necə dəyişdiyini, onun necə böyüyüb bərkidiyini yaxından görmək istəyirdim.
Hayıf ki, bu da mənə qismət olmadı. Küçəmizə qədər gələn Nefertiti uşağı bizim əlimizdən alıb xalasıgilə apardı. Doğmalarım Cavidsiz süfrənin qırağında olan-olmazdan yeyib-içib mənə tənəli baxa-baxa evlərinə dağılışdılar…
Oğlumu yenidən evimizdə, sağ-salamat yanımda görəndən sonra çəkdiyim əziyyəti bilmərrə unutmuşdum. İndi yalnız onunla ikilikdə süfrə başında oturub danışmaq, dərdləşmək istəyirdim. Ancaq qız yenə aramıza nifaq toxumu səpmişdi. Cavid məni əsla eşitmək istəmirdi, iki ayağını bir başmağa qoyub dirənmişdi:
– Sentyabrdan qızlar daha bizdə qalmasınlar.
– Niyə, qızların sənə nə ağırlığı var?
– İstəmirəm, sıxılıram.
– İndi neyləyək, çirmənək çıxaq meydana, bu qədər adamla üz-göz olaq?
– Ana, bilmirəm, kimə nə deyirsən de, daha qızlar bizdə qalmasınlar.
– Yediyimiz o qızların çörəyidi.
– Bu hardan çıxdı?
– Deyim hardan çıxdı? Dayıların o qızlara görə bizə baxırlar, mənə yük düşməsin deyə dükan-bazarı evimizə daşıyırlar. Hələ xalanın hər ay göndərdiklərini demirəm.
– Ana, indi onlar olmasa biz acından ölərik, hə?
– Onda sən əvvəlcə dostunun bacısını çıxart evdən.
– Danışmışam, dərs açılanda daha bizdə qalmayacaq.
– Sən qarnının dərdini deməyincə o qızlar bu evdə yaşayacaqlar.
– Ana, nolar məni də başa düş, Nuriyyə canımı boğazıma yığıb, istəmir qızlar bizdə qalsınlar.
– Belə de, görəcəkli günlərimiz varmış! O bayquşu qandır ki, onlar sənin bacılarındı.
– Başa düşmür.
– Neylək, onda mən qızları da götürüb çıxaram kirəyə.
Oğlumun gözləri böyüdü:
– Bir bu qalıb, gör neyləyə bilirsən.
– Başqa yolum qalmır.
– Ana, nolar məni başa düş.
– Sən olmayanda o qızlar mənə ana-bacı olublar, həyan olublar. Qazancımı sənə göndərmişəm, onların adına gələn azuqəni yemişəm. Sən yeddi aydan sonra yenə çıxıb gedəcəksən, onda mən bu evdə necə tək qalacam?
– Onda qayıdarlar sənin yanına.
– Sən olsan qayıdarsan?
– Ana, sən heç vaxt məni başa düşmədin, heç vaxt sevmədin məni. Həmişə öz ailəni, qardaş-bacını düşündün, məni onların uşaqlarının ayağına verdin.
Oğlum köhnə palan içi töküb qabırğama döşəyirdi. Sonra nələr dediyini eşitməsəm də dodaqlarının tərpənməyindən susmadığını bilirdim. Qərib dərdini tək ağlayar, mənsə çatlayıb-qırılmasın deyə yalın əllə çevirdiyim qaynar blinçik yuxalarının yandırdığı qartımış barmaqlarıma baxa-baxa gözümün yaşını içimə axıdırdım.
Birdən başımdan dəli bir yel ötdü, istədim onun Amerikada qalıb oxuması üçün çəkdiyim zəhməti oğlumun başına qaxım, mələfədən tikib toya geyindiyim donu, Aqilin köynəklərinin başına yüz oyun açıb qondardığım iş paltarlarımı qabağına sərib əziyyətlərimi sadalayım. Di gəl, analıq duyğusu qisas duyğusuna güc gəldi, balama dil yarası vura bilmədim.
Beləcə, aramıza yenə tikanlı çəpər çəkildi. İllərlə nicat yuvası kimi yoluna göz dikdiyim evim soyuq, səssiz bir kahaya çevrildi.
***
Bir müddət məni işə maşını olan, bizlə qonşuluqda yaşayan bir iş yoldaşım aparıb gətirdi. Hər səhər qaynar musiqi sədası altında məni blokumuzun qarşısından götürən bu çılğın qız sevdiyi oğlandan şövqlə, həvəslə danışa-danışa maşını geniş prospektlə uçururdu. Bütün yolu ona yalvarırdım:
– Qurbanın olum, yavaş sür, mən cəhənnəm, sən evin tək uşağısan, anan yazıqdı.
Üz-gözünə tökülən gur saçlarını başının dəlisov hərəkətiylə geri atıb deyirdi:
– Qorxmayın, ay Bircə xanım, təcrübəm çoxdu…
***
Mayın axırları Sevil bərk azarlayıb xəstəxanada yatası oldu. Uzun müayinədən sonra həkim təcili cərrahi müdaxilə buyurdu:
– Uşaqlıq yumurtalıqlarla birgə kəsilib götürülməlidi.
Qadın həkimi olsa da həkim kişiydi. Bacıma sataşırdım:
– Bu boyda şəhərdə bir qadın həkim tapmadın, gedib nəyin var qoydun o kişinin qabağına?
Bacımın həyadan üzü qızarırdı, mən aramızdakı pərdəni dartıb cırdıqca o, cırıq pərdənin yırtıqlarını ciddi-cəhdlə gözəyirdi:
– Nə bilim ey, Aqil onu məsləhət bildi.
Doğmalarım çox çalışdılarsa da hələ qırx yaşına çatmamış bacımızın canını cərrah bıçağından qurtara bilmədilər. Əməliyyatdan sonra Sevilin yanında Lalə qalası oldu, hər gün pəhriz yeməkləri hazırlayıb xəstəxanaya getmək də mənim öhdəmə düşdü. Mən işdən qayıdana bacımın qızları hər şeyi hazırlayırdılar, onlardan birini yanıma alıb yollanırdım xəstəxanaya.
Sevilin azarlamağı Həmidin ayağını evimizə yenidən açdı. Bacımın xəstə yatdığını eşitcək nəslində adam qoymadı, hamısını bir-bir, iki-bir yanına alıb gündə bir yol Sevilə dəyməyə getdi. İşini elə qururdu ki, biz xəstəxanadan çıxıb evə dönmək istəyəndə kəsdirirdi başımızın üstünü:
– Mənim də yolum o tərəfədi, oturun sizi aparım.
Mən üzümü ona çevirib çəmkirəndə bacım deyirdi:
– Yazıq səni söymür ha, rahat maşındı, minin gedin evinizə.
Sonrakı günlər ta Sevil xəstəxanadan çıxanacan bizi hər axşam onun yanına Həmid aparıb-gətirdi.
Bacım yaxşılaşıb evə yazılanda utana-utana dedi:
– Bircə, bu halda qardaşlarımın yanına getməyə utanıram, istəyirəm bu bir ayı sizdə qalım.
Onun təklifi ürəyimdən oldu:
– Bizdə qalmayıb harda qalacaqsan, balaların da yanında olar.
Sevil evə buraxılanda Həmid arvadını, qızını da götürüb bizə gəldi. Arvadı mehriban, deyib-gülən xanımıydı. Həkim bacıma bir neçə aylıq pəhriz buyurmuşdu, Səməndər rayondan ekoloji baxımdan təmiz ərzaq göndərənə qədər Həmid deyilənlərin hamısını tapıb gətirib Sevilin qənşərinə düzdü. Bu fəndlə tez bir zamanda bacımla dostlaşıb məndən ona qeybət qılmağa başladı:
– Bax, ay Sevil bacı, dilim duzludu deyirəm, sonra da pis adam oluram. Sənin bacın evi yataqxanaya döndərib, yolda, küçədə kimi tutursa evinə gətirir, hamamında çimizdirir.
– Bircə bizim ana nənəmizə oxşayıb. Əmimiz arvadı deyir ki, nənəmiz çox səxavətli, çox rəhimli qadın olub.
– Yox ey, ay bacı, buna səxavət demək olmaz. İnciməyin, rayonluların hamısı belədi.
– Onda mənim bacım çətin düzələ.
– Bir az da avamlıq var sizdə. Düşünmürsüz ki, bu qədər adamın bir evə girib-çıxdığını görən qonşular sizə vedrə bağlayar?
Burda özümü saxlayammadım:
– Bax elə o adamlardan biri sən – qapıdan qovuruq bacadan təpilirsən. Özün azmışsan kimi hər gələndə dalınca quyruğun da sürünür. İndi sənin qolundan tutub qapının dalına atsam neylərsən?
Pırtlaq gözlərini çalasında oynada-oynada üzünə saxta təbəssüm geyindi:
– Ay Sevil bacı, nə yaxşı siz bu zəhər tuluğuna oxşamamısız, görürsüz mənim məsləhətimi hara yozur? Axı mən pis adam deyiləm.
– Bəs onların pis adam olduqlarını hardan bilirsən? Heç onlar da pis adam deyillər.
Kişi gödək qollarını təslim bayrağı kimi qaldırdı:
– Yaxşı, mən mat, mən susdum, bundan sonra danışmayacam.
***
Sevilin bizdə qaldığı bir ay müddətində Həmid o qədər yaxına gəlmişdi ki, mən artıq işə onunla gedib-gəlməyə başlamışdım. Səhərlər bir dostunu da götürürdü deyə baş-qulağım dinc olurdu, axşamlar qayıdanda adam o qədər danışırdı ki, evə leşim çatırdı. Fikri-zikri ancaq mənə ağıl vermək idi: belə geyin, belə yeri, hər adamla münasibət saxlama, heç kimə inanma, görsən kimsə yerdə çabalayır sən də hamı kimi gözünü yum keç…
İyunun axırı Sevil sağalıb yataqdan qalxdı, qızlarını da götürüb kəndə getdi. Üzünü ancaq gecələr gördüyüm Cavid hələ də fikrindən dönməmişdi. Hər səhər hamamın işığını yandırıb yuyunmağa girəndə əlüzyuyana söykəli kağızla – onun məktubuyla rastlaşırdım. Məktub sərt tonda olurdu, məsələn, belə: “Pul qoymağı unutma. Dünənki 20 manatı soruşursansa, çoxdan fələyin güdazına gedib”.
Kağızdan üstümə qıcanan iri hərflərə baxa-baxa yuyunub qurulanırdım, məktubun üstünə üçdən-beşdən qoyub işə gedirdim.
Həmid indi də Cavidə girişməyə başlamışdı. Bazar günləri gəlib onu aparırdı:
– Gedək sənə də, qızıma da maşın sürmək öyrədim.
Mən etiraz eləyirdim:
– Bizim üfüqümüzdə hələ velosiped də görünmür, gəl maşın ola.
– Eybi yox, cavan oğlandı, öyrənsin, işləyib alar.
Maşın sürmək eşqiylə Cavid ona böyük həvəslə qoşulurdu. Harasa gedib xeyli vaxtdan sonra geri qayıdırdılar. Bu dəfə Həmid qızını da düşürüb gedirdi. Mən təəccüblənəndə kişi pırtlaq gözlərini atıb-tutub deyirdi:
– Cavid Solmaza ingilis dili öyrədəcək, şahmat öyrədəcək, axşam da Şəfayla birgə gəlib götürəcəyik.
Qalırdım məəttəl. Cavid Nefertitinin qorxusundan qızı otağına buraxmırdı. Qız mənim quyruğumla fırlandıqca əsəbiləşirdim, özümü oğlumun otağına atıb çımxırırdım:
– Gətirdiyinlə özün maraqlansana, mən bezdim axı.
– Ana, vallah mən gətirmirdim, atası güclə sırıdı.
Şər qarışanda xoşbəxt cütlük qapını kəsirdi:
– Qazanımızı götürüb gedirik dəniz qırağında şam eləməyə, gəlmişik sizi də aparaq.
Mən razılaşmırdım:
– Sabah işdəyəm, salona getməliyəm, paltarlarımı ütüləməliyəm.
– Biz də işə gedəcəyik.
Cavid qazanla maraqlanırdı:
– Həmid əmi, yeməyə nə götürmüsüz?
– Cız-bız, bir də sosiska.
Bunu eşitcək oğlum burnunu qırışdırıb aradan çıxırdı:
– Mənim gedəsi yerim var, anamı aparın. Bizim yeməklərimiz yaxşıdı, anamın qazanını götürün.
Gözləri işıldayan Həmid sevincək mənim tavalarımı qurdalayırdı:
– Şəfaaa, gəl gör burda nələr var! Dolma, dovğa, badımcan çığırtması…
– Hansını istəyirsiz götürün gedin, mənim işim çoxdu.
Şəfa ərini qazandan aralayıb mənim qoluma girirdi:
– Geyin gedək, təmiz havada bir tikə yeyib qayıdaq.
Bir neçə belə gedişdən sonra özümdən zəhləm qaçdı. Hərdən süfrə başında Həmid məni pərt eləyirdi:
– Sən bu yaşa qədər çəngəllə yeməyi öyrənə bilməmisən?
– Barmaqlarım çəngəldən yaxşıdı.
– Çəngəl mədəniyyətdi.
– Çəngəllə gələn mədəniyyət mənim qapımdan girə biməz.
Yaxud da:
– Bu nədi ee, sənin telefonun axşamlar da susmur, hər dəqiqə zəng vururlar.
– Mən lazımlı adamam, – deyib onu susdururdum.
Belə söhbətlərdən sonra bir müddət axşam gəzintilərindən ayağımı kəsdim.
(Ardı var)
Mənbə: Kulis.az