“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq.
Meylis de Keranqal, “Diriləri sağaltmaq”
Romandakı bütün hadisələr cəmi 24 saat ərzində baş verir. 24 saat – hər dəqiqəsi həyəcan, qorxu, sevinc, kədər, sevgi, ayrılıq və göz yaşlarıyla keçən 24 saat…
Gənc sörfinqçi Simon Lembr dəniz macərasını bitirib dostları ilə birgə evinə dönən zaman dəhşətli bir yol qəzasına düşür. 19 yaşlı oğlan aldığı kəllə-beyin travmasından beyin ölümü keçirir. Artıq müasir aparatlar belə beyin ölümü keçirmiş bu oğlanı həyata qaytarmaqda acizdir. Özlərini təcili surətdə xəstəxanaya çatdıran valideynlər oğullarının öldüyünü heç bir şəkildə qəbul etmək istəmir, hələ də döyünən ürəyinin yaratdığı illüziyaya qapılaraq, Simonun yenidən gözlərini açacağına inanırlar. Və belə bir anda xəstəxananın baş həkimi onlara oğullarının orqanlarını ehtiyacı olan xəstələrə bağışlamağı təklif edir.
Axı bir valideyn övladının orqanlarını heç tanımadığı insanlara necə bağışlaya bilər? Yəni buna necə qərar verə bilər? Dünyalar qədər sevdikləri oğullarının ürəyi bir başqa insanın köksündə döyünəcək və onlar həmin insanın kim olduğunu heç bir vaxt bilməyəcəklər. Bəs Simonun valideynləri bu təklifi necə qarşılayırlar? Onlar nəyə qərar verirlər – Simonun öz bədənində yaşamasınamı, yoxsa onu başqa bir bədəndə yaşatmağamı?
Əsəri fransızcadan Vüsalə Yariyeva tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Amid Səlimoğlu, “Kimsəsiz”
Üç insan, üç həyat və onları birləşdirən hadisələr. Bu üç insanı bir araya gətirən nədir?
Keçmişdə yaşadıqlarımı, yoxsa gələcəyin sirlərlə dolu gerçəklərimi? Ayrı-ayrı ölkələrin vətəndaşları olan Emin Səfərov, Leyla Karaca və Amir Rıskulbekov İstanbulda niyə bir araya gəldilər?
“Gizli Otaq” onlardan nə istəyir? Sirlər gün üzünə çıxa biləcəkmi?
Kitabın satış qiyməti 9.99 manatdır.
Aytən Cavanşir, “Qayıtmasam da, gözlə”
Uzaq illərin kədərli xatirələrinə şahidlik edə-edə qəfil aşiq olmaq və gözlənilmədən onu itirmək… Görəsən, qayıdacağına söz verməyən birini gözləmək divanəlikdirmi?
Romanda hadisələr Azərbaycan, Polşa, İtaliya, Fransa, Bolqarıstan və İraqda cərəyan edir.
Keçmiş səhvlərinə görə peşman olanlar, alçaldıldığını gec anlayıb tərk edənlər, səbəbsiz şübhələrlə bir-birinə zülm edən və bilə-bilə övladını edama göndərənlərlə yanaşı, müasir dünyanın rəhmsiz qanunlarına rəğmən, əsərdə sona qədər sədaqətli olmağı bacaran insanların obrazı yaradılıb.
Təəccüblüdürmü? Niyə? Sədaqət nə deməkdir ki? Bəlkə kor-koranə, cahilcəsinə, qovuşacağına inanmadan gözləmək?…
Kitabın satış qiyməti 9.99 manatdır.
Allan və Barbara Piz, “Bədən dili” (təkrar nəşr)
Allan və Barbara Pizin “Bədən dili haqqında mükəmməl kitab“ı “ətrafdakıların fikirlərinin onların jestlərinə görə oxunması” ilə bağlı hər kəsin şəxsi həyatının tamamilə bütün aspektlərinə və peşəkar fəaliyyətlərinə toxunur.
“İstənilən insanı kitab kimi oxumaq”, düzgün davranış qaydası seçmək, hər hansı bir vəziyyətdə özünü inamlı və rahat hiss etmək, ən doğru qərarlar qəbul etmək – bütün bunlar indi real və hər kəsə əlçatandır.
Bu kitab sizə həmçinin öz şəxsi qeyri-verbal siqnallarınızı dərk etməyə kömək edəcək və onlardan effektiv ünsiyyət üçün istifadə etməyi öyrədəcək. Bədən hərəkətlərinin dilinin yeni, müasir versiyasını öyrənin – belədə hökmən hər şeyə nail olacaqsınız!
Kitabın satış qiyməti 14.99 manatdır.