“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq.
Brayan Treysi, “Satış psixologiyası”
Bu kitabın məqsədi sizə əvvəlkindən daha çox, daha sürətli və daha asan satış etmək imkanı verəcək ideyalar, üsullar və strategiyalar təqdim etməkdir. Bu kitabda satış karyeranızdan düşündüyünüzdən daha çox şeylər əldə etməyi öyrənəcəksiniz. Bir neçə həftə və ya bir neçə ay kimi qısa müddətdə satışınızı dəfələrlə artırmağı öyrənəcəksiniz.
Bu kitabda öyrənəcəyiniz strategiya və üsullar da qaçış trenajoru kimidir. Məsələ onların işə yarayıb yaramadığında deyil. Onlar hamısı ən uğurlu satıcılar tərəfindən dəfələrlə praktikada tətbiq edilib və sınaqdan keçirilib. Onlardan nə qədər çox istifadə etsəniz bir o qədər yaxşı mənimsəyər və bir o qədər yaxşı nəticələr əldə edə bilərsiniz. Kitabda öyrənəcəklərinizi praktikada tətbiq etməklə öz sahənizin ən uğurlu və gəlirli insanları sırasına qatılacaqsınız.
Amerikada öz hesabına varlanmış milyonçuların yetmiş dörd faizi öz biznesini qurmuş və inkişaf etdirmiş insanlardır. Onlar heç kimin ağlına gəlməyən məhsul və ya xidmət düşünürlər və öz bizneslərini qururlar. Və biznesmen üçün ən vacib bacarıq satmaq bacarığıdır. Yerdə qalan bütün işləri başqalarına həvalə etmək olar. Lakin satış bacarığı şirkətin uğurlu və ya uğursuz olacağını müəyyən edən əsas faktordur. Amerikada öz hesabına milyonçu olmuş insanların beş faizi bütün ömürləri boyu başqa bir şirkət üçün işləmiş satıcılardır. Satıcılar bu gün Amerikada ən çox gəlir əldə edən insanlar arasındadırlar, onlar çox zaman həkimlərdən, vəkillərdən, arxitektorlardan və prestijli peşə sahiblərindən çox qazanırlar.
Əsəri Aqil Hacıyev tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Sem Born, “Zahidlər”
Nyu-York sutenyoru ilə Montananın ucqar bir guşəsində yaşayan fanatik-ekstremistin nə əlaqəsi ola bilər? Tamamilə qeyri-adi bir qətl üsulu: qurbanını öldürməzdən qabaq ona güclü anesteziya iynəsi vurulur. Qatil sanki ölümə məhkum edilmiş adamı ağrıdan azad etməyə çalışır.
Gənc, iddialı jurnalist Vilyam Monro iki müəmmalı qətli törədən manyak haqqında yazdığı silsilə yazılarla məşhurluğun astanasındadır. Amma dəst-xətti ilə bu iki qətlə tamamilə uyğun gələn üçüncü qətl dünyanın o biri başında – Hindistanda baş verir.
Doğrudanmı bu qətlləri bir adam yox, bütöv bir təşkilat törədir? Onun üzvləri nəyə nail olmaq istəyir? Onlar kimdir? Qurbanlarını hansı prinsiplə seçirlər? Axtarışlarda Vilyama kömək etməyə razılıq verən keçmiş tələbə yoldaşı təsdiq edir ki, bütün bu sualların cavabı qədim salnamələrdə və onun böyüdüyü dini icmanın rəvayətlərindədir…
Əsəri Firidun Ağazadə tərcümə edib.
Kitabın satış qiyməti 14.90 manatdır.
“The Paris Review” müsahibələri
Dünyanın ən prestijli ədəbiyyat jurnallarından sayılan “The Paris Review” yarım əsrdən artıqdır ki, sənət dünyasının gizli qalmış tərəflərinə işıq tutur. Dünya ədəbiyyata yön vermiş sənətçilər bu müsahibələrdə ədəbi baxışlarını, həyat kredolarını, yazı vərdişlərini, ədəbi mühitlərini, dünyaya və ədəbiyyata aid fikirlərini oxucularla bölüşürlər.
“The Paris Review” müsahibələri jurnalistlər üçün də əvəzsiz mənbə hesab edilir. Belə ki, burdakı müsahibələr janrın ən yetkin, ən sanballı nümunələri kimi dünyanın ən prestijli təhsil ocaqlarında tədris olunur.
Kitabı Qismət Rüstəmov tərtib edib.
Müsahibələri ingilis dilindən İlahə Əkbər çevirib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Yakov İliçov, “Türkiyə karvanı”
Yakov İliçovun bu romanında 1920-ci illərin əvvəllərində gənc sovet hökumətinin xarici siyasətinin mühüm bir mərhələsi öz real bədii əksini tapıb. Partiya Mərkəzi Komitəsinin, şəxsən Leninin tapşırığı ilə Ukraynanın baş komandanı M.V.Frunzenin başçılığı altında sovet nümayəndə heyəti istiqlaliyyət uğrunda çarpışan türk xalqına köməklik göstərmək üçün Ankaraya gedir, milli azadlıq hərəkatına rəhbərlik edən Mustafa Kamalla görüşür, onunla danışıqlar aparır.
O dövrün çətinlikləri, ziddiyyətləri, ictimai-siyasi mühitin keşməkeşləri, beynəlxalq toqquşmalar, Antanta təhlükələri “Türkiyə karvanı”nda inandırıcı şəkildə şərh olunur.
Əsərdə soydaşımız, ilk sovet diplomatlarından biri, Azərbaycanın Ankarada ilk səfiri İbrahim Əbilovun maraqlı surəti yaradılıb.
Əsəri Vilayət Rüstəmzadə tərcümə edib.
Kitabın satış qiyməti 11.90 manatdır.
Rik Riordan, “Persi Cekson”
“Persi Cekson və Əcinnələr dənizi” Rik Riordanın “Persi Cekson və Olimplilər” adlı romanlar silsiləsinin ikinci romanıdır.
Oxuculara artıq tanış olan “Persi Cekson və ildırım oğrusu” romanının davamı kimi yazılmış bu əsərdə yarı insan yarı tanrı olan qəhrəman Persi Ceksondan söhbət açılır.
O, özü kimi uşaqları himayəsində saxlayan Yarımqanlar düşərgəsini və oranın qoruyucusu olan sehirli ağacı xilas etmək üçün qızıl qoyun dərisini tapmalıdır. Bunun üçün Əcinnələr dənizini keçmək, siklop Polifemin adasına getmək, nəhəng məxluqu öz evindəcə məğlub etmək lazım gələcək. Əlbəttə ki, bu yolu gedəndə də, qayıdanda da mütləq müxtəlif macəralar yaşanacaq.
Silsilənin ən qısa romanı olan “Persi Cekson və Əcinnələr dənizi” 2006-cı il may ayının 3-də oxuculara təqdim olunub. Əsər tənqidçilər tərəfindən müsbət dəyərləndirilbş və bir sıra mükafatlara layiq görülüb.
Əsəri Zülfiyyə Abdullayeva tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.