Cəhənnəmdən keçmiş mələk (148)
- 31 Yanvar 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Avtobioqrafik roman
Dördüncü bölüm
Müəllif: BİRCƏ
Novruz gəlhagəldə Aqil kürkümə birə saldı:
– Hazırlaş, bayramdan sonra işə çıxacaqsan!
Qorxa-qorxa dedim:
– Axı mən hələ hazır deyiləm.
– Eybi yox, işləyə-işləyə alışacaqsan.
– Ay qardaş, vallah mənim qadın salonunda bir saat oturmağa hövsələm çatmır, elə bilirəm anam çıxıb doqqazda yolumu gözləyir, ləngisəm məni rüsvay eləyəcək. Bu əhvalla səkkiz saat işdə necə oturacam?
– Elə buna görə də işə getməlisən.
Aqil işin, işləməyin, kollektivə qarışmağın gözəlliyindən danışdıqca mənim fikrim seyvanda çətənə döyürdü. Gördüm qardaşımın əlindən yaxamı ayrı cür qurtara bilməyəcəm, dedim:
– Adam içinə çıxmağa layiq paltarım, ayaqqabım, çantam yoxdu, yerişimi də hələ düzəldə bilməmişəm.
– Özünü qorxutma, işə çıxandan sonra bunlar hamısı düzələcək.
Aqil iş söhbətini salandan rahatlığım pozuldu. Gündə neçə yol telefonu qapıb ağzımın odunu Səməndərin qoynuna tökdüm:
– Qardaşın qoymur evdə oturam, dirəşib. Mən işləmək istəmirəm.
– Niyə?
– Bilmirəm, evdən çıxmağa qorxuram. Cavid dərsə gedir, onun yeməyi var, əyin-başının təmizliyi var.
Səməndər o başda ürəkdən güldü:
– Ay dəli, böyük bir külfətin yükünü çəkən sən deyildinmi, indi niyə belə tənbəl olmusan? Nənəm demiş, daş at qolun açılsın. İmkan yaranıb, fürsət düşüb get işlə, öz pulunu özün qazan.
– Hərəniz ayda yüzcə manat versəniz bəsimdi, işləmək istəmirəm.
– Mən pul yox, hər ay sənə bir dolu kənd zənbili göndərəcəm.
– Aqillə danış, mən hələ işləmək istəmirəm.
– Bu günlərdə seminara gələcəm, onda görüşüb danışarıq.
Qardaşım handan-hana məni bir balaca arxayın saldı. Bundan sonra da Lalə düşdü canıma:
– Nə oturmusan evdə, dur get salona, saçınla, dırnağınla oyna. Qadın salonu özü maraqlı bir cəmiyyətdi, ora hər ağılda qadın gəlir.
Axır özümü yedəyimdə sürütləyib evimizə ən yaxın salonun qapısını açdım. İçəri gircək iynə yemiş itə oxşayan biri məni yanladı:
– Nə istəyirsiz, nəyə gəlmisiz?
– Salona gəlmişəm.
Söz ağzımdan çıxar-çıxmaz qurumuşun içindən vücuduna yaraşmayan bir qəhqəhə qopdu:
– Bilirəm ey salona gəlmisən, deyirəm yəni nə istəyirsən – üz istəyirsən, qaş istəyirsən, saç istəyirsən?
Ələngənin pişik ətənəsinə oxşayan üzünü gözümlə qarsıb:
– Sənin üzündən heç istəmərəm, – dedim. – Saçımı kəsdirmək istəyirəm.
Üzümə acıqlı baxıb məni küncdəki yumru gəlinin üstünə göndərdi:
– Bu xanımın saçına əl gəzdir.
Dalınca da kürəyimə yaxşıca nalladı:
– Ehtiyatlı ol, indicə düşüb.
Yumru gəlin məni kürsüyə oturtdu. İstədim qalxam ələngənin cavabını verəm, ancaq içəridə hay-küydən qulaq tutulduğunu, kimsənin mənə bənd olmadığını görüb səsimi içimə saldım.
Suyuşirin xanım saçlarımla arxayın oynadıqca zövq almaq əvəzinə səbrim tükənir, ürəyim üzülürdü – elə bilirdim evin qapısını açıq, mətbəxdə qazı yanılı, xörəyi də ocağın üstündə qoyub gəlmişəm. Yağı daşan mənim yanımda yalan olmuşdu. Başladım gəlini tələsdirməyə. İş tamama yetəndə usta iri bir güzgü də geridən tutub dedi:
– Saçınızın arxasına baxın, görün bəyənirsizmi?
Şəklim önümdəki güzgüdən silinməmiş mən artıq eşikdəydim, özümü qabağıma qatıb evə sarı qovurdum. Qapını təntimiş açıb içəri girəndə gördüm hər şey necə qoyub getmişəmsə eləcə yerindədi. Oğlanlarım hələ gəlməmişdilər.
***
Dediyi vədəyə həftə qalmış Aqil bir paltarsatanı şələli bizə göndərdi. Alverçi oğlan özüylə, yalan olmasın, bir maşın don, yubka, ayaqqabı, çanta yığıb gətirmişdi.
– Bacı, tələsmədən arxayın baxın, – dedi, – bəyəndiklərinizi ayırın, sonra xəbər eləyin gəlim qalan mallarımı aparım.
Lalə də özünü yetirdi, Aqilin göndərdiklərinə baxıb məni qınadı:
– Ta nə istəyirsən, balam, qardaşın neyləsə də eynin açılmır. Ay qız, mən elə bu paltarlara görə işə gedərəm ey.
– Belə xoşuna gəlir, geyin get.
– Hayıf ki, uşaqlarım körpədi, elə gedərdim! Niyə tırın tutub yenə, qalx geyin, bəyəndiklərini ayır qoy bir tərəfə…
Dediyi seminarı yola verib Səməndər də bizə gəldi. Axşam Nuşu xala, Lalə, Səməndər, Cavid, Taylan divanın üstündə düzüldülər yan-yana. Səməndərin seçib bəyəndiyi paltarı əynimə taxıb ayaqqabıları geydim, bunlara uyğun çantanı qoluma keçirib onların qarşısında dayandım. Qardaşım məni süzüb uşaqlara dedi:
– Meydanı süpürün, pəhləvan oynayacaq.
Nuşu xala halıma baxıb güldü:
– Mal dəyənəyi kimi dayanma, bir az özünü burcut.
Cavid:
– Ana, çiyinlərini dikəlt.
Taylan:
– Annəciyim, başını qaldır.
Mən onların topasına bir ağız çəmkirib öz otağıma qaçdım:
– Gedin qoturunuzu o yanda qartdayın.
Sonra Nuşu xalanın bəyəndiklərini geyindim, sonra Lalənin. Cavid mənə uzun bir yubka, onun rənginə düşən çanta seçdi. O biri münsiflər yubkaya gülsələr də oğlumu sındırmadım, onun seçdiyini mən də bəyəndim.
Paltarları dəyişdikcə yadıma ər evindəki günlərim düşürdü. Zöhrə xalanın gəncliyindən qalma qəşəng dəstləri, nənəm demiş, qondaraları, xırda əl çantaları vardı. Arvad evdən çıxanda hərdən o paltarların xoşuma gələn bir dəstini geyinib, çantalardan birini qoluma keçirib evcik nənəsi olurdum, körpələri oynadırdım. Bir dəfə qaynanam necə səssiz-səmirsiz gəlmişdisə əynimdəkiləri soyunmağa macal tapmamışdım, eləcə geyimli-kecimli onun qabağında kəkələmişdim. Zöhrə xala mənasını anlamadığı bu əməlimi uzun müddət başıma taqqıldatmışdı…
Seçdiklərimizi ayırıb bir yana yığandan sonra Səməndər, Nuşu xala, bir də Taylan mənə hündürdaban ayaqqabıda yerimək öyrətməyə başladılar. Özüm qəsdən paçamı gen qoya-qoya gəzirdim, onda Taylan dəli kimi çığırırdı:
– Ya annəciyim, bu cür qadınmı gəzər?!
O, belə həyəcanlanıb özünü diddikcə hamı gülməkdən uğunub gedirdi…
Paltar yiyəsi malının dalınca gələndə mənə bir torba ətir, krem, ənlik-kirşan uzatdı:
– İndi xanımlar bunları çox bəyənirlər.
Üç bahalı ətir seçib qalanını qaytardım. Nüşabə xala torbaya baxıb yanıxdı:
– Komsomol Sürəyya kimi sən üzünə ənlik-kirşan vurmayacaqsan? Qəşəng pudralardan, pomadalardan götür, çantanı açanda görsünlər sənin də bəzək-düzəyin var.
– Ay Nuşu xala, dul arvadın boxçası qoltuğunda olar, – dedim. – Ənlik-kirşan mənlik deyil – dərim ağ, yanaqlarım qırmızı. Sürməni də çəkə bilmirəm.
***
İşə çıxmağıma bir neçə gün qalmış Ağabəy həkimə zəng vurub görüşmək istədiyimi dedim.
– Bircə, axı indi bayramdı, hamı istirahət eləyir – dedi. – Yenə nə olub sənə?
– Aqil deyir işləməlisən.
– Bəs sən nə deyirsən?
– Mən işləmək istəmirəm.
– Onda get otur metronun qabağında, dilən.
– Niyə dilənim, qardaşlarım verəcəklər də.
– Nə vaxta kimi? Heç utanırsan? Görürsən, mən düz demişəm, sən müftəxorun, tənbəlin yekəsisən.
– Mən işləməkdən qorxuram, elə bilirəm kollektivdə hamı mənə güləcək.
– Sənə indi hamı gülür. Qardaş haçanacan balasının boğazından kəsib səni yedizdirsin, nə vaxtacan arvadından oğurluq eləsin?
– Oğlum işləyənə qədər.
– Vay, indi də gözünü ona dikmisən? O yazığın da boynunda oturacaqsan?
Ağabəy həkim o başda əsib-coşurdu, mənimsə heç vecimə də deyildi, dərdimi ona yükləməkdən, həyəcanımı ona ötürməkdən həzz alırdım.
– Sabah yanınıza gəlim?
Professor qəzəblə bağırdı:
– Gəlmə, gəlsən də qovacam səni. Nə vaxt işləyərsən, özünü normal adam kimi apararsan, onda gələrsən. İndi mən özüm də xəstəyəm.
– Heç olmasa bir saatlıq. Sizi görsəm işə həvəslə gedərəm.
– Bircə, get işinə, ilk maaşından mənə bir odekolon al, sonra gəl yanıma.
– İşləməyinə işləyəcəm, amma sizə heç nə alan deyiləm.
Ağabəy həkim güldü:
– Ancaq mən sənə bu dəfəki səfərimdən bir yelpik gətirmişəm.
– Onda sabah gəlim yelpiyi götürüm.
– Hələ o yelpik sənə yaraşmır. Havalar da sərindi, gələn ay gəlib apararsan.
Bu, bizim son danışığımız oldu…
***
O il Novruz tətili çox uzun çəkdi, tətillə birgə mənim intizarımın, həyəcanımın da ömrü uzandı.
Aprelin əvvəllərində məni iş yerimə Aqilin böyük oğlu apardı. Sənədlərimi götürüb əmrimi verdilər, oturacağım otağı mənə tuşutdular. Müdirim Caviddən yeddi yaş böyük cavan bir oğlan idi, məni mehriban qarşılayıb işimin nədən ibarət olacağını anlatdı, lazımlı sənədlərlə məni tanış elədi. Kompüterdə işləməyi bilmədən bu işə gəlib-getməyin adı yoxuydu, mən də ki bu qutudan cin bismillahdan qorxan kimi qorxurdum.
Günortayacan müdirin tapşırıqlarını yerinə yetirib nahar vaxtı tüpürdüm dabanıma:
– Gedim sağlamlıq kağızı alım, sabah gələrəm, – deyib aradan çıxdım.
Yol boyu bir kərə də qanrılıb geri baxmadım.
Evə çatanda gördüm yenə hər şey yerli-yerindədi, yanğın-zad da baş verməyib.
Yanımı yerə qoymamış telefonu qapıb Laləni yığdım:
– Yox, balam, – dedim, – mən işə gedən deyiləm.
– Niyə, bacı, işdə sənə neylədilər?
– Heç nə, bir qucaq sənəd istəyirlər.
– Nə sənədi?
– Biri dəlixanadan, biri polisdən, biri narkolojidən… Mən bunların heç yerini də bilmirəm. Hərəniz ayda yüz manat versəniz bəsimdi.
– Ay qız, nədən qorxursan, dur get sənədlərini topla, sabah da yollan işinə.
– Allah eləyə mənə bir sənəd verələr ki, bu adam dəlixanada yatıb.
Bacımla bir az da dilləşib dəstəyi yuvasına oturtdum. Çox keçməmiş Aqil zəng vurdu:
– Deyilən sənədlərin hamısını mən toplayıb sənə göndərəcəm. Bundan o yanası sənlikdi – istəyirsən işlə, istəyirsən işləmə. İndən belə mən sənə pul verəsi deyiləm, heç bazarlığını da eləməyəcəm.
– Niyə axı?
– Niyəsini özün tap. Bitdi daha bizim köməyimiz, get işlə, uşağını da, özünü də saxla.
Başılovlu qaçdım Nüşabə xalanın üstünə, Aqilin dediklərini ona danışdım. Güldü:
– Düz deyir də, övladını böyütdü, sənə ev aldı, yığıb şəhərə gətirdi, uşağının təhsil haqqını ödəyir, evinə hər həftə bazarlıq göndərir… Ayran aşıyla baş yarırsan, özünüz bir yana, iki yetimçə də yallayırsan.
– İki yetimçə kimdi?
– Biri mən, biri də Taylan. Anası ölsün mənim qızımın, boşayıb göndərdilər üstümə, nə ev verdilər, nə aliment. İndiki fəhləliyi tapınca qızım bir il küçələri gəzdi. Yazıq itin-qurdun kirini-pasağını təmizləyir.
Nuşu xalanın qızı oteldə paltaryuyan işləyirdi.
– Daha nə istəyirsən? Qardaşlar görməmisən ey, bacını qapısına qoymur.
– Baho, gəldim dərdimi danışam, bir qapaz da bu vurdu təpəmə.
– Sənin xeyrinə deyirəm, çıx evdən, get bir işin qulpundan yapış.
Suyum süzülə-süzülə evimə qayıdıb sabah ertədən durub işə getmək niyyətiylə yatağıma girdim. Bıçaq sümüyə dirənmişdi, ayrı yolum qalmamışdı. Aqildən indiyəcən belə sərt üz görməmişdim. Onun sərt üzü olduğunu bilirdim, ancaq mənə üzünün o tərəfini göstərməmişdi. Göstərdi. Bir an mənə elə gəldi qardaşım bizim üçün elədiklərini başıma qaxıb. Ancaq eləydisə də, beləydisə də daha iş-işdən keçmişdi, götür-qoy imkanı qalmamışdı. Aqil demişdisə dediyi kimi də eləyəcəkdi, acından ölsəm belə çönüb mənə sarı baxmayacaqdı.
Ətini, qanını bizə yedirdən qardaşımın boz üzü məni bir gecədə bünövrəmdən dəyişdi. Səhəri bir başqa ağılla, başqa düşüncəylə açdım, yeni səhifədən, yeni abzasdan ömrümün yeni bölümünü yaşamağa başladım…
***
Səhərlər ofisin mətbəxinə girmək çox xoşuma gəlirdi; bir-birinə qarışıb içərini doldurmuş bahalı ətir, tünd qəhvə, bir də tənbəki qoxusu sinirlərimi oyadır, gücümə güc qatırdı. Qadınlı-kişili hamı oturub səhər yeməyi yeyirdi, xorla danışıb gülürdülər. İş saatı başlayana qədər hər kəs geridə qoyduğu günün təəssüratını, dünən evində baş verənləri yoldaşlarıyla bölüşəndən sonra çay dolçası əlində otağına çəkilirdi.
Qadınların heç biri mənə yaxın gəlmirdi. Üzümə xoş baxırdılar, di gəl, biri də məni dindirib söylətmirdi. Mən də hamı kimi çayımı götürüb oturduğum otağa qayıdanda müdir soruşurdu:
– Hə, Bircə xanım, necədi işlər? Qızlarla dil tapa bilirsiz?
– Qızlar mənə yaxın durmurlar.
– Niyə?
– Niyəsini bilmirəm.
– Elədisə siz salam verin, siz danışdırın.
– Salam verməyinə verirəm, amma danışdıra bilmirəm. Kişilərimiz qadınlarımızdan yanımcıldılar.
– Nə mənada?
– Halımı soruşurlar, gəlib yanımda otururlar, evlərindən, ailələrindən danışırlar.
– Qadınlarımız da danışacaqlar, darıxmayın.
Dərdli deyingən olar – günortayacan birtəhər dözürdüm, günorta daldaya çəkilib doyunca ağlayırdım. Müdir nahar fasiləsindən qayıdana yaxın üz-gözümü səliqəyə salıb qəm-kədərin izini itirməyə çalışsam da Elgün içəri girən kimi halımı sir-sifətimdən oxuyurdu:
– Bircə xanım, sizə nolub, bəlkə kimsə xətrinizə dəyib?
– Kim mənə yaxın gəlir ki, xətrimə də dəyə.
– Bəs niyə ağlamısız?
– Özümü qəriblikdə hiss eləyirəm, alışa bilmirəm buralara.
– Qərib niyə olursuz, sizin Aqil kimi qardaşınız var, gündə neçə dəfə sizə görə mənə zəng vurur.
Gözlərim ayazıyıb bərəldi:
– Sizə zəng vurur? Bəs siz nə deyirsiz?
Oğlan özünü ələ vermişdi deyə tutuldu:
– Bircə xanım, siz Allah Aqil müəllim bilməsin bunu sizə dediyimi.
– Niyə?
– O kişi mənə tapşırıb ki, zəng elədiyini sizə deməyim.
– Demərəm, ancaq siz də mənim ağladığımı ona deməyin.
– Söz verirəm.
O gündən sonra qardaşım mənə görə zəng vuranda Elgün telefonun səsini gurlaşdırırdı ki, onun dediklərini mən də eşidim. Aqilin qayğılı, şəfqətli, mehriban səsi məni işimə bir az da möhkəm bağlayırdı:
– Salam, mənim qaçağım neyləyir?
– Yaxşıdı, Aqil müəllim, mətbəxə keçib.
– Sizi incitmir ki? İşə alışırmı? Nəsə yeyib bu gün?
– Alışır. Səhər nə yediyini bilmirəm, günortanı birlikdə yemişik.
– Çox şükür. Ağlayıb eləmir?
– Yox, – bunu deyəndə Elgün mənə göz vururdu, – ağlamağa vaxt yoxdu.
– Bəs qadınlar niyə ona yaxın gəlmirlər?
– Bircə xanımdan çəkinirlər, Aqil müəllim, heç kimlə danışıb-gülmür.
– Onun nələr çəkdiyini bilsələr dost olarlar onunla. Nəzərini üstündən götürmə, zəng elədiyimi ona demə.
Elgün danışığı bitirən kimi yaş gözlərimdən süzürdü. Mən də elə bilirdim qardaşım əziyyətimi çəkməkdən bezib, ona görə məni evdən bayıra itələyib. Xəcalət məngənəsində sıxıla-sıxıla canımı dişimə tutub Elgünün tapşırıqlarını yerinə yetirirdim. Mən bikefləyəndə o deyirdi:
– Bir gün özümü toplayıb başıma gələnləri sizə danışacam, ondan sonra ağlamağı tərgidəcəksiz.
Dilindən tutub onu qissəsini söyləməyə məcbur elədim. Mehriban, xoşbəxt ailələri varmış, atası da, anası da həkim işləyirmiş, özləri də iki qardaş, bir bacıymışlar. Səfalı rayonlarımızdan birində dincəlib geri qayıdanda ailəlikcə qəzaya düşürlər. Anası, bacısı, qardaşı qəzada həlak olur, həkim atası ömürlük çarpayıya bağlanır. Beş nəfərlik ailədən başı dingələn bir bu qalır.
– Bircə xanım, burda ağlayası bir nəfər var, o da mənəm. Ayda bir dəfə evimizə gedib anamın, bacımın, qardaşımın tökülü paltarlarına, yığılmamış çarpayılarına, zivədən asılı dəsmallarına baxıb qayıdıram. Doğulub böyüdüyüm evdə gecələyə bilmirəm.
Bunları eşidəndən sonra Elgünün yanında ağlamadım – o boyda dərdi olan bir gəncin yanında göz yaşını su yerinə axıtmaq onun dərdinə hörmətsizlik olardı.
***
Hər axşam işdən qayıdanda evimizə yaxın dəbdəbəli “Poseydon” mağazasının yanında Taylan məni qarşılayırdı. Alacaqlarımızın siyahısı onun cibində olurdu, bunları alıb toplayandan sonra Cavidin xoşladıqlarını yığırdı arabaya. Bütün bunları səbirlə izləyib axırda deyirdim:
– İndi də özün istədiklərindən götür.
İri qara gözlərini yuvasında hərləyib:
– Annəciyim, mən heç nə istəmirəm, – deyirdi, – pulumuz az qalıb.
– Yaxınlarda ilk maaşımı alacam, qorxma, ürəkli ol.
Taylan sevincək qaçıb bir cüt corab, bir ülgüc, bir az da ucuz şirniyyat götürüb arabaya yığırdı. Qapını üzümüzə açan Cavid torbaları eşirdi, özünə alınmışları götürüb ayı kimi kahasına çəkilirdi. Taylan bazarlığımızı yerbəyer eləyib başlayırdı mənə kompüter öyrətməyə. Onun dəftər-qələmlə mənə dərs keçməyi Cavidi hövsələdən çıxarırdı:
– Paho, kişi müəllim olub! Ay bala, o yazdıqlarını tulla getsin, siçanı tutmağı öyrət anama.
– Bəyənmirsən gəl özün öyrət.
Cavid məni kürsüyə otuzdurub yumru qara siçanı basırdı ovcuma:
– Di fırlat o pəncərələrin qarşısında.
Siçan əlimdə ekrandakı oxu qovarağa götürürdüm. Hərdən də oxu tutmaq üçün siçanı yuxarı qaldırırdım. Onda oğlum mənə gülməyə başlayırdı. Onun gülüşü məni ağladırdı. Nənəm deyərdi naşı zurnaçı zurnanı gen başından çalar. İndi mən də həmin o zurnaçıya bənzəyirdim.
Ağladığımı görəndə Cavid peşman olurdu, başlayırdı mənə mehribanlıq göstərməyə:
– Ana, qadan alım, sənə nəyi deyirəm onu da elə.
– Eləyə bilmirəm də, ay bala, görünür mən bu andırın dilini öyrənə bilməyəcəm.
– Öyrənəcəksən, ana, – deyib oğlum var gücüylə beynimin pasını açmaq istəyirdi.
(Ardı var)
Mənbə: Kulis.az