İnsanlıq dərsi
- 18 Fevral 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Və ya arqonavtlardan Əziz Babaya qədər olan məsafə haqqında
Mətləb Ağa
Gec, ya tez, elə bir gün gəlir ki, etdiklərimizin cavabını verməli oluruq…
…Arqonavtlar haqqında qədim Yunan əfsanələrində yazılıb ki, qardaşı Peliy tərəfindən taxt-tacdan salınmış, Fessaliyada, körfəz sahilində yerləşən İolk şəhərinin keçmiş çarı Ezonun kiçik oğlu Yazonun hakimiyyəti geri qaytarmaq barədə tələbini yerinə yetirməmək üçün Peliy, keçmiş şahzadəni Kolxida çarlığındakı qızıl yunlu qoyun dərisini gətirməyə, öz fikrincə, gedər-gəlməzə yollayır.
Söz arası, Aleksandr Düma “Qafqaz” səyahətnaməsində xatırladır ki:
“Strabon öz “Coğrafiya” əsərində Kolxidadakı qızıl mədənlərindən geniş bəhs edir; bu mədənlərdən yağış və sel sularına qarışıb axan külçələr torpağı qızıl tozları ilə zənginləşdirirdi; svanlar, yəni bugünkü minqrellər onları tüklü qoyun dərilərinə yığırdılar və parlaq ovuntular belə dərilərdə ilişib qalırdı. “Qızıl yunlu qoyun dərisi” haqqında qədim yunan əfsanəsi də elə buradan yaranmışdır“.
Saysız çətinliklərin ardından Kolxidaya çatan Yazona, Kolxida çarı Eetin kiçik qızı Medeya atasının çarlığındakı qızıl yunlu qoyun dərisini oğurlamasında yardım edib, bu köməyinin əvəzində ondan öz vədinə əməl etməsini istəyir:
“- Mən sizi və özümü xilas edərəm, amma, Yazon, and iç ki, sən məni heç vaxt tərk etməyəcəksən, məni yad ölkədə tək qoymayacaqsan!”
Yazon cavabında qızın qolundan yapışıb dedi:
”- And içirəm ki, əgər mənə vətənə sağ-salamat qayıtmaq qismət olsa, sən mənim arvadım olacaqsan və mən heç vaxt səndən əl çəkməyəcəyəm!”
Hətta Medeya Yazonu xilas etməkdən ötrü öz qardaşı Apsirtə də tələ qurub onu öldürtdürür;
“…Medeya Yazona qılınc verib tapşırdı ki, Apsirti öldürsün. Qardaşının meyitini o, dənizə tulladı”.
Medeyanın köməkliyiylə qızıl dəriyə sahiblənib sağ-salamat öz ölkəsinə, İolka dönən Yazon çox keçmir ki, Medeyanı aldadıb atasının dostu çar Kreontun qızıyla evlənmək eşqinə düşür;
“Bu qəhrəman qorxulu gecə vaxtı Fazis sahilində, onu və yoldaşlarını ölüm gözləyəndə və yadelli qız onları xilas edəndə içdiyi andı yadından çıxartdı. Amma o, Medeyaya düzünü demədi, özündən uydurdu ki, çar (Kreont) onu öz yanında qulluğa götürmüşdür, ona görə də o, saraya köçməlidir”.
Medeya xəyanətinə görə Yazondan öz heyfini artıqlamasıyla alır;
“Yazon öz andını unutdu, yadından çıxartdı ki, mən onun həyatını və şərəfini xilas etdim, ona görə mən öz doğma ölkəmi tərk etdim, atamın iradəsinə zidd getdim! O, məni uşaqlarla tək-tənha, yad adamların arasında köməksiz və arxasız qoymaq istəyir!”
Və Yazon haqqında əfsanə belə yekunlaşır ki, o, vədinin arxasından qaçmasının, xəyanətinin əvəzini öz canıyla-qanıyla ödəyir və ən ibrətamizisə budur ki, yekunda Yazon hamının çoxdan unutduğu sevimli “Arqo” gəmisinin sınıq-sökükləri altında qalıb tələf olur;
“Yazon dünyada tək qaldı. Heç kim onunla yaşamaq istəmədi, daha heç kim onun nağıllarına qulaq asmadı. O, şəhərbəşəhər gəzdi və heç yerdə özünə nə iş tapdı, nə də dinclik. Bir dəfə o, dənizin kənarına gəldi. Onun qarşısında qumun üstündə yarı dağılmış, sınıq-sökük, yarıya qədər quma quylanmış, dayaqlar vurulmuş bir gəmi dayanmışdı. Yazon onu tanıdı: bu onun özü kimi tək-tənha və hamı tərəfindən unudulmuş “Arqo” idi. Yazon onun dövrəsinə dolandı, gözdən keçirtdi, yorulduğu üçün gəminin kölgəsində, sükanın altında uzanıb yatdı. O, uzanıb xoşbəxt yürüş günlərini, cəsur yoldaşlarını, uzaq yad torpaqları yadına saldı və keçən bu saysız günlər ərzində ilk dəfə ürəyində yüngüllük və sakitlik hiss etdi. Sonra o, yuxuladı. O, yatmışkən birdən külək əsdi, köhnə “Arqo” aşıb arqonavtların başçısını öz altında dəfn etdi…”
…Rejissor Tofiq Tağızadənin 1981-ci ildə ekranlaşdırdığı “Babamızın babasının babası” kinofilminin ilk kadrlarında 160 yaşlı Əziz baba öz gündəlik adi həyatını yaşamaqdadır. Lakin kənddə arxeoloji qazıntılar aparan professor təsadüfən Əziz babanın 160 yaşının olmasını öyrənir və bu kəşf Əziz babanın hamının diqqət mərkəzinə düşməsinə səbəb olur, sanki o günədək rayonun başbilənləri Əziz babanı heç görmürlərmiş, tanımırlarmış.
Beləliklə, əvvəllər kimsənin maraqlanmadığı Əziz baba az vaxtda qəhrəmana çevrilir. Daha doğrusu, “Əliquluyevlər” gözə girməkdən, rəhbərlərindən bir “sağ ol, afərin” qoparmaqdan ötrü Əziz babaya yarınmaq, yaltaqlanmaq yarışına qoşulurlar. Əziz babanınsa belə saxta münasibətlərə, yalan sevgilərə, riyakar üzəgülümsəmələrə heç bir ehtiyacı yoxdur, həyat özü ömrü boyu dürüst yaşamış, sadəliyin, vicdanın, ədalətin, yaxşılığın, bir sözlə, insanlığın simvolu olan, öz ilk məhəbbətini ürəyində ömrü boyu qoruyub yaşadan, gecələr yerində rahat yatan, gündüzlər üz-üzə gələndə heç kəsdən utanmayan Əziz babanı uzun ömür, can sağlığı və insanların sevgisiylə mükafatlandırıb.
Yeri gəlmişkən, Əziz babanı özü cəmi 68 il yaşayan məşhur aktyorumuz Hüseynağa Sadıqov canlandırıb.
Əliquluyev (Səməndər Rzayev) keçmişlərdə Əziz babanın nişanlısını zorla qaçırmış Cəfər bəyin (Eldəniz Rəsulov) nəslindəndir, indi oğlu kiçik Cəfərə toy çaldırır, arzulayır ki, Əziz baba Cəfərin toyunda ağsaqqal kimi xeyir-dua versin. Haçansa böyük Cəfərin zorla qaçırdığı böyük Zeynəb kimi, yenə də kiçik Cəfərin zorla evləndiyi kiçik Zeynəb (Həmidə Ömərova) öz sirrini Əziz babaya açır, nəticədə baba da öz qisasını çoxdan torpaqlara qarışmış böyük Cəfərdən alır; kiçik Zeynəbi “qaçırır”, “qisas qiyamətə qalmır”, bununla da Cəfər bəyin kökündən gələn, zahirən, danışıqlarından və hərəkətlərindən də elə eynən ulu babasına oxşayan kiçik Cəfərin “papağını yerə soxur”, bu əhvalatdan Əliquliyev havalanır, böyük Cəfərin gorusa, yəqin ki, bir daha çatlayır.
Ancaq növbəti kadrlarda Əliquliyev necə olursa yenidən “dirilir”, damarlarında Cəfərin qanı axdığını təzədən isbatlayır, yenidən kreslosu xatirinə utanmadan Əziz babaya yarınıb yaltaqlanır, ta o vaxta qədər ki, Əziz baba onu və dəstəsini iti qovantək öz qapısından qovur…
Şahidi olduğum əhvalatlardan da yazım. E.nin sovet milisində xırda bir vəzifəsi vardı. Həmin kiçik işindən faydalanıb qohum-qonşulara, kasıb insanlara badalaq vurub pul qazanırdı.
E. o adamlardandı ki, onu yaxından tanıyandan sonra sovet dövrünün məşhur rus yazıçısı Mixail Zoşşenkonun: “…pul qamarlamaq həvəsi hörmətli bəşəriyyəti sarsıdan ən güclü ehtiraslardandır…” cümləsini boş yerdən yazmadığını təsdiq etməli olursan…
Çox illər keçdi, pensiyaya çıxmış, qocalmış, daha əlindən nə yaxşı, nə də pis bir iş gəlməyən E. artıq toy və yas məclislərində, yığıncaqlarda gəncliyində özünün xeyirxah, vicdanlı, dürüst adam olmasından ağızdolusu danışır, bu zaman elə bərk həvəslənir ki, ətrafdakı insanların istehzalı baxışlarının fərqində belə olmur…
Görünür ki, bu, E.nin gənclikdəki “fəaliyyətinə” həyatın özünəməxsus qiymətidir, istehzalı nəzərlər, onu dinləyən (əgər dinləyirlərsə) insanların ironiyasından yox, həyatın ironiyasından doğur, belə ki, hamı pensiyaçımızın gənclikdə nə işlərlə məşğul olduğunu, hoqqalarını bilir, onunsa bu gün keçmiş pisliklərini düzəltməyə gücü və imkanı yoxdur, əlacı yalnız oturub özünü tərifləməyə, yekundasa yan-yörəsindəkilərin iztehzalı gülüş hədəfi olmağa qalıb, ancaq yəqin ki, böyür-başındakılardan heç kəs yaşını-başını nəzərə alıb onun xətrinə dəymək, qoca ürəyini incitmək istəmir. E. sözsüz ki, indi bu söhbətləriylə özünə, cavanlıqdakı naqisliklərinə haqq qazandırmaq, gələcəkdə, öləndən sonra özünə rəhmət oxutdurmaq istəyir. Başqa heç nə…
…E.nin bir böyük qardaşı da vardı, həmin qardaş, S. sovet dövründə rayonda çox yüksək vəzifədəydi, sadə, kasıb insanlara yuxarıdan aşağı baxan, onları heçə sayan, yüksək rütbəlilərin qarşısındasa yeddi yerdən qatlanan birisiydi. S.də sanki elə bir hiss vardı ki, adamlar arasında bir az sadə davransa, guya bu onun haqqında kimlərdəsə olan ali fikirlərə zərbə vuracaq, bir az insani rəftarı yüksək vəzifəsinə nəsə zərər toxunduracaq.
Danışırlar ki, hətta kənddə ölü dəfn eləməyə aparanda belə S. qəbristanlığa xidməti maşınında gedir, orada elə maşındaca oturub avtomobilin açıq qapısından dəfnə yığışan insanlara təkəbbürlə baxmaqla işini bitmiş hesab edirdi.
Çox illər keçdi, sovet rejimi tarixə qovuşdu, bir gün S.ni ayaqlarında rezin qaloş, çiynindəsə dəmir bellə çöldəki torpaq sahəsindən su suvarmaqdan qayıdarkən gördüm… Əlbəttə, çörək qazanmaq, zəhmət çəkib alın təriylə yaşamaq eyib deyil, çox gözəl bir işdir, ancaq hədsiz təkəbbürlü o adamın indi bu vəziyyətə düşməsi sözsüz ki, həyatın acı istehzası, onu amansız cəzalandırmasıydı.
Bunu S.nin özünün başa düşüb-düşməməsini, dərk edib-etməməsini bilmirəm və heç vaxt da bilməyəcəyəm, çünki o, indi sağlığında təkəbbürlə, heç vaxt ölməyəcəkmiş kimi ayaq basdığı qəbristanlığın əbədi sakinidir, ancaq bunu da birmənalı qəbul edib anlayıram ki, bu olanlar təkcə S.dən ötrü deyildi, digər insanlar üçün də ibrətamiz bir əhvalatdır…
Belə…
…Ancaq müəllif (müəlliflər) Arqonavtlar əfsanəsini düzüb-qoşarkən yekunda Yazonun “Arqo”nun qalıqları arasında can verməsini yazmasaydı da (yazmasaydılar da) olardı, çünki onsuz da həmin faciəyədək Yazon bir insan kimi öz yalan vədinin, şərəfsiz əməlinin və xəyanətinin altında qalıb məhv olmuşdu…
Müəllifin başqa yazıları:
Korolenkonun Nəcib Məhfuza cavabı
Mətləb Ağanın yeni kitabı işıq üzü görüb
Varavva və çar İrodu nə birləşdirirdi?
“Yol mahnısı” və “Velosipedçinin ölümü” haqqında
Yakovun skripkasının havasında yazılmış aprel tezisləri